Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1979/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh2, onun və digər Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə öhdəliyinin pozulması nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Dadaşov X5 Ramin Ənvər oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 yanvar 2018-ci il tarixli icarə müqaviləsinə əsasən 5 il müddətinə icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 283,1 kv.m, köməkçi sahəsi 94 kv.m olan qeyri-yaşayış sahəsinin təmirinə sərf etdiyi 70 000 (yetmiş min) manatın, kafeni istifadə edə bilmədiyinə görə əldən çıxmış fayda kimi 93 000 (doxsan üç min) manatın, kafedə olan və cavabdehlər tərəfindən mənimsənilmiş 10 000 (on min) manat dəyərində ərzağın əvəzinin, habelə mənəvi zərərə görə 10 000 (on min) manatın cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə 15 yanvar 2018-ci il tarixdə icarə müqaviləsi bağlayaraq Cavabdeh1 adına olan, lakin faktiki olaraq Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 283,1 kv.m, köməkçi sahəsi 94 kv.m olan qeyri-yaşayış sahəsini 5 (beş) il müddətində icarəyə götürmüş, Vergilər Nazirliyində qanuni qeydiyyata alınmaqla həmin qeyri-yaşayış sahəsini kafe kimi işlətməyə başlamışdır. İcarə müqaviləsi Vergilər Departamentində qeydiyyata alınmış, müqaviləni etibarnamə əsasında Cavabdeh2 imzalamış, icarə haqqı hər ay 200 (iki yüz) manat razılaşdırılmış, müqavilənin müddəti 15.01.2018-ci ildən etibarən 5 (beş) il müəyyənləşdirilmişdir. İcarəyə götürdüyü qeyri-yaşayış sahəsi tam təmirsiz və istifadəyə yararsız olduğuna görə əsaslı təmirə ehtiyacı olmuş, cavabdehlə razılaşmalarına əsasən obyekti kafe kimi işlətmək üçün təmir etməyə başlamış, təmir 2 ay müddətində başa çatmışdır. Təmir zamanı kafenin mətbəxini kərpic arakəsmə ilə iki yerə bölmüş, ümumi zalda kabinetlər tikdirmiş, kabinetlərin arakəsmələrini kərpicdən inşa etdirmiş, 95 kv.metr olan zala və 50 kv.metr olan mətbəxin döşəməsinə metlax döşətdirmiş, həm zalın, həm də mətbəxin tavanına lambirin, zalın divarlarına və kabinetlərin divarlarına bahalı divar kağızları vurdurmuş, obyektin bütün elektrik xətlərini yenidən çəkdirmiş, zalın və kabinetlərin işıqlandırılmasına çilçıraqlar alıb asdırmış, obyektin həyətinə 250 kv.metr metlax döşətdirmiş, həyətin hasarlarını boya ilə rənglətdirmiş, obyektin kanalizasiya sistemini yenidən çəkdirmiş, iki ədəd sanitar qovşaq tikdirmiş və içərisinə kafel-metlax döşətdirmişdir. Bundan başqa, içəridə olan mətbəxə 3000 manat dəyərində mətbəx mebeli yığdırmış, həyətdə yay mətbəxi tikdirmiş, yay mətbəxinə də mebel quraşdırmış, iki ədəd böyük zontik (günəş çətiri) alaraq həyətdə yerləşdirmişdir. Obyektin təmirinə ümumilikdə 70 000 (yetmiş min) manat vəsait xərcləmiş, kafenin istifadəsi üçün lazım olan bütün avadanlıqları da öz hesabına almışdır. Kafedə fəaliyyətə başladıqdan sonra cavabdeh icarə haqqını 200 manatdan 800 manata qaldırmış, hər ay 800 (səkkiz yüz) manat icarə haqqını ödəmişdir. Kafedə rəsmi əmək müqaviləsi üzrə üç nəfər işçini - Lənkəran rayonunun Gərmətük qəsəbəsində qeydiyyatda olan X1 aşpaz vəzifəsinə, Bakı şəhəri, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi ev 11-də qeydiyyatda olan X2 inzibatçı vəzifəsinə, Qubadlı şəhərində qeydiyyatda olan X8 ofisiant vəzifəsinə işə götürmüş, ölkədəd COVİD-19 pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq olunan günədək onlar kafedə işləmişlər. Müqavilə bağladığı vaxtdan ölkədə karantin rejimi elan olunana qədər həmin kafeni işlətmiş və müqavilə üzrə icarə haqqını hər ay vaxtında ödəmişdir. Lakin 27.03.2020-ci il tarixdə ölkədə karantin rejimi elan edilmiş və kafelərin işləməsinə qadağa qoyulmuş, həmin tarixdə işçilərlə birlikdə kafenin qapısını bağlayıb evlərinə getmişlər. Kafenin əsas giriş qapısı dəmir metaldan olmuş, qapının açarlarını özündə saxlamışdır. Ölkədə karantin rejimi yumşaldıqdan sonra, yəni 21.05.2020-ci il tarixdə işçiləri ilə birlikdə kafeyə gələndə qapının qıfılının dəyişdirildiyini və bağlı olduğunu görmüş, dərhal DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, Nərimanov rayon 16-cı Polis Bölməsində aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Cavabdeh2 onun xəbəri və razılığı olmadan müqavilə əsasında 5 il müddətinə icarəyə götürdüyü kafenin giriş qapısının kilidini sındıraraq çıxarmış və əvəzinə başqa kilid taxaraq açarlarını özü ilə götürmüşdür. Bunun səbəbini cavabdehdən soruşduqda Cavabdeh2 bildirmişdir ki, kafeni başqa adama icarəyə verəcək. Narazılığını bildirərək “aramızda 5 illik müqavilə var, mən bu kafeyə külli miqdarda xərc çəkərək təmir edib, avadanlıqlar alıb, yararlı vəziyyətə gətirmişəm” demiş, Cavabdeh2 cavabında bildirmişdir ki, “get məhkəməyə müraciət et”. Bundan sonra 16-cı Polis Bölməsinin əməkdaşlarının müdaxiləsi nəticəsində 26.05.2020-ci il tarixdə kafenin qapısının açılmasına nail olmuş, işçiləri X4, X3 və X9 birlikdə kafenin içərisinə girmişlər. Bu zaman məlum olmuşdur ki, 27 mart 2020-ci il tarixində kafenin qapısını bağlayarkən içəridə saxladığı 10 000 (on min) manat dəyərində olan spirtli və spirtsiz içkilərin heç biri yoxdur. Ona məxsus içki məhsullarının harda olduğunu Cavabdeh2 soruşduğunda o, xəbəri olmadığını bildirmiş və ondan kafedə olan əşyalarını çıxarmasını tələb etmişdir. İşçilərlə birlikdə həmin gün, yəni 26 may 2020-ci il tarixində kafedə olan 33 adda əşyanı soyuducudan tutmuş qaşığa kimi olan mətbəx avadanlıqlarını, stoldan tutmuş xalçaya kimi olan mebel əşyalarını kafedən çıxarmış, avadanlıqları və əşyaları götürməsi barədə akt tərtib etmiş, aktda 10 000 (on min) manat dəyərində, 10 adda spirtli və spirtsiz içkinin kafedə aşkar edilmədiyini qeyd etmişlər. Cavabdeh2 aktı imzalamaqdan imtina etmişdir. Hesab edir ki, ona məxsus olan və kafedə saxladığı içkilər Cavabdeh2 tərəfindən götürülüb, çünki kafenin qıfılı onun tərəfindən dəyişdirilib. Cavabdehlə bağlanmış müqavilə şərtlərinə görə hələ bundan sonra kafeni 2 il 7 ay istifadə etməli idi, əgər qalan müddətdə də istifadə etsə idi gəlir əldə edəcəkdi. Kafe işləyən zaman hər ay orta hesabla 3000 (üç min) manat gəlir əldə etmiş, kafedə işləyən aşbaz Gülarə Məmmədovaya gündə 40 manat (1 aylıq 1200 manat, 1200 x 31 ay = 37 200 manat), ofisiant Ləyaqət Feyzullayevaya gündə 130 manat (aylıq 900 manat, 900 x 31 ay = 27 900 manat), administrator Seymur Rzayevə gündə 30 manat (aylıq 900 manat, 900 x 31 ay = 27 900 manat) pul ödəmiş, kafenin işləməsinə cavabdehin əsassız maneələr törətməsi nəticəsində onlar da bu gəlirdən məhrum edilmişlər. Bunlardan əlavə, cavabdeh əsassız olaraq işləməyə imkan vermədiyinə görə ayda 3000 (üç min) manat (3000 manat x 2 il 7ay = 93 000 manat) gəlirdən məhrum olmuşdur. Hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 15 yanvar 2018-ci il tarixli icarə müqaviləsinə əsasən 5 il müddətinə icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin təmirinə sərf etdiyi 70 000 (yetmiş min) manat, kafeni istifadə edə bilmədiyinə görə əldən çıxmış fayda kimi 93 000 (doxsan üç min) manat, kafedə olan və cavabdeh tərəfindən mənimsənilmiş 10 000 (on min) manat dəyərində 10 adda spirtli və spirtsiz içkinin dəyəri, mənəvi zərərə görə 10 000 (on min) manat cavabdehlərdən alınıb ona ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi, dövlət rüsumunun məbləğinin iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın ondan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edən iddiaçı, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutları düzgün qiymətləndirmədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadan qanunsuz qərar çıxardığını irəli sürmüşdür. Məhkəmə iclaslarında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) və Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1, habelə onların nümayəndəsi (vəkili) apellyasiya şikayətinin əsassız olduğunu bildirmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmayaraq qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, 15.01.2018-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 283,1 kv.m, köməkçi sahəsi 94 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı 5 il müddətinə icarəyə verilməsinə dair müqavilə bağlanmış, müqavilədə icarə haqqı hər ay üçün 200 manat razılaşdırılmış, sahəni lazımi vəziyyətdə saxlamaq, onun əsaslı və cari təmir işlərini öz hesabına aparmaq və icarəyə verənin qabaqcadan yazılı surətdə verilmiş razılığı olmadan sahəni üçüncü şəxslərə ikinci əldən icarəyə və ya istifadəyə verməmək, əsaslı tikinti, rekonstruksiya, yenidənqurma işlərini aparmamaq icarəyə götürənin (İddiaçı) vəzifələri olaraq göstərilmişdir. İşin iddiaçının özünün bildirdikləri ilə müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, o, həmin qeyri-yaşayış sahəsini iaşə obyekti (kafe) kimi istifadə etməyə (işlətməyə) başlamış, 27.03.2020-ci il tarixdə ölkədə karantin rejimi elan edildikdən və kafelərin işləməsinə qadağa qoyulduqdan sonra fəaliyyətini dayandırmış, 21.05.2020-cü il tarixdə işçiləri ilə birlikdə kafeyə gələndə qapının qıfılının dəyişdirildiyini görmüş, bununla bağlı polisə etdiyi şikayətdən sonra qapının qıfılının qeyri-yaşayış sahəsinin faktiki sahibi olan Cavabdeh2 tərəfindən dəyişdirildiyini öyrənmiş, Cavabdeh2 onun həmin sahədən çıxmasını tələb etdiyindən 26.05.2020-ci il tarixdə özünə məxsus əşyaları obyektdən çıxarmışdır. İddiaçının iddiasına görə, qeyri-yaşayış sahəsinin təmirinə 70 000 manat xərcləmiş, müqavilə müddəti bitmədən oradan çıxarıldığı üçün 93 000 (doxsan üç min) manat qazancdan məhrum olmuş, eyni zamanda mənəvi ziyana məruz qalmış, həmçinin Cavabdeh2 tərəfindən kafedən 10 000 manat dəyərində içki oğurlanmışdır. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?. Bu mənada kollegiyanın qənaətinə görə, İddiaçı iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin icarə (kirayə) müqaviləsi, həmçinin “mülki hüquq pozuntularından irəli gələn öhdəliklər”lə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 680-ci maddəsinə əsasən, kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə isə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbləri üzrə sübutetmə yükü bilavasitə onu irəli sürən şəxsin üzərinə düşür və məhz iddiaçı, iddiasını əsaslandırdığı faktiki halların mövcudluğunu sübuta yetirməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Kollegiya birinci instansiya məhkəməsinin iddiaçının “qeyri-yaşayış sahəsinin təmirinə sərf etdiyi 70 000 (yetmiş min) manatın xeyrinə tutulması” tələbinə verdiyi qiymətlə razılaşaraq qeyd edir ki, İddiaçı iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Belə ki, o, icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin təmirinə 70 000 manat xərclədiyini bildirsə də, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə həmin sahədə aparılan təmir işlərinə təqribən 31 615 manat xərcləndiyi müəyyən olunmuş, Nərimanov rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Birliyinin 35 saylı Mənzil-Kommunal İstismar Sahəsinin arayışında sözügedən qeyri-yaşayış sahəsində 01.01.2018-ci il tarixindən sonra hər-hansı təmir-tikinti, abadlıq işləri aparılmadığı göstərilmiş, cavabdeh tərəfin təqdim etdiyi 04 fevral 2013-cü il tarixli podrat müqaviləsinə görə isə, sahədə təmir işləri cavabdehlərin sifarişi ilə həyata keçirilmişdir. İddiaçının istinad etdiyi şahid ifadələri ilə bağlı qeyd olunmalıdır ki, həmin şahidlər iddiaçı ilə yaxın münasibətdə (qohumu və tabeçiliyində işləmiş işçi) olan şəxslər olmaqla, onların iddianın təmin edilməsində maraqlı olduqları şübhəsizdir və şahidlərin bildirdikləri başqa mötəbər sübutlarla (qeyri-yaşayış sahəsinin əsaslı təmiri ilə bağlı xərc-smeta cədvəlləri, mal-material üçün ödənilmiş vəsaitə dair qəbzlər, mal-materialların alındığı yerdən qaimələr, təmiri həyata keçirən ustalar barədə məlumatlar və s.) öz təsdiqini tapmamışdır - həmçinin qeyd olunmalıdır ki, MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu zaman həm də nəzərə alınmalıdır ki, İddiaçıla Cavabdeh1 arasında bağlanmış icarə müqaviləsində icarə obyektində əsaslı tikinti, rekonstruksiya, yenidənqurma işlərini aparmaq icarəyə verənin qabaqcadan yazılı surətdə verilmiş razılığının olması ilə şərtləndirilmiş, Cavabdeh1 iddiaçıya belə bir razılıq verdiyi isə müəyyən olunmamışdır. İddiaçının “kafeni istifadə edə bilmədiyinə görə əldən çıxmış fayda kimi 93 000 (doxsan üç min) manatın, kafedə olan və cavabdehlər tərəfindən mənimsənilmiş 10 000 (on min) manat dəyərində ərzağın əvəzinin və mənəvi ziyanın ödənilməsi” tələblərinin təmin olunmasına imkan verəcək hər hansı sübut isə ümumiyyətlə təqdim edilməmişdir buna görə də kollegiya sözügedən tələblərlə bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, iddiaçı, Cavabdeh1la bağladığı icarə müqaviləsinin cavabdehin təqsiri üzündən ləğv edildiyini iddiasının faktiki əsası kimi irəli sürməmişdir; bu isə o deməkdir ki, onun əldə çıxmıış faydanın ödənilməsi tələbinin hüquqi əsası mövcud deyildir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlməklə apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-213/2021 saylı iş üzrə 05 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1979/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1979/2022
10.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver