Məhkəmə qərarları › İş №2(103)-2008/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2008/2025

03.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2008/2025 03.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3992/2024 saylı 05 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (tərəf 1) və Cavabdeh (tərəf 2) arasında bağlanmış xx.xx.2019-cu il tarixli Sazişdən görünür ki, İddiaçı Cavabdeh mülkiyyətində olan obyektini, icarədə qaldığı müddət ərzində yeni mebel avadanlıqları ilə təchiz etmişdir. İcarə müddəti bitdikdən sonra tərəf 2 təchiz olunmuş mebel avadanlıqlarının qarşılığı olaraq ödədiyi məbləğ 700 manat təşkil edir və tərəf 1 - 700 manatı mebel avadanlıqlarının əvəzi olaraq qəbul edir. Həmin Sazişin 2-ci bəndinə əsasən İddiaçı gələcəkdə bununla əlaqədar Cavabdeh qarşı heç bir iddia tələbi olmayacaqdır.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən həmin mebellərin qalığı olan 3.050 (üç min əlli) manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2012-ci ildə onda olan 3750 (üç min yeddi yüz əlli) manatlıq mebeli türk vətəndaş Turqaya vermişdir. Turqay Bakı şəhəri, Nizami küçəsi 23-də yerləşən ofisi icarəyə götürmüşdür. O, ona bildirmişdir ki, pulunu icarəyə götürdüyü ərazinin mülkiyyətçisi verəcəkdir. Bu yerin sahibi Cavabdeh (xx.xx.1962) idi. Bundan sonra dəfələrlə müraciət etsə də, verməyiblər. Nəticədə, məhkəmə qarşısında tələb etmək zərurətində qalmışdır

4. Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 iddia müddətinin tətbiqinə dair ərizə verərək, iş üzrə iddia müddəti ötürüldüyündən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3992/2024 saylı, 05 noyabr 2024cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı pulun cavabdeh tərəfindən ödənilmədiyini, nəticədə sözügedən Sazişin onun aldadılaraq bağlandığını iddia etsə də, bununla bağlı mötəbər sübutlarını (iddia etdiyi mebellərin dəyərinin həqiqətən 3750 manat məbləğində olması və s.) məhkəməyə təqdim etməmiş, eyni zamanda məhkəmə tərəfindən həmin hallar, eləcə də Sazişin aldatma nəticəsində bağlanması faktı aşkar edilməmişdir. İddiaçı mebelleri hazıki cavabdehə vermədiyini, lakin razılaşma əsasında mebellərin dəyərinin hazırki cavabdehdən alınması faktı öz təsdiqini saziş ilə tapmış, lakin sazişdə iddiaçı mebellərin bütün dəyəri ilə (700 manat) razılaşaq həmin müqaviləni sərbəst şəkildə bağlamışdır. Bu isə onu deməyə bir daha əsas verir ki, iddiaçı məhkəməyə formal əsaslardan çıxış edərək müraciət etmiş və hazırki tələbi əsassız olmuşdur.

7. Həmçinin məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, hazırki iş üzrə iddia tələbi əsassız olduğundan, cavabdeh tərəfindən verilən iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirilməsinə prosessual qənaət prsinpisi baxımından zərurət qalmır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1, 389, 405 və 407.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3992/2024 saylı, 5 noyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosüssual hüquq və vəzifələırini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə iddiası üzrə işin hallarını tam, hərtərəfli, tərəflər arasında mövcud olmuş münasibətlərə uyğun araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, cavabdehin iddiaçıya nə üçün müəyyən məbləğ pul (700 manat ) ödədiyini tam aydınlaşdırmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, müqavilə bağlanan zaman iddiaçıya 700 manatı indi verdiklərini, qalığı sonra verəcəklərini deyiblər. Lakin sonradan iddiaçının sağlamlığında bəzi problemlər yarandığına görə həmin 700 manata ehtiyacı odu. İddiaçının dediyinə görə onu aldadıb imzaladıblar. Baxış keçirilən zaman həqiqətən də aydın oldu ki, mebellər ofisdədir. Qarşı tərəf 3500-3700 manatlıq mebelə 700 manat ödəyəndə iddiaçını aldatdığını bilirdi. Tərəf pul istəmirdi, mebelini istəyirdi.

13. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, qarşı tərəfi görmək mümkün deyil, 10 ildir ki, gedib-gəlir. Axırda bir gün cümə axşamı mərasimində gördü. Yaxınlaşıb dedi ki, o, 10 ildir gəlir, onu içəri buraxmırlar. Mebellər Nizami küçəsində ofisdədir, indi onları götürüb adi divanla əvəz ediblər. Ona dedi ki, pulunu verəcəklər. Ona notariusa aparıb 700 manat verdilər, qalanını sonra verəcəklərini dedilər. 40 mərasimində yaxınlaşıb danışmaq istəyəndə onu qovdular. Onun pulunu qaytarmırlar.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə gəlməyən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

19.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

20.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21.6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. 22.372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 23.373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 24.375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 25.377.1 və 377.3-cü maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 26.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 27.390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 28.425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 29.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 30.528-ci maddəsinin tələblərinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. 31.529.1 və 529.2-ci borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 32.567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

33. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 34.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 35.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 37.Göründüyü kimi tərəflər arasında əmlakın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Yaranmış münasibətlərə uyğun gələn mülki qanunvericiliyin müvafiq normalarına görə də alıcı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədikdə, yəni satıcının müəyyən məbləğdə pulmüqavilə qiymətini almaq hüququnu pozduqda sonuncunun əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək üzrə hüququnun yaranmasına əsasdır. 38.Beləliklə, iddiaçı aralarında yaranmış münasibətlərin məzmununa görə cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Belə olan halda hazırda araşdırılmalı olan məsələlər mübahisəli əşyanın qiyməti, müəyyən edilən məbləğin cavabdeh tərəfindən tam ödənilib-ödənilmədiyi, yəni müqavilə ilə üzərinə düşən öhdəliyin lazımi qaydada icra edilib-edilmədiyi, icra edilməyibsə - ödənilməli olan məbləğin həcmi təşkil edir. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. 39.Məhkəmə kollegiyası qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin lazımi qaydada icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, alqı-satqı müqaviləsi üzrə alınmış əmlakın müqabilində pulun müvafiq məbləğdə iddiaçıya ödənilmiş olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. 40.Hazırkı halda isə nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış 10 iyun 2019-cu il tarixi Sazişin şərtlərinə əsasən cavabdeh tərəf iddiaçının verdiyi mebel avadanlığının əvəzi olaraq 700 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı da göstərilən məbləğ ödəniləcəyi təqdirdə onun cavabdehə qarşı heç bir iddia, şikayət və tələbi olmayacağı barədə şərti Sazişi imzalamaqla təsdiq etmişdir. 41.Məhkəmə kollegiyası Mülki Məcəllənin 529.1 və 529.2-ci maddələrinə istinadən qeyd etməyi zəruri sayır ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 42.Nəzərə alınmalıdır ki, alqı-satqı predmeti olan mebelin qarşılığı olaraq 700 manat məbləğinin ödənildiyi işin mübahisələndirilməyən halıdır. Beləliklə də, iddiaçı bu məbləği almaqla 10 iyun 2019-cu il tarixli Sazişə əsasən yaranmış öhdəliyin icrası kimi cavabdeh tərəfindən təklif olunmuş hərəkəti qəbul etmişdir. Belə olan halda, 700 manat məbləğində edilmiş ödənişi öhdəliyin icrası kimi təsdiq etmək niyyətində olmayan iddiaçı sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, natamamdır. 43.İş materiallarından isə görünür ki, iddiaçı iddianın əsası olaraq istinad etdiyi faktiki halları təsdiq edən, həmçinin cavabdehin iddiaya etiraz olaraq istinad etdiyi halları təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə iddiaçının 4 ildən artıq müddətdən sonra hazıkrı iddia ilə məhkəməyə müraciət etməsi də ağlabatan görünmür. 44.Beləliklə də mübahisəli əmlakın saziş bağlanan zaman mövcud olmuş bazar qiymətinin 700 manatdan artıq olduğunu, yəni müqaviləyə əsasən əmlakın şərtləşdirilmiş qiymətinin cavabdeh tərəfindən tam ödənilmədiyi, bununla da onun üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyi hallarını işdə olan materiallara əsasən müəyyən etmək mümkün olmamışdır. İddiaçının cavabdeh tərəfindən aldadılması, yəni iradə ifadəsində pozuntu olması barədə irəli sürdüyü dəlillər də öz təsdiqini tapmamışdır. 45.Həmçinin, hazırki mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edildiyi da düzgün olçuşdur. 46.Məhkəmə kollegiyası xatırladır ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. 47.Nəzərə alınmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 49.Birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. 50.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddianın qiyməti 3.050 manat olmaqla beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 51.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 52.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 53.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3992/2024 saylı, 5 noyabr 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar