Məhkəmə qərarları › İş №2(103)-1984/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1984/2021

01.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1984/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "Cavabdeh” MMC-yə qarşı "vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” ilkin, iddiaçı "Cavabdeh” MMCnin cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı "maddi zərərin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2100/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Şirkətinə qarşı "vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçıların xeyrinə vurulmuş maddi ziyana görə 5000 ABŞ dolları, mənəvi ziyana görə 50000 ABŞ dolları məbləğində pulun ödənilən anda məzənnəsinə uyğun olaraq manatla və ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. "Cavabdeh” MMC cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı "maddi zərərin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə qaytarılmış 2000 ABŞ dolları pul vəsaitinin ödəniləcək günün manat məzənnəsinə uyğun olaraq, əldən çıxmış fayda qismində 680 manat pul vəsaitinin, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2100/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "Cavabdeh” MMC-yə qarşı "vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” ilkin iddia tələbi təmin edilməmiş, ilkin iddia tələbi təmin edilmədiyinə görə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılara aid edilmiş, iddiaçı "Cavabdeh” MMC-nin cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı "maddi zərərin ödənilməsi tələbinə dair” iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilmədiyinə görə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1- 21.3-cü, 846, 863, 864, 1096.1-1096.2-ci maddələrinə; "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 07 saylı Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 88, 124, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, ilkin iddia üzrə iddiaçılar ilkin iddia üzrə cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlara maddi və mənəvi ziyanın vurulmasını, qarşılıqlı iddia üzrə iddiaçı isə qarşılıqlı iddia üzrə cavabdehlərə 2000 ABŞ dollarının əsassız olaraq qaytarılmasını, cavabdehlərin hərəkətləri nəticəsində ona 680 manat maddi ziyanın dəyməsini iddia etsələr də, həmin halları yetərincə əsaslandırmamış, məhkəməyə bu barədə heç bir mötəbər sübut təqdim edə bilməmişdirlərdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində MPM-in 217, 357, 372, 385, 386-cı maddələrinə istinadən qeyd edilmişdir ki, şirkət tərəfindən müştərilərə təqdim edilən tur paketi aviabilet, transfer, oteldə yerləşmə və digər xidmətləri (səyahət proqramı və s.) özündə birləşdirir. Lakin iddiaçılar ərizədə yalnız aviabilet və otel məsrəflərini ödədiklərini qeyd etmiş, bununla da şirkət tərəfindən turun təşkil edilməməsi sübut olunmuşdur. Eyni zamanda şirkət tərəfindən 2000 ABŞ dolları məbləğində pul vəsaiti müştəri məmnunluğunu təmin etmək və gələcəkdə məhkəmə mübahisələri ilə üzləşməmək məqsədilə iddiaçılara geri ödənilmişdir. Lakin iddiaçılara tərəfindən şifahi razılaşmanın tələbləri pozulduğundan şirkət tərəfindən ödənilmiş pul vəsaiti onun tərəfindən geri tələb olunur. Məhkəmə tərəfindən işə baxarkən qarşılıqlı iddia ərizənin təmin olunmamasını səbəbi əsaslandırılmayıb. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdeh "Cavabdeh” MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası MM-in 21, 324, 846, 863, 1096, 1097.1, 1128-1132; MPMin 4.1, 14.2, 76.1, 77.1, 80, 82.1, 89.3, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, iddiaçının razılaşaraq qətnaməni mübahisələndirmədiyini nəzərə alaraq ilk iddiaya aid hissədə müzakirələrin aparılmasını mülki icraatın prosedur tələblərinə uyğun hesab etmir. Şikayətin dəlilləri isə şübhələrdən kənar təkzibedilməz sübutlarla təsdiq edilmir, tərəflər arasında müqavilə və ya digər öhdəlik əsasları müəyyən edilmir, şikayət verən - qarşılıqlı iddia üzrə iddiaçı qarşı tərəflə mülki münasibətlər müstəvisində qaytardığı pulun geri tələb edilməsinin şübhələrdən kənar (dayanıqlı) hüquqi əsaslarını iddia və şikayətində təsbit (təfsir) etməmişdir. Ümumiyyətlə, şirkət adından (hesabından) pulun qaytarılması sübut edilməsə də, ilk iddia üzrə iddiaçı şikayət vermədiyindən (mövcud olmayan) mübahisənin bu hissədə araşdırılması yolverilməzdir. Belə ki, iddiaçı bilet pulunun qaytarılmasını qeyd etsə də, cavabdeh məhz öz hesabından bu pul vəsaitinin ödənilməsini öz iddiası (baxımından) sübut etməmişdir ki, sonrakı məsələlər də subyektiv hüquq müstəvisində müzakirə edilsin. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan apellyasiya şikayəti verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu ödəyən şəxsə aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372-376, 378-382, 384, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2100/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar