Məhkəmə qərarları › İş №2(103)-1991/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1991/2022

26.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1991/2022 26.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi, mənəvi zərərin və hüquqi xidmət xərclərinin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 oktyabr 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının nümayəndələri (arvadı) X1 və (vəkili) Vəkil2, cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. Cavabdehə qarşı iddia ərizəsi ilə Nərimanova Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, həkim olan cavabdehin onu səhv müalicə etməsi nəticəsində ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 1.000.000 manat, məhkəməyə müraciət etmək üçün aldığı hüquqi xidmətə görə çəkdiyi xərclərin əvəzi olaraq 5.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh uroloq-androloq sahəsi üzrə həkim olaraq Bakı şəhəri, Nəriman Nərimanov rayonu, X10, 48 ünvanında yerləşən “Buta” Klinikasında çalışır. İddiaçı, böyrəyində yaranmış problemlər ilə əlaqədar 2020-ci ilin oktyabr ayında cavabdehə müraciət etmişdir. Keçirilmiş müayinədən sonra cavabdeh iddiaçıya əvvəlcə kurs müalicə yazmış və bir müddət sonra əməliyyat edilməli olduğunu bildirmişdir. İddiaçı, xx.xx.2020-ci il tarixdə ümumi dəyəri 200 manat məbləğində olan müxtəlif müayinələrdən keçmiş və əməliyyat öncəsi “paket” qan analizi vermişdir ki, bu da əlavə olaraq 80 manata başa gəlmişdir. İddiaçı, əməliyyata hazırlaşdığı ərəfədə “C0VİD- 19” virusuna yoluxduğu üçün əməliyyatın edilməsi təxirə salınmışdır. 2021-ci ilin fevral ayında yenidən əməliyyatına qərarlaşmış və xx.xx.2021-ci il tarixdə iddiaçı bir daha 80 manat dəyərindəki əməliyyat öncəsi qan analizi müayinəsindən keçmişdir. İddiaçının arvadı (hazırki işdə iddiaçının nümayəndəsi) Günel Gözəlova həkimin köməkçisi ilə əlaqə yaratmış, əməliyyatla bağlı hər hansı bir problem olub olmadığını, hansı tarixdə əməliyyat edilə biləcəyini soruşduqda, cavabdehin köməkçisi bildirmişdir ki, əməliyyatla bağlı heç bir narahatlıq yoxdur, iddiaçının qanındakı şəkərin miqdarı bir qədər yüksək olsa da, sağlamlıq vəziyyəti qısa müddətdə əməliyyat edilməyə uyğundur. xx.xx.2021-ci il tarixdə iddiaçı əməliyyat olunmuşdur. Əməliyyat müddəti adətən 2 saat çəkməli olduğu halda, əməliyyatı 5 saat 40 dəqiqə davam etmişdir. Əməliyyatdan sonra iddiaçı uzun müddət özünə gələ bilməmiş, yalnız 1,5 saat sonra həkimlər onu ayılda bilmişlər. Əməliyyatdan sonra iddiaçının nitqində və dərk etməsində problemlər yaranmışdır. İddiaçının arvadı G.Gözəlova bunu qeyd etdikdə onu otaqdan çıxarıb və bu kimi halların yaranmasını normal olduğunu bildirmişlər. Yalnız ertəsi gün, yəni xx.xx.2021-ci il tarixdə (saat 17:00 radələrində) G.Gözəlovanın təkidlərindən sonra “Lazur” Klinikasından Sevinc adlı bir nevropatoloq həkimi “Buta” Klinikasına dəvət etmiş və iddiaçını müayinə etmişlər. Həmin həkim iddiaçıda sensor-motorik afaziya, amneziya prosesinin müşahidə olunduğunu bildirmişdir. Həkimin təkidi ilə iddiaçı “KT” müayinəsindən keçdikdən sonra məlum olmuşdur ki, onun beyində insult ocaqları var. Cavabdeh, müayinənin nəticəsindən məlumatlı olsa da, iddiaçı ilə maraqlanmamış, iddiaçının bütün müalicəsini iddiaçının arvadı G.Gözəlovanın həyata keçirmək məcburiyyətində qalmışdır. Bir neçə gün sonra iddiaçı xəstəxanadan evə buraxılmış və bu zaman G.Gözəlovaya demişlər ki, iddiaçının vəziyyəti qənaətbəxşdir. İddiaçının və G.Gözəlovanın vəsaiti hesabına edilmiş “MRT” müayinəsi nəticəsində məlum olmuşdur ki, əməliyyat zamanı iddiaçı işemik, gemoragik insult keçirmişdir. Belə ki, iddiaçının beyninin sağ yarımkürəsində geniş zonada, eləcə də sol beyin yarımkürəsində nitq və dərk etmə bazası zədələnmişdir. İddiaçını müayinədən keçirən nevropatoloq həkim bildirmişdir ki, iddiaçının vəziyyəti ağırdır və iddiaçı bundan sonra hər an təkrarən və dəfələrlə insult keçirmə riski ilə üz-üzədir. Həkim qeyd etmişdir ki, iddiaçının qanında şəkərin miqdarı iki dəfə yüksək, trombositlərinin sayı həddindən artıq çox, həmçinin xolesterini yüksək olduğundan onun perkutan yolla, planlaşdırılmış əməliyyat edilməsi yanlış, hətta həyati təhlükəli bir qərar olmuşdur. G.Gözəlova cavabdehə iddiaçının sağlamlıq vəziyyətinin ağır olması, müalicənin hələdə davam etdirilməsi, buna baxmayaraq iddiaçının vəziyyətinin bərpa edilməməsi, bu halın isə cavabdehin səhvi nəticəsində baş verməsini bildirib, cavabdehdən səhvini düzəltməsini tələb etdikdən sonra iddiaçı yenidən xx.xx.2021-ci il tarixdə qeyri-rəsmi şəkildə “Buta” Klinikasına yerləşdirilmişdir. Lakin bundan sonra da cavabdeh iddiaçının sağalması üçün heç bir addım atmamış, iddiaçının müalicəsi iddiaçının arvadının gətirdiyi həkimlər vasitəsilə həyata keçirilmiş, cavabdeh isə bir neçə dəfə dərman almaqla kifayətlənmişdir. xx.xx.2021-ci il tarixdə isə, iddiaçı ümumiyyətlə “Buta” Klinikasından çıxarılmışdır. Həmin vaxtdan etibarən cavabdeh iddiaçının sağlamlığına vurduğu zərərin ödənilməsi mahiyyətində heç bir hərəkət etməmişdir. Hal-hazırda iddiaçı əqli geriləmə yaşayır, sensor-motor afaziya, amneziya diaqnozu ilə daimi müalicə alır və əmək qabiliyyəti tam itirmişdir. İddiaçının səhhətinin bərpasına demək olar ki, heç bir ümid yoxdur, o, həyatını əlilliyi olan şəxs kimi keçirmək məcburiyyətindədir. Əməliyyatdan öncə iddiaçının hansı xəstəlikdən əziyyət çəkməsini, diaqnozun düzgün qoyulması, müalicənin düzgün aparılması cavabdehin birbaşa peşə vəzifəsi olduğu halda cavabdeh bunu etməmiş və səhlənkarlıq göstərmişdir. Cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçının səhhətində ciddi problemlər yaranmış, iddiaçıya maddi və mənəvi zərər dəymişdir. b) cavabdehin iddia tələbinə qarşı etirazı barədə məlumat

3. Cavabdeh tərəfin iddia tələbinə qarşı olan etirazı onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçı üzərində həyata keçirilmiş cərrahiyə əməliyyatı uğurla aparılmış və fəsatsız yekünlaşmışdır. Əməliyyatdan sonra iddiaçının səhhətində aşkarlanmış problemin və iddiaçıya qoyulmuş “Sağ periventrikulyar nahiyədə sağ putamenə də uzanan 15x9 mm ölçüdə xroniki dövr işemik ocaq və sol temporoparietooksipital nahiyədə kortikosubkortikal sol orta beyin arteriyası (MCA) hövzəsində gec yarımkəskin dövr işemik insultu” diaqnozunun cərrahiyə əməliyyatı ilə heç bir səbəbli əlaqəsi yoxdur. İddiaçı əməliyyatdan 5 ay öncə “sidik axarı daşının kəskin ağrıları, gecə saatlarında” şikayəti ilə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən iddiaçıya dərman müalicəsi tövsiyəsi ilə sidik axarı daşını salmış və cavabdeh həkim olaraq bundan çox məmnun qalmışdır. Bundan sonra 2020-ci ilin oktyabr ayında müayinə zamanı mərcanvari çox iri ölçülü böyrək daşı və İİİ–İV dərəcə hidronefroz aşkarlanmışdır. Kəskin əlamətləri olmasına baxmayaraq iddiaçı dərhal əməliyyata götürülməmiş və dərman müalicəsi təyin edilmişdir. İddiaçı və iddiaçının arvadı G.Gözəlova müalicəsindən çox məmnun olmuş, bu səbəbdən tez-tez müayinə və müalicə üçün cavabdehə müraciət etmişlər. 2020-ci ilin dekabr ayında iddiaçı koronovirus xəstəliyinə tutulmuşdur. xx.xx.2021-ci il tarixdə iddiaçı və G.Gözəlova “Buta” Klinikasına müraciət edərək iddiaçıda kəskin böyrək ağrıları və sidikdə qan izləri ilə bağlı müraciət edərək iddiaçının əməliyyat olunmasını təkidlə istəmişlər. Bununla bağlı iddiaçı müayinə olunmuş və əməliyyata əks göstəriş müəyyən edilməmişdir. Burada qeyd edilməlidir ki, şəkərin və trombositlərin bu göstəriciləri ilə minlərlə xəstə əməliyyat olunur və bu əməliyyata əks göstəriş sayılmır. Ümumiyyətlə hər hansı bir xəstənin vəziyyəti Avropa Uroloqlar Cəmiyyətinin protokollarına əsasən əməliyyata göstəriş sayılır. Əməliyyat öncəsi tibbi qaydalara uyğun olaraq xəstənin əməliyyata hazırlanması ilə əlaqədar müvafiq analizlər götürülmüş və analizin nəticələrinə görə tibbi qaydalara əsasən böyrək daşı əməliyyatı üçün əks göstəriş müəyyən olunmamışdır. İddiaçı özü və iddiaçının arvadı G.Gözəlovanın əməliyyatın və anesteziyanın riskləri barədə məlumatlandırılmış və bu barədə onlardan “əməliyyata razılıq barədə iltizam” alınmışdır. Əməliyyatın uzun zaman davam etməsi və xəstənin vəziyyətinə mənfi təsir göstərməsi barədə qeyd olunanlar əsassızdır. Belə ki, əməliyyatın davam edən müddətinin, iddiaçının səhhətində yaranmış problemlə əlaqələndirilməsi tamamilə yanlışdır. İddiaçının qeyd etdiyi hallar və məhkəməyə təqdim etdiyi arayışlar ehtimallara söykənir və tibb sahəsində mütəxəssis rəyini əvəz edə bilməz. Bundan başqa müxtəlif “KT” və “MRT” müayinələrində xəstədə xroniki dövr işemik insult ocaqları aşkarlanıb ki, bu da köhnədən gizli prosesin getdiyinin göstəricisidir. Bundan başqa iddia ərizəsində göstərilir ki, iddiaçı əməliyyatdan öncə “Covid-19” (koronovirus) xəstəliyi keçirmişdir. Belə ki, beynəlxalq tibb mütəxəssisləri, son vaxtlar göstərir ki, koronovirus xəstəliyinin əsas yaratdığı fəsadlardan biri də beyində işemik insult ocaqlarının yaranmasıdır. Cavabdeh, iddiaçının səhhətində yaranmış problemləri, iddiaçının arvadı G.Gözəlovanın atasının xərçəngdən əziyyət çəkməsini, bunlarla bağlı onların maddi durumunun çətin olmasını nəzərə alaraq iddiaçının Klinikanın “VİP palatasında” həftələrlə təmənnasız qalmasını təmin etmiş, iddiaçının müayinə və müalicəsi ilə bağlı xərcləri qarşılamışdır. Odur ki, cavabdeh, göstərilənləri və iddiaçının səhhətində problemlərin yaranmasında onun təqsirinin olmamasını nəzərə alaraq iddianın rədd edilməsini xahiş edir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı, cavabdehin ona münasibətdə mülki hüquq pozuntusu törətməsini sübuta yetirə bilmədiyindən iddia əsaslı hesab edilə bilməz. Çünki Azərbaycan Respublikası “Məhkəmə Tibbi Ekspertiza və X3” X9 iş üzrə verdiyi 732/KEŞ nömrəli məhkəmə-tibbi ekspert rəyindən də göründüyü kimi işemik və ya hemorragik insultlar baş beyin damarlarının anadangəlmə inkişaf anomaliyalan və ya sonradan qazanılmış serebro-vaskulyar xəstəliklər və s. digər bəzi xəstəliklər fonunda inkişaf edən patologiyalardır. Cərrahiyyə əməliyyatından sonra iddiaçıda yaranmış patologiyanın əməliyyatla səbəbli əlaqəsi yoxdur. Bundan başqa müəyyənləşdirilmiş diaqnoza əsasən müalicə taktikası, yəni perkutan nefrolitotripsiya əməliyyatı cavabdeh tərəfindən düzgün seçilmişdir. Əməliyyatdan sonrakı dövrdə iddiaçının səhhətində baş vermiş erkən fəsad cavabdeh tərəfindən düzgün dəyərləndirilmiş, bu münasibətlə geniş müayinələr aparılmış və nevropatoloq tərəfindən vaxtında və adekvat konservativ tədbirlər görülmüşdür. d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

7. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. “NB Lazur” Hospitalın nevropatoloqu X4 iddiaçının vəkili Vəkil1 verdiyi cavab məktubunda qeyd etmişdir ki, cavabdeh həkimi Cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaçıda əməliyyat sonrası yaranan fəsadları ilə əlaqədar onu təcrübəli həkim kimi “Buta” Klinikasına dəvət etmişdir. İlkin müalicənin təyin olunması üçün “Buta” Klinikasından tibbi sənədləri tələb etdikdən və sənədlərə baxış keçirdikdən sonra bir sıra qan göstəricilərinin əməliyyatdan öncə yüksək olduğunu müəyyən etmişdir. Protokol üzrə ümumi göstəriciləri nəzərə alaraq bu əməliyyatın keçirilməməsi qənaətinə gəlmişdir. Xəstənin (iddiaçının) vəziyyətini və “Buta” Klinikasının imkanları nəzərə alaraq müalicəni daha ixtisaslaşmış nevroloji klinikada davam etdirilməsini tövsiyə etmişdir. Tövsiyələrini istədiyi kimi yerinə yetirilmiş və 10 gün sonra MRT müayinəsi də olunmuşdur. “Ailə psixoloji və inkişaf Mərkəzinin” defektoloq, loqoped Vüsal Ağayevin iddiaçının vəkilinə verdiyi cavab məktubunda qeyd etmişdir ki, iddiaçı həmin Mərkəzin pasienti olmuşdur. İddiaçı ilə tanışlığı xx.xx.2021-ci il tarixdə, yəni əməliyyatdan 25 gün sonra, iddiaçının çağırışı ilə olmuşdur. xx.xx.2021-ci il tarixədək “Buta” Klinikasında iddiaçının müalicəsi davam etmiş, daha sonra isə hazırki dövrə qədər Mərkəzdə müalicə olmuşdur. 18-27 mart 2021-ci il tarixində “Buta” Klinikasında müvafiq səhiyyə ocağının təqdim etdiyi epikrizə əsaslanaraq, iddiaçının böyrəyində endotraxeal anesteziya altında sol tərəfli perkutan nefrolitotripsiya əməliyyatı icra olunmuşdur. Daha sonra iddiaçının qohumlarının bildirdiyinə görə, iddiaçı 6 saata yaxın əməliyyatda qalmış və anestezidən ayılıb palataya köçürüləndə doğmalarını tanımamış və danışa bilməmişdir. Ailə üzvlərinin söylədiklərinə görə 1 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə saat 17:00 radələrində onların təkidi ilə kənar klinikadan nevropatoloq dəvət olunmuş və iddiaçının vəziyyəti aydınlaşmışdır. İddiaçının ağırlıq durumunu təsbit etmək üçün ilk gündən vacib olan MRT müayinəsi isə yalnız 10 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə aparılmışdır. İddiaçının beyinin sol hemisferinin gicgah-ənsə-arxa təpə nahiyəsində orta serebral arteriya hövzəsinə aid işemik insult (infarkt) sahəsi, sağ hemisferində mərciyəbənzər nüvənin arxa-yuxarı tərəfində paraventrikulyar sahədə yerləşən, kiçik ölçülərdə keçirilmiş infarkt ocağı aşkar edilmişdir. “Psixi Sağlamlıq Mərkəzi” X9 xx.xx.2021-ci il tarixli müayinədən görünür ki, iddiaçıya üzvi mənşəli (insult nəticəsində) şəxsiyyət pozuntusu diaqnozu qoyulmuşdur. Qulluq və nəzarətə ehtiyac var. Vaskulyar demensiya istisna olunmur. Qeyd edilməlidir ki, cavabdeh əməliyyatın video lent yazısını gizlətmişdir. Halbuki, təlimata əsasən bütün tibbi əməliyyatlar video çəkiliş ilə aparılmalı idi. Azərbaycan Respublikası “Məhkəmə Tibbi Ekspertiza və X3” X9 xx.xx.2021-ci il tarixli, 2870 nömrəli məktubla məhkəməyə daxil olmuş 732/KEŞ nömrəli məhkəmə-tibbi ekspertizanın rəyi məhkəməyə daxil olmuş, həmin məhkəmə tibbi ekspertizasının rəyi kifayət qədər ziddiyyətli olduğu halda məhkəmə həmin ekspertiza rəyinə qarşı öz fikirini bildirmək, əlavı və təkrar ekspertiza üçün vəsatət qadırmaq üçün iddiaçı tərəfə heç bir imkan verməmişdir. Belə ki, məhkəmə iclası xx.xx.2021-ci il tarixə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə iddiaçının vəkili və nümayəndəsi Vəkil1 “Asan imza” vasitəsi ilə elektron məhkəməyə ərizə yerləşdirərək həmin məhkəmə iclasının əvvəlcədən təyin edilmiş məhkəmə iclası ilə toqquşduğuna görə və bu səbəbdən də Vəkil1 Lənkəran şəhərində yerləşən Lənkəran Ağır Cinayətlər Məhkəməsində olacağını, buna görə də xx.xx.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, Rayon Məhkəməsi bu ərizəyə qətnamədə heç bir münasibət bildirmədən tələm-tələsik iddianın rədd edilməsi barədə qətnaməsini elan etmişdir. Ekspertizaya təqdim edilmiş tibbi sənədlərdə bu müayinələrin aparılması və ya nəticələri barədə qeydlərə rast gəlinmir. Ekspertiza rəyi həkim olan cavabdehin müdafiəsinə yönəlsə də, rəy özü-özünü inkar edir. Rəydə əməliyyatdan öncə xəstədə şəkərli diabeti, arterial hipertenziyanı və hemoqramda olan bəzi dəyişiklikləri nəzərə alaraq endokrinoloqun, kardioloqun, hematoloqun konsultasiyasının, böyrək və sidik yollarının KT müayinəsinin aparılması məqsədəuyğun olması, ekspertizaya təqdim edilmiş tibbi sənədlərdə bu müayinələrin aparılması və ya nəticələri barədə qeydlərə rast gəlinmədiyi göstərilir. Belə çıxır ki, həmin müayinələr aparılmış olsaydı nəticə öncədəngörünən ola bilərdi və iddiaçıda qeyd edilən fəsadlar baş verməzdi. Ekspertiza qeyd edir ki, əməliyyat texniki cəhətdən düzgün icra edilib, lakin həmin əməliyyatın tibbi cəhətdən düzgün olması, anesteziyanın miqdarı, xəstənin beş saatdan artıq əməliyyat olunmasına qarşı heç bir qeyd yoxdur. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, iddiaçı əməliyyata daxil olanda onda hər hansı işemik əlamətlər, amneziya, insult və digər fəsadlar aşkar edilməmişdir və iddiaçının hazırkı vəziyyəti əməliyyat və ondan dərhal sonra yaranmışdır. Belə olan halda məhkəmənin ekspertiza rəyinə əsaslanaraq iddiaçının əməliyyatdan dərhal sonra yaranmış vəziyyətlə əməliyyat arasında səbəbli əlaqənin olmaması nəticəsinə gəlməsi açıq-aşkar absurddur. Həmçinin ekspertiza rəyində göstərilir ki, iddiaçının üzərində aparılmış əməliyyatın planlı olmasını nəzərə alaraq əməliyyat önü hazırlıq daha geniş həcmdə və konsultantların tövsiyələri nəzərə alınmaq şərti ilə aparılması məqsədə müvafiq olardı. Deməli bu o nəticəyə gəlməyə imkan verir ki, əgər müayinə və konsultasiyalar lazımı şəkildə olmuş olsaydı infarktın qarşısını almaq olardı. Halbuki, əməliyyatdan öncə xəstədə şəkərli diabeti, arterial hipertenziyanı və hemoqramda olan bəzi dəyişiklikləri nəzərə alaraq endokrinoloqun, kardioloqun, hematoloqun konsultasiyasının, böyrək və sidik yollarının KT müayinəsinin aparılması və iddiaçının üzərində aparılmış əməliyyatın planlı olmasını nəzərə alaraq əməliyyat önü hazırlıq daha geniş həcmdə və konsultantların tövsiyələri nəzərə alınmaq şərti ilə aparılması cavabdehin vəzifəsi idi. Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx.xx.2016-cı il, 100 saylı əmri ilə tibbi qeydiyyat sənədlərinin formaları (blankları) təsdiq edilmişdir. Beləliklə də Rayon Məhkəməsi iddiaçının xəstəlik tarixi olmadan qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2010-cu il tarixli, 31 saylı qərarı ilə təsdiq edilmiş “Böyrəkdaşi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokoluna” əsasən, perkutan URS ayrı-ayrı hallarda ilkin terapiya kimi qəbul edilə bilər. Daşın çıxarılması üçün göstərişlər: tez-tez təkrar olunan obstruksiya; daşın kifayət qədər mütəhərrik olmaması; güclü, zəifləməyən ağrı. Daşların çıxarılması nəzərdə tutulmuş bütün pasiyentlərdə bakteriuriya skrininqinin aparılması, antibiotiklərə qarşı həssaslığın yoxlanması lazımdır. Əgər testin nəticələri bakteriuriyanı təsdiq edirsə, yaxud sidik əkməsində bakteriya artımı aşkarlanıbsa və ya infeksiyanın olmasına dair şübhə yaranıbsa, daşı çıxarmazdan əvvəl antibiotiklərlə müalicəyə başlamaq vacibdir. Lakin sidiyin böyrəkdən axını bərpa olunmamış antibiotik təyin etmək olmaz. Əgər klinik əhəmiyyətli infeksiya və obstruksiya mövcuddursa, onda aktiv müdaxilədən əvvəl drenaj prosedurları həyata keçirilməlidir (bir neçə gün ərzində stent və ya perkutan nefrostomiya). Daşın tam çıxarılması septik vəziyyət imkan verənədək təxirə salınmalıdır. Laparoskopik və ya açıq cərrahiyə üsulu o vaxt nəzərdən keçirilməlidir ki, EZDL, URS və ya perkutan URS yetərli olmasın, yaxud uğurlu keçəcəyi tərəddüd doğursun. Qanaxma ilə müşayiət edilən pozuntulara və antikoaqulyantlarla müalicəyə də diqqət yetirmək lazımdır. Salisil turşusu vasitələri ilə müalicəni daşı çıxarma prosedurundan 10 gün əvvəl dayandırmaq vacibdir. EZDL, PKL, URS və açıq cərrahi əməliyyat qan laxtalanması pozğunluğu olan pasiyentlərə əks-göstərişdir. EZDL, PKL hamilə qadınlara əks göstərişdir. URS və açıq əməliyyat həyati göstəriş olduğu halda tətbiq oluna bilər. Hamiləlik zamanı üstünlük verilən müalicə variantı sidik kisəsi-böyrək stentindən və ya perkutan nefrostomiyadan istifadə edilməsidir. Ürəyində elektron stimulyator olan pasiyentlərə EZDL tətbiqindən əvvəl kardioloqla məsləhətləşmək tövsiyə edilir. Daşların aktiv çıxarılmasına dair tövsiyələr daşın ölçüsü, yerləşməsi və forması müvafiq müalicə üsulunun seçilməsinə öz təsirini göstərir. Göründüyü kimi “Protokola” əsasən iddiaçı o halda əməliyyata alına bilərdi ki, onun əməliyyata alınması həyati əhəmiyyət daşısın. Digər hallarda “Protokolda” göstərilən tədbirlər həyata keçirilməli idi. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı

8. İddiaçının nümayəndələri (arvadı) G.Gözəlova və (vəkili) Vəkil2 apellyasiya baxışı iclasında iştirak edərək, şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.

9. İddiaçının nümayəndəsi G.Gözəlova ərizə ilə Məhkəməyə müraciət edərək bildirdi ki, iddiaçı, cavabdehdən onun xeyrinə tutulmalı olan maddi və mənəvi zərərin əvəzinin məbləğini 1.000.000 manatdan 100.000 manat kimi azaltmışdır. Buna görə də, bunun nəzərə alınmasını xahiş edir.

10. Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına, habelə iddia ərizəsinə qarşı verilmiş etirazın məzmununa uyğun izahat verdi. f) işdə olan sübutlar

11. İşdə olan sənədlərdən görünür ki, İddiaçı “Sol böyrəyin daşları. Soltərəfli İV dərəcə hidronefroz” diaqnozu ilə “Buta” Klinikasına müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə cavabdeh həkim Cavabdeh tərəfindən iddiaçının üzərində həmin Klinikada, ümumi anesteziya altında “Soltərəfli perkutan nefrolitotripsiya” cərrahiyyə əməliyyatı icra edilmişdir.

12. Həmin Klinika tərəfindən iddiaçının adına xx.xx.2021-ci il tarixdə tərtib edilmiş kranial KT nəticəsindən görünür ki, iddiaçıda sol beyin yarımkürəsində sol təpə payının orta beyin arteriyası hövzəsində (MCA) kortikosubkortikal yarımkəskin dövr işemik insult müəyyən olunmuşdur.

13. Əməliyyatdan sonra iddiaçını müayinə etmiş (“NB Lazur” Hospitalda işləyən) nevropatoloq X5 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli epikrizdən görünür ki, əməliyyatdan 12 saat sonra iddiaçıda hissəvi amneziya, baş ağrıları, ümumi halsızlıq yaranmışdır. Müayinə zamanı iddiaçı, ona verilmiş suallara qeyri-adekvat cavab verirdi.

14. X6 iddiaçının vəkilinə ünvanlandığı məktubda qeyd edilir ki, o, əməliyyat sonrası yaranan fəsadlar ilə əlaqədar iddiaçını, iddiaçı üzərində cərrahiyə əməliyyatı keçirmiş həkim Cavabdeh xahişi ilə xx.xx.2021-ci il tarixdə müayinə etmişdir. İddiaçının adına tərtib edilmiş tibbi sənədlər ilə tanış olduqdan sonra müəyyən etmişdir ki, iddiaçının bir sıra qan göstəriciləri əməliyyatdan öncə yüksək olmuşdur. Protokol üzrə ümumi göstəriciləri nəzərə alaraq bu əməliyyatın keçirilməməsi qənaətinə gəlmişdir. Xəstənin vəziyyətini və “Buta” Klinikasının imkanları nəzərə alaraq müalicəni daha ixtisaslaşmış nevroloji klinikada davam etdirilməsini tövsiyə etmişdir. Tövsiyələrini istədiyi kimi yerinə yetirilməsinə baxmayaraq, təkrar təkidi ilə 10 gün sonra MRT müayinəsi olunmuşdur.

15. “Ailə Psixoloji və İnkişaf Mərkəzinin” defektoloq, loqoped Vüsal Ağayevin iddiaçının vəkilinə ünvanlandığı cavab məktubundan görünür ki, o, iddiaçı ilə xx.xx.2021-ci il tarixdə, yəni əməliyyatdan 25 gün sonra tanış olmuşdur. xx.xx.2021-ci il tarixə qədər iddiaçının “Buta” Klinikasında müalicəsi davam etmiş, daha sonra isə, iddiaçı, hazırki dövrə qədər “Ailə Psixoloji Xidmət və İnkişaf Mərkəzində” müalicə olur. 18-27 mart 2021-ci il tarixində “Buta” Klinikasında müvafiq səhiyyə ocağının təqdim etdiyi epikrizə əsaslanaraq, böyrəyində endotraxeal anesteziya altında sol tərəfli perkutan nefrolitotripsiya əməliyyatı icra olunmuşdur. Daha sonra xəstənin yaxılnlarının bildirdiyinə görə, iddiaçı 6 saata yaxın əməliyyatda qalmış və anestezidən ayılıb palataya köçürüləndə doğmalarını tanımamış və danışa bilməmişdir. Ailə üzvlərinin söylədiklərinə görə 1 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə axşam saat 17:00 radələrində onların təkidi ilə kənar klinikadan nevropotoloq dəvət olunmuş və iddiaçının vəziyyəti aydınlaşmışdır. Xəstənin ağırlıq durumunu təsbit etmək üçün ilk gündən vacib olan MRT müayinəsi isə yanlış 10 gün sonra, yəni xx.xx.2021-ci il tarixində aparılmışdır. Beyinin sol hemisferinin gicgahənsə-arxa təpə nahiyəsində orta serebral arteriya hövzəsinə aid işemik insult (infarkt) sahəsi, sağ hemisferində mərciyəbənzər nüvənin arxa-yuxarı tərəfində paraventrikulyar sahədə yerləşən, kiçik ölçülərdə keçirilmiş infarkt ocağı aşkar edilmişdir.

16. “X11” Klinikasının xx.xx.2021-ci il tarixli maqnit-rezonans tomoqrafiya (MRT) müayinəsi sənədindən görünür ki, iddiaçıda infratentorial - hər iki serebellar hemisfer, pons və medullaoblangata normal görünüşdə olub, siqnal intensivliyi təbii homogendir. İV ventrikul normal genişlikdədir. Bazal sislemalar təbiidir. Hər iki imernal akustik kanal genişliyi və 7, 8-ci sinir kompleksi normaldır. Pontoserebellar bucaqlar bilateral olaraq simmetrikdir. Supratentorial - hər iki beyin yarımkürəsində boz və ağ maddə dağılımı normaldır. Sol oksipitotemporal nahiyədə orta və arxa serebral arteriya (MCA et PCA) hövzəsinə aid geniş sahəli subakul mərhələ kortikal/subkortıkal işemik insult sahəsi və minimal subarax-noidal hemorragiya aşkar edilir. Eyni zamanda sol frontal payda MCA hövzəsinə aid subsantimetrik ölçülü subakul mərhələ kortikal işemik insult sahələri qeyd edilir. Sağ bazal nüvələr sahəsində lentikulostriate arteriya hövzəsinə aid ~18x14mm aksial ölçülü emefalomalaziya sahəsi və perifokal qliozis izlənir. Sol lentriculostriate arter hövzəsində 10mm ölçülü perivaskulyar sahə (pv.space) təyin edilir. Frontal nahiyyədə anterior subaraxnoidal sahələrin genişliyi təbiidir. Talamışlar normal siqnal intensivliyindədir. Korpus kollozum və pineal vəzinin radioloji görünüşü və siqnal intensivliyi təbiidir. İİİ və hər iki lateral mədəcik normal genişlikdədir. Sella genişliliyi və hipofız vəzi normal qiymətləndirilir. Kavemoz sinus simmetrik olub siqnal intensivliyi homogendir. Hər iki bulbus okuli, okulyar əzələlər, optik sinir və retrobulbar yağ planlar radioloji normal görünüşdə olub, siqnal intensivliyi homogendir. Mastoid hüceyrələrin və paranazal sinusların pnevmatizasiyası təbiidir. Burun çəpəri orta xətdədir. Bilateral olaraq nazal konxalar norma, radioloji görünüşdədir. Kalvarial sümük toxumalarda patoloji dəyişiklik izlənmir.

17. İddiaçının yaşayış yeri üzrə Yasamal Rayon 39 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş 111784 nömrəli, xx.xx.2021-ci il tarixli “əmək qabiliyyətinin olmaması barədə vərəqədən” görünür ki, iddiaçı xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2021ci, xx.xx.2021-xx.xx.2021-ci il və xx.xx.2021-xx.xx.2021-ci tarixlərdə əmək qabiliyyətsiz hesab olunmuşdur.

18. “EGE hospital” Klinikasının xx.xx.2021-ci il tarixli beyin MR müayinəsinin nəticəsindən görünür ki, iddiaçıda sağ periventrikulyar nahiyədə sağ putamenə də uzanan 15*9 mm ölçüdə xroniki dövr işemik ocaq, sol temporoparietooksipital nahiyədə kortikosubkortikal sol orta beyin arteriyası (MCA) hövzəsində gec yarımkəskin dövr işemik insult müəyyən olunmuşdur.

19. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli maqnit-rezonans tomoqrafiya (MRT) müayinə protokolundan görünür ki, iddiaçının sol orta beyin arteriyasının periferik budağında okkluziya izlənilir. Sağ vertebral arteriyanın proksimal hissəsi nazikdir (hipoplaziya). Sol vertebral arteriyalarda, bazillyar arteriyada, hər iki tərəfdə daxili yuxu, ön serebral, arxa serebral və sağ orta serebral arteriyaların görüntüsü, rtayektoriyası normaldır, patoloji genişlənmə, daralma təyin olunmur.

20. İddiaçının adına verilmiş ******* nömrəli epikrizdən görünür ki, iddiaçıya retroqrad amneziya, dissosiativ pozuntu diaqnozu qoyulmuşdur.

21. ünvan 2 ünvanlanmış xx.xx.2021-ci il tarixli, 163 nömrəli məktubdan görünür ki, İddiaçı Poliklinika, həm də özəl həkimlər tərəfindən müayinə və müalicələr almışdır. İddiaçının durumunda azda olsa, müsbətə doğru irəliləyiş olmuşdur. Hazırda iddiaçıda nitq qüsurları qeyd edilir. Normal eşitmə və danışıq qabiliyyəti olsa da, aldığı zədəyə görə (Beyin İnfarktı) nitqi dərk olunması pozulmuşdur. Yalnız bəzi qısa ifadələri, vərdiş etdiyini gündəlik işlədilən sözləri anlaya bilmişdir.

22. “Psixi Sağlamlıq Mərkəzi” X12 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli müayinə sənədindən görünür ki, iddiaçıya üzvi mənşəli (insult nəticəsində) şəxsiyyət pozuntusu diaqnozu qoyulmuşdur. İddiaçının qulluğa və nəzarətə ehtiyacı var. Vaskulyar demensiya istisna olunmur.

23. İddiaçının adına xx.xx.2021-ci il tarixdə açılmış ******* nömrəli “Xəstəlik tarixindən” görünür ki, iddiaçıya sol böyrəyin daşları, soltərəfli 4-cü dərəcəli hidronefroz, post “COVİD-19” vəziyyət diaqnozu qoyulmuşdur. Xəstənin əməliyyata razılıq vərəqəsinin surətindən görünür ki, perkutan nefrolitotomiya böyrək daşı xəstəliklərinin son mərhələsinin yeganə müalicə üsuludur. Bu əməliyyat zamanı böyrək daşı endoskopik yolla çıxarılır. Xəstənin iri ölçülü mərcanvari daşı olduğuna görə xəstənin 1-ci dərəcəli yaxınlarına qalıq daş qalacağı haqda ətraflı məlumat verilmişdir. İddiaçı və iddiaçının arvadı Günel Gözəlova xx.xx.2021-ci il tarixdə iddiaçının əməliyyata razılıq vərəqəsini imzalayaraq təsdiqləmişdilər ki, yazılanları oxumuş və başa düşmüşlər. Bütün sualları qane edəcək şəkildə cavab almışlar. Əməliyyatın təhlükəsini başa düşmüşlər. Rast gələ biləcək hər cür problemlər barədə məlumatlandırılmışlar. Böyrək daşı xəstəliyi ilə əlaqədar olaraq planlanan perkutan nefrolitotomiya əməliyyatının bütün riskləri ilə dərk edərək qəbul etmişlər.

24. Diaqnostik manipulyasiyaların və cərrahi müdaxilələrin aparılması üçün xəstə və xəstənin qanuni nümayəndəsinin razılığına dair xx.xx.2021-ci il tarixli sənəddən görünür ki, iddiaçı və onun arvadı həmin sənədi imzalayaraq iddiaçının üzərində perkutan nefrolitotomiya əməliyyatının keçirilməsinə razılıq vermişlər.

25. Anesteziya üçün razılıq barədə xx.xx.2021-ci il tarixli vərəqədən görünür ki, iddiaçı həmin vərəqi imzalayaraq təsdiqləmişdir ki, tələbinə əsasən tətbiq olunacaq anesteziya və bununla bağlı digər tibbi xidmətləri həyət və sağlamlıq üçün yarada biləcək riskləri, meydana gələ biləcək fəsadları, anestaziya zamanı və anestaziyadan sonra ciddi ağırlaşmalar, həmçinin ölüm hadisəsinin baş verə biləcəyi barədə səlahiyyətli şəxslər tərəfindən ona məlumat verilmişdir. Öz idarəsi ilə anesteziya və bununla bağlı digər tibbi xidmətlərin göstərilməsinə razılıq vermişdir. Qeyd olunan risklər həkimin səhvi nəticəsində yaranmadıqda anesteziya və digər tibbi xidmətlərin nəticəsində həyat və sağlamlığı üçün yaranacaq təhlükənin maddi və mənəvi məsuliyyətini öz üzərinə götürmüş və qiymət cədvəlində qeyd olunan xəstəxanaya ödədiyi məbləğin ona ödənilməyəcəyi ilə razılaşmışdır.

26. Qəbul otağı həkimin qeydləri vərəqəsinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə xəstə İddiaçı cərrah uroloq Cavabdeh tərəfindən baxılmış və sol böyrəyin daşları, sol tərəfli 4-cü dərəcəli hidronefroz, post COVİD-19 vəziyyəti ilkin diaqnoz qoyulmuşdur.

27. İddiaçının adına verilmiş xx.xx.2021-ci il tarixli elektrokardioqrafiya (EKQ) nəticəsindən görünür ki, düzgün sinus ritmi, ÜEO – sola meyilli, patoloji dəyişiklik qeyd edilməmişdir.

28. İddiaçının adına xx.xx.2021-ci il tarixdə verilmiş döş qəfəsi üzvlərinin rentgenoskopiyasının nəticəsindən görünür ki, döş qəfəsi üzvlərinin normal rentgenoloji görüntüsü qeyd olunmuşdur.

29. İddiaçının adına verilmiş xx.xx.2020-ci il tarixli ekskretor uroqrafiyasının nəticəsindən görünür ki, sol böyrəyin mərcanvari daşı, sol böyrəkdən kontrast sidik ifrazının mühüm dərəcədə pozulması, soltərəfli 3-4-cü dərəcəli hidronefroz müəyyən edilmişdir.

30. İddiaçının ultrasəs müayinəsindən keçməsi ilə bağlı tərtib edilmiş xx.xx.2021-ci il tarixli tibbi sənəddən görünür ki, iddiaçının sol böyrəyində 3-4-cü dərəcəli hidronefroz və mərcanvari böyrək daşı müəyyən edilmişdir.

31. İddiaçının adına tərtib edilmiş “Şikayətlər, anamnez vərəqəsindən” görünür ki, endotraxeal anesteziya altında litotomi vəziyyətində sistoskopla sidik kisəsinə girilmişdir. Hər iki sidik axarı dəliyi tipik yerləşib. Sol sidik axarına bələdçi tel üzərinə 7 fr ureteral kateter qoyuldu. Bundan sonra xəstə pron vəziyyətə keçirildi. Rentgen kontrol ilə sol böyrəyin alt kaliksi punksiya olundu. Bələdçi tel ötürüldü. Onun üzərindən nefrostomi kanalı 30 fr-dək genişlədildi. Nefroskopiya zamanı iri ölçülü daşın biri ləyəndə biri isə yuxarı kasacıqda aşkarlandı, pnevmotik litotriptorla daşlar parçalanan zaman sərt olması müşahidə edildi. Daşlar pnevmatik litotriptorla parçalandı və tutqacla tutularaq xaric edildi. Bələdçi tel üzərində böyrəyə FR 6/28 double J qoyuldu. Əməliyyat bitirildi.

32. “Həkimin gündəlik müayinələrində” qeyd olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə iddiaçının ümumi vəziyyəti kafidir, tənəffüs sərbəstdir, hemodinamik göstəricilər stabildir, qarın yumşaqdır, ağrısızdır. Sidik ifrazı kateterlə adekvatdır, sarğı təmizdir.

33. Stasionardan çıxan pasiyentin statistik vərəqindən (№ 0734579) görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə “Buta” Klinikasına daxil olmuş və xx.xx.2021-ci il tarixdə Klinikadan çıxmışdır. Əsas xəstəlik: sol böyrəyin mərcanvari daşı, soltərəfli 3-4cü dərəcəli hidronefroz, post COVİD-19 vəziyyət qeyd olunmuş, əsas xəstəliyin ağırlaşması – sağ periventrikulyar nahiyə xroniki dövr işemik insult, sol təpə payının yarım kəskin dövr işemik insult qeyd olunmuş, yanaşı xəstəliklər – şəkərli diabet və post COVİD19 vəziyyət qeyd olunmuşdur.

34. Azərbaycan Respublikası “Məhkəmə Tibbi Ekspertiza və X3” X12 tərəfindən xx.xx.2021-ci il tarixli, 2870 nömrəli məktubla Rayon Məhkəməsinə göndərilmiş 732/KEŞ saylı rəyindən görünür ki, iddiaçının adına “Buta” Klinikasında tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi o, xx.xx.2021-ci il tarixdə “Sol böyrəyin daşları. Soltərəfli İV dərəcə hidronefroz” diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra diaqnoz öz təsdiqini tapmış və diaqnoza uyğun olaraq onun üzərində həmin tarixdə ümumi anesteziya altında “Soltərəfli perkutan nefrolitotripsiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Lakin, əməliyyatdan öncə xəstədə şəkərli diabeti, arterial hipertenziyanı və hemoqramda olan bəzi dəyişiklikləri nəzərə alaraq endokrinoloqun, kardioloqun, hematoloqun konsultasiyasının, böyrək və sidik yollarının KT müayinəsinin aparılması məqsədəuyğun olardı. Ekspertizaya təqdim edilmiş tibbi sənədlərdə bu müayinələrin aparılması və ya nəticələri barədə qeydlərə rast gəlinmir. İddiaçının üzərində aparılmış “Soltərəfli perkutan nefrolitotripsiya” cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. Əməliyyatdan 12 saat sonra iddiaçıda hissəvi amneziya, baş ağrıları, ümumi halsızlıq müşahidə olunmuş və vəziyyətinə uyğun olaraq konsultasiya üçün nevropatoloqun baxışı keçirilmiş, kompüter tomoqrafıya müayinəsi aparılmışdır. Aparılan kliniki, laborator və instrumental müayinələrə əsasən, ona “Sol beyin yarımkürəsində sol təpə payının yarımkəskin dövr İşemik insultu” diaqnozu düzgün təyin edilmişdir. İşemik və ya hemorragik insultlar baş beyin damarlarının anadangəlmə inkişaf anomaliyalan və ya sonradan qazanılmış serebro-vaskulyar xəstəliklər və s. digər bəzi xəstəliklər fonunda inkişaf edən patologiyalardır. Qeyd olunanları nəzərə alaraq, bu patologiyanın aparılmış əməliyyatla səbəbli əlaqəsi olmamışdır. İddiaçıda sol beyin yarımkürəsində sol təpə payının yarımkəskin dövr işemik insultu ilə əlaqədar aparılmış müayinə və müalicələr onun vəziyyətinə, həmçinin səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. İddiaçının üzərində aparılmış əməliyyatın planlı olmasını nəzərə alaraq əməliyyatönü hazırlıq daha geniş həcmdə və konsultantların tövsiyələri nəzərə alınmaq şərti ilə aparılması məqsədə müvafiq olardı. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

35. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçı xəstəliyi ilə bağlı “Buta” Klinikasına müalicə məqsədi ilə müraciət etmiş, ona həmin Klinikada cavabdeh həkim tərəfindən diaqnoz qoyulmuş və əməliyyat olunması təklif olunmuşdur. İddiaçının özünün və iddiaçının arvadının razılığı ilə iddiaçının üzərində cavabdeh tərəfindən cərrahiyə əməliyyatı icra olunmuşdur. Əməliyyatı bitdikdən sonra iddiaçı, müəyyən olunmuş tibbi prosedurlardan keçmiş, lakin əməliyyatdan sonra onda yaddaş və nitq pozuntusu, halsızlıq müəyyən olunmuşdur.

37. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, pasiyentin: təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək; sanitariya-gigiyena tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq; stasionar müalicə olunduğu tibb müəssisəsinin mütəxəssislərinin iştirakı ilə konsilium və məsləhətləşmələr aparılmasını tələb etmək; tibbi yardım üçün müraciət faktını, müalicə, sağlamlıq vəziyyəti, xəstəliyin diaqnozu barəsində, eləcə də müayinə və müalicə zamanı əldə edilən digər məlumatları ətrafdakılardan gizli saxlamaq; tibbi müdaxiləyə şifahi və ya yazılı könüllü razılıq vermək; tibbi müdaxilədən imtina etmək; hüquq və vəzifələri haqqında, sağlamlığının vəziyyəti barədə məlumat almaq və öz mənafeyi baxımından bu məlumatı vermək mümkün olan şəxsi seçmək; daxili qaydalar pozulmamaq şərtilə xəstəxanada dini mərasimin icra edilməsi üçün ayrıca yerlə təmin olunmaq hüququ vardır. Pasiyentin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanına və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər (maddə 24.). Hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Vətəndaşın sağlamlığının vəziyyəti barədə məlumat onun özünə, qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin və ya yetkinlik yaşına çatmayanların sağlamlıqlarının vəziyyəti barədə məlumat isə onların valideynlərinə və ya qanuni nümayəndələrinə müayinə və müalicədə bilavasitə iştirak edən mütəxəssislər tərəfindən verilir. Xəstəliyin inkişaf proqnozu mənfi olduqda bu barədə məlumat xəstənin yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, xəstə tələb etdikdə isə bu məlumat ehtiyatlı formada onun özünə çatdırıla bilər. Vətəndaş onun sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərlə bilavasitə tanış olmaq və onlarla bağlı başqa mütəxəssislərdən məsləhət almaq hüququna malikdir. Vətəndaşın tələbi ilə ona sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərin surətləri təqdim olunur. Psixiatriya yardımı alan və ya əvvəllər psixiatriya yardımı almış şəxsə göstərilən yardım tədbirləri barədə məlumatlar şəxsin özünün və yaxud onun qanuni nümayəndəsinin yazılı müraciətindən sonra 2 gün ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunmalıdır. Pasiyentin məlumatları əldə etmək hüququ yalnız onun sağlamlığına zərərin vurulmasının qarşısının alınması və digər şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. Psixi pozuntusu olan pasiyentə qulluq edən ailə üzvləri yalnız göstərdikləri yardıma aid olan məlumatı əldə edə bilərlər. Pasiyentə zərər törədə biləcək məlumatların onlara verilməsi qadağandır (maddə 25.). Tibbi müdaxilə həyati göstərişlər əsasında təxirəsalınmaz hesab edildikdə və ya xəstə vəziyyəti ilə əlaqədar öz qərarını bildirmək iqtidarında olmadıqda məsələ konsilium tərəfindən həll olunur. Konsilium mümkün olmayan hallarda tibbi müdaxilə haqqında qərar müalicə-profilaktika müəssisəsinin rəhbərlərinə məlumat verməklə və ya bilavasitə müalicə (növbətçi) həkimi tərəfindən qəbul edilir. Qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərə və yetkinlik yaşına çatmayanlara tibbi müdaxilənin aparılması zəruri olduqda onların valideynlərinin və ya qanuni nümayəndələrinin bu barədə razılığı olmalıdır (maddə 26.). Qanunvericilikdə nəzərdə tutulan hallar (təcili və təxirəsalınmaz tibbi yardımın zəruri olduğu hallar) istisna olmaqla, vətəndaşın və ya onun qanuni nümayəndəsinin tibbi müdaxilədən imtina etmək, yaxud onun dayandırılmasını tələb etmək hüququ vardır. Tibbi müdaxilədən imtina etdikdə vətəndaşa, yaxud onun qanuni nümayəndəsinə mümkün olan nəticələr barədə izahat verilməlidir. Tibbi müdaxilədən imtina edilməsi və onun gələcək nəticələri barədə izahat vətəndaşın tibbi sənədlərində qeyd olunur və onun özü, yaxud qanuni nümayəndəsi, eləcə də tibb işçisi tərəfindən imzalanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin və ya yetkinlik yaşına çatmayanların valideynləri və ya qanuni nümayəndələri göstərilən şəxslərin həyatı üçün zəruri tibbi müdaxilədən imtina etdikdə, onların sağlamlığının qorunması üçün səhiyyə müəssisələri məhkəməyə müraciət edə bilərlər (maddə 27.).

38. Məhkəmə iddiaçının apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədi ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 X9 rəyini almışdır. Həmin xx.xx.2022-ci il tarixli, 4693 saylı ekspert rəyində qeyd edilir ki, “Perkutan nefrolİtotripsiya” cərrahiyyə əməliyyatının icra olunma müddəti barədə səhiyyə sistemində hər hansı tibbi protokol, təlimat və qaydalar mövcud deyil. İddiaçının adına “Buta” Klinikasında tərtib edilmiş tibbi sənədlərdən görünür ki, onun üzərində aparılmış “Perkutan nefrolİtotripsiya” cərrahiyyə əməliyyatının protokolunda əməliyyat müddətinin 5 saat 10 dəqiqə davam etməsi qeyd edilmişdir. Cərrahi təcrübəyə əsasən, qeyd olunan əməliyyatın müddəti daşın ölçüsündən, sayından və möhkəmliyindən asılı olaraq 5 saat 10 dəqiqə davam etməsi mümkündür və bununla əlaqədar hər hansı bir fəsad və ya ağırlaşma baş verməmişdir. İddiaçının adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, onun üzərində icra edilmiş “Perkutan nefrolitotripsiya” əməliyyatından 12 saat sonra xəstədə hissəvi amneziya, baş ağrıları, ümumi halsızlıq müşahidə olunmuş və vəziyyətinə uyğun olaraq konsultasiya üçün nevropatoloqun baxışı keçirilmiş, kompüter tomoqrafiya müayinəsi aparılmışdır. Aparılan kliniki, laborator və instrumental müayinələrə əsasən, ona “Sol beyin yarımkürəsində sol təpə payının yanmkəskin dövr işemik insultu” diaqnozu düzgün təyin edilmişdir. İşemik və ya hemorragik insultlar, baş beyin damarlarının anadangəlmə inkişaf anomaliyaları və ya sonradan qazanılmış serebrovaskulyar xəstəliklər və s. digər bəzi xəstəliklər fonunda inkişaf edən patologiyalardır. Qeyd olunanları nəzərə alaraq, bu patologiyanın aparılmış əməliyyatla səbəbli əlaqəsi olmamışdır. İddiaçının üzərində aparılmış “Perkutan nefrolitotripsiya” əməliyyatından öncə xəstədə şəkərli diabet, arterial hipertenziya və hemoqramda olan bəzi dəyişiklikləri nəzərə alaraq endokrinoloqun, kardioloqun, hematoloqun konsultasiyasının, böyrək və sidik yollarının KT müayinəsinin aparılması məqsədəuyğun olardı. Lakin, qeyd olunan konsultativ baxışların və instrumental müayinələrin keçirilməməsinə baxmayaraq əməliyyatın icrasına əks göstəriş olmamış, əməliyyatla əlaqədar hər hansı bir fəsad və ya ağırlaşma baş verməmişdir. İddiaçının adına “Buta” Klinikasında tərtib edilmiş tibbi sənədlərdən görünür ki, o, xx.xx.2021-ci il tarixdə “Buta” klinikasına müraciəti zamanı müvafiq müayinələrdən keçirilmiş və müayinə göstəricilərinə əsasən, əməliyyatın aparılmasına əks göstəriş olmamışdır. xx.xx.2021-ci il tarixdə aparılmış müvafiq müayinələrdən sonra iddiaçıya “Sol böyrəyin daşları. Sol tərəfli İV dərəcə hidronefroz” diaqnozu düzgün təyin edilmiş və diaqnoza uyğun olaraq onun üzərində həmin tarixdə ümumi anesteziya altında “Soltərəfli perkutan nefrolitotripsiya” cərrahiyyə əməliyyatı aparılmışdır. Əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. İddiaçıya “perkutan nefrolitotripsiya” əməliyyatının icrası ilə əlaqədar tərtib edilmiş xx.xx.2021-ci il tarixli anesteziya protokolu səhiyyə sistemində mövcud olan təlimat qaydalarına uyğun olmuşdur.

39. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf ekspert rəyi ilə razılaşmasa da ekspert rəyini şübhə altına ala biləcək sübutları Məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Məhkəmə iş üzrə verilmiş ekspert rəyinin əsaslılığını şübhə altına alan hər hansı xüsusatın olmadığını nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gəlməklə səhvə yol verməmişdir. Apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili əsassızdır.

41. Məhkəmə, iddianın “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” hissəsi ilə bağlı qeyd edir ki, cavabdehə qarşı bu tələbi irəli sürmüş iddiaçı bu tələbini onunla əsaslandırmışdır ki, cavabdehin onu səhv müalicə etdiyi üçün ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 1.000.000 manat məbləğində pul cavabdehdən onun xeyrinə tutulmalıdır.

42. Yuxarıda artıq qeyd edildiyi kimi, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi (arvadı) G.Gözəlova ərizə ilə Məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı, cavabdehdən onun xeyrinə tutulmalı olan maddi və mənəvi zərərin əvəzinin məbləğini 1.000.000 manatdan 100.000 manat kimi azaltmışdır. Buna görə də, bunun nəzərə alınmasını xahiş edir.

43. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-nin tələblərinin mənasına görə, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 53.). İddiaçı iddiadan tam və ya qismən imtina edə bilər (maddə 191.). İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir (maddə 261.). Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən və ya tamamilə ləğv edib, MPM-nin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər (maddə 384.).

44. Qeyd edilən prosessual hüquq normalarının tələblərindən müəyyən edilir ki, apellyasiya icraatı zamanı, iddiaçı, cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin həcmini azalda bilməz, iddianın bir qismindən imtina edə bilər.

45. Odur ki, göstərilənlərə əsaslanan Məhkəmə iddia tələbinin həcminin azaldılması barədə iddiaçı tərəfin verdiyi ərizəni nəzərə almamışdır.

46. “Maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” tələblə bağlı Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı bu tələbini onunla əsaslandırmışdır ki, cavabdehin onu səhv müalicə etdiyi üçün ona həm maddi, həm də mənəvi zərər dəymişdir ki, cavabdeh həmin zərərin əvəzini ödəməli, bu məqsədlə də cavabdehdən onun xeyrinə 1.000.000 manat məbləğində pul tutulmalıdır.

47. Bu tələbin əsaslı olub-olmamasını müzakirə edən Məhkəmə bildirir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında təsbit edilmiş mövqeyə görə, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanı”, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın” müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakınm zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasma gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalannı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.) Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfındən tam həcmdə ödənilməlidir (maddə 1097.1.).

49. yuxarıda artıq qeyd edildiyi kimi apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, cavabdeh iddiaçını səhv müalicə etməmiş, iddiaçının səhhətində yaranmış problemlər müalicə nəticəsində yaranmamışdır. Başqa sözlə, cavabdeh iddiaçıya münasibətdə delikt törətməmişdir.

50. Belə olan halda qəbul edilməlidir ki, cavabdeh iddiaçıya nə maddi, nə də ki, mənəvi zərər də vurmamışdır. Müzakirə edilən bu tələb əsassızıdır. Rayon Məhkəməsi bu tələbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili də əsassızdır. g) apellyasiya baxışının nəticəsi

51. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

52. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

53. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 oktyabr 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, qətnamədən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar