Məhkəmə qərarları › İş №2(103)-1971/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1971/2021

23.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1971/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Kamandar Nəsibovun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair 2(006)-4132/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Baş Prokurorluğunun qanunsuz hərəkətləri nəticəsində iddiaçının əsassız ittiham olunmağı, cinayət təqibinə məruz qalmağı və qanunsuz olaraq həbsdə saxlanıldığına görə dəymiş 27000 (iyirmi yeddi min) manat məbləğində maddi ziyanın və 100000 (bir yüz min) manat məbləğində mənəvi ziyanın kompensasiya olaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, istintaq orqanı tərəfindən iddiaçıya Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3- cü maddələri ilə ittiham elan olunmuşdur. Guya ki, iddiaçı satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma, satma barədə istintaqla müəyyən edilməmiş bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, bu məqsədlə xx xxx 2018-ci il tarixdə təxminən saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinə gedən yolda cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvündən 15 ədəd polietilen bağlamada külli miqdarda 14860 qram tiryək və 10 ədəd polietilen bağlamada qablaşdırılmış külli miqdarda 9740,00 qram həşiş qətranı narkotik vasitələrini satış məqsədilə qanunsuz olaraq əldə etmiş, qeyd olunan narkotik vasitələrini 4 ədəd göy rəngli polietilen paketə yerləşdirib idarə etdiyi “VAZ-21083” markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobilinin salonunun arxa oturacağının üstünə qoyaraq saxlamış, daşımış və həmin gün saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Füzuli küçəsində “Fərid” şərti adı ilə alıcı qismində çıxış edən Dövlət Gömrük Komitəsi Gömrük X2 Mübarizə Baş İdarəsi X3-axtarış şöbəsinin rəisi X1 saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə iddiaçının təqsirinin sübuta yetirilməməsi əsası ilə barəsində bəraət hökmü çıxarılmışdır. Habelə, Azərbaycan Respublikasının Gömrük Komitəsinin əməkdaşlarının iş üzrə qanunsuz hərəkətləri barədə xx xxxxxx 2019-cu il tarixli xüsusi qərar çıxarılmışdır. Hökmü mübahisələndirən dövlət ittihamçısı apellyasiya protesti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsini və iddiaçıya Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyası həddində cinayət qanunvericiliyin tələblərinə uyğun azadlıqdan məhrumetmə cəzasının təyin olunması barədə hökm çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(103)-95/2020 saylı qərarı ilə apellyasiya protesti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddiaçı məruz qaldığı əsassız və qanunsuz cinayət təqibinə görə 17 ay 21 gün qanunsuz olaraq həbsdə saxlanılmış və bu müddət ərzində səhhətində ciddi pozuntular baş vermişdir. İddiaçı həbs edilən günədək meyvə-tərəvəz alveri ilə məşğul olmuş və aylıq qazancı 1000 manatdan çox olmuşdur. Nəticədə iddiaçı cavabdeh orqanların səhvi nəticəsində ümumilikdə (17 ay x 1000 manat=17.000 manat) 17.000 (on yeddi min) manat məbləğində qazancından məhrum olmuşdur. Bundan əlavə, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi cinayət prosesini həyata keçirən orqanın səhvi və qanunsuz hərəkətləri nəticəsində iddiaçının əsassız olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılmaqla azadlıqdan məhrum olunduğu müddət ərzində ailə üzvləri tərəfindən ona yemək və ərzaq gətirilməsinə, həmçinin hüquqlarının müdafiə edilməsi üçün vəkillə müqavilə bağlanılması və müdafiə edən vəkilin Bakı İstintaq Təcridxanasına aparılıb-gətirilməsinə ümumilikdə 10000 (on min) manatdan çox pul sərf olunmuşdur ki, həmin məsrəfi də iddiaçı cavabdehlərin qanunsuz hərəkətləri səbəbindən sərf etmək məcburiyyətində qalmışdır. Bundan əlavə, iddiaçının təqsiri olmadığı halda 17 (on yeddi) ay 21 (iyirmi bir) gün müddətə haqsız yerə azadlıqdan məhrum edildiyi üçün, eləcə də heç bir əsas olmadan törətmədiyi cinayət əməlində ittiham olunduğu üçün ona böyük mənəvi ziyan da dəymişdir. Belə ki, istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində iddiaçının çəkdiyi əzab-əziyyət onda əsəb pozğunluğu və ürək ağrısına gətirib çıxarmışdır. Belə ki, iddiaçı barəsində heç bir əsas olmadan Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd edilən maddələri ilə cinayət işi başlanmış və iddiaçı 17 aydan çox ibtidai istintaq orqanında və məhkəmələrdə vaxtını və əsəbini sərf etməyə məcbur olmuş, o cümlədən həmin müddət ərzində azadlıqdan məhrum edilmişdir. Nəticədə isə çox böyük psixoloji sarsıntılar, əsəb gərginlikləri keçirmişdir. Cavabdeh istintaq orqanının vurduğu maddi ziyanla yanaşı, həmçinin iddiaçının 17 (on yeddi) ay 21 (iyirmi bir) gün qanunsuz olaraq həbsdə saxlanılmağı və əsassız cinayət təqibinə məruz qaldığı üçün 100000 (bir yüz min) manat məbləğində mənəvi ziyanı da iddiaçıya ödəməyə borcludur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 3000 (üç min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməsi qət edilmiş, iddiası qalan hissədə təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddianını dəlillərinə uyğun əsaslandırılmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin nəticə hissəsindən məlum olur ki, məhkəmə mənəvi ziyana görə 3000 manat kompensasiya müəyyən etmişdir. Lakin məhkəmə bununla bağlı hər hansı təsdiqedici sənədlərə istinad etməmişdir və iş materiallarında iddiaçıya hər hansı mənəvi zərər dəyməsi faktı da sübut olunmur. Məhkəmə qətnamədə vurulmuş maddi və mənəvi zərərin iddiaçı tərəfindən sübuta yetirilməməsini qeyd etməsinə baxmayaraq, iddiaçının xeyrinə 3000 manat məbləğində mənəvi ziyanın tutulmasını qət etmişdir. Mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Belə ki, Cinayət- Prosessual Məcəlləsinin yuxarıda sadalanan normaları kontekstində iddiaçıya 3000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2020-ci il tarixli, 1(103)-95/2020 saylı qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi hökm edilmiş, apellyasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi işin tədqiq edilmiş hallarına qanunvericilik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» xx xxxxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tə--rəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əm-lak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), ha-be-lə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, iddiaçı ona 27000 manat ziyanın vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də Kollegiya hesab edir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində iddianın təmin olunmamasına dair birinci instansiya məhkəməsinin qətnamə qanuni və əsaslıdır. Bundan başqa, iddiaçının 17 ay 21 gün həbsdə saxlanılmağı ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi ağlabatan deyildir. Beləliklə, Kollegiya toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 3000 (üç min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməsi hissəsində qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4132/2020 saylı mülki iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar