Məhkəmə qərarları › İş №2(103)-1988/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1988/2024

27.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1988/2024 27.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: təhqiqat, istintaq və ya məhkəmə orqanının səhvi, qanunsuz məhkum olunma ilə bağlı vurulmuş ziyanın ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı 31 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan olunaraq barəsində həbs qətimkan tədbiri seçilmişdir.

2. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliyi sübuta yetirilmədiyinə görə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrilə bəraət verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və məhkəmə iclas zalından dərhal azad edilməsi hökm edilmiş, həmin hökmdən Dövlət ittihamçısı tərəfindən verilmiş protest Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə təmin olunmamışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılmışdır.

5. “Volvo” markalı, FH12 modelli, qoşqu hissəsi “Mammut” markalı, CHS 5/22 modelli 27A455-10/27A456-10 dövlət qeydiyyat nişanlı yük avtomobili İddiaçı mülkiyyətindədir.

6. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli bildirişində göstərilmişdir ki, “TRACTOR” markalı 27A45510 dövlət qeydiyyat nişanlı və “Mahmmut CHS5/22” markalı 27A45610 dövlət qeydiyyat nişanlı yük maşınlarının İran İslam Respublikasına buraxılışı üçün İddiaçı 4250 ABŞ dolları yol vergisi (avtomobillərin ölkədə qalma müddətinə görə) alınmışdır.

7. 2 saylı vəkil bürosu ilə bağlanılmış 1027 saylı xx.xx.2020-ci il tarixli, 322 saylı xx.xx.2021-ci il tarixli, 899 saylı xx.xx.2021-ci il tarixli, 388 saylı xx.xx.2022-ci il tarixli və 479 saylı xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, İddiaçı hüquqi yardım göstərilməsi üçün ümumilikdə 1050 manat ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. İddiaçı (iddiaçı) Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, maddi ziyana görə 55 875 (əlli beş min səkkiz yüz yetmiş beş) manat, mənəvi ziyana görə 80 000 (səksən min) manat olmaqla cəmi 135 875 (yüz otuz beş min səkkiz yüz yetmiş beş) manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli hökmü ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona bəraət verilmiş, hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, həmin qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2022-ci il tarixli qərarı ilə kassasiya protesti təmin olunmayaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 31 avqust 2020-ci ildə şübhəli şəxs qismində tutularaq 02 sentyabr 2020-ci ildə barəsində həbs qətimkan tədbiri seçildikdən sonra 12 iyul 2021-ci ildə bəraət alaraq həbsdən azad edilənə kimi 10 ay 12 gün müddətində azadlıq hüququ məhdudlaşdırılmış, həbsdə saxlanılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli hökmü ilə bəraət verilib azadlığa çıxmasına baxmayaraq, həmin hökmdən verilmiş apellyasiya və kassasiya proteslərtinə baxılanadək keçən müddət ərzində də gərginlik və qorxu içərisində olmuş, mənəvi sarsıntılar keçirmiş, istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona bərpaolunmaz maddi və mənəvi ziyan vurulmuşdur.

10. Birinci instansiya məhkəməsinin 23 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 11 000 (on bir min) manatın, maddi ziyanın əvəzi olaraq 4250 ABŞ dollarının (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla), vəkilə ödənilmiş xərcin əvəzi olaraq 1050 manatın İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 11 (on bir) ay müddətində həbsdə qanunsuz olaraq saxlanılmışdır, odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. İddiaçının əsassız olaraq cinayət təqibinə məruz qalması və cinayət cəzasına məhkum edilməsi nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 11 000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir.

12. Maddi ziyanın ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı tərxis olunduqdan sonra hüquqlarının müdafiəsi üçün ümumilikdə 1050 manat hüquqi yardım üçün ödəmiş, eyni zamanda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə yük maşınlarının İran İslam Respublikasına buraxılışı üçün 4250 ABŞ dolları yol vergisi ödəyərək maddi ziyana düşmüşdür.

13. Gəldiyi nəticənin hüquqi əsaslandırması üçün məhkəmə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” 29 dekabr 1998-ci il tarixli Qanunun 4-cü, 5-ci, 6-cı, 7-ci və 12-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı, 1100-cü, 1101.1-ci, 1101.2-ci, Cinayət Prosessual Məcəlləsinin 57.1-ci və 58-ci maddələrinə, Avropa Məhkəməsinin qərarlarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına istinad etmişdir.

14. Qətnamədən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin, iddiaçının heç bir sübut təqdim etmədiyini nəzərə almadığı, ümumi ifadələrə əsaslanaraq ona mənəvi və maddi ziyanın ödənilməli olması nəticəsinə gəldiyi, ziyanın məbləğini müəyyənləşdirərkən Cinayət Prosessual Məcəllənin 190-cı maddəsinin tələbinə əhəmiyyət vermədiyi, iddiaçının xeyrinə ödənilməsinə qərar verdiyi məbləğin Dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirkar vəzifəli şəxsi müəyyən etmədiyi, qanunsuz məhkum edilən şəxslərə kompensasiya ödənişi ilə bağlı məhz Maliyyə Nazirliyinin məsuliyyət daşımalı olduğunun heç bir qanunvericilik aktında göstərilmədiyi arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə etiraz

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apelyasiya baxışı, izahat

16. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nümayəndəsini məhkəməyə göndərməmiş, iddiaçının nümayəndəsi (vəkili) isə iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir.

17. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsi də nümayəndəsini məhkəməyə göndərməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

18. Maddə 28. Hər kəsin azadlıq hüququ vardır.

19. Maddə 68.2. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

23. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

24. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanun

25. Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində islah işləri, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.

26. Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır.

27. Maddə 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

28. Maddə 12. Bu Qanunun 5-ci maddəsinin 1-ci, 2-ci və 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin çıxarılmış qərarla razılaşmadığı hallarda, o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin qərardan yuxarı məhkəməyə şikayət verə bilər. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur.

Azərbaycan Respublikasının Vergi Məcəlləsi

29. Maddə 209. Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir.

30. Maddə 210. Azərbaycan Respublikasının ərazisinə daxil olan, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı olan xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qaz yol vergisinin vergitutma obyektidir.

31. Maddə 211.1. Avtonəqliyyat vasitələrinin növündən, mühərriklərinin həcmindən, Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən, oturacaqlarının sayından, oxlarının sayından və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisindən, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən asılı olaraq Azərbaycan Respublikasının ərazisinə daxil olan, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən və Azərbaycan Respublikasının ərazisini tərk edən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrindən, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi aşağıdakı dərəcələrlə hesablanır: 211.1.1. Azərbaycan Respublikasının ərazisinə daxil olan, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən və bu Məcəllənin 211.1.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda xarici dövlətlərdə qeydiyyatda olan avtonəqiyyat vasitələrindən: 211.1.1.3. yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri üçün oxların sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq: 1 ildən yuxarı 2800 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 30 ABŞ dolları.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

37. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

40. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

41. Kollegiya, birinci instansiya məhkəməsinin iddiaçıya mənəvi ziyan dəydiyi və bu ziyanın əvəzinin ödənilməli olması barədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır.

42. Belə ki, qanunsuz məhkum edilməsi nəticəsində iddiaçı, fəal ictimai həyat tərzindən məhrum olmuş, işgüzar nüfuzuna xələl gəlmiş, azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına zərər dəymişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.

44. İşin hallarından aydın olur ki, iddiaçı 10 ay 12 gün həbsdə saxlanılmış, daha sonra ona məhkəmə tərəfindən bəraət verilmişdir.

45. Kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərəri 11 000 manat həcmində müəyyənləşdirərkən birinci instansiya məhkəməsi haqlı olmuşdur və bununla bağlı apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir. Çünkü həmin məbləğ iddiaçının mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər.

46. Kollegiya birinci instansiya məhkəməsinin iddiaçının maddi ziyan tələbi üzrə gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, onun avtomobili 2020-ci ilin sentyabr ayından xx.xx.2021-ci il tarixinə qədər barəsində başlanılan cinayət işi ilə əlaqədar Azərbaycan Respublikasında saxlanılmış və o, yük avtomobilinin mülkiyyətçisi (sahibi) olaraq avtomobilinin Azərbaycan Respublikasında qalma müddətinə görə 4250 ABŞ dolları yol vergisini ödəmək məcburiyyətində qalmışdır.

47. Həmçinin yuxarıda qeyd olunduğu kimi, cinayət işinin icraatı zamanı iddiaçıya hüquqi yardım göstərilməsi üçün vəkil bürosuna ümumilikdə 1050 manat ödənilmişdir - prosessual qanunvericilik isə vəkilin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini təsbit edir.

48. “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilələrdən dördü bilavasitə iddiaçının özü tərəfindən imzalanmasa da, hər bir halda onun mənafeyi üçün bağlanmışdır və bu səbəblə kollegiya hesab edir ki, müvafiq müqavilələr üzrə pul vəsaitlərinin iddiaçı tərəfindən ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin məbləğlər iddiaçının xeyrinə tutulmalıdır.

49. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, Maliyyə Nazirliyinin apellyasiya şikayətinin digər dəlilləri üzrə əsaslandırma aparılmasına zərurət görmür və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı dəlillər nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər.

50. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün (mübahisələndirilən hissədə) əsas deyildir.

51. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-754/2024 saylı iş üzrə 23 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar