Məhkəmə qərarları › İş №2(103)-1962/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1962/2023

15.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1962/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X13 cəlb edilməklə) “mənzilə köçürülmə və talanmış əmlakın qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə və əmlakın qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X23 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X13 cəlb edilməklə) “mənzilə köçürülmə və əmlakın qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1894/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları

1. Mübahisəli mənzil mülkiyyət hüququ üzrə X2 adına qeydiyyatdan keçmiş və bu barədə 06 iyun 2015-ci il tarixdə, ********** nömrəli qeydiyyat aparılmışdır. X14 10 sentyabr 2014-cü il tarixdə, X11 isə 22 dekabr 2020-ci il tarixdə ölmüşdür. X13 onların yeganə vərəsəsidir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və talanmış əmlakın qaytarılması tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi, cavabdeh tərəfindən həmin mənzildən talanmış cəmi 4.676 manat dəyərində olan qızılzinət əşyalarının naturada qaytarılması, 15.000 manat məbləğində pulun qaytarılması və dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun balaca bibisidir. X16 cavabdehin həyat yoldaşı, Karadağ Ulduz isə onların qızı, yəni bibisi qızıdır. O, dünyaya gözünü açdığı ilk gündən həmişə yanında böyük bibisi X7 gördüyü üçün ona həddindən artıq bağlanmış və əvvəllər elə bilirdi ki, o, onun əsl anasıdır. Ortancıl bibisi X11 və 1920-ci il təvəllüdlü nənəsi X13 ilə birlikdə 1988-ci ildən bibisi Həqiqətin öz vəsaiti hesabına aldığı, eləcə də öz adına olan, ünvan 1 ünvanında yaşayırdılar. Bir qədər böyüyüb özünü dərk etməyə başlayarkən ona məlum olmuşdur ki, anası X20 ona hamilə olarkən, bibisi Həqiqət onun atasına bildirmişdir ki, “qardaş, özün bilirsən ki, nə mənim, nə də Gülçöhrənin bir övladımız, yəni varisimiz yoxdur. Hamı kimi əvvəl-axır biz də ölüb gedəcəyik və həyatda bizdən heç bir iz qalmayacaq”. Ondan xahiş etmişdir ki, bu dəfə doğulan uşağı körpəlikdən ona versin, o da uşağı öz övladı kimi böyütsün, onlar ölüb getdikdən sonra da nələri vardırsa uşağın olsun, həm ocaqları sönüb izləri itməsin, həm də onların da bir xatırlayanı olsun. Atası heç bir tərəddüd etmədən buna razılıq vermişdir. O, 10 avqust 1996-cı il tarixdə anadan olmuşdur. Bibisi ibadət əhli olduğu üçün onun adını Mehrab qoyaraq öz evinə aparmış, doğma ana duyğuları ilə ona nəvaziş göstərməyə, böyütməyə başlamışdır. Bibisi biologiya müəlliməsi olmuşdur. Onu böyüdüb məktəb yaşına çatdırdıqdan sonra da özünün işlədiyi, Biləcəri qəsəbəsində yerləşən 284 nömrəli orta məktəbə qoymuşdur. Hər yerdə və hər kəsin yanında fərəhlənərək böyük bir sevinc hissi ilə bildirirdi ki, Mehrabı qardaşı ona verib, onu o böyütmüşdür, onun oğludur, evi və nəyi vardırsa onundur. O, öldükdən sonra da Mehrabın heç bir çətinliyi olmasın deyə evlənməsi üçün yeni bir ev, maşın alması üçün də hər şeyini hazırlamışdır. Odur ki, onu tanıyanların hamısı, qohumqonşular, o cümlədən cavabdeh və onun bütün ailə üzvləri də bunları bilirdi. 2011-ci ildə növbəti tibbi müayinə zamanı bibisi Həqiqətin süd vəzində bədxassəli şiş (xərçəng) aşkar olundu. Cərrahi əməliyyatdan (Mastektomiya), müvafiq kimya və şüa terapiyası aldıqdan sonra özünü yaxşı hiss etmiş, tamamilə normal həyat yaşamışdır. Bir gün Sona bibisigil onu özlərinin Buzovnada yerləşən bağ evinə qonaq aparmışlar. Oradan kəskin zəhərlənmə əlamətləri ilə qayıtdıqdan sonra onun səhhəti kritik həddə pisləşərək komaya düşdüyündən Təcili Yardım vasitəsi ilə 1 saylı X27 çatdırılmış, orada ona "hidovolemik toksiki şok” diaqnozu qoyulmuşdur. Lakin, həkimlərin çox ciddi və operativ səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmamış və 10 sentyabr 2014-cü il tarixdə vəfat etmişdir. Bu hadisədən bir neçə il sonra digər bibisi Gülçöhrənin nəfəs borusunda bədxassəli şiş əmələ gəlmişdir. Cərrahi əməliyyatdan, kimyaterapiya aldıqdan sonra qismən yaxşılaşmışdır. Lakin, 2020-ci ildə onun bronxlarında yenidən bədxassəli şiş yaranmışdır. Həmin ilin oktyabr ayının əvvəlində müalicə həkimi onun vəziyyətini nisbətən stabil saxlamaq məqsədi ilə venadaxili köçürülmək üçün bir sıra dərman preparatları təyin edərək bildirmişdir ki, artıq çox gecdir, xəstə hər an boğulub ölə bilər, aparsınlar nə qədər ömrü qalıbsa ev şəraitində yaşasın. Xəstəni evə gətirdikdən sonra ixtisasca feldşer olan bibisi Sonaya telefonla zəng edib vəziyyəti ona danışmış və xahiş etmişlər ki, heç olmasa gəlib son günlərini yaşayan xəstə bibisinin sistemlərini qoşub, venadaxili iynələrini vursun. Lakin o, pandemiya şəraiti olduğunu bəhanə gətirərək, gəlib həmin işləri görməkdən imtina etmişdir. Yalnız xəstənin vəziyyəti kritik həddə ağırlaşaraq onun ölümünə üç-dörd gün qalmış gəlib ona bir-iki iynə vurmuşdur. 22 dekabr 2020-ci il tarixdə saat 16:10 radələrində bibisi Gülçöhrə keçinmişdir. Həmin gecə meyitin yanında yalnız o və nənəsi qalmışdır. DİN-in 102 xidmətindən rəsmi icazə alınmasına baxmayaraq, cavabdeh öz həyat yoldaşı və qızı ilə birlikdə laqeydcəsinə çıxıb öz evlərinə getmişlər. 23 dekabr 2020-ci il tarixdə bibisi Gülçöhrə dəfn edilmiş və o gündən başlayaraq cavabdeh guya nənəsini tək qoymamaq üçün 40 gün orada qalmışdır. O, həmişəki kimi hər gün səhər evdən çıxıb işə gedirdi. Axşamlar işdən sonra evə gəldikdə isə həmişə Sadıqov Təvəkkül və Karadağ Ulduzun da orada olduqlarını, onların özlərini faktiki olaraq mənzilin əsl sahibləri kimi apardıqlarının, ona tamamilə ögey münasibət bəslədiklərinin, bütün ev əşyalarının ələkfələk edildiyinin, həmçinin nənəsinin də artıq get-gedə onunla soyuq davrandığının şahidi olmuşdur. Ailədə bütün mühüm qərarlar yalnız cavabdehin qızı Ulduz tərəfindən verilir və hətta onun icazəsi olmadan heç nəyə əl vurmaq olmazdı. Bu hal onda kifayət qədər əsaslı şübhələr doğursa da, heç nə başa düşə bilmirdi. Halbuki, əvəllər cavabdeh həmin ünvanda çox nadir hallarda, yalnız müəyyən qədər pul qoparmaq, qızları üçün cehizlik əşyalar və s. əldə etmək üçün gəlirdi. Cavabdehin qızı Ulduz isə hətta bir dəfə Gülçöhrə bibisinin onun heç kimə bildirmədən, Türkiyə vətəndaşı olan kürd əsilli Şakir Karadağla gizli münasibət qurmasına və onunla “ailə qurmasına” etiraz bildirdiyinə görə həmin ünvana gəlib bibisini dilə gətirilməsi mümkün olmayan çox əxlaqsız sözlərlə təhqir edərək böyük bir həngamə qopardıqdan sonra həmin gündən oranı birdəfəlik tərk etmişdir. 29 yanvar 2021-ci il tarixdə 40 mərasimindən sonra onlar çıxıb öz evlərinə getmişlər. Yalnız bundan sonra ona məlum olmuşdur ki, cavabdeh 40 gün ərzində nənəsinin yüz yaşını ötmüş yaşlı bir qadın olmasından istifadə edib, S.Təvəkkül və K.Ulduzla qabaqcadan əlbir olaraq mənzili qarət etməklə məşğul olmuşdur. Müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən mənzildən onun üçün toplanılmış pulun üzərindən 15.000 manat məbləğində nağd pul, onun adına alınmış qızıl sırğa, müxtəlif geyim, ev və məişət əşyaları talan edilərək mənzildən çıxarılmış və mənimsənilmişdir. 13 aprel 2021-ci il tarixdə isə onlar qızıl-zinət əşyalarının qalan hissəsini də bütünlükdə götürərək nənəsi ilə birlikdə öz yaşadıqları ünvana aparmışlar. Həmin gün o, işdən evə qayıtdıqda mənzilin qapısının açarla bağlı olduğunu görmüşdür. Əvvəl elə zənn etmişdir ki, nənəsinə nəsə olub və onu harasa aparıblar. Lakin cavabdehgilə zəng vurduqda telefona qızı Ulduz cavab verərək ona bildirmişdir ki, artıq bibilərinin ikisi də ölüb, nənəsini də onlar gətiriblər, daha onun həmin mənzildə yaşamağı üçün heç bir səbəb yoxdur. Getsin ata-anasının yanına yaşasın, oradan da nə götürmüşsə, nənəsindən hamısının halallığını almışdır. Bundan təxminən 4-5 gün sonra isə həmin mənzilin qonşuluğunda yaşayan Adilə adlı qadın o, işdə olduğu zaman atasına zəng vurub bildirmişdir ki, bu gün Sonagil gəlmişdilər, Mehrabın gündəlik geydiyi paltarları gətirib onların evinə qoydular və ona dedilər ki, xəbər eləsin gəlib bunları aparsınlar. Axşam işdən evə qayıtdıqdan sonra atası bu barədə məlumat vermiş, o, gedib onları götürməkdən imtina etmişdir. Qeyd edir ki, cavabdehin öz ailə üzvləri ilə birlikdə törətmiş olduğu, həyatının, arzularının, xatirələrinin alt-üst edilməsinə səbəb olan hərəkətlər ona hədsiz dərəcədə pis təsir etdiyindən çox dərin sarsıntı keçirir və özünə gələ bilmir. Həmçinin bildirir ki, bibisi Həqiqətin onun adına aldığı qızıl-zinət əşyalarının talan ediləcəyini əvvəlcədən bilmədiyi üçün, onların əlamətlərini (əyarı, çəkisi) yazıb götürməmişdir və bu səbəbdən də həmin məlumatları iddia ərizəsində göstərə bilmir. Lakin 13 aprel 2021-ci il tarixdə onların mənzildən götürərək özləri ilə apardıqları qızılzinət əşyalarını 12 mart 2021-ci il tarixdə nənəsi ona göstərərkən onların fotoşəkillərini çəkib telefonunun yaddaşında saxlamışdır. Daha sonra iddiaçı tərəfindən verilmiş ərizədə bildirilmişdir ki, iddia ərizəsində əlamətləri göstərilməmiş əmlaklar qızıl-zinət əşyaları satılan ticarət obyektlərində, həmin modellərin ən aşağı çəkidə olan çeşidləri götürülərək aşağıdakı kimi qiymətləndirilmişdir: 1) “Oval” dəst, 583 əyar, 12 qram, 960 manat; 2) “Obodok” dəst, 583 əyar, 5,45 qram, 436 manat; 3) “Oval” dəst, 583 əyar, 15 qram, 1.200 manat; 4) “Traktor sep” dəst, 583 əyar, 10 qram, 800 manat; 5) “Boyunbağı” dəst, 583 əyar, 9 qram, 720 manat. Həmçinin, 583 əyarlı, 7 qram şəkidə qızıl sığralar.

4. Cavabdeh iddiaya etiraz verərək göstərmişdir ki, iddiaçının göstərdiyi ünvan 1 onun xüsusi mülkiyyətində deyil və orada heç bir vaxt yaşamamışdır. Həmin mənzil X4 (cavabdehin bacısına) məxsus olmuş və o, anası X13 ilə orada daimi yaşamışdır. 2020-ci ilin dekabr ayında X11 vəfat etdikdən sonra həmin mənzil faktiki olaraq yeganə varisi X5 mülkiyyətindədir. Bundan əlavə, mənzildə qızılların və pul vəsaitlərinin mövcudluğuna və ya iddiaçıya məxsus olmasına dair heç bir sübut təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçının bu tələbləri irəli sürməyə subyektiv hüququ yoxdur. Bundan əlavə, iddiaçının atası, eyni zamanda iş üzrə nümayəndəsi Nümayəndə daha əvvəl eyni tələblərlə iddiaçı qismində məhkəməyə müraciət etmiş və onun iddiası rədd edilmişdir. Hazırki ərizənin məzmununda qeyd edilənlər demək olar ki, daha əvvəl Nümayəndə tərəfindən qaldırdığı iddia tələbləri ilə eynidir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1894/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və talanmış əmlakın qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının köçmək istədiyi ev cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində deyil, yəni cavabdeh həmin tələbə cavab verməli olan şəxs deyil. Həmin ev X2 mülkiyyətində olmuş, onun ölümündən sonra birinci növbəli yeganə vərəsəsi isə iddiaçının nənəsi X8r. Məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə bu tələblə bağlı X5 cavabdeh kimi işə cəlb edilməsi təklif edilsə də, iddiaçı razı olmamışdır.

7. İddia tələbinin 4.676 manat dəyərində olan qızıl-zinət əşyalarının naturada qaytarılması və 15.000 manat məbləğində pulun qaytarılması tələbi ilə bağlı məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissələrdə də təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən tələb edilən 15.000 manat məbləğində pulun mərhum bibisi X14 tərəfindən onun üçün toplanmış olduğu iddia edilsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Bundan başqa, cavabdehin bildirdiyinə görə, həmin pul onun anası tərəfindən pensiyasından yığılan puldur və iddiaçı bunun dəqiqləşdirilməsi üçün 13 aprel 2021-ci il tarixdən nənəsinə müraciət etməmiş, bu halı araşdırmamışdır. Eynilə, iddiaçı tərəfindən cavabdehdən tələb edilən qızıl-zinət əşyalarının da ona məxsusluğu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmiş, bu hal da iddiaçı tərəfindən araşdırılmamışdır. Belə ki, şahid X17 məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, nənəsinin bildirdiyinə görə qızılzinət əşyaları ünvan 1-də sandıqda saxlanılır və həmin qızıl-zinət əşyaları mərhum X9 məxsus olmuşdur. Məhkəmə onu da qeyd edir ki, bibiləri vəfat etdikdən sonra iddiaçının nənəsi onun atasına iddiaçı üçün yığılmış 50.000 manat məbləğində pulu verərkən qızılzinət əşyaların da onun üçün nəzərdə tutulmuş olduğu təqdirdə verilməməsi ağlabatan deyil.

8. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2, 50.3, 51.3-cü maddələrinə, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123, 53-cü maddələrinə, Mülki Məcəllənin 1159.1, 1159.1.1, 1160, 157.2-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1894/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işin məhkəmə icraatı zamanı maddi hüquq normaları kobud şəkildə pozulmuş, ziddiyyətlər aradan qaldırılmamış, işin faktiki halları və proses iştirakçılarının ifadələri təhrif edilərək qətnamənin nəticə hissəsinə uyğunlaşdırılmışdır. Qeyd edir ki, iş materiallarında olan “Etiraz”dan müəyyən olunur ki, həmin “sənəd” Cavabdeh tərəfindən deyil, onun vəkili Vəkil tərəfindən tərtib edilmiş və yalnız onun özü tərəfindən imzalanmışdır. 2(001)-1894/2022 №-li iş 15 fevral 2022-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin iş üzrə 17 mart 2022, 08 aprel 2022, 19 iyul 2022, 20 oktyabr 2022 , 04 noyabr 2022-ci il tarixlərində məhkəmə iclasları keçirilmiş, sədrlik edən hakim ötən doqquz aydan da artıq müddət ərzində cavabdehin məhkəmədə şəxsən iştirakını təmin etməmişdir. Vəkil əvvəllər iddiaçının nümayəndəsini qətiyyən tanımadığı halda, qeyd edilən mülki işin məhkəmə icraatına başlanıldığı ilk gündən onun haqqında həddindən artıq mənfi fikirlər söyləyərək, guya onun uzun illərdir ki cavabdehə qarşı kin bəslədiyini, onu hər zaman təhqir edərək şəxsiyyətini alçaltdığını, ona böhtan atdığını, iddia ərizəsində qeyd edilən halların tamamilə yalan olduğunu, cavabdehin məhkəmədə şəxsən iştirak etməsini tələb edərək ona psixoloji təsir göstərmək istədiyini, bu səbəbdən də cavabdehin məhkəməyə gəlməyəcəyini, cavabdehi nümayəndə qismində onun özü təmsil edəcəyini bildirərək məhkəmənin nəzərində ona dair əvvəlcədən neqativ obraz formalaşdırmaqla mübahisənin obyektiv həll edilməsinə süni əngəllər törədərək qarşı tərəfin qanuna zidd əməllərini ört-basdır etməyə, beləliklə də iddianın rədd edilməsinə nail olmağa çalışır və təəssüf ki, bütün hallarda onun mövqeyi ilə razılaşırdı. xx.xx.2022-ci il tarixində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məhəmməd Rüstəmliyə Cavabdeh vəkili Vəkil fəaliyyət və dəlillərinə etiraza dair ərizə təqdim etmişdir. Lakin müraciətinə baxılmadı və cavabdehin vəkili öz qanuna zidd əməllərini həyata keçirməyi davam etdirirdi. İddiaçının nümayəndəsi Nümayəndə, onun adına qeydiyyata alınmış şəxsi kabinet vasitəsi ilə AR MPM-in 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim etdiyinə və cavabdehin vəkilinin hərəkətlərinə etiraz bildirdiyinə görə 19 iyul 2022-ci il tarixdə keçirilən növbəti hazırlıq iclasında hakim əsəbləşərək guya onun işinə mane olduğu üçün xəbərdarlıq edərək məhkəmə zalından xaric etmişdir. xx.xx.2022-ci il tarixdə bu barədə Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasına elektron qaydada müraciət etmişdir. Həmin müraciət MHŞ-dən 1/T-37 nömrəli 27 iyul 2022-ci il tarixli məktubla aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərildikdən sonra, yalnız xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında Cavabdeh şəxsən iştirakı formal olaraq təmin edilsə də, faktiki olaraq bütün proses boyu onun əvəzindən yenə də Vəkil fəaliyyət göstərirdi. Bildirir ki, Vəkil tərtib etdiyi “Etiraz”da özünü Cavabdeh nümayəndəsi kimi göstərməsi, buna uyğun fəaliyyət göstərməsi, məhkəmənin hazırkı iş üzrə onu cavabdehin nümayəndəsi qismində tanıması və onun göstərdiyi dəlilləri mötəbər sübut kimi qəbul etməsi tamamilə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinin mənasından da aydın görünür ki, məhkəmədə nümayəndə vasitəsi ilə iş aparmaq (hüquqi şəxs istisna olmaqla) yalnız iddiaçıya aiddir, cavabdeh isə ona qarşı irəli sürülmüş iddia tələbi haqqında iş üzrə məhkəmədə şəxsən iştirak etməlidir və bunu başa düşmək üçün heç də xüsusi bir bilik tələb olunmur, sadəcə olaraq Azərbaycan dilini bilmək yetərlidir... Onu da nəzərə almaq lazımdır ki, Cavabdeh tam fəaliyyət qabiliyyətinə malik olan fiziki şəxsdir və bu səbəbdən də mövcud qanunvericiliyə görə onun məhkəmə prosesində şəxsən iştirak etməsi üçün üçüncü şəxsin köməyi tələb olunmur. Bundan əlavə, Vəkil əvvəllər tanımamışıq, faktiki olaraq o, ailəyə tamamilə yad bir şəxsdir və bu səbəbdən də ailədaxili məsələlərin bilavasitə iştirakçısı olmadığı halda, sadəcə olaraq üçüncü şəxslərdən eşitdikləri üzərində uydurduğu arqumentlər subut kimi qiymətləndirilə bilməz. Bu hissədə də iddiaçının nümayəndəsinin ifadəsi təhrif olunmuş, lakin qətnamədə göstərilənlərin elementar məntiqi cəhətdən də qeyri-mümkün olduğunu məhkəmə nəzərə almamışdır. Əsl reallıqda isə X11 vəfat etdikdən sonra anası demək olar ki hər gün oğlu Əhmədə deyirdi ki, Mehrabın pullarını apar banka qoy, mən artıq saxlaya bilmirəm, yoxsa belə getsə xırdaxırda dağılıb gedəcəkdir. Mərhumun “40 mərasimi”ndən sonra cavabdehin yanında ona demişdir ki, bu gün boş vaxtın var apar pulları banka qoy, mən də artıq arxayın olum. O isə cavabında bildirmişdir ki, yaxşı indi ki deyirsən, gətir ver aparım qoyum. Bu zaman Cavabdeh ona bildirmişdir ki, pullar içəri otaqda sandığın içərisindədir, sandığın üstündə isə pal-paltarla dolu 5 ədəd çamadan vardır və onları oradan yalnız kişi xaylağı götürə bilər. Anası pulları iri bir parçaya bükülmüş şəkildə oğluna verərkən ona bildirmişdir ki, pulların hamısı bu bağlamada idi, Sona o qədər onun zəhləsini tökdü ki, o da bu evin qızıdır, Mehraba qalan puldan ona da pay ver, o da axırda məcbur olub bu pulun üzərindən 15000 manat götürüb ona verdim ki, səsini kəsib ondan əl çəksin. Onu da nəzərə almaq lazımdır ki, anasının Nümayəndə verdiyi 5, 10, 20, 50, 100 manatlıq əskinaslardan ibarət olan pullar zərfdə deyil, iri bir bağlamada olmuşdur və həmin pullar iddiaçı üçün ona yalnız bibisi Həqiqət tərəfindən toplanmışdır. Halbuki, həmin pulların hamısı 100 AZN nominalında olsa belə, 500 ədəd 100 manatlıq pul əskinaslarının bir zərfdə olması sadəcə olaraq praktik cəhətdən mümkün deyil. Lakin qeyd edilən fakt (ziddiyyət) bilərəkdənmi, yoxsa səhlənkarlıqdanmı məhkəmənin diqqətindən kənarda qalmışdır. Qeyd edir ki, cavabdeh S.Talıbova ünvan 1 ünvanında yerləşən mənzildən pulun və digər əmlakların talan edilməsində biləvasitə iştirak etmiş şəxs olduğuna görə, məsuliyyətdən yayınmaq üçün yalan danışdığı şübhəsizdir, bu hissədə qeyd edilənlər cavabdehin vəkili N.M.Mirbabayev tərəfindən uydurulmuş ifadələrdən ibarətdir. Belə ki, bundan əvvəl keçirilən proseslərdə o, öz adından izahat verərkən eynilə bunları bildirirdi. 15000 manat məbləğində pulu anası ona verərkən həmin pulun onun pensiyasından yığıldığını və o, bir ölad kimi anası xəstə olarkən onun əziyyətini çəkdiyi üçün verdiyini deməsi tamamilə yalandır. Belə ki, cavabdeh S.İddiaçı anası xəstə olarkən heç bir zaman onun əziyyətini çəkməmişdir. Yuxarıda da göstərildiyi kimi, anası pulları iri bir parçaya bükülmüş şəkildə oğlu Əhmədə verərkən ona bildirmişdir ki, pulların hamısı bu bağlamada idi, Sona o qədər onun zəhləsini tökdü ki, o da bu evin qızıdır, Mehraba qalan puldan ona da pay ver, o da axırda məcbur olub bu pulun üzərindən 15000 manat götürüb ona versin ki, səsini kəsib ondan əl çəksin. Həmin pulu evin təmirinə görə şirkətə ödənilməsi üçün qızına verdiyini bildirməsi də tamamilə yalan və uydurmadan başqa bir şey deyildir. Çünki onların mənzili təxminən 7-8 il bundan əvvəl, oğlu Nizaminin həmin işləri görməyi bacaran dostları tərəfindən təmənnasız təmir edilmişdir. Əks halda cavabdeh məhkəməyə ödəniş qəbzi təqdim etmiş olardı. Gülçöhrə sağlığında özünə məxsus olmayan sırğanı onun nəvəsinə hədiyyə etməmiş, O, vəfat etdikdən sonra guya nəvəsinin 18 yaşı tamam olması münasibəti ilə onun adından nəvəsinə hədiyyə vermək bəhanəsi ilə anası X3 almışdır. Qeyd edir ki, qanunvericilikdə tam fəaliyyət qabiliyyətli fiziki şəxs olan cavabdehin məhkəmədə nümayəndə vasitəsi ilə iş aparmasını tənzimləyən hər hansı bir norma olmadığından, onun vəkili Vəkil izahatına istinad edilməsi qanunsuzdur. Qeyd edir ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X5 102 yaşında bir qadın olduğu, onun hal-hazırda cavabdehin evində yaşadığı, onların köməyi olmadan müstəqil olaraq məhkəməyə gələ bilməyəcəyi iş materiallarından aydın göründüyü üçün bu hallar barədə sədrlik edən hakim məlumatı olduğundan onun məhkəmə iclasında iştirak etməsini təmin etməyi cavabdehə həvalə edə bilərdi. Başqa sözlə desək, Cavabdeh qızı Ulduzla birlikdə anası R.Əsgərovanın adından fikir söyləmək əvəzinə, oğlu Nizaminin maşını ilə onu məhkəməyə gətirə bilərdi. Onu da Məhkəmənin diqqətinə çatdırır ki, X18 faktiki olaraq cavabdehin evində girov kimi saxlanılır və onunla təmasda olmasına imkan verilmir. Belə ki, xx.xx.2022-ci il tarixində 52 yaşlı gəlini (iddiaçının anası) X20 vəfat etmiş, lakin onunla görüşməsin deyə, heç olmasa sadəcə olaraq adi bir başsağlığı vermək üçün onu yas mərasiminə gətirməmiş, bu səbəbdən özləri orada iştirak etməmişlər. Qeyd edir ki, bundan əvvəl xx.xx.2022-ci il tarixində keçirilən məhkəmə iclasında Cavabdeh iştirak etməməsi səbəbindən, onun X10 şahid qismində dəvət edilməsi barədə vəsatət verməsi həqiqəti əks etdirmir və iş materiallarında da belə bir vəsatət mövcud deyildir. Digər tərəfdən iddia ərizəsində də qeyd edildiyi kimi, X17 ünvan 1 ünvanında yerləşən mənzildən pulun və digər əmlakların talan edilməsində biləvasitə iştirak etmiş şəxs olduğuna görə, məsuliyyətdən yayınmaq üçün onun da yalan danışdığı göz qabağındadır. Belə ki, o, xalası vəfat etdikdən sonra həmin mənzilə heç bir zaman dərman və ya yemək gətirməmişdir və hər dəfə ora gedərkən onun məqsədi yalnız götürdükləri əmlakları qardaşı Nizaminin şəxsi minik avtomobili ilə həmin mənzildən çıxarıb aparmaq olmuşdur. Onun dediklərinə görə, 15000 manat pulu nənəsi ona vermiş, həmin məbləğin 2000 manatını dəfn və yas mərasimlərinə xərcləmişdir. Halbuki onun iş üzrə cavabdeh qismində cəlb edilmiş anası Cavabdeh məhkəməyə verdiyi ifadəsində götərmişdir ki, 15.000 manat məbləğində pulu anası ona verərək bildirmişdir ki, həmin pulu ona görə verir ki, o, övlad kimi anasının xəstə olanda əziyyətini çəkmişdir. Həmin məbləği qızına vermişdir ki, evin təmiri üçün şirkətə ödənilsin. Lakin göründüyü kimi, yenə də ifadələr arasındakı ziddiyyətlər bilərəkdənmi, yoxsa səhlənkarlıqdanmı məhkəmənin diqqətindən kənarda qalmış və onlar aradan qaldırılmadan qətnaməyə köçürülmüşdür. Həmçinin bildirir ki, dəfn xərcləri X17 tərəfindən deyil, iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən ödənilmişdir. Yas mərasimlərinə gəldikdə isə, həftənin cümə axşamı günləri cavabdeh öz ailə üzvlərini başına toplayaraq, yəni onun özü, əri Təvəkkül, oğlu Nizami, gəlini Rita, qızı Ulduz və 2 qız nəvəsi guya ehsan verirlərmiş kimi qonşulardan da yalnız X15 dəvət edərək, həmin gün üçün anasından ayrıca aldığı pulla ərzaq məhsulları alaraq hazırladıqları müxtəlif yeməkləri özləri oturub yeyir, qalanını isə yığışdırıb öz evlərinə aparırdılar. Hətta onların ailə üzvlərindən kimsə orada iştirak etməsin deyə, Ulduz bildirirdi ki, pandemiya dövrüdür, bir yerdə çox adam toplaşanda polis gəlib onların hamısını tutub aparır, ona görə də daha bundan artıq adam gəlməsin. Qeyd edir ki, bu barədə heç bir araşdırma aparılmadığı halda məhkəmə bu hissədə faktiki olaraq öz şəxsi mülahizəsini ortaya qoymuşdur. 2(001)-1894/2022 №-li iş xx.xx.2022-ci il tarixində başlanılmış, lakin icraatda olduğu doqquz aydan da artıq müddət ərzində məhkəmə Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X5 iştirakını təmin etməmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipi pozulmuş, bunun nəticəsində iş üzrə qəbul edilmiş məhkəmə qətmaməsi biri digərini təkzib edən ziddiyyətli, qeyri-mötəbər, heç bir hüquqi əsası olmayan arqumentlər və sədrlik edən hakimin öz qulluq mövqeyinə görə irəli sürdüyü, bu barədə heç bir müzakirə aparılmadığı halda ortaya qoyduğu şəxsi mülahizələri ilə əsaslandırılmışdır. Məhkəmə Vəkil Cavabdeh nümayəndəsi qismində tanımış, faktiki olaraq tam fəaliyyət qabiliyyətli cavabdeh fiziki şəxsin məhkəmə nümayəndə vasitəsilə iş aparmasına şərait yaratmış və bunu tamamilə normal bir hal hesab etmişdir.

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək yuxarıda qeyd olunan məzmunda izahat vermiş, şikayətin təmin olunmasını, qətnamənin ləğv olunmasını, iddianın təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X13 məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri 15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 16.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 17.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 18.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

19.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

20. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 21.81-ci maddəsinin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 22.50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

23. 51.3-cü maddəsinə əsasən, başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 24.157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 25.1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 26.1159.1 və 1159.1.1-ci maddələrinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

27.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

28.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 29.Belə ki, işin məhkəmə tərəfindən müəyən edilmiş hallarından göründüyü kimi iddiaçının vəfat etmiş bibiləri X11 və X14 anaları X13 ilə birlikdə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 9-cu sıra, ev 33 ünvanında yaşamışlar. X1 Gülçöhrə Mahmud qızının və X6 yeganə vərəsəsidir. Qızlarından qalmış miras əmlaka sərəncam vermək hüququ ona məxsusdur. 30.Məhkəmə araşdırması zamanı iddiaçının vəfat edənlərin mülkiyyətində olmuş qızılzinət əşyalarının naturada qaytarılması və 15.000 manat məbləğində pulun verilməsini tələb etmək üzrə subyektiv hüquqa malik olduğu müəyyən edilməmişdir. Belə ki, mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələri onunla xarakterizə olunur ki, bu vasitələr mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. İstənilən şəxsin əmlak hüquqları ilə bağlı tələb hüququ onun mübahisəli əmlaka münasibətdə mülkiyyətçi və ya qanuni sahib olmasına əsaslanır. 31.Bundan başqa birinci instansiya məhkəməsi iddianın “mənzilə köçürülmə” hissəsi ilə əlaqədar haqlı olaraq qeyd etmişdir ki, iddiaçının köçmək istədiyi ev cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində olmadığı üçün, o, həmin tələbə cavab verməli olan şəxs deyildir. Belə ki, mübahisə predmeti olan fərdi yaşayış evi X2 mülkiyyətində olmuş, onun birinci növbəli və yeganə vərəsəsi də hazırki mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş iddiaçının nənəsi X8r 32.Beləliklə işə baxan birinci instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdiyi sübutlar, habelə iddia tələbinin yönəldiyi şəxsin cavabdehlik daşıyıb-daşımadığı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası məhkəmənin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

33. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apelyasiya şikayətində göstərilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

34. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 35.Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 36.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 37.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 38.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1894/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar