Məhkəmə qərarları › İş №2(103)-1981/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1981/2021

03.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1981/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbrahimli İbrahim Adil oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, İddiaçının hüquqi varisi X4, övladları X7, X3, X5, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı x oğlunun cavabdeh c oğluna qarşı "pulun tutulması" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.03.2020-ci il tarixli, 2(001)- 1109/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Hüseyn oğlundan 40.000 manat məbləğində əsas pulun, ödənişin bütün gecikdirmə dövrü üçün məhkəmə qətnaməsinin çıxarıldığı günə qədər bank uçot dərəcəsini əsas götürməklə 12.000 manat faiz məbləğinin və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 52.030 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Hüseyn oğlunu 2014-cü ildə qohumları Araz və Samir Qədiməliyevlərin vasitəsi ilə tanımışdır. Belə ki, həmin vaxt onun pula ehtiyacı var idi. Araz və Samir, dostları Cavabdeh Hüseyn oğlunun müdirinin ona 20 ay müddətinə faizsiz 10.000 manat pul verə biləcəyini və onun həmin pulu hər ay 500 manat olmaqla hissə-hissə qaytarmağını təklif etmişdilər. Razılaşdıqdan sonra onlar Bakı şəhərində görüşmüşlər. Cavabdeh ondan borc veriləcək pulun müqabilində girov olaraq hansı əmlakın girov qismində qoya biləcəyini soruşmuş, o isə yalnız Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən və xüsusi mülkiyyətində olan 18/33a saylı evin 21 saylı mənzilini girov qoya bildiyini demişdir. Onlar razılaşmışlar və 22.10.2014-cü il tarixdə o, Samir, Araz, cavabdeh və onun sonradan tanıdığı X11 adlı şəxs Sumqayıt Regional “ASAN Xidmət” mərkəzinə gəlmişlər. Orada cavabdeh həmin mənzili 20 ay müddətinə Hafiz adlı şəxsin adına sənədləşdirməyini, notariusa 10.000 manat deyil, 50.000 manat deməyini, Hafiz adlı şəxsin onun adına 50.000 manat məbləğində pul köçürəcəyini, pulu alandan sonra isə 10.000 manat özünə götürüb qalan məbləği Hafızə qaytarmaq üçün ona verməyini bildirmişdir. "ASAN Xidmət" mərkəzində sənədlər hazır olandan sonra Hafiz Rəhimov orada yerləşən “xxxx” ASC-də onun adına 50.000 manat məbləğində pul köçürmüş və o, həmin pulu Bankdan çıxarıb 10.000 manat pulu özünə götürmüş, 40.000 manat pulu isə cavabdehə vermişdir. 28.11.2014-cü il tarixdə cavabdehlə Bakı şəhəri Binəqədi rayonunda görüşmüşlər və o, cavabdehə 500 manat verib cavabdehdən həm 40.000 manat pulu, həm də 500 manat pula görə qəbz tələb etmişdir. Cavabdeh 500 manat pula aid ona bir vərəqdən ibarət ödəniş cədvəli vermiş, 40.000 manat pula aid isə heç nə verməmişdir. Cavabdehə qaytardığı 40.000 manat pula və aylıq ödədiyi 500 manat pula dair ona qəbz və yaxud hər hansı bir yazılı təsdiqedici sübut vermədiyinə görə, onlar arasında mübahisə yaranmış və o, cavabdehə qəbz verməyincə, ona hər ay hissə-hissə qaytarmalı olduğu 500 manat pulu verməyəcəyini bildirmişdir. Beləliklə, 6 ay ərzində o, cavabdehə pul verməmiş və ona xəbər göndərmişdir ki, 10.000 manatı gəlib aparsınlar və onun mənzilini qaytarsınlar. Lakin cavabdeh gəlməmişdir. Təxminən 7-8 aydan sonra Hafiz Rəhimov onun ünvanına gələrək, pulun qaytarılmasını tələb etmiş və bu halda onun mənzilini qaytaracağını bildirmişdir. O, Bankdan 50.000 manat götürsə də, həmin pulun 40.000 manatının ona qaytarılması üçün cavabdehə verdiyini bildirmişdir. Lakin, Hafiz Rəhimov yalnız onu tanıdığını vurğulamışdır. O, dəfələrlə bu barədə cavabdehə danışmış, lakin o, müxtəlif bəhanələr gətirməklə həmin 40.000 manat pulu nə Hafizə, nə də ona qaytarmayaraq mənimsəmişdir. Bundan sonra, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8961/2015 saylı, 13.10.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı X6 ona qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilərək, onun Sumqayıt şəhəri, 3-cü mikrorayon, 18/33a saylı evin, 21 saylı mənzilindən çıxarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1180/2016 saylı, 25.05.2016-cı il tarixli qətnaməsi ilə Sumqayıt şəhər məhkəməsinin 2(060)-8961/2015 saylı, 13.10.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı bu barədə dəfələrlə bildirsə də, cavabdehin barəsində nə xüsusi qərardad çıxarılmış, nə də bu məsələyə ümumiyyətlə hər hansı münasibət bildirilməmişdir. Ona görə də cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2(001)- 1109/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Hüseyn oğlundan 40.000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2(001)- 1109/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işə baxılarkən işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün Araz və Samir Qədiməliyevlərin məhkəmə iclasına çağırılmaları və izahat vermələri onlar tərəfindən tələb olunmuş, məhkəmə həmin şəxslərin məhkəməyə çağırılmalarına görə qərar qəbul etmiş, onlar iddiaçının qohumları olduğundan çağırılmalarını iddiaçıya həvalə etmişdir. Lakin İddiaçı ona sərf etmədiyindən həmin şəxslərin məhkəməyə gətirilməsinə dair qərarı icra etməmiş və bundan yayınmışdır. Həmin şəxslərin məhkəməyə gətirilməsi və izahatlarının dinlənilməsi işin obyektiv həllinə xidmət etməli idi. İşə baxan məhkəmə işin hallarını təhrif edərək, bilərəkdən, işdəki sübutlara qeyri obyektiv, qərəzli yanaşaraq, həmin sübutları iddianın təmin edilməsi üçün kifayət hesab etmişdir. Şahidlərin dindirilməsi üçün cavabdeh tərəfindən vəsatətlər verilmiş, həmin vəsatətlər təmin edilsə də, icrası təmin olunmamışdır. Bundan başqa, cavabdeh tərəfindən sübutlar Binəqədi rayon məhkəməsinə təqdim edilsə də, məhkəmə həmin sübutları qəbul etməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının hüquqi varisi X8 və iddiaçının övladları apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla mübahisəsiz qaydada müəyyən edilmişdir ki, Cavabdeh Hüseyn oğlu İddiaçı qohumları olan Araz və Samir Qədiməliyevlərin tanışıdır və o, iddiaçını bu şəxslər vasitəsi ilə tanımışdır. Belə ki, Hüseynov X10 və Samir Qədiməliyevlərin müraciətinə əsasən 2014-cü ildə pula ehtiyacı olan İddiaçı pul tapmağa köməklik etmişdir. Bu münasibətlər çərçivəsində İddiaçı (bu məsələ ilə bağlı Cavabdeh Hüseyn oğlu tanışı Vüsal adlı şəxsə, o isə öz tanışı X9 müraciət etmişdir) X11 ilə tanış olmuş və nəticədə onların arasında notariat kontorunda 22 oktyabr 2014-cü il tarixdə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı 50.000 manat müqabilində mülkiyyətində olan Sumqayıt şəhəri, 3-cü mikorayon, ev 18/33 a, 21 saylı mənzili X1. Bundan sonra onların arasında mənzillə bağlı məhkəmə mübahisələri olmuş və nəticədə X6 iddiasına əsasən İddiaçı həmin mənzildən istifadə hüququ itirilmiş və o, mənzildən çıxarılmışdır. Bundan sonra digər mülki iş üzrə İddiaçı X9 qarşı aralarında bağlanmış 22 oktyabr 2014-cü il tarixli müqavilənin və onun əsasında X6 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin mülki iş çərçivəsində, habelə hazırki iddia üzrə birinci instansiya məhkəməsində verdiyi izahatda İddiaçı eyni mövqedən çıxış etmiş və həqiqətdə onun 10.000 manat pula ehtiyacı olduğunu, alğı-satqı müqaviləsini də formal olaraq, borca pul əldə etmək məqsədi ilə bağladığını, X11 tərəfindən mənzilin dəyəri olaraq ona ödənilmiş 50.000 manat pulun ona məhz borc olaraq verildiyini və ehtiyacına uyğun olaraq bu məbləğin 10.000 manat hissəsini özünə götürdüyünü, qalan 40.000 manat pulu isə Cavabdeh Hüseyn oğluna qaytardığını və bu məbləğin sonuncu tərəfindən bu günədək ona qaytarılmadığını bildirmiş, həmin məbləğin, habelə gecikdirmə dövrü üçün hesablanmış 12.000 manat pulun cavabdehdən tutulmasını tələb etmişdir. X2 arasında mənzillə bağlı məhkəmə mübahisələri bitdikdən sonra iddiaçı cavabdehin mənzilin satılması zamanı ona məxsus 40.000 manat pulun dələduzluq yolu ilə ələ keçirməsindən Sumqayıt şəhər Polis idarəsinə şikayət etmiş, lakin araşdırmanın nəticələrinə görə polis idarəsi cavabdehin hərəkətlərində cinayət tərkibinin olmadığını müəyyən etdiyindən cinayət işinin başlanmasını rədd etmişdir. Həmin şikayətdə də iddiaçı eyni mövqedən çıxış etmişdir. Cavabdeh öz növbəsində iddianı qəbul etməmiş, iddiaçıdan hər hansı məbləğdə pul almadığını, qeyd edilən 40.000 manat pulun alğı-satqı müqaviləsi bağlandıqdan sonra avtomobildə iddiaçı tərəfindən öz qohumları Araz və Samir Qədiməliyevlərə verildiyini (qabaqda əyləşdiyindən pulun onların hansına verildiyini dəqiq bilmir) qeyd etmişdir. Eyni zamanda, bu məbləğə yaxın məbləğin, yəni 18.000 manat pulun X9 verilməsi üçün tanışı olan Vüsal adlı şəxsə, 22.500 manat pulun İddiaçı verilməsi üçün onun vəkili olmuş Şükür adlı şəxsə, 4.000 manat pulu isə İddiaçı oğluna verilməsi üçün Samir Qədiməliyevə verildiyini qeyd etmişdir. Ümumilikdə bütün bu məbləğlərin Samir Qədiməliyevin xahişi əsasında yoldaşlıq naminə borc olaraq ona verdiyini, lakin borcunu ondan istəsə də, bugünədək ala bilmədiyini bildirmişdir. İddiaçı X9 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair işə Sumqayıt Şəhər Məhkəməsində baxılan zaman şahid qismində ifadəsi alınmış Cavabdeh Hüseyn oğlu 40.000 manat pulun ona verildiyi barədə ifadə vermişdir. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iddiaçı 22 oktyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilmiş 50.000 manat pul vəsaitinin 10.000 manatını özünə götürdüyünü, 40.000 manat pulu isə X9 qaytarması üçün cavabdehə verdiyini iddia etmişdir. Cavabdeh həmin pul vəsaitinin ona verilməməsi əsası ilə iddiaya etiraz etsə də, onun bu barədə bildirdikləri, İddiaçı X9 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair işə Sumqayıt Şəhər Məhkəməsində baxılan zaman özünün verdiyi şahid ifadəsi ilə təkzib edilmişdir. Belə ki, həmin vaxt ifadə verən cavabdeh 40.000 manat pulun ona verildiyini təsdiq etmişdir. Beləliklə, işin həqiqi halları ilə bağlı ilə bağlı məhkəmə kollegiyası bu qənaətə gəlir ki, mərhum İddiaçı, 22 oktyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilmiş 50.000 manat pul vəsaitinin 40.000 manatını X9 qaytarması üçün cavabdehə vermiş, cavabdeh tapşırığı qəbul etsə də, pul vəsaitini aidiyyəti üzrə vermək vəzifəsini icra etməmişdir. Nəticədə iddiaçı əmlakının satışından əldə etdiyi pul vəsaitinin 40.000 manat hissəsi miqdarında zərərə uğramışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mübahisələndirilən hissədə qanuni və əsaslı olmuşdur, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi: Cavabdeh Hüseynov Mübarı̇ z Hüseynqulu oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.03.2020-ci il tarixli, 2(001)-1109/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: İbrahim İbrahimli Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar