Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-20/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: qanunsuz həbslə bağlı maddi və mənəvi ziyanın ödənilməsi, sübuta qiymət verilməməsi ) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(006)-4809/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 11 mart 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(004)- 476/2019 saylı qərarı ilə CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 1 ay 14 gün müəyyən edilmiş, həbsdə saxlama müddətinin əvvəlinin təqsirləndirilən şəxsin faktiki tutulduğu andan hesablanması qərara alınmışdır.
2. İddiaçı 28 oktyabr 2019-cu il tarixdən 10 dekabr 2019-cu il tarixinədək həbsdə saxlanmış, 10 dekabr 2019-cu il tarixdən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.
3. İddiaçı əməlində CM-in 177.2.4-cü maddəsinin tərkib əlamətləri olmaması əsası ilə onun barəsində cinayət işini icraatına 01 iyun 2020-ci il tarixli qərarla xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı F.Qəmbərli iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək əsassız və qanunsuz cinayət məsuliyyətinə cəlb olunması və həbsdə saxlanmasına görə 19.150 (on doqquz min yüz əlli) manat maddi və 10.000 (on min) manat mənəvi ziyan olmaqla, 29.150 (iyirmi doqquz min yüz əlli) manat məbləğində kompensasiyanın Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, barəsində həbs qətimkan tədbiri seçiləndə iddiaçı Türkiyə Respublikasında olmuş, orada işləmişdir. Barəsində həbs qərarı olmasını eşidən kimi Bakıya gəlmək istəmiş, 29 oktyabr 2019-cu ildə Naxçıvan gömrüyündə saxlanıb, istintaq təcridxanasına yerləşdirilmişdir.
6. 01 iyun 2020-ci il tarixdə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilmişdir.
7. Barəsində istintaq orqanı tərəfindən əsassız və qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmağına dair qərar qəbul olunması, 1 (bir) ay 14 (on dörd) gün həbs qətimkan tədbiri seçilməsi ilə iddiaçının azadlığının əlindən alınması, daha sonra uzun müddətə – 170 gün ərzində hüquq məhdudlaşdırıcı tədbir olan ‘‘polisin nəzarətinə vermək haqqında" qətimkan tədbirinə məruz qalması həbsdə saxlandığı dövrdə yaxın qohumları tərəfindən çəkilən xərclərlə bağlı iddiaçıya ziyan vurulmuşdur.
8. İddiaçı müdafiəçinin hüquqi yardımından istintaq və məhkəmə instansiyasında istifadə etməyə məcbur olmaqla, yaxınları ilə görüş və ona gətirilən bağlamalara görə əlavə xərclər çəkməli olmuşdur. İddiaçının barəsində olan cinayət işinin istintaqda aparılması üçün ümumi müdafiə haqqı kimi 1000 (bir min) manat, istintaq təcridxanasında saxlanıldığı 42 gün müddətində qohumları tərəfindən çəkilən xərc 200 (iki yüz) manat, yol xərci məsrəfləri 100 (yüz) manat olmaqla, 1300 (bir min üç yüz) manat müəyyən edilməlidir.
9. Bundan başqa, cinayət əməli törətməkdə əsassız şübhəli bilinərək 42 (iki) gün müddətinə həbsdə saxlanmağı, cəmiyyətdə mənfi cinayətkar obrazının formalaşması, çirkin bir əməl – oğurluq cinayətinin törədilməsi şayiəsi, iddiaçıya və ailə üzvlərinə ciddi mənəvi zərbə vurmuşdur. İddiaçı ali təhsillidir, işləyir. İstintaq orqanının qanunsuz qərar qəbul etməsi iddiaçının ictimai nüfuzuna, şərəf və ləyaqətinə ciddi mənfi təsir göstərib. Şərəf və ləyaqəti təhqir olunub, aşağılanıb. İddiaçı ağır əsəb gərginliyi keçirmişdir. Hazırda da müalicə alır. Sağlamlığını itirmişdir.
10. İddiaçı qanunsuz olaraq oğurluq cinayəti törətmə ittihamı ilə 42 gün həbsdə saxlanmağını özü üçün həyatının ən böyük təhqiri hesab edir. Vurulmuş mənəvi zərərin dəyərini 10.000 (on min) manat məbləğində dəyərləndirir.
11. Bundan başqa, iddiaçı tutulduğu günə 29 oktyabr 2019-cu ilə kimi Türkiyə Respublikasının İstanbul şəhərində, Laleli küçəsində “X1 Ltd.Şti” şirkətində işləmiş, aylıq əmək haqqı 1500 ABŞ dolları, yəni 2550 manat təşkil etmişdir.
12. Barəsində aparılmış qanunsuz istintaq hərəkəti və həbs qətimkan tədbiri seçilməsi nəticəsində iddiaçı iş yerini və qazancını itirmişdir. İş yerini itirməyi nəticəsində ona 01 iyuna kimi 17.850 (on yeddi min səkkiz yüz əlli) manat ziyan vurulmuşdur.
13. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21 və 1101-ci maddələrinə istinad etmişdir.
14. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi iddiaya etiraz vermişdir. Etirazın dəlilləri: - iddiaçı “X1 Ltd.Şti” şirkətində işləməsini göstərib, lakin həmin şirkətdən azad edilməsinin barəsində olan cinayət işi ilə bağlılığı sübut edilmir; - hüquqi yardımla bağlı sənədlər işə əlavə olunmalı və hətta həmin sənədlərin iddiaçıya qarşı cinayət işi ilə əlaqəli olması sübut edilməlidir. - “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 5- ci maddəsində ödənilməli olan ziyanın növləri konkret göstərilir və iddiaçının həbsdə olduğu müddət ərzində ailə üzvləri tərəfindən çəkilən xərclər, yol məsrəfləri həmin Qanunda nəzərdə tutulan ödənilməli ziyan sayılmır; - mənəvi zərər ödənilərkən CPM-in 190-cı maddəsini tələbləri nəzərə alınmalıdır. Həmin normaya görə kompensaisiyanını ən yüksək həddi 300 manatdır.
15. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4809/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 500 (beş yüz) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Rəşid Səmədov)
16. Birinci instansiya məhkəməsi işdəki sübutlara istinadən müəyyən edib ki, İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X5 tərəfindən qəbul edilmiş “sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərar ilə İddiaçı əməlində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilmişdir.
17. Birinci instansiya məhkəməsi qeyd edib ki, dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyriqanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyriadekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.
18. Birinci instansiya məhkəməsi hesab edib ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.
19. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçı ona 19.150 manat ziyanın vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz.
20. Həmçinin birinci instansiya məhkəməsi mənəvi zərərlə bağlı iddiaya qiymət verərək, iddianın bu hissəsini qismən, yəni 500 (beş yüz) manat həcmində təmin olunmasını ədalətli hesab edib. Belə ki, iddiaçının 42 gün həbsdə saxlanılmağı, ona 170 gün “polisin nəzarətinə vermək haqqında” qətimkan tədbiri tətbiq edilməsi iddiaçıya inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi ağlabatan deyildir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 23, 386.1, 1101.1-ci maddələri, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Qanunun 4-cü, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2, 56.0.3cü, Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddələr, “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarı ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat.
22. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verib qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayətinin dəlilləri: - qətnamə maddi və prossesual hüquq normalarının pozulması nəticəsində qəbul edildiyindən ləğv olunmalıdır. Qətnamənin nəticə hissəsindən məlum olur ki, məhkəmə mənəvi ziyana görə 500 manat kompensasiya müəyyən etmişdir. Lakin məhkəmə bununla bağlı hər hansı təsdiqedici sənədlərə istinad etməmişdir və iş materiallarında iddiaçıya hər hansı mənəvi zərər dəyməsi faktı da sübut olunmur; - məhkəmə qətnamədə vurulmuş maddi və mənəvi zərərin iddiaçı tərəfindən sübuta yetirilməməsini qeyd etməsinə baxmayaraq, iddiaçının xeyrinə 500 manat məbləğində mənəvi ziyanın tutulmasını qət etmişdir; - Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin kontekstində iddiaçıçıya 500 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır; - bundan başqa məhkəmə qərar qəbul edərkən həm iddiaçıya ziyan vurmuş şəxslərin təqsirliliyini (qərəzli, əsaslı yanılma və səhv nəticəsində), iddia tələbinin yönəldiyi dövlət büdcəsinin vəziyyətini, qətnamənin icrasının mümkünlüyünü və s. nəzərə aldıqdan sonra ədalətli mövqe nümayiş etdirməyə borclu idi; məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, lakin bəmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir - məhkəmənin iddianı təmin edərkən heç bir mötəbər sübuta istinad etmədiyi aşkardır. Qətnamədən də göründüyü kimi məhkəmə yalnız iddiaçının fikir və mülahizələrinə etimad göstərməklə kifayətlənmişdir.
24. İddiaçı Avadxan oğlu apellyasiya şikayəti verib qətnamənin ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun deyil; - məhkəmə qətnamədə iddiaçının “X1 Ltd.Şti” şirkətində işləməsi barədə arayışa istinad etsə də, sonda iddiaçının işləməsi barədə sübut təqdim etməməsini göstərmişdir; - 500 manat mənəvi zərər ona vurulmuş mənəvi zərərin adekvat əvəzi deyil.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2754/2021 nömrəli, 24 fevral 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4809/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qətnaməsi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən mənəvi zərərə görə 500 manat məbləğində pulun tutulması hissəsində dəyişdirilərək həmin məbləğ 3000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Vahid Sadıqov)
27. Apellyasiya məhkəməsi maddi ziyan tələbini təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, iddiaçı ona 19.150 manat ziyanın vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
28. Bununla belə apellyasiya məhkəməsi hesab edib ki, birinci instansiya məhkəməsi cavabdehdən mənəvi zərərə görə 500 (beş yüz) manatın alınaraq iddiaçıya ödənilməsi qənaətinə gəlməkdə haqlı olmamışdır.
29. Mənəvi zərərlə bağlı apellyasiya məhkəməsinin mövqeyi belə olub ki, mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsi mümkün olmasa da, 3000 (üç min) manat həcmində təmin olunması ədalətlidir. Çünki hər bir halda azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla o, heç bir maddiyyatla əvəz edilə bilməz. Lakin iddiaçının 1 ay 12 gün azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi ağlabatan deyildir. Cavabdehdən iddiaçının xeyrinə 3000 (üç min) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması qanuni olmaqla yanaşı ağlabatan və ədalətlidir.
30. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə və «Mənəvi zərərin odənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrubəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarın istinad etmişdir.
Kassasiya instansiyası məhkəməsindəki icraat.
31. İddiaçı (vəkil X3) kassasiya şikayəti verib, qətnamənin ləğv, iddia tələbinin tam təmin olması barədə qərar çıxarılmasını xahiş etmişdir.
32. Kassasiya şikayətinin dəlilləri: - məhkəmə qeyd edib ki, iş materiallarında olan “X1” MMC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 2019-cu ilin mart ayından etibarən həmin MMC-də işləyir, aylıq maaşı 1500 ABŞ dollarıdır və iddiaçı ona 19.500 manat ziyan vurulduğunu bildirsə də iddiasını əsaslandıracaq subutu məhkəməyə təqdim edə bilməmişdir. - halbuki, məhkəmə yuxarıda qeyd edildiyi kimi iddiaçının Türkiyə Respublkasında işlədiyinə və ayda 1500 ABŞ dolları məbləğində maaş alması barədə sənədə istinad edib; - iddiaçı istintaq və məhkəmə orqanlarının qanunsuz qərarları nəticəsində həbs edilmiş, həmin iş yerindən və qazancından məhrum olmuşdur. İş üzrə iddiaçının izahatı və məhkəməyə təqdim edilmiş arayış, məhkəmə və istintaq qərarları ilə qeyd edilən hal öz təsdiqini tapır; - iddiaçı ali təhsillidir, iddiaçıya oğurluq maddəsi ilə ittiham irəli sürüb 42 gün müddətində həbsdə saxlanmaq ona ciddi mənəvi zərər vurmuşdu; - məhkəmə iddiaçının həbsdə saxlandığı müddətdə valideyinləri tərəfindən gətirilən bağlamaları, onların yol xərclərini nəzərə almayıb. Valideyinlərinin yaşadığı yerlə saxlanıldığı Bakı İstintaq təcridxanasının arasındakı məsafə 30 km-dən artıqdır; - təqdim edilmiş qərarlardan da görünür ki, iddiaçının işində müdafiəçi iştirak edib. Daha sonra iddiaçı polisin nəzarətinə verilib. Həbsə alındığı 30 oktyabr 2019-ci ildən barəsində olan cinayət işi xitam verilən günə qədər vəkil işdə iştirak edib. Yeddi ay ərzində müdafiəçi istintaq hərəkətlərində, məhkəmələrdə iştirak etmiş, qəbullarda olmuşdur. Vəkil bütün bu işləri əvəzsiz etməmişdir. Nəsimi rayon məhkəməsi bu hala qiymət verməmiş, bu dəlillləri Bakı Apellyasiya məhkəməsinin nəzərinə çatdırsa da apellyasiya instansiyası məhkəməsi də buna hüquqi qiymət verməmiş, maddi ziyanın ödənilməsini təmin etməmişdir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 11 aprel 2022-ci il tarixli, 2(102)-1897/2022 saylı qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli qətnaməsi əmək haqqı ilə bağlı maddi zərər məbləğinə aid hissədə ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır.
34. Kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı mənəvi zərər hissəsində 500 manat həddində müəyyən etmiş, cavabdehin həmin hissədə apellyasiya şikayəti qismən təmin edilərək, mənəvi zərərin məbləği 3000 manat həddində müəyyən edilmişdir. Məhkəmə kollegiyası mənəvi zərərin həddi ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə apellyasiya məhkəməsinin qiymətləndirməsini əsaslı sayır və qeyd edir ki, hazırki işdə iddiaçının hüquqlarının pozulması faktı tanınmış, pozuntu nəticəsində dəymiş mənəvi zərər qismində cavabdehdən pul da tutulmuşdur. Bu isə artıq iddiaçının pozulmuş hüquqlarının səmərəli bərpası deməkdir. Hətta “Alexina və digərləri Rusiyaya qarşı” işdə X10 Məhkəməsinin mövqeyinə görə pozuntu faktının tanınması belə mənəvi ziyanın ədalətli əvəzi hesab edilə bilər.
35. Kassasiya instansiyası həmçinin qeyd etmişdir ki, maddi zərərə gəldikdə, işdən görünür ki, 19150 manat maddi zərər üç ünsürdən ibarətdir: 1000 manat vəkilə çəkilmiş xərc; 300 manat iddiaçının qohumları tərəfindən həbsdə olduğu müddət üçün çəkilən xərc; 17850 məhrum olduğu manat əmək haqqı. İddiaçı vəkilə çəkilmiş xərc və valideynlərinin onun həbsi ilə bağlı çəkdiyi xərclər qismində maddi zərər tələbini sübut edə bilmədiyi üçün işə baxan məhkəmələr tərəfindən həmin hissədə maddi zərər tələbinin təmin edilməməsi də işin hallarına uyğun olmuşdur. İddiaçı maddi zərərin yuxarıda sadalanan iki ünsürü ilə bağlı tələbini təsdiq edən heç bir sübut təqdim etmədiyi üçün həmin hissədə maddi zərərlə bağlı iddianı təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
36. Bununla belə, məhkəmə kollegiyası hesab etmişdir ki, maddi zərərin üçüncü ünsürü olan əmək haqqı hissəsi ilə bağlı iddia tələbinin təmin edilməyən hissəsində qətnamə əsaslı deyildir. Belə ki, iddiaçı həmin hissədə iddia tələbini barəsində qətimkan tədbirləri (həbs və polisin nəzarəti altına vermə) seçilməmişdən əvvəl İstanbul şəhərində “X1 Ltd.Şti” şirkətində işləyərək 1500 ABŞ dolları əmək haqqı alıması ilə əsaslandırmış və həmin şirkətin arayışına istinad etmişdir. Əmək haqqı ilə bağlı maddi zərər tələbini etməyərkən birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi “X1 Ltd.Şti” şirkətinin arayışna istinad etsə də, həmin arayışa qiymət verməmiş, qeyd edilən arayışı sübut kimi qəbul edib-etməməsini qətnamədə göstərməmiş, bununla da prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi ilə bağlı tələblərini pozmuşdur. İddiaçı apellyasiya şikayətində qeyd edilən arayışa qiymət verilməməsini dəlil kimi irəli sürsə də, apellyasiya məhkəməsi də iddiaçının həmin dəlilinə qiymət verməmiş, qeyd edilən arayışı sübut kimi qəbul edib-etməməsini qətnamədə göstərməmiş, bununla da prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi ilə bağlı tələblərini pozmuşdur.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
38. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmidir ki, o, həqiqətən həbs olunmamışdan əvvəl Türkiyə Respublikasının İstanbul şəhərində “X1 Ltd.Şti” şirkətində işləyərək 1500 ABŞ dolları əmək haqqı almış, lakin həbs olunması ilə bağlı barəsində cinayət təqibi aparıldığından, eyni zamandan həbsdən buraxılsa da barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçildiyindən işinə qayıda bilməmiş, bu səbəbdən də işəgötürən onun işdən çıxarılması barədə əmr vermişdir. O, “X1 Ltd.Şti” şirkətində işləməsi ilə bağlı müvafiq arayışı sübut kimi məhkəməyə təqdim etmişdir, əlavə hər hansı sübutu yoxdur. Bu səbəbdən hazırki apellyasiya baxışı zamanı Türkiyə Respublikasına məhkəmə tapşırığı göndərilmiş, lakin cavab olaraq oradan göndərilən sənədlərdə onun işlədiyi hüquqi şəxsin göstərilən ünvanda olmaması müəyyən edilmiş, bu səbəbdən də suallar cavablandırılmamışdır. Onda olan şifahi məlumata əsasən “X1 Ltd.Şti” şirkəti bir müddətdir ki, fəaliyyətini dayandırmışdır.
39. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
40. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və apellyasiya baxışı zamanı müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndələri, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
41. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
42. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.
43. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Maddə 5. Ödənilən ziyan Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər ödənilməlidir. Maddə 6.1 Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
44. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi Maddə 58.3. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: 58.3.1. məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 58.3.4. müdafiəçiyə ödənilmiş pul məbləği.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi həmin qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
46. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.
Apelyasiya baxışının hədləri
47. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
48. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 11 aprel 2022-ci il tarixli, 2(102)-1897/2022 saylı qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli qətnaməsi qismən, yəni əmək haqqı ilə bağlı maddi zərər məbləğinə (17850 manat) aid hissədə ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Bu səbəbdən də məhkəmə kollegiyası məhz həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi).
49. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi üçüncü şəxs qismində icraata cəlb olunmuşdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv olunmalı, iddia həmin hissədə yenidən rədd olunmalıdır.
51. Belə ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə rədd etsə də, qətnaməni həmin hissədə ümumiyyətlə əsaslandırmamış, iddiaçının təqdim etdiyi “X1 Ltd.Şti” şirkətinin arayışına hüquqi qiymət verməmiş, qeyd edilən arayışı sübut kimi qəbul edib-etməməsini göstərməmiş, bununla da prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi ilə bağlı tələblərini pozmuşdur.
52. Bu hal həmçinin ədalətli məhkəmə araşdırması prinsipinə də uyğun deyildir. Belə ki, “Hadjanastassiou Yunanıstana qarşı” işdə (para. 33) Avropa Məhkəməsi qeyd etmişdir ki, “Razılığa gələn Dövlətlər öz məhkəmə sistemlərinin 6-cı maddənin tələblərinə uyğun olmasını təmin etmək üçün uyğun vasitələrin seçimində əhəmiyyətli azadlığa malikdirlər (art.6). Bununla belə, yerli məhkəmələr qərarlarının istinad etdiyi əsasları kifayət qədər aydın şəkildə göstərməyə borcludurlar” “Wagner və J.M.W.L. Lüksenburqa qarşı” işdə (para. 96) Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, ... baxmayaraq ki, məhkəmələrdən tərəfin hər bir rədd edilən arqumentinin səbəblərinin açıqlanması tələb oluna bilməz ... buna baxmayaraq onlar bu tərəfin irəli sürdüyü əsas arqumentləri zəruri qaydada təhlil etmək və onlara cavab vermək öhdəliyindən azad edilməmişdir. Bundan əlavə belə müraciətlər Konvensiya və onun Protokolları ilə təmin olunan hüquq və azadlıqlara aiddirsə, yerli məhkəmələr onları xüsusi diqqət və qayğı ilə nəzərdən keçirməlidirlər” “Saliba Maltaya qarşı” işdə (para. 64) Avropa Məhkəməsi qeyd etmişdir ki, yerli məhkəmə orqanlarının sübutların qiymətləndirilməsi və onlardan hansının uyğun və qəbuledilən olmasına qərar verilməsi səlahiyyətinin olduğu qədul edilsə də, Məhkəmə bir daha vurğulayır ki, 6-cı Maddə məhkəmənin tərəflərin təqdim etdiyi təqdimatları, arqumentləri və sübutları lazımi qaydada qiymətləndirmək vəzifəsini müəyyən edir” Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında da qeyd etmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qətnamə yoxlanılan hissədə qanuni və əsaslı sayıla bilməz. Apellyasiya şikyətinin dəlilləri qətnamənin həmin hissədə ləğvinə tam əsasdır.
54. Lakin, məhkəmə kollegiası aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia yoxlanılan hissədə təmin oluna bilməz.
55. Belə ki, iddiaçının sübut kimi təqdim etdiyi “X1 Ltd.Şti” şirkəti tərəfindən verilməsi qeyd olunan arayışlarda onların verilmə tarixi və nömrəsi mövcud deyildir (arayışlarda iddiaçının 2019-cu ilin mart ayından etibarən işləməsi, 1500 dollar maaş alması, 01 noyabr 2019-cu il tarixdən etibarən 6 ay işə gəlmədiyinə görə işdən azad edilməsi qeyd olunmuşdur).
56. Bu səbəbdən də həmin arayışların həqiqiliyinin, yəni iddiaçının Türkiyə Respublikasının İstanbul şəhərində “X1 Ltd.Şti” şirkətində işləməsi (hansı tarixdə işə qəbul olunması və işdən azad edilməsi), nə qədər əmək haqqı alması, ümumiyyətlə Türkiyə Respublikasında belə bir şirkətin qeydə alınması və mövcudluğu, habelə digər zəruri halların (iddiaçının işdən çıxarılmasının səbəbləri və s.) müəyyən edilməsi məqsədi ilə Türkiyə Respublikasının aidiyyəti orqanlarına məhkəmə tapşırığı (sorğu) göndərilmişdir.
57. Daxil olmuş sənədlərdən görünür ki, məhkəmə tapşırığı uzun müddət Türkiyə Respublikasının aidiyyəti orqanları tərəfindən araşdırılmış, lakin iddiaçının istinad etdiyi “X1 Ltd.Şti” şirkətinin ünvanı müəyyən olunmamış (göstərilən ünvanda mövcud olmamış), sorğuda göstərilən halların mövcudluğu ilə bağlı hər hansı məlumat (sübut) təqdim olunmamışdır.
58. Eyni zamanda iddiaçının özü də keçən müddət ərzində işlədiyini iddia etdiyi müvafiq hüquqi şəxslə bağlı digər hər hansı digər zəruri məlumat və ya sübut təqdim edə bilməmişdir.
59. Halbuki, prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Yəni, hazırki vəziyyətdə iddiaçı mötəbər sübutlar təqdim etməklə, istinad etdiyi “X1 Ltd.Şti” şirkətində işləməsini və əmək haqqı almasını əsaslandırmalıdır. Əks halda iddia özü-özlüyündə əsassızdır.
60. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.
61. Belə olan halda isə, mötəbərliyi şübhə doğuran, verilmə tarixi və nömrəsi qeyd edilməmiş arayışlara əsasən iddiaçının Türkiyə Respublikasının İstanbul şəhərində “X1 Ltd.Şti” şirkətində işləməsi və 1500 ABŞ dolları əmək haqqı alması qənaətinə gəlinməsi prosessual hüquq normalarının tələbləri ilə uzlaşmamaqla, ədalətli hesab edilə bilməz.
62. Həmçinin, iddiaçının bu istiqamətdə izahatı da özü-özlüyündə mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Çünki, tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır.
63. Beləliklə, məhkəmə kollegiyası işin hallarını, təqdim olunmuş sübutları və kassasiya instansiyasının mövqeyini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmamalı, qətnamə yoxlanılan hissədə ləğv olunmalı, iddia həmin hissədə yuxarıda qeyd edilən əsaslarla təmin olunmamalıdır.
64. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(006)- 4809/2020 saylı qətnaməsi yoxlanılan hissədə (yəni, əmək haqqı ilə bağlı 17850 manat maddi zərərin ödənilməsi hissədə) ləğv olunsun, iddia həmin hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.