Məhkəmə qərarları › İş №2(103)-1983/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1983/2024

13.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1983/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 8 saylı Notariat Ofisinə (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd edilməklə) qarşı iş üzrə (Açar sözlər: icra qeydlərinin ləğvi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3358/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan 03 may 2021-ci il tarixdə bağlanmış kredit müqavilələrindən görünür ki, İddiaçı Maraqlı şəxs 03 may 2022-ci il tarixədək qaytarmaq şərti ilə 5.500 manat və 5.500 manat olmaqla, cəmi 11.000 manat borc məbləği almışdır.

2. 12 sentyabr 2023-cü il tarixli 8İ-7859 və 8İ-7860 reyestr saylı icra qeydlərindən görünür ki, Bakı şəhəri 8 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən tələbkarın müraciətinə əsasən mübahisə edilən icra qeydləri verilmişdir.

3. İcra qeydlərinə əsasən bir kredit müqaviləsi üzrə 4.500 manat pul vəsaiti və ödənilmiş 25 manat dövlət rüsumu, digər kredit müqaviləsi üzrə 5.500 manat pul vəsaiti və ödənilmiş 25 manat dövlət rüsumu İddiaçı Maraqlı şəxs xeyrinə tutulmalıdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Bakı şəhəri 8 saylı Notariat Ofisinə qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd edilməklə) «icra qeydlərinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 8 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən onun barəsində reyestrdə 8İ-7859 və 8İ-7860 nömrələri ilə qeyd edilmiş icra qeydlərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 8 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş, reyestrdə 8İ-7859 və 8İ-7860 nömrələri ilə qeyd edilmiş icra qeydlərinə əsasən ondan Maraqlı şəxs xeyrinə 4.525 manat və 5525 manat pul vəsaitinin tutulması qeyd edilmişdir. Ümumiyyətlə icra qeydinin verilməsi və ya bununla bağlı nə tələbkar, nə də notarius tərəfindən rəsmi şəkildə məlumatlandırılmamışdır. Yaşadığı ünvana bununla bağlı heç bir bildiriş gəlməmişdir. Həmçinin icra qeydi yalnız mübahisəsiz qaydada alınmasına əsas verən sənədlər əsasında verilə bilər. Bununla bağlı bildirmək istəyir ki, icra qeydində göstərilən məbləğ tamamilə yanlışdır. Belə ki, icra qeydinin verilməsinə əsas olmuş borc müqaviləsi üzrə öhdəliklər onun tərəfindən tam icra olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş «Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı»nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasini və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsi ilə borcluya poçt vasitəsi ilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. İcra qeydinin ləğv olunması əsası ona bildirişin göndərilməməsi olsa da, faktiki olaraq verilmiş icra qeydi ilə ondan əlavə vəsait tutulmuşdur ki, bu da onun hüquqlarının kobud şəkildə pozulmasıdır.

6. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icraatında Bakı şəhəri 8 saylı Notariat Kontorunun 8İ-7860 və 8İ-7859 nömrəli icra sənədləri üzrə xx.xx.2023-cü il tarixli icra işlərinin olmasına baxmayaraq borclu İddiaçı həmin icra qeydləri üzrə ona olan borcunu bu vaxtadək ödəməmiş, həmin icra sənədləri üzürsüz səbəbdən icra edilməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, notarius tərəfindən həmin icra qeydləri qanunvericiliyin tələblərinə əməl edilməklə, düzgün verilmişdir. Belə olan halda həmin icra qeydlərinin ləğv edilməsi barədə iddiaçının tələbi əsaslı hesab edilə bilməz.

7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3358/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia rədd edilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76.2 və 76.9-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

14. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93).

«Notariat haqqında» Azərbaycan Respublikası Qanununun

15. Maddə 76.2 icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır.

16. Maddə 76.9 borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) müəyyən edir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3358/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

27. Kollegiya qeyd edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

28. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, təqdim edilmiş sənədlərdən görünür ki, icra qeydi verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, icra qeydi tələbkar və borclu arasında bağlanmış müqavilə üzrə verilmiş, icra qeydi verilməmişdən öncə borcluya müvafiq bildiriş göndərilmişdir.

29. İşin faktiki hallarından göründüyü kimi, borcun ödənilməsi ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur və notariusa təqdim olunmuşdur.

30. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia əsassızdır və təmin edilə bilməz.

31. Kollegiya həmçinin qeyd edir ki, borcun tutulması ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur və notariusa təqdim olunmuşdur.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3358/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar