Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-199/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar X3, İddiaçı3, İddiaçı1 və İddiaçı4 Cavabdeh qarşı evin naturada bölünməsi yaxud açıq hərracdan satılaraq satış pulunun bölünməsi barədə tələbinə dair mülki iş üzrə (açar sözlər: əmlakın açıq hərracdan satılaraq satış pulunun bölünməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X8 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçılar X3, İddiaçı3 və İddiaçı4, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə iddiaçılar X5, İddiaçı3, İddiaçı1 və İddiaçı4 Cavabdeh qarşı evin naturada bölünməsi yaxud açıq hərracdan satılaraq satış pulunun bölünməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(010)- 1638/2021 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində 10/14 hissədə Cavabdeh, 1/14 hissədə İddiaçı3, 1/14 hissədə X1, 1/14 hissədə İddiaçı1 və 1/14 hissədə İddiaçı4 mülkiyyət hüququ qeydə alınmışdır.
2. "xxxx" MMC tərəfindən verilmiş 30 iyun 2021-ci il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin 30 iyun 2021-ci il tarixə olan bazar dəyəri 85000 manat, likvid dəyəri 68000 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar X5, İddiaçı3, İddiaçı1 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən paylı mülkiyyət hüququ ilə onlara və cavabdehə məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 219,80 m2 olan fərdi yaşayış evinin naturada bölünməsi, naturada bölünmə mümkün olmadıqda fərdi yaşayış evinin açıq hərracdan satılaraq, əldə edilmiş gəlirin iddiaçılar və cavabdehlər arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 219.80 m2 olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə iddiaçılar X6 (1/14 hissə), İddiaçı3 (1/14 hissə), İddiaçı1 (1/14 hissə), İddiaçı4 (1/14 hissə) və Cavabdeh (10/14 hissə) məxsusdur. Fərdi yaşayış evi mərhum ataları X7 miras qalmışdır. Mənzilə dair ƏMDK yanında DƏDRX tərəfindən elektron çıxarış verilmişdir. Cavabdeh onların həmin mənzildə yaşamaqlarına maneələr törədir. Buna görə də onlar cavabdehlə paylı mülkiyyətlərində olan yaşayış sahəsini sataraq özlərinə yaşayış evi almaq istəyirlər. Həmin paylı mülkiyyət naturada ayrılmadığı üçün fərdi yaşayış evinin satılması mümkün deyil. Hazırda həmin fərdi yaşayış evinin naturada bölünməsi, bölünə bilmədiyi halda daşınmaz əmlakın açıq hərracdan satılmasına və daşınmaz əmlakın hərracda satışından əldə edilmiş pulun tərəflər arasında bərabər bölünməsinə nail olmaq istəyirlər.
5. Birinci instansiya məhkəməsində İddiaçı4 bildirmişdir ki, evin paylı mülkiyyətçiləri olmalarına baxmayaraq, cavabdeh onları evə daxil olmağa qoymur. Halbuki, ev böyükdür və təxminən 240 m2 sahəsi var. Onlara düşən sahənin ölçüsü isə təxminən 65 m2-ə yaxındır. Bu sahəni ayrıca giriş-çıxış qoyub ayırmaq, yəni evi naturada bölmək mümkündür. Cavabdeh tərəfindən onların payları qarşılığında heç bir kompensasiya təklif edilməmişdir. Ümumiyyətlə, cavabdeh onlarla heç bir ünsiyyət qurmur, onların evə daxil olmasına belə icazə vermir. Bu səbəbdən hesab edir ki, evin naturada bölünməsi mümkün olmadığı halda ev hərracdan satılmalı və satışdan əldə edilən pulun iddiaçılar arasında bərabər bölünməsi təmin edilməlidir.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(010)- 1638/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıların paylarının ayrılmasının nə naturada, nə də pul kompensasiyası verilməsi yolu ilə təmin edilməsi mümkün olmadığı halda paylı mülkiyyətdə olan fərdi yaşayış evinin hərracdan satılmasından başqa yol qalmamışdır. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçılar bu əmlakın hərracdan satılmasını və satış pulunun bölünməsini tələb etməkdə haqlı olmuşdur.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1, 220.3, 220.4, 220.6, 221-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir.
10. Şikayətin dəlillərinə görə, məhkəmə iclası barədə heç bir məlumatı olmamışdır. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən bildiriş gəldiyi zaman məhkəmə barədə məlumatı olmuşdur. Həmçinin, hakim iştiraklarını təmin etməyərək, məhkəmə çəkişməsi və bərabərlik prinsipini açıq aydın pozmuşdur. İş materiallarına əsasən, işin faktiki hallarından göründüyü kimi, qətnamədə qeyd edilmişdir ki, "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 219,80 kv/m olan fərdi yaşayış evinin qiymətləndirilməsi həyata keçirilmişdir. Belə ki, həmin qiymətləndirmənin nə vaxt, hansı şəraitdə keçirilməsindən məlumatları olmamışdır. Digər tərəfdən guya ki, qətnamədə qeyd edilənlərə əsasən məhkəmə mübahisə predmeti olan yaşayış sahəsinin qiymətləndirilməsi üçün ekspertiza təyin edilmişdir. Lakin ekspert tərəfindən ekspertizanın keçirilməsi tərəflərin ekspertizanın keçirilməsində iştirak etməməsi səbəbi ilə imtina edilmişdir. Daha sonra məhkəmə tərəfindən fərdi yaşayış sahəsinin naturadan bölünməsi məsələsinin mümkünlüyü ilə bağlı yenidən ekspertiza təyin edilmiş lakin yenidən tədqiqat obyektinə baxışın mümkün olmaması əsası ilə ekspert rəyinin verilməsindən imtina edilmişdir. Cavabdehin nə məhkəmə prosesindən nə də ki, ekspertizanın keçirilməsindən xəbəri olmamış, fərdi yaşayış evinə baxışın keçirilməsi ilə bağlı məlumat verilməmiş, həmçinində cavabdehin yaşadığı ünvana heç kim gəlməmişdir. Cavabdeh tərəfindən ekspertizanın keçirilməsinə heç bir maneə törədilməmişdir. Beləliklə, iş materiallarından görünür ki, məhkəmə naturada bölgü və kompensasiya müddəalarının tətbiqini lazımınca müzakirə etməyib və buna dair cavabdehin arqumentlərini qiymətləndirməyib. Həmçinin məhkəmə qətnaməsində naturada bölgü müddəasına və kompensasiya müddəasının niyə tətbiqinin mümkün olmamasına əsasız və mötəbər olmayan hallara əsaslanaraq münasibət bildirmişdir. Müvafiq hüquq normalarının aşkar mənasına görə hərrac müddəasının, yəni ümumiəmlakın açıq hərrac vasitəsilə satılması və satış pulunun mülkiyyətçilər arasında paylara müvafiq bölünməsi üçün vacib şərt naturada bölgü və kompensasiya müddəalarının yoxlanılmasıdır. Əgər naturada bölgü və kompensasiya müddəalarının uğurlu tətbiqi mümkün olmazsa, bu halda hərrac müddəası tətbiq edilə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə naturada bölgü və kompensasiya müddəalarına istisna edilmiyib. Lakin, naturada bölgü və kompensasiya müddəasının tətbiqinin mümkünsüzlüyü iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehin məhkəmə iclasında iştirak etməməməsi, həmçinin əsasız olaraq guya ekspertiza baş tutmadığından naturada bölgü və kompensasiya müddəaları tətbiq edilməmişdir. Göründüyü kimi, paylı mülkiyyətçi öz payına düşən əşyaya, digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Əgər bu tələb varsa və digər mülkiyyətçilər bu tələbi təmin etməyiblərsə, bu zaman hərracda satıla bilər. Lakin bu tələb yoxdursa və bu prosedur mərhələyə əməl edilməmişdirsə, mənzilin hərracda satılması sözügedən maddələrin pozulması hesab olunur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, Cavabdeh iddiaçılara məxsus payın əvəzində kompensasiya vermək üçün maddi imkanı yoxdur, buna görə də evi özü sataraq onlara düşən payı ödəyəcəkdir.
13. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında izahatında göstərdi ki, iddiaçılara məxsus payın əvəzində kompensasiya vermək üçün maddi imkanı yoxdur, həmçinin, ona məxsus payın dəyərinin də iddiaçılar tərəfindən ona ödənilməsinə etiraz edir.
14. İddiaçı4 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək izahatında göstərdi ki, həmin evdə tərəflərin birgə yaşaması mümkün deyildir. Ekspert rəyinə əsasən evin naturada bölünməsini mümkün olmaması özə təsdiqini tapır. O, və digər iddiaçılar iş matneriallarında olan qiymətləndirmə rəylərinə və ya aralarında razılıq əldə olunduğu təqdirdə həmin razılaşdırılmış qiymətə əsasən özlərinə məxsus payın əvəzinin cavabdeh tərəfindən ödənilməsini təklif edirlər, lakin Cavabdeh maddi imkanını olmadığından bununla razılaşmır. Bundan başqa onlar Cavabdeh özünə də payın əvəzində kompensasiya verilməsini təklif edirlər, lakin cavabdeh onların bu təklifi ilə də razılaşmır. Buna görə də əmlak açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaiti paylara uyğun olaraq bölünməlidir.
15. Digər iddiaçılar X5, İddiaçı3 və İddiaçı1 İddiaçı4 izahatında göstərilən xüsusatları təsdiq etdiklərini bildirərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdilər.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 avqust 2023-cü il tarixli, 10/2110 nömrəli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin paylar üzrə naturada bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.01.89*un 1.1, 2.2, 2.4-cü bəndlərində və Məhkəmə Tikinti-X2 Metodlarında qeyd olunanlara əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; Maddə 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır; Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər; Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər; Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir; Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər; Maddə 221.Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər;
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarı: “Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.”
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun; Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.2. işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətləri ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətlərin dəlilləri üzrə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.
23. Belə ki, işdən müəyyən olunur ki, iddia ərizəsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş, işə məhkəmə hazırlıq iclasında baxılması 12 mart 2021-ci il tarixə təyin edilmişdir. Cavabdeh nə məhkəmə hazırlıq iclasının, nə də sonrakı iclasların vaxtı və yeri barədə məlumatlandırılması barədə iş materiallarında hər hansı bir sənəd mövcud deyil.
24. Cavabdehin apellyasiya şikayətinin birinci dəlili də bu barədədir və işin bu halı öz təsdiqini tapdığından, bu dəlil əsaslı olmaqla məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş cavabdehin iştirakı olmadan işə məhkəmənin mübahisələndirilən qətnaməsinin ləğv edilməsinə əsas verir.
25. İşin mahiyyəti üzrə baxarkən isə məlum olur ki, iddiaçılar paylı mülkiyyət hüququ ilə onlara və cavabdehə məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölünməsi, naturada bölünmə mümkün olmadıqda evin açıq hərracdan satılaraq, əldə edilmiş gəlirin iddiaçılar və cavabdehlər arasında bölünməsini xahiş etmişlər.
26. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticədən narazı qalan cavabdeh tərəfin növbəti dəlili isə ondan ibarətdir ki, qətnamə ilə evin naturada bölünməsi və kompensasiya verilməsi məsələlərinin hazırkı mübahisənin həlli baxımından tətbiqi imkanı araşdırlmamışdır.
27. Məhkəmə kollegiyası bu dəlil ilə razılaşmayaraq qeyd edir ki, işin faktiki halları cavabdehin dəlillərini təkzib edir.
28. İlk öncə qeyd olunmalıdır ki, qüvvədə olan qanunvericilik normalarına əsasən, ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi.
29. Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən də, paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılması mərhələli formada həyata keçirilməlidir. Belə ki, ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməli, əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.
30. Hazırkı iş üzrə əmlakın naturada bölünməsinin mümkünsüzlüyü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 avqust 2023-cü il tarixli, 10/2110 nömrəli ekspert rəyi ilə öz təsdiqini tapır.
31. İddiaçılar növbəti addım olaraq isə, öz paylarının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb edə bilərdilər ki, iddiaçıların belə bir tələbi olmuş, lakin, apellyasiya icraatı çərçivəsində keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh digər payçıların (iddiaçıların) paylarına mütənasib müvafiq kompensasiyanın ödənilməsinə maddi imkanının olmadığını bildirmişdir.
32. Göründüyü kimi, yuxarıda qeyd olunan ikinci şərt - pul kompensasiyasının (dəyərinin) ödənilməsi şərtinin də hazırkı işə tətbiqi istisna olur. Bu da öz növbəsində paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması üçün əsasdır. Buna görə də iddiaçıların ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracdan satılaraq, əldə edilmiş gəlirin iddiaçılar və cavabdehlər arasında bərabər bölünməsi təmin edilməlidir.
33. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin işin halları ilə qismən təsdiq olunur və qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apelyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul olunmalı, iddia qismən təmin edilməlidir.
34. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(010)- 1638/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(010)- 1638/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. X3, İddiaçı3, İddiaçı1 və İddiaçı4 Cavabdeh qarşı evin naturada bölünməsi yaxud açıq hərracdan satılaraq satış pulunun bölünməsi tələbinə dair iddiası qismən təmin edilsin. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərracdan satılsın, əmlakın satışından əldə olunan pul vəsaiti gəlir paylara uğyun olaraq X3, İddiaçı3, İddiaçı1, İddiaçı4 və Cavabdeh arasında bölünsün. İddia qalan hissədə təmin edilməsin. Ekspertizanın keçirilməsinə sərf olunan 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasimov
Fuad Abdıyev
Xəyal Sarıyev