Məhkəmə qərarları › İş №2(103)-2008/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2008/2021

29.01.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2008/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh6 və digərlərinə qarşı “birgə mülkiyyətdə olan əmlakın paylara uyğun olaraq naturada bölünərək ayrılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 318 “A” bağ sahəsinin onunla cavabdehlər arasında onların paylarına uyğun olaraq naturada bölünərək ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin icraata qəbul edilməsini müzakirə etmiş Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə iddia ərizəsini qaytarmışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş, baxılması üçün şikayəti mülki işlər birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsini qaytaran Rayon Məhkəməsi iki hala əsaslanmışdır ki, onlardan biri ondan ibarətdir ki, iddia tələbi müstəsna aidiyyət qaydalarına riayət edilməməklə verilməmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehlərə qarşı irəli sürülmüş iddia mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlıdır. Belə olan halda iddia mübahisəli daşınmaz əmlakın yerləşdiyi ərazi üzrə Sabunçu Rayon Məhkəməsinə verilməli idi. Rayon Məhkəməsinin istinad etdiyi ikinci hal ondan ibarətdir ki, iddia ərizəsinə əlavə edilmiş “dövlət rüsumunun ödənilməsi barədə qəbzdən” görünür ki, dövlət rüsumu iddiaçı tərəfindən deyil, başqa şəxs – X1 adından ödənilmiş, ödənişin təyinatı isə həmin qəbzdə “iddia ərizəsinin verilməsi üçün” deyil, “üçüncü şəxslərin işə qoşulması barədə hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə” ərizələrin verilməsi üçün ödənildiyi kimi göstərilmişdir. Belə olan halda həmin ödəniş, qanunda nəzərdə tutulmuş qaydada ödənilmiş dövlət rüsumu kimi qəbul edilə bilməz. İddiaçının qərardaddan verdiyi şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin birinci olaraq qeyd edilən yanaşması səhvdir. Çünki hazırki iddia payın natura qaydasında ayrılması tələbi hüquqmüəyyən edən iddiadır. Qanunvericilikdə hüquq pozuntusunun anlayışı və əlamətləri müəyyən olunmuşdur ki, hazırda elə bir hüquqpozma faktı müəyyən edilməmişdir. Həmçinin, mülki qanunvericilik özü paylı mülkiyyətin hüquqi rejimini müəyyən etmişdir. Buna görə bu iddiaya Sabunçu Rayon Məhkəməsində baxıla bilməz. Rayon Məhkəməsinin ikinci olaraq qeyd edilən yanaşması da səhvdir. Çünki hazırki iddianın məhkəməyə verilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin ödəniş aparatına yüklənilmiş proqramda iddia ərizəsinin verilməsi üçün 10 manatın ödənilməsi barədə funksiya nəzərdə tutulmamışdır. Bu məbləğdə dövlət rüsumunun ödənilməsi “üçüncü şəxslərin işə qoşulması barədə hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə” ərizələrin verilməsi üçün funksiya nəzərdə tutulmuşdur. Buna görə də, iddiaçı həmin funksiya üzrə ödənişi seçmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, qanunverici iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumunun məhz iddiaçının adından ödənilməsini nəzərdə tutmamışdır. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud məsələnin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 39.1-ci maddəsinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehlərə qarşı irəli sürülmüş iddia artıq yuxarıda qeyd edildiyi kimi, iş üzrə tərəflərin birgə mülkiyyətlərində olan bağ sahəsinin onların arasında onların paylarına uyğun olaraq naturada bölünərək ayrılmasından ibarətdir ki, bu iddia tələbi MPM-nin 39.1-ci maddəsində nəzərdə tutulmuş “mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında” iddialara aiddir. Bu zaman Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (maddə 220.2.). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər (maddə 220.3.). Qeyd olunan maddi hüquq normalarının tələblərindən də göründüyü kimi payın naturada ayrılmasını tələb etmək paylı mülkiyyətin mülkiyyətçisinin hüququdur. Bu tələbin yerinə yetirilməməsi isə paylı mülkiyyətin mülkiyyətçisinin mülkiyyət hüququnun pozulması deməkdir. Bu baxımdan qanunvericilik digər paylı mülkiyyətçilərlə razılıq əldə olunmadığı zaman payın bölünməsinin məhkəmə qaydasında təminatını nəzərdə tutur. Odur ki, göstərilənlər nəzərə alındıqda müəyyən edilir ki, Rayon Məhkəməsi yuxarıda qeyd edilən prosessual hüquq normasının tələbinə əsaslanaraq iddia ərizəsini qaytarmaqda haqlı olmuşdur. İddiaçı tərəfindən verilmiş şikayətin qərardadın müzakirə edilən bu hissəsinə aid dəlilləri əsassızdır. Məhkəmə həmçinin hesab edir ki, Rayon Məhkəməsinin istinad etdiyi ikinci hala da olan yanaşması əsaslıdır. Belə ki, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edilən zaman iddia ərizəsinə əlavə edilmiş (iddiaçının vəkili tərəfindən apellyasiya baxışı zamanı Məhkəməyə təqdim edilmiş) xx.xx.2020-ci il tarixli, **********92 nömrəli “Ödəniş qəbzdən” görünür ki, dövlət rüsumunun təyinatı kimi “iddia predmetinə dair üçüncü şəxslərin işə qoşulması barədə - hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən” göstərilmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 8-ci maddələrinin mənasına görə, məhkəməyə iddia ərizələri verilən zaman dövlət rüsumunun ödənilməsinin təyinatı kimi məhz iddia ərizəsinin məhkəməyə verilməsi kimi göstərilməlidir. Bu baxımdan hesab edilməlidir ki, yuxarıda göstərilən dövlət rüsumu Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd hesab edilə bilməz. Bundan başqa Məhkəmə bildirir ki, “Dövlət rüsumu haqqında” Qanunun 2.0.1.-ci maddəsinin tələbin görə, məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsi zamanı dövlət rüsumu tutulur. Həmin Qanunun 3.1-ci maddəsinə görə, bu Qanunla nəzərdə tutulmuş işlərin görülməsi, xidmətlərin göstərilməsi və hüquqların əldə edilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və hüquqi şəxslər dövlət rüsumunun ödəyiciləridirlər. Həmin Qanunun “Məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri” adlı 8-ci maddəsinin və “Məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövlət rüsumundan azad edilməsi və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri” adlı 9-cu maddəsinin tələblərindən görünür ki, məhkəməyə verilən iddia ərizələrinə, şikayətlərə və sair məsələlərə görə ödənilməli olan dövlət rüsumları iş üzrə tərəflərin adından ödənilməlidir. Lakin hazırki iş materiallarından görünür ki, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edilən zaman iddia ərizəsinə İddiaçı adından deyil, başqa şəxsin – X1 adından ödənilmişdir. Sadalanlara əsasən hesab edilməlidir ki, yuxarıda göstərilən dövlət rüsumu Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd hesab edilə bilməz. MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlər nəzərə alındıqda müəyyən edilir ki, Rayon Məhkəməsi yuxarıdakılara əsaslanaraq iddia ərizəsini qaytarmaqda haqlı olmuşdur. İddiaçı tərəfindən verilmiş şikayətin qərardadın müzakirə edilən bu hissəsinə aid dəlilləri əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddia ərizəsini qaytarmaqda haqlı olmuşdur; Rayon Məhkəməsinin mövqeyi qanuni və əsaslıdır; qərardaddan verilmiş şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır; qərardadın ləğv edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar