Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1988/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil2, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına qarşı maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli 2(008)-479/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 14496 manat məbləğində maddi ziyan, 100000 manat məbləğində mənəvi ziyanın əvəzinin və 30 manat dövlət rüsumunun tutularaq, iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 28 iyun 2019-cu il tarixində Bakı şəhəri 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına xolesestektoniya əməliyyatı üçün müraciət etmişdir. Əməliyyat öncəsi iddiaçı və valideynləri israrla təkid etmişlər ki, onu xəstəxananın intensiv terapiya şöbəsinin müdiri Cavabdeh1 intubasiya etməsin. Belə ki, o, 01 fevral 2007-ci il tarixindən Bakı şəhəri BŞX-da çalışır və cavabdehin necə məsuliyyətsiz, işində qeyri-peşəkar olduğunu və qeyri-steril işlədiyini bilir. Bütün bu təkidlərə baxmayaraq və keçdiyi müayinələrdən xəbəri olmadan cavabdeh ondan icazəsiz iddiaçını əməliyyata götürmüşdür. Əməliyyat başlamamış cərrah Əziz Mərdiyev vəziyyətinin yaxşı olmadığını görüb anestezioloq Cavabdeh1 onu ayıltmasını istəmiş və əməliyyatdan imtina etmişdir. Lakin anestezioloq Cavabdeh1 təkidlə özü cavabdeh olduğunu bildirərək əməliyyatı başlatmışdır. Əməliyyat zamanı qan təzyiqi və oksigen göstəriciləri düşmüş, nəbz göstəriciləri qalxmış, lakin bütün bunlara baxmayaraq Cavabdeh1 əməliyyatın gedişatında onu başqa anestezioloqa, Nadir Bilalova tapşıraraq çıxıb getmişdir. Əməliyyat anestioloji cəhətdən çətinliklə sonlandırılmışdır. İddiaçı onu kimin ekstubasiya etdiyini və cərrahiyə əməliyyatından sonra nələrin baş verdiyini xatırlamır. Valideynlərinin dediyinə görə Cavabdeh1 onu 2 saat intensiv terapiya şöbəsində saxlayaraq, boğulmağına məhəl qoymadan onu cərrahiyə şöbəsinə köçürmüşdür. Cərrahiyyə şöbəsində səhər saat 05 radələrində vəziyyəti ağır olduğundan növbətçi reanimatoloq və Cavabdeh1 çağırılmış, hər ikisi sidik vermədiyini, bədənin kəskin şişdiyini, boğulmaların artdığını, oksigen göstəricilərinin aşağı düşdüyünü görmüşdür. Lakin Cavabdeh1 yenə də məsuliyyətsizlik və qeyri-peşəkarlıq nümayiş etdirərək hər şeyin yaxşı olduğunu qışqıraraq onu xəstəxanada saxlamışdır. Valideynlərinin israrından sonra Cavabdeh1 yenə də öz mənafeyini güdərək özəl tibb müəssisəsi olan “Medistyle Hospital”dan təcili tibbi yardım çağırmış, təcili tibbi yardımın həkimi xəstənin vəziyyətinin ağır olduğunu, intubasiya edilməsini bildirmiş və bundan sonra xəstəxanadan çıxarılması ilə bağlı israr etmişsə də, Cavabdeh1 onu xəstəxanadan uzaqlaşdırmaq üçün tələsik liftə yerləşdirmiş, lift 1-ci mərtəbəyə düşmək əvəzinə 4-5-ci mərtəbələr arasında qalxıb düşmüş və o boğula-boğula liftdə qalmışdır. Təcili yardım onu “Akademik M.A.Topçubaşov adına X4”nə aparmışdır. Burada onu təqribən 1,5 saat saxladıqdan sonra lazımi müayinələri olmadığından valideynlərinə məlumat verilmişdir ki, bəzi müayinələr üçün başqa klinikaya müraciət etdikdən sonra geri qayıtsın. Lakin vəziyyəti ağır olduğundan valideynləri bununla razılaşmamış və onu özəl tibb müəssisəsi olan “X6”nın təcili tibbi yardımı maşını ilə həmin xəstəxanaya yerləşdirmişlər. Həmin xəstəxanada vəziyyəti stabilləşmiş və cavabdehlərin səhvi nəticəsində baş verə biləcək ölümünün qarşısı alınmışdır. “X6”da səhhətinin normallaşması üçün 15000 manata yaxın pul xərclənmişdir. Xəstəxana və Cavabdeh1 ona dəymiş maddi ziyanın əvəzinin ödənilməsini tələb etsə də, məsuliyyəti üstlərindən ataraq onu dinləmək istəməmişlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli 2(008)-479/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi obyektiv çıxarılmamış, maddi və prosessual hüquq normaları ilə əsaslandırılmamışdır. Məhkəmə iddianı rədd edərkən mühüm əhəmiyyəti olan faktiki halları araşdırmamış, mübahisəni tənzimləyən qanunvericiliyin tələblərinə əməl etməmiş və nəticədə, əsassız, qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Cavabdeh1 nümayəndəsi isə şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli 2(008)-479/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 09 iyul 2019-cu il tarixli 1560/19 saylı Epikrizdən görünür ki, İddiaçı “sepsis: septik şok; kəskin respirator distress sindromu” diaqnozu ilə “X6”ya qəbul edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən “X6”ya 29 iyun 2019cu il tarixində 3150 manat, 03 iyul 2019-cu il tarixində 2000 manat, 04 iyul 2019-cu il tarixində 2000 manat, 05 iyul 2019-cu il tarixində 2000 manat, 06 iyul 2019-cu il tarixində 1700 manat, 08 iyul 2019-cu il tarixində 2310 manat, 09 iyul 2019-cu il tarixində 1336 manat, cəmi 14496 manat pul ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik Hüquqi şəxs tərəfindən verilmiş 10 fevral 2020-ci il tarixli 539/KEŞ saylı ekspert rəyindən görünür ki, 1986-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, məhkəmə-tibbi müayinəsinə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qoyulmuş suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı hal-hazırda onda hər hansı bir xəstəliyin obyektiv əlamətləri müşahidə edilməmişdir. Bakı şəhəri 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə əsasən ona “kəskin kalkulyoz xolesistit” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmiş və diaqnoza uyğun olaraq onun üzərində “xolesistektomiya” cərrahiyyə əməliyyatı icra olunmasına zərurət olmuşdur. İddiaçı üzərində 28 iyun 2019-cu il tarixdə saat 11:20-də ümumi anesteziya altında “xolesistektomiya” cərrahiyyə əməliyyatı icra olunmuş və əməliyyat fəsadsız keçmişdir. 29 iyun 2019-cu il tarixdə saat 06:20-də (əməliyyatdan 15 saat sonra) xəstənin vəziyyəti qəflətən ağırlaşmış, huşu pozulmuş, dəri örtüyü soyuq tərlə örtülmüş, rəngi avazımış, A/T- 80/60 mm.cv.st. və nəbzi dəqiqədə 150 vurğu olmuşdur. Növbətçi həkim reanimatoloq tərəfindən müalicəni davam etdirmək üçün xəstə təcili olaraq reanimasiya və intensiv terapiya şöbəsinə köçürülmüşdür. 29 iyun 2019-cu il tarixində saat 10-da baş həkimin iştirakı ilə konsilium keçirilmiş və xəstəyə “Xolesistektomiyadan sonrakı vəziyyət, ağciyər arteriyasının tromboemboliyası” diaqnozu təyin edilmişdir. 29 iyun 2019-cu il tarixində saat 10:30-da xəstə təcili yardımla X2 döş qəfəsi və qarın boşluğu üzvlərinin kompyuter tomoqrafiya müayinəsinə göndərilmiş, müayinələrdən sonra isə xəstə ailə üzvləri tərəfindən “X6”ya aparılmışdır. İddiaçı üzərində aparılmış “Xolesistektomiya” cərrahiyyə əməliyyatı texniki cəhətdən düzgün icra edilmişdir. Cərrahiyyə əməliyyatından sonra yaranmış patologiyanın, yəni ağciyət arteriyasının tromboemboliyasının onun üzərində icra olunmuş əməliyyatla səbəbli əlaqəsi olmamışdır. Bakı şəhəri 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında İddiaçı aparılmış müayinə və müalicələr səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. Azərbaycan Republikası Mülki Məcəllənin 21.1-21.3-cü maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alındıqda isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətlərinin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, İddiaçı cavabdehlərin hüquqazidd hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan vurulmasını sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli 2(008)-479/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1988/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1988/2021
23.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver