Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-197/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, Cavabdehlər "xxxx" QSC-nin nümayəndəsi X2 və Cavabdeh2 şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" QSC-yə və Cavabdeh2 şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli 2(006)-5301/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada vurulmuş maddi ziyana görə 15000 manat, mənəvi ziyana görə 5000 manat, cəmi 20000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yanında yerləşən dəmiryol xəttinin altından podratçı təşkilat tərəfindən yeraltı avtomobil keçidinin səliqəsiz çəkilməsi və titrəyişli işlərin nəticəsində evin divarlarında çatlar əmələ gəlmiş, nəticədə ona maddi və mənəvi zərər dəymişdir. Evin əvvəlki vəziyyətə gətirilməsi üçün 15000 manat vəsait tələb olunur. Bundan əlavə, evin divarlarının yararsız vəziyyətə düşməsi onun səhhətinə də mənfi təsir göstərmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli 22(006)- 5301/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən belə qənaətə gəlmişdir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iddianı rədd edərkən mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamış, evin divarlarında çatların yaranma səbəbini və sair məsələləri aydınlaşdırmaq üçün məhkəmə tikinti-texniki ekspertizası təyin etməmiş, nəticədə əsassız, qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, cavabdehlərin nümayəndələri isə şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli 2(006)-5301/2019 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikili olmaqla faktiki olaraq İddiaçı məxsusdur və onun tərəfindən inşa olunmuşdur. (i.v.100) Həmin evin yanından keçən Bakı-Sumqayıt-Bakı dəmiryolunun müasir standartlara uyğun vəziyyətə gətirilməsi ilə əlaqədar hazırlanmış layihəyə əsasən sözügedən ərazidə tikiləcək yeraltı avtomobil keçidinin tikintisi həyata keçirilmişdir. Sifarişçi qismində "xxxx" QSC ilə icraçı qismində Cavabdeh2 şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış 21 dekabr 2018-ci il tarixli 76/DYS saylı xidmət müqaviləsinə əsasən həmin işlərin görülməsi sifarişçi tərəfindən icraçıya həvalə olunmuşdur. (i.v.63-73) İddiaçıya məxsus evdə çatların yaranıb-yaranmaması, əgər yaranmışsa, həmin çatların dəmiryol xəttinin altından yeraltı keçidin tikilməsi ilə bağlı görülən işlər nəticəsində yaranmasını və zərər vurulması öz təsdiqini tapdığı halda zərərin məbləğini müəyyən etmək məqsədilə iş üzrə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası və təkrar məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Təkrar məhkəmə tikinti-texniki ekspertizasının 22 iyul 2021-ci il tarixli 10/2937 saylı rəyi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində açılış eni 2-5 mm və 5-10 mm olan bir tərəfli, müxtəlif istiqamətli çatların mövcud olması təsdiq olunsa da, həmin çatların ətrafda aparılan dəmiryol xəttinin altından yeraltı keçidin tikilməsi ilə bağlı görülən işlər nəticəsində yaranıb-yaranmamasını müəyyən etmək mümkün olmamışdır. Podrat müqaviləsinə görə, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (Mülki Məcəllənin 752.1 və 762.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: · törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; · törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; · ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunduğu kimi, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçıya məxsus fərdi yaşayış evinin divarlarında çatların yaranması müəyyən edilsə də, həmin çatların cavabdeh təşkilatların təqsiri üzündən yaranması sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iddia tələbi ümumiyyətlə cavabdeh "xxxx" QSC-yə qarşı yönələ bilməzdi. İddia ərizəsində də qeyd olunmuşdur ki, iddiaçıya ziyan podratçı təşkilat olan Cavabdeh2 şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən vurulmuşdur. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli 2(006)- 5301/2019 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-197/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-197/2021
27.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver