Məhkəmə qərarları › İş №2(103)-1995/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1995/2023

17.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1995/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi Mətanət Əliyevin iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmlakın ipoteka yüklülüyündən azad edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə iddiaçıya məxsus, Abşeron rayonu, Novxanı qəsəbəsi, bağlar massivi, 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 189,6 kv.m, yaşayış sahəsi 69,8 kv.m, köməkçi sahəsi 119,8 kv.m təşkil edən bağ evi ilə bağlıdır (bundan sonra – bağ evi). Bağ evi kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi cavabdehin xeyrinə ipoteka ilə yüklü edilib. Belə ki, cavabdeh (bank) tərəfindən “X1” ASC-yə kredit verilib, kreditin qaytarılmasının təminatı kimi bir neçə daşınmaz əşya, o cümlədən bağ evi ipoteka ilə yüklü edilib. Kredit öhdəliyi pozulduğuna görə cavabdeh (bank) iddia ilə məhkəməyə müraciət edərək kreditin tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edib. Həmin iddiaya baxılıb və Binəqədi RM-nin xx.xx.2014-cü il tarixli 2(001)- 895/2014 nömrəli qətnaməsi ilə qət olunub ki, kredit alan “X1” ASC-dən kredit verən Cavabdeh ASC-nin xeyrinə kredit müqaviləsi üzrə cəmi 1.315.409, 64 (bir milyon üç yüz on beş min dörd yüz doqquz tam yüzdə altmış dörd) manat tutulsun və tutma ipoteka predmeti olan daşınmaz əşyalara yönəldilsin. İpoteka predmeti olan əşyalardan biri iddiaçıya məxsus olan, yuxarıda göstərilən bağ evidir. Daha sonra apellyasiya şikayəti verilib. İpotekaya aid hissədə Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2014-cü il tarixli 2(103)-4753/2014 nömrəli yeni qətnamə qəbul edilib, o cümlədən həmin qətnamədə bağ evinin ilkin satış qiyməti 189.000 manat müəyyən edilib, kreditə aid hissədə Binəqədi RM-nin qətnaməsi dəyişdirilmədən saxlanılıb. Daha sonra kassasiya şikayəti verilib. Ali Məhkəmənin xx.xx.2015-ci il tarixli 2(102)-1280/2015 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, bağ evi ipoteka yüklülüyündən azad edilsin. Tələb onunla əsaslandırılıb ki, bağ evinin ilkin satış qiyməti kimi göstərilən 189.000 manat iddiaçı tərəfindən cavabdehə ödənilib. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, bağ evi ipoteka yüklülüyündən azad edilsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, həmin vəsait iddiaçı tərəfindən ödənilməyib, bundan başqa ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka saxlayana ödənilməsi ipotekaya xitam verilməsinin əsası kimi qanunvericilikdə nəzərdə tutulmaylb. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Mətanət Əliyev apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: “İpoteka haqqında” Qanunun 46.1-ci maddəsinə görə, borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Göründüyü kimi, maddədə “əsas öhdəlik üzrə bütün tələbini ödəyərək” ifadəsindən istifadə olunub. Əsas öhdəlik üzrə bütün tələbin məbləği 1.315.409, 64 manatdır. Odur ki, ipoteka predmetinin ilkin satış qiymətinin (189.000 manatın) ödənilməsi hazırkı iddianın təmin edilməsinə əsas ola bilməz. O cümlədən Mülki Məcəllənin 311.1-ci maddəsindən görünür ki, əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Həmin Məcəllənin 311.3-cü maddəsindən görünür ki, kreditoru təmin edərkən mülkiyyətçi ipotekaya xitam verilməsini tələb edə bilər. Göründüyü kimi, bu maddələrdə “kreditorun təmin edilməsi” ifadəsindən istifadə olunub. Kreditorun təmin edilməsi üçün borc tam ödənilməlidir. Bundan başqa, “İpoteka haqqında” Qanunun 48.1-ci maddəsində ipotekaya xitam verilməsinin əsasları müəyyən edilib. Həmin maddədə göstərilən əsasların heç biri ipoteka predmetinə (bağ evinə) münasibətdə mövcud deyil. Beləliklə, bağ evinin ipoteka yüklülüydən azad edilməsi üçün əsas mövcud deyil. Birinci instansiya məhkəməsi maddi hüquq normasını pozduğundan qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh ASC-yə qarşı “əmlakın ipoteka yüklülüyündən azad edilməsi barədə” iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat İddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar