Məhkəmə qərarları › İş №2(103)-1965/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1965/2021

24.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1965/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X6 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh dəymiş maddi zərərə görə “Medical Plaza”da çəkilən xərcə görə 17.854,27 manat, “xxxx”da çəkilən xərcə görə 8.257 manat, “xxxx”da çəkilən xərcə görə 7.000 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 33.141,27 manat, həmçinin mənəvi ziyanın əvəzi olaraq 10.000 manat olmaqla, cəmi 43.141,27 manat pulun alınaraq ona verilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia qismən təmin edilərək, Cavabdeh onun xx.xx.2019-cu il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi zamanı X1 vurulmuş zərərin aradan qaldırılması üçün qəyyumu (atası) İddiaçı çəkdiyi maddi zərərin əvəzi, yəni X7 müalicəsı və əməliyyatı üçün “Medical Plaza”ya ödədiyi 17.854,27 manat, “xxxx”a ödədiyi 8.257 manat, “xxxx”a ödədiyi 7.000 manat və iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 33.141,27 manat, həmçinin vurulmuş mənəvi zərərin əvəzi kimi 300 manat olmaqla, cəmi 33.441,27 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh, apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X10 ağır dərəcəli bədən xəsarətləri almış və cavabdehin törətmiş olduğu əmələ görə, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarəetmək hüququndan məhrum edilməklə, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bunlar işin mübahisəsiz hallarıdır. Mübahisəli məsələ isə ondadır ki, hadisə baş verən gün cavabdehin qohumları zərərçəkmişin müalicə və müayinə olunduğu xəstəxanada olmuş və bütün zəruri xərcləri ödəmişlər. Onun ilkin olaraq yerləşdiyi 1 saylı X11 zaman cavabdehin qohumu X15 tərəfindən 1.500 manat, xx.xx.2019-cu il tarixində yenidən 2.500 manat, 28-xx xxxxxxxx 2019-cu il tarixlərində qohumu Babək Hüseynov tərəfindən 1.300 manat, 4-x xxxxxxx 2019-cu il tarixlərində qohumu X9 tərəfindən 1.250 manat, atası X4 tərəfindən isə 2.000 manat pul müalicə və müayinəsi üçün atası İddiaçı və İkramın böyük qardaşına ödənilmişdir. Bu pul vəsaitləri müxtəlif vaxtlarda, yəni iddiaçının zəng edərək oğlunun müalicəsi üçün pul lazım olduğunu bildirdiyi zamanlarda ödənilmişdir. Sonuncu dəfə iddiaçı oğlunun göz əməliyyatı etdirilməsi üçün pul lazım olduğunu bildirdikdə isə, cavabdehin həmin pulu ödəməyə imkanı olmamışdır. Göründüyü kimi, 8.550 manat pul qohumları tərəfindən iddiaçının oğlunun müalicə və müayinəsi üçün ödənilmiş və bu barədə məhkəmədə izahatı zamanı məlumat versə də, hətta İddiaçı öz izahatında qeyd olunan xüsusatı etiraf etsə də, məhkəmə iclas protokolunda bu barədə qeyd olunmamış və hakim qətnamədə bu hissəyə qiymət verməmişdir. İddiaçı ona ödənilmiş pul vəsaitini etiraf etdiyi üçün cavabeh şahidlərin məhkəmə iclas zalına dəvət edilərək, ifadələrinin alınması barədə vəsatət verməmişdir. Bundan əlavə, məhkəmə xxxx və xxxx MMC-dən verilən arayışlar, Medical Plaza MMC tərəfindən isə verilmiş faktura qaimə əsasında yekun nəticəyə gəlmişdir. Lakin arayış və fakturalar ödənişi təsdiq edən sənəd sayıla bilməz, ödənişi təsdiq edən kassa mədaxil qəbzlərin əsli sübut kimi qəbul edilə bilərdi. Arayış və fakturalarda qeyd olunan məbləğ həqiqəti əks etdirmir, belə ki, iddiaçının maddi vəziyyəti 33.141,27 manatı ödəməyə imkan vermir və oğlunun müalicə və müayinəsinə nə zaman pul lazım olmuşsa, o, iddiaçıya məlumat vermiş və həmin məbləğ ödənilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni cavabdehin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz hallarına görə, Cavabdeh xx.xx.2019-cu il tarixdə, saat 17:38-də “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndinin tələblərini pozaraq sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi X13 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prado” minik markalı, ** VO *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi ilə Əsəd Əhmədov küçəsi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hərəkət üçün təhlükəli şərait yaratmış və həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək, avtomobili əks hərəkət zolağına çıxarıb sola istiqamətlənərək avtomobilin ön hissəsi ilə Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 230F ünvanda yerləşən təkər təmiri sexinin qarşısında Yasamal rayonu, Əsəd Əhmədov küçəsi istiqamətində dayanmış “Opel Astra” minik markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qanadını vurmuş, nəticədə “Opel Astra” minik markalı avtomobil onun yanında dayanmış X8 dəyərək ehtiyatsızlıqdan sonuncunun baş beyin toxumasının ağır dərəcəli əzilməsi ilə və sol təpə gicgah sümüyünün kəllə əsasına keçən sınığı ilə müşayiət olunan sol təpə gicgah nahiyəsinin hematoması (yumşaq toxuma arasına qan yığılması), hər iki ağciyərlərin sıxılması ilə və sağ V, Vİ qabırğaların sınıqları ilə müşayiət olunan döş qəfəsinin küt travması (sıxılması) ilə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, eləcə də “Toyota Prado” minik markalı, ** VO *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Azər Səfərova 580 manat, “Opel Astra” minik markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Saleh Abdullayevə isə 320 manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cavabdeh Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ərizəsi təmin edilərək, oğlu xx.xx.1990-cı il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. İddiaçı onun üzərində qəyyum təyin edilmişdir. Hazırda İddiaçı, cavabdehin hüquqazidd əməli nəticəsində ona dəymiş maddi ziyanın (yol nəqliyyat hadisəsi nəticəsində oğlu Saleh Abdullayevin sağlamlığına dəymiş zərərlə bağlı onun müayinə və müalicəsinə çəkdiyi xərclərin) və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, iddiaçı Mülki Məcəllənin 1096.1-ci, 1097.1-ci və 1108-ci maddələrinə əsasən, cavabdehdən ona dəymiş maddi və mənəvi zərərin əvəzinin tutulmasını tələb etməkdə haqlıdır. Çünki, Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Baxılan işdə cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur və bu işin mübahisəsiz halıdır. İşin mübahisəli halı isə ondan ibarətdir ki, cavabdeh, törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının oğlunun sağlamlığına dəymiş zərərin aradan qaldırılması üçün bütün xərclərin onun tərəfindən qarşılandığını, hazırda iddiaçı tərəfindən tələb olunan məbləğin şişirdildiyini bildirərək, qətnaməni mübahisələndirir. İşdə olan “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 704 nömrəli arayışa əsasən, İlham Abdullayev avtomobillə vurulması nəticəsində xəsarət aldığından xx.xx.2019-cu il tarixdə onun müalicəsi üçün müraciət etmiş qohumu X2 8.257 manat vəsait ödənmişdir. “xxxx” MMC tərəfindən verilmiş RS-1071 nömrəli arayışa əsasən, X10 xx.xx.2019-cu il tarixdə “Medistyle” hospitalına müraciət etmiş, müayinələrdən keçmiş, invaziv radioloqun qəbulunda olmuşdur. Aparılan ilkin müayinələrdən sonra xəstəyə “Sağ və sol İCA hövzələrində karotid-kavernoz fistul(KKF). İkitərəfli ekzoftalm. Xemoz. Sol tərəfli oftalmoptoz” diaqnozu qoyulmuş və əməliyyat edilmişdir. Xəstə tərəfindən klinika özəl olduğu üçün xəzinəyə 7.000 manat ödənilmişdir. X21 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli fakturaya əsasən isə, İddiaçı tərəfindən oğlu Saleh Abdullayevin xx.xx.2019xx.xx.2019-cu ilə kimi olan müddət ərzində müalicəsi və müayinəsi üçün klinikaya ümumilikdə 17.857,27 manat vəsait ödənilmişdir. Görünüyü kimi, işdə olan müxtəlif klinikalar tərəfindən verilmiş arayışlara əsasən iddiaçı tərəfindən baş vermiş vermiş yol nəqliyyat hadisəsi nəticəsində oğlu Saleh Abdullayevin sağlamlığına dəymiş zəzərin aradan qaldırılması üçün iddia tələbində qeyd olunan həcmdə xərc çəkilməsi sübut olunur. Cavabdeh həmin arayışların mötəbərliyini mübahisələndirərək, hadisə nəticəsində zərərçəkmişin sağlamlığına dəymiş zərərin aradan qaldırılması üçün bütün xərcləri qarşıladığını bildirsə də, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, MPM-in 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, X3rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Kollegiya, mənəvi zərərin tələbi ilə bağlı isə bildirir ki, Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Hazırkı mənəvi zərərin ödənilməsi tələbinə də bu baxımdan yanaşaraq, Kollegiya, hesab edir ki, cavabdehin törətdiyi hüquqa zidd əməl nəticəsində iddiaçının oğlunun sağlamlığının pozulması və bunun nəticəsində fəaliyyət qabiliyyətsiz hesab olunması faktı özü-özlüyündə onun psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Ona görə də, birinci instansiya məhkəməsinin cavabdehdən iddiaçının xeyrinə onu keçirdiyi mənəvi iztirab və sarsıntılar, maddi zərər dəyməsi, zərərin əvəzinin könüllü deyil, məhkəməyə müraciət edilməklə ödənilməsi və iddiaçının qətnaməni bu hissədə mübahisələndirmədiyi nəzərə alındıqda mənəvi zərərin əvəzi kimi 300 manat tutulması barədə gəldiyi qənaət əsaslıdır. Qeyd olunanlara əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4015/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar