Məhkəmə qərarları › İş №2(103)-1993/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1993/2022

09.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1993/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4831/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən onun barəsində çıxarılan yanlış PCR test nəticəsinin ləvğ edilməsi, həmin nəticələrə görə ona dəymiş 4.820 manat məbləğində maddi zərərin, 4.000 manat məbləğində mənəvi ziyanın cavabdeh tərəfindən ödənilməsi və pozulmuş subyektiv hüquqlarının cavabdeh tərəfindən bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ildən davam edən pandemiya şəraitinə görə dünya ölkələrinin bir çoxunda olduğu kimi Azərbaycan Respublikasında da xüsusi karantin rejimi tətbiq olunur. Bu rejimlə əlaqədar olaraq ölkəyə giriş-çıxış müəyyən məhdudiyyətlərlə həyata keçirilir. “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.1.1-ci bəndinə görə Azərbaycan Respublikasından yola düşən sərnişinlərin COVİD-19-a dair PCR testindən keçirilməsi tələbi təyinat məntəqəsində müəyyən edilmiş qaydalara əsasən aviadaşıyıcı tərəfindən tənzimlənir. Belə müayinə xərcləri sərnişinlərin özləri tərəfindən ödənilir. Həmin Qərarın 2.1.3.2-ci maddəsinə əsasan Azərbaycan Respublikasına uçuşları icra edən bütün aviadaşıyıcılar Azərbaycan Respublikasının vətəndaşları və onların ailə üzvləri (arvadı (əri), himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları - müvafiq təsdiqedici sənədlər və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVİD-19-a dair PCR testinin ‘‘neqativ” nəticəsini təsdiq edən sənəd əsasında reysə qəbul edirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi PCR testi götürən klinikaların siyahısını təqdim etmişdir. Həmin klinikalar Qanunla nəzərdə tutulmuş qaydada və şəraitdə, istifadəyə yararlı avadanlıqlarla, tam təchizatlı laboratoriyada və tam gigiyenik şəraitcə vətəndaşlardan COVİD-19 testi götürməlidirlər. Bu siyahıya daxil olan Cavabdeh həyat yoldaşı X7 ilə birlikdə 16.08.2021-ci il tarixdə PCR testi vermişlər. Həyat yoldaşının nəticəsi “neqativ” olmuşdur. Lakin onda COVİD-19-a dair qızdırma, dad və iybilmənin yox olması, öskürək və bu kimi digər simptomlardan heç biri olmadığı halda testinin nəticəsi “pozitiv” çıxmışdır. Eyni tarixçə “Referans” klinikasında test vermiş, həmin klinikada isə testinin nəticəsi “neqativ” çıxmışdır. Ondan PCR testi götürülərkən gigiyena qaydalarına əməl olunmamış, otaqda kənar şəxslər olmuş və tibb işçisi ondan yemək yeyərək test götürmüşdür. PCR testinin götürülmə qaydasına görə burun və boğazdan yaxma alınmalı olduğu halda, yalnız burnundan yaxma götürülmüşdür. “Referans” klinikasında bu qaydaya əməl edilməklə, burnundan və boğazından yaxma götürülmüşdür. Cavabdeh analiz üçün etdiyi ödənişlə bağlı ona və həyat yoldaşına heç bir çek verməmişdir. Buradan belə bir nəticəyə gəlmək olar ki, Cavabdeh ümumiyyətlə götürülən yaxma nümunələrini laboratoriyada yoxlanışa göndərməmiş və onun barəsində əsassız olaraq “pozitiv” nəticə çıxarmışdır. Cavabdeh əməkdaşlarına yol verdikləri yanlışı düzəltməsi və ondan yenidən test götürülməsi üçün müraciət etsə də, özünü həmin klinikanın laboratoriyasının işçisi kimi təqdim edən Eldar adlı şəxs zəng edərək bunun mümkün olmadığını, artıq adının sistemə yoluxan kimi salındığını demişdir. Göründüyü kimi, onun hüquqlarını kobud şəkildə pozmuş, öz etibarlarına zərər gəlməsin deyə yol verdikləri səhvi aradan qaldırmaqdan imtina etmişlər. Yol verilmiş qanun pozuntusu nəticəsində peyvənd olunmağı barədə tibb müəssisələrinə müraciət etmək imkanından məhrum olmuşdur. Bunun nəticəsində həyat və sağlamlığım təhlükə altında qalmışdır. Pozulmuş hüquqlarının bərpası ilə bağlı Cavabdehla yanaşı, Azərbaycan Respublikasının Səhiyyə X8 və eyni zamanda, TƏBİB-nin sədri Ramin Bayramlıya şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin bu günədək Səhiyyə Nazirindən heç bir cavab məktubu gəlməmiş, 14.09.2021-ci tarixdə TƏBİB tərəfindən göndərilmiş cavab mektubunda isə bu məsələnin TƏBİB-nin səlahiyyətləri xaricində olduğu bildirilmiş, hüquqlarının bərpası ilə bağlı heç bir tədbir görülməmişdir. 17.08.2021-ci il tarixdən 24.08.2021-ci il tarixədək ailə üzvləri ilə birgə Türkiyə Respublikasına istirahətə getmək üçün "xxxx" MMC ilə 31.07.2021-ci il tarixdə otel xərcləri və aviabiletlərlə birlikdə 8450 manat məbləğində “Turizm xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlamış və 4590 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş tarif əsasında və “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində müəyyən edilmiş müqavilə əsasında özü və həyat yoldaşı ilə birgə PCR testinə Cavabdeh bir nəfər üçün 70 manat olmaqla, ümumilikdə 140 manat, “Referans” Hospitalda PCR testi üçün isə 90 manat olmaqla, ümumilikdə 4.820 manat ödəniş etmişdir. Verdiyi test nümunələrinin cavabları, müqavilə və etdiyi mədaxil qəbzləri iş materiallarına əlavə olunmuşdur. Bağladığı müqavilə və aldığı biletlər batmış, yanlış test nəticələrinə görə yenidən test vermək məcburiyyətində qalmış və buna görə ona xeyli miqdarda maddi ziyan dəymişdir. Cavabdeh tərəfindən çıxarılan yanlış test nəticəsinə görə həyat yoldaşı, bir və beş yaşında olan iki övladı ilə birgə karantin şəraitində qalmağa məcbur olmuşdur. Ailədə heç bir COVİD xəstəsi olmadığı halda cəmiyyətdən izolyasiya olmuş, işə gedə bilməmiş, zəruri ərzaq malları almaq üçün çölə çıxa bilməmiş və fəal ictimai həyat tərzindən məhrum olmuşdur. Cavabdeh yanlış test nəticəsinə görə işə gedə bilmədiyi üçün bu hal əmək fəaliyyətinə mənfi təsir göstərmişdir. Əmək hüquqları, ailənin və onun istirahət hüquqları pozulmuş, bu hal onda və ailə üzvlərində mənfi psixi reaksiyaya səbəb olmuş, güclü sarsıntı, əsəb və stress yaşamışlar, onlara mənəvi ziyan dəymişdir. “Ege Hospitalam əməkdaşlarının işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi onun hüquqlarına mühüm zərər vurulmasına səbəb olmuş, cavabdeh tərəfindən ona maddi və mənəvi zərər yetirilmiş, özünün və ailə üzvlərinin subyektiv hüquqları pozulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4831/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddiasının rədd edilməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili X6 apelyasiya şikayəti vermiş apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıdan PCR testi götürülərkən gigiyena qaydalarına əməl olunmamış, otaqda kənar şəxslər olmuş yə tibb işçisi iddiaçıdan yemək yeyərək test götürmüşdür. Eyni zamanda, PCR testinin götürülmə qaydasına görə burun və boğazdan yaxma alınmalı olduğu halda, yalnız burundan yaxma götürülmüşdür. İddia tələbini əsaslandırmaq üçün təqdim olunmuş sübutların bir hissəsi məhkəmə tərəfindən unudularaq sübutlar siyahısından çıxarılmışdır. Belə ki, "xxxx" MMCyə 31.07.2021-ci il tarixdə ilkin ödəmə olaraq 2545 manat ödənilməsi göstərilsə də, 15.08.2021-ci il tarixdə fiziki şəxs X3 bank hesabına ödənilmiş 5.000 (beş min) manata əsassız Olaraq qiymət verilməmişdir. TƏBİB-ə iddiaçı tərəfindən yol verilmiş qanun pozuntusunun araşdırılması ilə bağlı edilmiş müraciətinə TƏBİB tərəfindən verilmiş 14.09.2021-ci il tarixli “məsələ TƏBİB-in səlahiyyəti xaricindədir” cavabı olmasına baxmayaraq həmin sübut nəzərə alınmamışdır. İş materiallarına əlavə edilmiş və Respublika Diaqnostika Mərkəzi tərəfindən İddiaçı götürülmüş PCR test nəticələrinə dair 19.08.2021-ci il tarixli “neqativ” nəticə də sübutlar siyahısından çıxarılmışdır. Mülki Məcəlləsinin 1112-ci maddəsinin tələbinə əsasən cavabdeh nəinki öz təqsirsizliyini sübuta yetirmiş, heç məhkəmə iclasına belə gəlməmiş və hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə isə MPM-nin 78.2 maddəsinin tələblərini pozmaqla verdiyi sorğuya cavabdehin verdiyi cavabda əks olunan və heç bir hüquqi və tibbi əsası olmayan mülahizəni sübut kimi qiymətləndirmişdir. Əslində isə Səhiyyə Nazirliyinin 02.11.2021-ci il tarixli sorğusuna verdiyi cavabda bildirilmişdir ki, COVİD-19 infeksiyasının diaqnostikası üçün X4 tərəfindən qəbul olunmuş yeganə labarator müayinə üsulu ƏT-PZR-dir və diaqnostik testlərin həssaslığı istehsalçı tərəfindən müəyyən olunur. Göründüyü kimi, istər Cavabdeh tərəfindən, istər “Referans” klinikası tərəfindən, istərsə də Respublika Diaqnostika Mərkəzi tərəfindən İddiaçı götürülmüş PCR test nəticələri eyni labarator müayinə üsulu ƏT-PZR ilə aparılmışdır. Nəticədə həmin Məcəllənin 76-cı və 77-ci maddələrinin tələbləri pozulmuşdur. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4831/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən İddiaçı və Cavabdeh nümayəndəsinin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4831/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı nümayəndəsi və vəkili Əjdər Əhmədov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının 16.08.2021-ci il tarixli “Referans” X5 və Poliklinikasının İddiaçı dair SARS-Cov2 (Covid-2019) PCR analizinin nəticəsinə iddiaçının əsaslanmaqla onun bu xəstəliyə yoluxmadığını bildirməsi əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 16.11.2021-ci il tarixli, 21/19-5339 nömrəli məktubundan və “TƏBİB” X12 18.11.2021-ci il tarixli, PHŞ/11-2-2021-4267 nömrəli məktubundan da görünür ki, COVİD-19 infeksiyasının diaqnostikası üçün X4 tərəfindən qəbul olunmuş yeganə laborator müayinə üsulu ƏT-PZR-dir və diaqnostik testlərin həssaslığı istehsalçı tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Əjdər Əhmədovun çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 31.07.2021-ci il tarixli Turizm xidmətlərinin göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, İddiaçı turizm xidmətlərinə görə "xxxx" MMC-yə 4.971 manat ödəniş etməsini öz öhdəsinə götürmüşdür.(İ.vər. 11 - 14) İş materiallarında olan, "xxxx" MMC-nin 24.07.2021-ci il tarixli, 000720 nömrəli Kassa Mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 2545 manat ödəniş edilmişdir.(İ.vər. 19) İş materiallarında olan, 16.08.2021-ci il tarixli Cavabdeh İddiaçı dair Covid-19RT- PCR analizinin nəticəsindən görünür ki, analizin nəticəsi pozitiv çıxmışdır.(İ.vər. 8) İş materiallarında olan, 16.08.2021-ci il tarixli “Referans” X5 və Poliklinikasının İddiaçı dair SARS-CoV2 (Covid-2019) PCR analizinin nəticəsindən görünür ki, analizin nəticəsi neqativ çıxmışdır.(İ.vər. 15) İş materiallarında olan, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 16.11.2021ci il tarixli, 21/19-5339 nömrəli məktubundan görünür ki, COVİD-19 infeksiyasının diaqnostikası üçün X4 tərəfindən qəbul olunmuş yeganə laborator müayinə üsulu ƏT- PZR-dir və diaqnostik testlərin həssaslığı istehsalçı tərəfindən müəyyən edilir.(İ.vər. 41) İş materiallarında olan, “TƏBİB” X12 18.11.2021-ci il tarixli, PHŞ/11-2-2021-4267 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası ərazisində fərqli istehsalçılar tərəfindən istehsal olunmuş reaktivlərdən istifadə olunur və COVİD-19-RT-PCR, SARSCoV-2 spike RBD test nəticələrinin həssaslıq göstəricisi laboratoriyada istifadə olunan reaktivin istehsalçı tərəfindən verdiyi istifadə qaydasında qeyd olunur.(İ.vər. 39) Məhkəmə kollegiyası, maddi və mənəvi zərərlə bağlı iddia tələbi üzrə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə dair iddiaçının apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Həmin Məcəllnin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 1096-cı maddəsinə əsasən: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllnin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin Məcəllənin 1118.2-ci maddəsinə əsasən, itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Həmin Məcəllənin 1118.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Odur ki, maddi zərər hissəsində məhkəmə kollegiyası birinci inistansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsi ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Lakin iddiaçı cavabdehdən 6.0000 manat maddi ziyanın, 2.000 manat mənəvi ziyanın alınaraq ona ödənilməsini tələb etsə də, bununla bağlı mötəbər sübutları nə birinci inistansiya məhkəməsinə nədə ki, apelyasiya inistansiya məhkəməsinə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını və Plenumun tövsiyəedici qərarını müqayisəli təhlil edərək hesab edir ki, iddiaçı iddia tələbində qeyd edilən maddi hüquq normaları baxımından sübut ediləcəyi təqdirdə əsaslıdır. Ona görə ki, bu xüsusda olan iddiaların təmin edilməsi üçün ilk növbədə o sübut etməlidir ki, həqiqətən də cavabdehin hərəkətləri nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmiş, müalicə almış, bunlar cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş vermiş, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi maddi və mənəvi zərər arasında səbəbli əlaqə olmuşur. İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə hər hansı sübut təqdim etməmişdir. Odur ki, apelyasiya şikayətinin həmin dəlilləri əsasizdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası MPMnin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericilik iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü tələb edilən 4.820 manat maddi ziyanın cavabdehin təqsirli hərəkəti nəticəsində vurulması halı sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən zərər vurulmasını sübut etməsi yükü iddiaçının üzərinə düşür. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, klinikalar arasında COVİD-19 dair testlərin nəticələrində yaranmış ziddiyyət həmin klinikalarda istifadə edilən fərqli istehsalçılar tərəfindən istehsal olunan testlər və həmin testlərdə istifadə olunan reaktivlərdən irəli gəlir. Məhkəmə onu da qeyd edir ki, testlərin həssaslığı istehsalçı tərəfindən müəyyən edilməsi və dəqiq nəticələri əks etdirməməsi baxımından Cavabdeh İddiaçı dair Covid-19-RT-PCR analizinin nəticəsin pozitiv çıxması onun təqsirinin olçüsü kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin iddia tələbi ilə bağlı gəldiyi bu nəticə ilə razılaşır və apelyatorun maddi və mənəvi zərərlə bağlı iddia tələbi üzrə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə dair apelyasiya şikayətinin dəlillərini qətnamənin ləğvi üçün əsaslı hesab etmir. Belə ki, İddiaçı nümayəndəsi və vəkili Əjdər Əhmədov apelyasiya şikayətində iddiaçıdan PCR testi götürülərkən gigiyena qaydalarına əməl olunmadığını, otaqda kənar şəxslərin olduğunu, tibb işçisinin iddiaçıdan yemək yeyərək test götürdüyünü bildirsə də, göstərilən hallarla bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən İddiaçı nümayəndəsi və vəkili Əjdər Əhmədovun apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Buna görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4831/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar