Məhkəmə qərarları › İş №2(103)-2015/2024

Bakı Apellyasiya Məhkəməsi Qiyabi qətnamə — İş №2(103)-2015/2024

17.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2015/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İkram Guseinovun Cavabdeh qarşı iş üzrə QİYABİQƏTNAMƏ İş № 2(103)-2015/2024 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İkram Guseinovun Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-4219/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 17 aprel 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İkram Guseinov Cavabdeh qarşı – cavabdehdən 28.000 manat məbləğinin və ödənilmiş 174 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İkram Guseinov tanışı Cavabdeh xx.xx.2021-ci il tarixdə “AUDİ Q7” markalı ** XM *** qeydiyyat nişanlı avtomobili 28.000 manat ödəməklə etibarnamə əsasında almışdır. Həmin vaxt Cavabdeh Güseinov Magamedali ilə rəsmi nikahda olmuşdurlar. 2022-ci ilin əvvəllərində cavabdehin əri ilə münasibətləri pisləşmiş və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə onların nikahları pozulmuşdur. Hazırda iddiaçının etibarnamə əsasında aldığı avtomobilə dair etibarnamənin etibarlılıq müddəti xx.xx.2022-ci il tarixdə bitmiş və cavabdeh avtomobilin iddiaçının mülkiyyətinə keçməsinə imkan vermir. Faktiki olaraq iddiaçı 28.000 manat ödəyib aldığı avtomobili nə istifadə edə bilir, nə də pulunu geri ala bilir. Həmin faktı məhkəmə iclasında cavabdehin keçmiş əri Məhəmmədəli Hüseynov da təsdiq edə bilər.

3. İş üzrə şahid qismində dindirilmiş Magamedali Güseinov məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, uşaqlıqdan iddiaçı İkram Guseinovla dostdur. Cavabdeh ilə nikah münasibətində olduqları vaxt qərara gəlmişdilər ki, “AUDİ” markalı avtomobili İkrama satsınlar. Avtomobili birgə nikah dövründə özü alıb, lakin Azərbaycan Respublikası vətəndaşı olmadığından, nömrə ala bilmək üçün avtomobili Günel xanımın adına rəsmiləşdirmişdir. Günelin sürücülük vəsiqəsi yoxdur, o, avtomobil idarə edə bilmir. Onların avtomobili satmaq fikirləri əvvəldən olmuşdur, onu satmaq üçün turbo.az saytına elan da yerləşdirmişdilər. İkram elanı gördükdən sonra ona maşını almaq istədiyini bildirmişdir. Onlara məxsus mənzildə razılığa gələrək, təxminən 2021-ci ilin iyul ayında 28.000 manat məbləğində pul İkramdan alınmışdır. Avqust ayında Günellə birlikdə Türkiyə Respublikasına istirahətə getmişdir və qeyd olunan 28.000 manat məbləğində pulu arvadı ilə birgə xərcləmişlər.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 4219/2023 saylı qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddia tələbi təmin edilməmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 650ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

8. İddiaçının nümayəndəsi və vəkili apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

9. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən kollegiya tərəfindən cavabdehin məlum olan axırıncı yaşayış yeri ünvan 1 ünvanına bildirişin çatdırılması məqsədi ilə Xətai Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyinə bu barədə müraciət ünvanlanmış, sonuncu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əsasən Cavabdeh göstərilən ünvanda xx.xx.2024-cü il tarixli, 2-1(112)-4391/2024 saylı məhkəmə qərarına əsasən artıq yaşamadığı qeyd edilmişdir.

10. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə apellyasiya baxışı iclasına gəlməmiş cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir.

11. Məhkəmə ərizəni, işin materiallarını, cavabdehin lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin gəlməməsinin səbəbi barədə məlumatın olmamasını, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238 və 376.3-cü maddələrinin tələblərini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmiş və bu barədə müvafiq qərardad qəbul etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

13. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın

14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

17. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

18. Maddə 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

19. Maddə 1092.1.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

23. Maddə 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

24. Maddə 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.

25. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

26. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

27. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir.

32. Birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi hüquq normalarının tətbiq olunmasında yanlışlığa yol vermişdir ki, bu da mübahisələndirilən qətnamənin ləğvi üçün əsaslar yaratmışdır.

33. Belə ki, iş materiallarında olan “nəqliyyat vasitələrinə sərəncam verilməsi” haqqında xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, “AUDİ Q7” markalı ** XM *** qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdır. İkram Guseinova avtomobilə dair “sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək” səlahiyyətlərini əks etdirən xx.xx.2022-ci il tarixədək qüvvədə olan etibarnamə vermişdir.

34. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2170/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Hüseynov Məhəmmədəli və Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə 2 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 1881 saylı aktla qeydən alınmış nikah pozulmuşdur.

35. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə şahid qismində dindirilmiş Magamedali Güseinov məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, uşaqlıqdan iddiaçı İkram Guseinovla dostdur. Cavabdeh ilə nikah münasibətində olduqları vaxt qərara gəlmişdilər ki, “AUDİ” markalı avtomobili İkrama satsınlar. Avtomobili birgə nikah dövründə özü alıb, lakin Azərbaycan Respublikası vətəndaşı olmadığından, nömrə ala bilmək üçün avtomobili Günel xanımın adına rəsmiləşdirmişdir. Günelin sürücülük vəsiqəsi yoxdur, o, avtomobil idarə edə bilmir. Onların avtomobili satmaq fikirləri əvvəldən olmuşdur, onu satmaq üçün turbo.az saytına elan da yerləşdirmişdilər. İkram elanı gördükdən sonra ona maşını almaq istədiyini bildirmişdir. Onlara məxsus mənzildə razılığa gələrək, təxminən 2021-ci ilin iyul ayında 28.000 manat məbləğində pul İkramdan alınmışdır. Avqust ayında Günellə birlikdə Türkiyə Respublikasına istirahətə getmişdir və qeyd olunan 28.000 manat məbləğində pulu arvadı ilə birgə xərcləmişlər. Həmçinin bildirmişdir ki, iddiaçı ilə onun keçmiş arvadı olan Cavabdeh arasında özünün şəxsi iştirakı olmadan avtomobil alqı-satqısına dair hər hansı danışıqlar aparılmamışdır.

36. Kollegiya qeyd edir ki, iş materiallarından, tədqiq edilmiş sübutlardan və mövcud izahatlardan göründüyü kimi iddiaçı ilə cavabdeh arasında sonuncuya məxsus olan avtomobilin alqı-satqısı ilə bağlı ilkin razılaşma əldə edilmiş, tərəflərin aralarındakı sövdələşməyə əsasən iddiaçı tərəfindən 28.000 AZN məbləğində pul vəsaiti cavabdehə verilmiş və sonuncu tərəfindən iddiaçıya “nəqliyyat vasitələrinə sərəncam verilməsi” haqqında xx.xx.2021-ci il tarixli etibarnamə verilmişdir. Göründüyü kimi cavabdehin iddiaçıya verdiyi etibarnamə sadəcə nəqliyyat vasitəsinin idarə edilməsi üçün deyil, həmçinim onunla bağlı sərəncam vermə hüququnu da özündə ehtiva etmişdir. Bu da o deməkdir ki, həqiqətən də, tərəflərin arasında olan ilkin razılıq məhz mübahisəli avtomobilin iddiaçının adına özgəninkiləşdirilə bilməsi ilə bağlı olmuşdur.

37. İş materiallarından da göründüyü kimi qeyd edilən razılıq 2021-ci ildə əldə edilərkən hələ də cavabdehlə iş üzrə şahid qismində dindirilən Məhəmmədli Hüseynov ailə münasibətlərində olmuş və aralarındakı nikah hələ pozulmamışdır. Tərəflərin izahatlarından da göründüyü və təkzib olunmayan məlumatlara əsasən cavabdehlə iddiaçını məhz Məhəmmədəli Hüseynov tanış etmiş və cavabdehlə həyat yoldaşının münasibətləri korlandığı zaman onun tanış etdiyi iddiaçl İkram Hüseynova verilmiş etibarnamənin uzadılmasından imtina etmişdir.

38. Bununla da işdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehlə ilkin razılığı ilə çatmaq istədiyi niyyətə çata bilməmiş, avtomobilin dəyərini ödəməsinə baxmayaraq etibarlı alqı-satqı müqaviləsi bağlamaq imkanı məhdudlaşdırılmışdır.

39. Bundan əlavə yuxarıda da qeyd edildiyi kimi cavabdehin keçmiş həyat yoldaşı Məhəmmədəli Hüseynov da öz şahid ifadəsində qeyd edilən halları təsdiqləmiş, iddiaçı tərəfindən məhz 28.000 manat məbləğin cavabdehə verildiyini, həmin vaxt onların evli olduğunu və həmin vəsaitin birlikdə xərcləndiyini qeyd etmişdir. Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

40. Beləliklə kollegiya hesab edir ki, iddiaçı ilə cavabdeh arasında avtomobilin alqısatqısı ilə bağlı ilkin razılıq əldə edildiyindən, həmin razılıqla əlaqədar iddiaçı tərəfindən cavabdehə 28.000 manat məbləğində vəsait ödəndiyindən, lakin cavabdeh tərəfindən törədilən maneələr nəticəsində iddiaçı öz çatmaq niyyətində olduğu məqsədə çata bilmədiyindən cavabdeh faktiki olaraq əsassız varlanmaqla iddiaçıya 28.000 manat məbləğində maddi ziyan vurmuşdur.

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

42. Qeyd olunanlar kontekstdə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qətnaməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və işə qiyabi icraat qaydasında baxılmaqla iddia təmin edilməlidir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

44. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

46. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-4219/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni və qiyabi qətnamə qəbul edilərək iddia tələbi təmin edilsin. Cavabdeh 28.000 (iyirmi səkkiz min) manat məbləğdə pul vəsaiti və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 174 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Guseinov İkrama ödənilsin. Cavabdeh qiyabi qətnamə ona rəsmi qaydada verildikdən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Apellyasiya Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar