Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-198/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: pəncərə boşluğunun bağlanması X1 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pəncərə boşluğunun bağlanması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)- 5447/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsi, 20 saylı evin, 4 saylı mənzilinə dair İddiaçı (bundan sonra “iddiaçı”) mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin mənzilin qonşuluğunda Cavabdeh (bundan sonra cavabdeh) məxsus iki mərtəbəli fərdi yaşayış evi yerləşir. Həmin fərdi yaşayış evi hüquqi vəziyyətinə görə özbaşına tikintidir. Həmin evin ikinci mərtəbəsində olan otağın pəncərəsi iddiaçının həyətyanı sahəsinə baxır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evin həyətinə açılmış pəncərənin sökülüb daşla hörülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Mənzil onun xüsusi mülkiyyətindədir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən ona çıxarış verilmişdir. Cavabdeh onunla eyni ünvanda qonşuluqda yaşayır. Lakin aralarında olan qonşuluq münasibətlərinə heç bir hörmət göstərməyərək evindən birbaşa onun həyətinə baxan pəncərə açmışdır. Dəfələrlə xahiş və tələb etməsinə baxmayaraq, cavabdeh açmış olduğu pəncərəni bağlamamışdır. Cavabdehin bu hərəkətləri onu və ailə üzvlərini evdə rahat şəkildə gəzmələrini bilavasitə qadağan edir. Bundan başqa, açılan pəncərə vasitəsi ilə onun evinin içində baş verən hər xırda detal belə görünür. Bununla bağlı o, Bakı şəhəri Sabunçu rayon Polis idarəsinə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, 49-2/2-Ş-5249 nömrəli məktubla ona göstərilən xüsusatların mülki xarakterli olduğu bildirilərək aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək, mülki hüquqların müdafiəsi üçün məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilmişdir.
4. Məhkəmə xx.xx.2023-cü il tarixdə mübahisəli ünvanda yerində müayinə keçirmiş və müəyyən etmişdir ki, iddiaçının həyətinə baxan hissəsinə cavabdehə məxsus fərdi yaşayış evindən pəncərə açılmışdır. Cavabdehə məxsus fərdi yaşayış evindən açılmış pəncərə vasitəsilə iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında olan fərdi yaşayış evinin həyəti tam olaraq görünür.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)- 5447/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin həyətinə açılmış pəncərənin sökülüb daşla hörülməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur (hakim X6).
6. Məhkəmə qanunvericiliyin bir sıra müddəalarına istinad edərək qeyd etmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən evinin həyətinə cavabdeh tərəfindən açılmış pəncərənin sökülüb daşla hörülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmalıdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci, 157-ci, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 71-72-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci, 119.1-ci, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi 2008-ci ildən onun və ailə üzvlərinin sahibliyində və istifadəsindədir. Həmin vaxtdan iddiaçı qeyd olunan ünvanda yaşamamış və mövcud olan pəncərədən iddiaçının həyəti görünmür. Əksinə digər qonşuların pəncərəsi birbaşa iddiaçının həyətinə baxır. Lakin, nədənsə iddiaşı qonşuluq münasibətlərinə əməl etməyərək onunla ədavət aparır. Göründüyü kimi, sonradan tikintisi layhələndirilən tikililərdə mövcud tikilinin yerləşmə vəziyyətinin nəzərə alınması əsas şərtlərdən biri kimi göstərilir. Bu isə o deməkdir ki, onun 2008-ci ildə tikdiyi tikilinin mövcud vəziyyəti (iddiaçıya məxsus ev tikilərkən ətrafda hər hansı tikili olmamışdır) yeni tikililər aparılarkən nəzərə alınmalıdır. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi fotoşəkillər və yerli baxış zamanı tərtib edilmiş protokolu əsas götürmüş, cavabdehin təqdim etdiyi sübutlar, həmçinin də xüsusi biliyə malik ekspertin rəyinin alınması mümkünlüyi nəzərə alınmamışdır. Yəni, məhkəmə mövcud və mübahisələndirilən tikililərə vizual baxış keçirməklə bu nəticəyə gəlmiş, lakin, məhkəmə iş materiallarında olan hüquqmüəyyənedici sənədləri və Şəhərsalma və Tikinti Məcəlləsinin qonşuluq münasibətlərinə dair normaları nəzərə alınmamışdır. Bütün bu göstərilənlərdən aydın olur ki, məhkəmə hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual hüquq normaları pozulmuşdur. Hazırki iş üzrə məhkəmə işin hərtərəfli və ədalətli araşdırılması məqsədilə lazımi tədbirlər görməmiş, mübahisə predmetinə baxış keçirməklə iddianın təmin olunması qərara alınmışdır. Məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən mübahisələndirilən obyektlə bağlı qanuniliyinin yoxlanılması üçün müvafiq sənədlərin təqdim edilməsi tərəflərə təklif etməli, zəruri olduğu halda sorğular verməli, qeyd olunan məqsədlə, habelə məhkəmə qərarının icra olunmamasının cavabdehin hüquq və mənafelərinə toxunub-toxunmamasını müəyyən etmək məqsədi ilə iş üzrə prosessual qənaət prinsipini əsas götürməklə iddiaçının tələblərini ətraflı araşdırmalı idi. Qeyd olunanlarla bağlı verilmiş vəsatətə əhəmiyyət verməyərək qanunvericiliyin tələbləri pozulmaqla qərar qəbul edilmişdir. Məhkəmə mübahisənin həlli baxımından mühüm əhəmiyyət kəsb edən sübutların qanunvericiliyə uyğun olub-olmamasına, həmçinin digər sübutlarla yanaşı yuxarıda qeyd edilən maddi və prosessual normalara uyğunluğu üzrə qiymətləndirməli olduğu halda bunu etməmişdir. Məhkəmə iş üzrə xüsusi biliyə malik olan mütəxəssisin cəlb edilməsi və ya ekspertiza təyin olunmasının zəruriliyinə hüquqi qiymət verməmiş, ancaq təqdim olunan fotoşəkillər və vizual baxışın nəticələrini əsas götürmüşdür.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
12. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
13. İştirak etdiyi məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 157.4-cü maddəsinə əsasə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz; 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3.4-ci maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İddia üzrə qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir.
20. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə və işin faktiki hallarına istinadən qeyd edir ki, tərəflər qonşuluq münasibətlərində olmaqla, qarşılıqlı təsirlərin yarandığı torpaq sahələrinin üzərində tikilmiş tikililərin istifadəçiləridir. İddiaçıya məxsus mənzil dövlət reyestrində qeydiyyata alınmış və bu halı təsdiq edən çıxarışa əsasən iddiaçının ümumiyyətlə mülkiyyətində həyətyanı torpaq sahəsi mövcud deyil, bu sahə onun faktiki olaraq istifadə və sahibliyindədir. Cavabdehin istifadə və sahibliyində olan fərdi yaşayış evi isə hüquqi vəziyyətinə görə özbaşına tikintidir. Cavabdehin yaşadığı evin pəncərəsinin iddiaçının istifadəsində olan həyətyanı sahəyə açıldığı işin mübahisəsiz halıdır.
21. Hazırda iddiaçı cavabdehə məxsus və onun həyətinə baxan pəncərə boşluğunun mülkiyyətindən sərbəst istifadəsinə maneə olduğuna (həyətinin görünməsinə) istinad edərək onun cavabdehin öz vəsaiti hesabına bağlanmasını tələb edir. Cavabdeh isə iddiaçının həyətinə baxan pəncərinin iddiaçıya heç bir maneə yaratmadığını, ondan başqa digər qonşuların da iddiaçının həyəti istiqamətində pəncərələrinin mövcud olduğunu, buna baxmayaraq iddiaçının məhz onun pəncərə boşluğunun bağlanmasını tələb etməsinin əsassız olduğunu bildirərək iddianın rədd edilməsini xahiş edir.
22. Lakin cavabdehin iddiaçının həyətinə baxan pəncərə boşluğunun mövcudluğunun iddiaçının şəxsi və ailə həyatına müdaxilə kimi qiymətləndirilməsi, müəyyən narahatlığa səbəb olması, iddiaçının yaşadığı evdən və həyətyanı sahəsindən istədiyi kimi istifadəsinə maneçilik törədilməsi kimi qiymətləndirilməsi və bundan irəli gələrək pəncərə boşluğunun bağlanılması qənaətinə gəlinməsi üçün nəzərə alınmalıdır ki, hər hansı hüququn məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli və mütənasib olmalıdır. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla şəxsin üzərinə fərdi və həddən artıq yükün qoyulması ilə nəticələnməməlidir.
23. Bu baxımdan məhkəmə kollegiyası işin hallarına, tərəflərin izahatlarına, iş materiallarında yer alan videogörüntülərə və fotoşəkillərə istinadən vurğulayır ki, cavabdehə məxsus pəncərə tikilinin 2-ci mərtəbbəsində yerləşir və faktiki olaraq yeni quraşdırılsa da, həmin pəncərənin yerləşdiyi boşluq tikinti inşa edildiyi vaxtdan mövcud olmuşdur. Sadəcə olaraq, ikinci mərtəbə təmirsiz və yaşayış üçün yararsız vəziyyətdə olduğundan xeyli müddət istifadə edilməmişdir. Başqa sözlə, iddiaçı ikinci mərtəbə inşa edildiyi və orada pəncərə boşluğunun qoyulduğu vaxtdan bunu görmüş və bilmiş, eyni zamanda, həmin mərtəbə təmir edilərkən və yaşayış üçün yararlı vəziyyətə gətirilərkən bu boşluqda onun həyətinə baxan pəncərənin quraşdırılacağından xəbərdar olmuşdur (bunu ehtimal etmək üçün xüsusi biliyə və ya dünyagörüşünə malik olmağa ehtiyac yoxdur, sadə insan məntiqi və düşünmə qabiliyyəti bu qənaətə gəlmək üçün kifayətdir). Buna baxmayaraq, iddiaçı həmin vaxt bunun qarşısını alacaq hər hansı tədbir görməmiş, o cümlədən hazırki mövqedən çıxış etməmişdir. Halbuki, kifayət qədər vaxtı olmuşdur. Əksinə öz rəftarı (hərəkətsizliyi ilə) ilə buna etiraz etmədiyini bildirmişdir. Cavabdeh də onun əvvəlki rəftarına qüvənərək, xeyli müddət keçdikdən sonra pəncərə boşluğunun açılmasından sonra növbəti addım olaraq həmin boşluğa pəncərə quraşdırmışdır. Hazırda isə iddiaçı hüquqi nəticə etibarı ilə əvvəlki rəftarına zidd rəftar nümayiş etdirir ki, bu da onun hərəkətlərinin hüquqdan sui istifadə kimi qiymətləndirilməsi üçün əsasdır. Belə bir halın mövcudluğu artıq iddianın rədd edilməsini şərtləndirir.
24. Digər tərəfdən, cavabdehə məxsus pəncərənin iddiaçının həyətyanı sahəsinə düşən hər hansı çıxıntısının olması və ya cavabdehin həmin pəncərədən iddiaçının mənafeyinə zidd və ya hüquqlarını pozan formada istifadəsi də (məs: çirkab sularının axıdılması, zibil tullantılarının atılması və s.) müəyyən edilməmişdir. İddiaçı özü də bu halları təsdiq edən hər hansı sübut məhkəmə təqdim etməmişdir.
25. Bundan başqa, cavabdehə məxsus pəncərənin şüşələri qeyri-şəffaf olmaqla iddiaçının qeyd etdiyi kimi onun həyətini sərbəst və aydın müşahidə etməyə imkan vermir (şüşənin “mat” olması səbəbindən ümumiyyətlə müşahidə imkanı yoxdur), yalnız otağın işıqlandırılması funksiyasını daşıyır.
26. İş materialarında olan videoyazıdan da göründüyü kimi, cavabdehdən başqa iddiaçının həyətinə qonşuluqda yerləşən ən azı iki tikilinin ikinci mərtəbəsinin pəncərəsi baxır. Buna baxmayaraq, iddiaçının həmin əmlakların sahibinə qarşı belə bir mövqedən çıxış etməsi, nəinki onlara qarşı eyni iddianın qaldırılması, ümumiyyətlə onlara pəncərə boşluğunun bağlanması ilə bağlı şifahi qaydada müraciət etməsi müəyyən edilmir, yalnız cavabdehin pəncərə boşluğunun onun hüquqlarını pozduğunu iddia edir.
27. Yuxarıda qeyd edilənlərin yekunu olaraq məhkəmə kollegiyası hesab edir ki, hazırki halda cavabdehə məxsus pəncərənin bağlanması iddiaçının yaşayış otağı kimi istifadə etdiyi sahənin havalandırılmasına və işıqlandırılmasına mənfi təsir göstərəcək. Bu da cavabdehin hüquqlarının həddən artıq məhrumiyyətə məruz qalmasına və beləliklə də iddiaçının hüququnu qorumaq üçün seçdiyi üsulun pozuntunun xarakterinə uyğun gəlməməsinə dəlalət edir. Belə ki, məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Pəncərənin mövcudluğu isə hüquqi nəticə etibarı ilə iddiaçının hər hansı hüququnu pozmur, onun öz əmlakından sərbəst şəkildə istifadə etmək və ona sahiblik etmək imkanlarını hər hansı formada məhdudlaşdırmır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaəti qanuni və əsaslı olmamışdır.
28. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya öz mövqeyində haqlı olmamşdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən cavabdehə aid edilməlidir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-5447/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.