Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1998/2024 15.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-6031/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin ********* nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli “Əməlin tövsif edilməsi və cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında” qərarında göstərilmişdir ki, “ ... Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cavabdeh Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, Nadir Quliyev 240.000 manat məbləğində pul verməli idi ki, 5 ədəd evin aqlay işlərini görəm. Belə ki, 2015-ci ilin yanvar ayının 6-da mən İddiaçı 20.000 manat pulu, onunla şərikli olaraq Badamdar qəsəbəsində Nadir Quliyev tərəfindən fərdi tikilən 5 ədəd evin aqlay işlərinin görülməsi üçün Nərimanov rayonu K.Rəhimov küçəsində yerləşən “Texnika Bank”-ın qarşısında götürdüyünü və həmin işin sonunda əldə olunacaq ümumi 55.000-60.000 manat pulu isə Hafizlə aralarında bölünməli olduğunu bildirmişdir. Belə ki, Nadir Quliyev ona 240.000 manat puldan hissə-hissə olaraq 102.000 manat məbləğində iləri aparması üçün pul verdiyini bildirmişdir. O, həmin puldan 20.000 manat Hafizə qaytardığını bildirmişdir. 2015-ci ilin mart ayında binaların üzlənməsi və digər tikinti materialları almaq üçün Hafizdən hissə-hissə yenə 20.000 manat məbləğində pul aldığını demişdir. O, həmin binaların üzlənməsi ilə əlaqədar olaraq işlərə başladığını və təxminən 4 ay müddətində işləri gödükdən sonra, həmin binaların yerləşdiyi torpaq sahəsində dövlət tərəfindən bir gün içərisində həmin binalar sökülərək «Dostluq» parkı salındığını bildirmişdir. Həmin vaxt isə artıq binalar söküldüyündən, işləri yarımçıq qaldığını və tamamlana bilmədiyini bildirmişdir. O da, Hafizdən aldığı 20000 manat pulu da, binaların üzlənməsi ilə bağlı materialların alınmasına xərcləndiyindən, həmçinin özündə, təxminən özünə məxsus 35.000 manat pulu orada xərclədiyindən Hafiz pulunu tələb etdikdə o, pulu ona qaytara bilmədiyini demişdir. Beləliklə də ziyana düşdüyünü, bundan sonra isə Hafiz pulu ondan tələb edərək, barəsində bu kimi əsassız şikayətlər etməyə başladığını bildirmişdir. O, Hafizi aldatmaq və ya pulunu ələ keçirmək məqsədi ilə 20.000 manat pulu almadığını, ondan aldığı həmin pul ilə birlikdə razılaşdığı işə xərclədiyini, həmin binaların isə dövlət tərəfindən söküldüyündən, həmin işdə qazanc əldə edə bilmədiyindən, həm Hafizdən aldığı pulu ona qaytara bilmədiyini bildirmişdir. Hafiz ona cəmi 20.000 manat pul verdiyini, həmin məbləğin 30.000 manat olmasının isə həqiqət olmadığını, onun Hafizə 20.000 manat borcu qaldığını və o, ziyana düşdüyündən Hafizin pulunu qaytara bilmədiyini bildirmişdir. Onlar həm villalara həm də karxanaya gedib baxdıqlarını bildirmişdir. Hafizlə birlikdə Bakı şəhəri Dəməgül tikinti-sənayə bazarında 2 ədəd daş kəsən avadanlığını, 2 ədəd daş cilalayıcı aparat, 2 ədəd elektrik genaratoru 30.000 manata alınmadığım bildirmişdir. Hafizdən Nəsimi rayonu 3-cü mikrorayon dairəsinin yanında 5.000 manat, 2015-ci ilin fevral ayının ortalarında Bakı şəhəri Nəsimi rayonu «Şamaxinka» adlanan ərazidə 6.000 manat, 2015-ci ilin fevral ayının sonlarında isə Bakı şəhəri Nərimanov rayonu ərazisində “Nəriman Nərimanov” adına istirahət parkında 3.000 manat olmaqla ümumilikdə 14.000 manat pul almadığını bildirmişdir. Hafizlə birlikdə Nadir Quliyevin yanına Binəqədi rayonu Biləcəri qəsəbəsindəki ofisinə gedərək söhbət etmədiyini bildirmişdir. ... Cinayət işi üzrə İddiaçı ilə Cavabdeh arasında üzləşdirmə keçirilmiş və Cavabdeh ondan 64.000 manat deyil cəmi 20.000 manat məbləğində pul alıdığını onun üzünə qarşı bildirmişdir. ... İş üzrə xx.xx.2023-cü il tarixdə İddiaçı təkrarən ərizə ilə müraciət edərək Cavabdeh tərəfindən ona olan borcundan 5.000 manat ödənildiyini bildirərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs Cavabdeh İddiaçı cəmi 20.000 manat məbləğində pul alması öz təsdiqini tapdığından, İddiaçı təkrar ərizəsi əsasında Cavabdehla aralannda olan borcdan 5.000 manat pulun ödənildiyindən, qalan məbləğin sübuta yetmədiyini nəzərə alaraq, təqsirləndirilən şəxs Cavabdeh cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilməlidir”. Qərara əsasən iş üzrə Cavabdeh əməlində cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən onun barəsində hissəvi olaraq cinayət təqibinə xitam verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 15.000 manat əsas borc və bu məbləğin gecikdirilməsinə görə Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış 14.764 manat faiz borcu olmaqla, cəmi 29.764 manat və dövlət rüsumuna görə ödənilmiş 180 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və 2014-cü ilin əvvəllərində işlə əlaqədar Cavabdehla tanış olmuşdur. Cavabdeh özünü iddiaçıya inşaat-tikinti müəxəssisi kimi, işgüzar şəxs kimi təqdim etmişdir. İddiaçı «X2» MMC-nin direktoru vəzifəsində işlədiyi zaman Cavabdeh Azərbaycan Respublikası Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin keçirdikləri tenderə cəlb edə biləcəyi adı ilə onu inandırıb aldadaraq və onun etibarından sui-istifadə edərək cəmi 20.000 manat məbləğində pul istəmiş və güya məktəblərin tikintisi ilə bağlı tenderləri udaraq əldə edəcəklərini və onu tikinti işlərinə şərik edəcəyini bildirmişdir. xx.xx.2015-ci il tarixdə Nərimanov rayonu ərazisində yerləşən "Texnika" bankın içərisində 20.000 manat pulu Cavabdeh əlbəl vermiş, Cavabdeh pulu ona qaytarmaqdan müxtəlif vasitələrlə yayınmışdır. Bu məsələ ilə bağlı Nərimanov Rayon Polis İdarəsinə ərizə ilə müraciət edilmiş, Nərimanov Rayon Polis İdarəsində, araşdırma aparılmış və nətiçədə Cavabdeh ona 20.000 manat pul verməli olması təsdiq olunmuş, xx.xx.2023-cü il tarixdə həmin puldan 5.000 manat İddiaçı ödənilmişdir. Pul öhdəliyinin icra edilməməsi məsuliyyəti üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun olaraq xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər 14.764 manat məbləğində faiz borcu müəyyən olunmuşdur. Cavabdeh iddiaçıdan xx.xx.2015-ci il tarixdə 20.000 manat almış, xx.xx.2023-cü il tarixdə 20.000 manat məbləğindən 5.000 manat qaytarmış, xx.xx.2023-cü il tarixinə 15.000 manat məbləğində borcu qalmışdır. Nəticədə 14.764 manat gecikmə faizi yaranmışdır. Beləliklə, gecikmə müddətini nəzərə alaraq hesablanan gecikmə faizlərinin miqdarı əsas borc məbləğinin üzərinə gəlinərək iddiaçıya ödənilməlidir.
4. Cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia müddətinin tətbiq olunmasını, iddiadan imtina barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 6031/2023 nömrəli qətnaməsi ilə (hakim N.X.Nəbizadə) iddia qismən təmin edilmiş, 15.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 135 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd etmişdir ki, mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi olan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin ********* nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli Əməlin tövsif edilməsi və cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında Qərarından göründüyü kimi, Cavabdeh 2023-cü ilin may ayında borcu etiraf etməsini göstərən hərəkətlər etmiş və borcun 5.000 manat hissəsini İddiaçı ödəmşdir. Belə olan halda iddia müddətinin axımı kəsildiyindən, hazırkı vəziyyətdə iddia müddəti ötürülmüş hesab edilə bilməz.
7. Bununla yanaşı məhkəmə iddiaçının Mülki Məcəllənin 449-cu maddəsinə istinad edərək cavabdehdən əlavə olaraq 14.764 manat məbləğində pulun tələb edilməsini də əsaslı hesab etməmişdir. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
8. Məhkəmə həmçinin qeyd etmişdir ki, hər iki tərəfin məhkəmə iclasında verdiyi izahatlardan göründüyü kimi, tərəflər birlikdə iş görmüş, davamlı olaraq müxtəlif layihələrdə iştirak etmiş (*iddiaçının sözlərinə görə, aralarında hər hansı narazılıq olmadan əməkdaşlıq 2004-cü ildən davam edib), gəlir əldə etmişlər. İddiaçı tərəfindən cavabdehə verilmiş və hazırkı işin predmetini təşkil edən 20.000 manat məbləğində pul borc kimi deyil, evlərin tikintisində istifadə ediləcək materialların alınması üçün verilmiş və iş sifarişçiyə təhvil veriləndən sonra nəticə etibarilə əldə ediləcək gəlir aralarında bölünəcəkdi. Tərəflər arasında iddiaçıya pulun nə vaxt və hansı həcmdə qaytarılacağına dair hər hansı müqavilə mövcud deyil. Pulun qaytarılması anı tərəflər arasında şərtləndirilmədiyindən isə, cavabdeh tərəfindən “borcun ödənilməsinin gecikdirilməsi”nin qəbul edilməsi və ondan əlavə olaraq 14.764 manat məbləğində pulun tutulması qanuni və əsaslı hesab edilə bilməz.
9. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, iddia ərizəsi qismən təmin edilməli, 15.000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380, 449, 449.1, 1091.1, 1091.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarına, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 82.4, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, xx.xx.2015-ci il tarixdə 3 ay müddətində qaytarmaq şərtilə cavabdeh tərəfindən kassa məxaric orderi ilə pul alınmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə 5.000 manat qaytarmış, 15.000 manat məbləğində borcu qalmışdır. Nəticədə 14.764 manat gecikmə faizi yaranmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
15. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən qətnamə iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul etməklə iddia tələbi qismən təmin edilməlidir.
21. İşdən müəyyən olunur ki, 2015-ci ilin yanvar ayının 5-də cavabdeh şərikli tikinti işlərinin görülməsi adı ilə iddiaçıdan 20.000 manat məbləğində pul almış, lakin sonradan verdiyi vədə əməl etməmiş və iddiaçıdan aldığı pulu geri qaytarmamışdır. Bu səbəbdən iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etmiş, onun şikayəti əsasında cavabdehin barəsində cinayət təqibi başlanmış, lakin cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən barəsində hissəvi olaraq cinayət təqibinə xitam verilmişdir. Cavabdeh 2023-cü ilin may ayında qeyd olunan məbləğdən iddiaçıya 5.000 manat qaytarmışdır.
22. Hazırda iddiaçı 2015-ci ilin yanvar ayından cavabdehin qaytarmadığı 15.000 manata görə 14.764 manat faiz tələb edir.
23. Qeyd edilməlidir ki, 15.000 manat məbləğində pulun tutulması ilə bağlı qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilməmişdir və həmin hissə yuxarıda da qeyd olunduğu kimi, apellyasiya baxışının predmetini təşkil etmir.
24. Kollegiya qeyd edir ki, iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən 15.000 manat məbləğində puldan faydalandığına görə bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizin tutulması hissəsində əsassızdır.
25. Belə ki, hazırki iş üzrə cavabdehin mübahisələndirilən pul vəsaitindən faydalanması halı sübuta yetirilmir və iş materiallarından müəyyən edilmir, belə olan halda kollegiya hesab edir ki, Mülki Məcəllənin 449-cu maddəsinin dispozisiya şərtləri daxilində cavabdehdən bank uçot dərəcəsinə uyğun olaraq pulun tutulması yolverilməzdir.
26. Kollegiya iddiaçının tələbini bu hissədə qismən əsaslı hesab edir və belə qənaətə gəlir ki, cavabdeh qaytarılmalı olan pula görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5% hesablanmaqla 6.312,5 manat məbləğində pul ödəməlidir.
27. Kollegiya qeyd edir ki, iddiaçı pulu 3 ay müddətinə qaytarılması şərti ilə verdiyindən cavabdehin pulu qaytarmadığı tarix 2015-ci ilin aprel ayından nəzərə alınmalı və iddia ərizəsi ilə məhkəməyə müraciət olunan tarixə - 2023-cü ilin sentyabr ayınadək olan dövr üçün hesablanmalıdır. Belə olan halda, 15.000 manata görə illik 5% olmaqla 8 il 5 ay müddətinə ümumilikdə 6.312,5 manat məbləğində cavabdehdən pul tutulmalıdır (15000 x 5% = 1 il üçün 750 manat, 1 ay üçün 62.5 manat (750 / 12 ay); 750 x 8 il = 6000 manat; 62.5 x 5 ay = 312,5 manat).
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 6031/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh 6.312,5 manat məbləğində pul vəsaiti və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 64 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.