Məhkəmə qərarları › İş №2(103)-2016/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2016/2020

22.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2016/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Lalə Adil qızı Əbdürrəhimovanın katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X10 və cavabdehin nümayəndəsi və vəkili X6 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1138/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 34500 manat pulun, 10000 manat məbləğində mənəvi zərərin və xx.xx.2015-ci il tarixdən etibarən qətnamənin çıxarılacağı günə qədər illik 5 faiz olmaqla əldə edilən 7513,32 manat faiz məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(002)- 1138/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 34500 manat əsassız əldə etdiyi pul, xx.xx.2015-ci il tarixdən başlayaraq, qətnamənin çıxarıldığı tarixədək həmin məbləğə illik 5 faizlə hesablanmış 7513,32 manat faiz borcu, 500 manat məbləğində mənəvi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 42543,32 manat məbləğində pulun tutulub İddiaçı ödənilməsi, qalan hissədə iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X14 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili X19 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının qızı X15 cavabdehin oğlu Cəmil Cavabdeh oğlu ilə rəsmi nikaha daxil olaraq, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, 50 “A” saylı evin 69 saylı mənzilinə gəlin köçmüşdür. “xxxxxxxxxx” MTK ilə Cavabdeh arasında xx xxxx 2015-ci il tarixli 11 saylı kooperativ mənzil istehlak haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən “xxxxxxxxxx” MTK Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsindəki 5 saylı binanın 55-ci mənzilini Cavabdeh satmışdır. Həmin mənzil hazırda sonuncunun mülkiyyətindədir. Günel Dadaşova ilə Cəmil Dadaşov arasındakı nikah xx.xx.2016-cı il tarixdə pozulmuşdur. Daha sonra Cavabdeh X7 həmin mənzildən çıxarılması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırmış və həmin Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli 2(004)-973/2018 saylı qətnaməsi ilə X1 5 saylı binanın 55-ci mənzilindən çıxarılmışdır. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(103)-4832/2018 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı bildirir ki, 2015-ci ilə kimi qızı ailəsi ilə birlikdə Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, 50 “A” saylı evin 69 saylı mənzilində yaşamışlar. X13 iş yeri Bakı şəhərində olduğu üçün onun işə gedib-gəlməsi çətinlik törədirdi. Bu zaman onlar həmin mənzili satıb və ondan əldə edilən pul ilə Bakı şəhərində, qızının ərinin işinə yaxın bir yerdə mənzil olmaq qərarına gəlmişlər. Həmin mənzil satıldıqdan sonra Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış sahəsi, Bünyadzadə küçəsi, 5 saylı evin 55 saylı mənzilinı tapmışlar və onlar həmin mənzilin alınması ilə bağlı pulu tamamlaya bilmədiklərindən iddiaçıdan 35000 manat məbləğində pul istəmişlər. O, 20000 manat özündə olan və qalanını X11 borc alıb xx.xx.2015-ci il tarixdə 34500 manat məbləğində pulu cavabdehə vermişdir. Bununla bağlı onların aralarında X16 və X13 adına Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış sahəsi, Bünyadzadə küçəsi, 5 saylı ev saylı mənzilinin alınması üçün 34500 manat məbləğində pulun ona verilməsinə dair sözləşmə imzalanmışdır. Qızı nikahına xitam verildikdən sonra da həmin mənzildə uşaqları ilə birlikdə yaşamaqda davam etmişdir. Qızının keçmiş qayınatası olan Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsində qızının cehizləri ilə birlikdə evdən çıxarılmasına dair iddia qaldıranadək yaşadıqları mənzilin cavabdehin adına alındığını bilməmişdir. Çünki mənzilin cavabdehin adına rəsmiləşdirilməsi qızından xəbərsiz həyata keçirilmişdi. Sonralar ona məlum olmuşdur ki, cavabdeh həmin mənzilin X7 və X13 adına alınmasına dair ondan 34500 manat məbləğində pul alınmasına baxmayaraq, onu aldadaraq həmin mənzilin alqı-satqısını öz adına rəsmiləşdirmişdir. O, 34500 manat məbləğində pulu cavabdehə yalnız mənzilin X7 və X13 adına alınması üçün vermişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçının istinad etdiyi “Sözləşmə” saxta olduğu üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz. Onun X12 qarşı mənzildən çıxarılma barədə iddiasına baxıldıqda istinad olunan “Sözləşmə” barədə ekspertiza keçirilsə də, ekspert rəyi həqiqəti əks etmir. Belə ki, ona iş yerindən verilən arayışla təsdiq olunur ki, o, xx xxxx 2015-ci il tarixdə saat 15:50 radələrindən xx xxxx 2015-ci il tarixdə saat 1:25 radələrinə kimi işdə olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, cavabdehdən 34500 manat pulun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Belə ki, iş materiallarında olan xx xxxx 2015-ci il tarixli sözləşmədə qeyd olunmuşdur ki, Cavabdeh İddiaçı uşaqları Dadaşova Günel və Dadaşov Cəmil üçün Yasamalda satılan “xxxxxxxxxx” MTK-dan Dadaş Bünyadzadə küçəsindəki 5 saylı binanın 55 saylı mənzilin alınmasına görə 34500 manat pul almışdır. Tərəflər arasında əvvəllər baş tutmuş iddiaçı Cavabdeh X12 qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə Bakı Apellyasiya Məhkəməsində baxıldıqda İddiaçı iddiasının əsası kimi istinad etdiyi “Sözləşmə”də imzanın Cavabdeh tərəfindən icra edilməsini aydınlaşdırmaq məqsədilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2017-ci il tarixli rəyi ilə həmin “Sözləşmə”də “aldım” sözü qarşısındakı imzanın Cavabdeh tərəfindən icra olunması müəyyən olunmuşdur. Həmçinin hazırki apellyasiya baxışı zamanı cavabdehin vəsatəti əsasında iş üzrə komisyon məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxx 2020-ci il tarixli 4/68 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən mülki işin 271-ci vərəqəsinə tikilmiş zərfin içərisində olan xx xxxx 2015-ci il tarixli 34500 manat pula dair sözləşmədə “aldım” sözü qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Göründüyü kimi xx xxxx 2015-ci il tarixli sözləşməyə əsasən iddiaçı uşaqları üçün mənzil alınması məqsədi ilə cavabdehə 34500 manat məbləğində pul vermiş, cavabdeh isə həmin vəsait hesabına uşaqların adına deyil, öz adına mənzil almış və bunun nəticəsində iddiaçının hesabına Mülki Məcəllənin 1091.2-ci maddəsində göstərilən “həyata keçirilməmiş əsas”la 34500 manat məbləğində əsassız varlanmışdır. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçı tərəfindən Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülməmişdir. Belə ki, iddiaçı bildirir ki, cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsində qızının cehizləri ilə birlikdə evdən çıxarılmasına dair iddia qaldıranadək yaşadıqları mənzilin cavabdehin adına alındığını bilməmişdir. Cavabdeh bu halı mübahisələndirmir. Eyni zamanda iş materiallarında da bunu təkzib edən hallar mövcud deyildir və hazırkı iddia həmin iş üzrə iddia verildikdən 2 il müddət keçmədən irəli sürülmüşdür. Mülki Məcəllənin 1095-ci maddəsində isə təsbit olunmuşdur ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Bu baxımdan kollegiya hesab edir ki, 34500 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bununla yanaşı kollegiya hesab edir ki, faiz borcunun tutulması hissəsində iddia rədd edilməlidir. Belə ki, həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Lakin kollegiya hesab edir ki, hazırkı işdə həmin maddə tətbiq edilə bilməz. Çünki cavabdehin iddiaçı qarşısında hər hansı pul məbləğinin ödənilməsi öhdəliyi olmamışdır. Belə olan halda isə iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizləri tələb etmək hüququ yaranmamışdır. Ona görə də, həmin hissədə iddia təmin oluna bilməz. Mənəvi zərərin əvəzinin tutulması barədə iddia tələblərinin qanuni əsasını isə Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələri təşkil edir. Həmin maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Çünki işin halları baxımından iddiaçıya mənəvi zərərin vurulması nəticəsinə gəlmək üçün əsaslar mövcud deyildir. Ona görə də, həmin hissədə iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almayaraq faiz borcunun və mənəvi zərərin tutulması hissəsində heç bir əsas olmadan iddianın qismən təmin edilməsi nəticəsinə gəlmişdir. Cavabdeh dəlillərinə dair qeyd olunur ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8, X5 və X4 ifadələri və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “BOS ŞELF” tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışda Cavabdeh xx xxxx 2015-ci il tarixdə saat 15:30-dan sonra iş yerində olması faktını təsdiq edir. Belə olan halda isə həmin gün saat 15:30-dan əvvəlki saatlarda iddiaçı ilə görüşməsi və yuxarıda göstərilən sənədin imzalanması halı istisna olunmur. İş üzrə təkrar-komisyon məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi üçün də əsaslar mövcud deyildir. Belə ki, tərəflər arasında əvvəllər baş tutmuş iddiaçı Cavabdeh X12 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə verilmiş ekspert rəyinin və hazırkı iş üzrə verilmiş ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Çünki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy məhkəmənin qərardadı əsasında verilmiş, ekspertlər tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdeh isə ekspert rəyinin qeyri-dəqiq olmasını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Həmçinin rəyin qiymətləndirilməsi zamanı ekspertiza tədqiqatını aparan ekspertlərin təhsili, vəzifəsi və ekspertlərin iş stajı da nəzərə alınır. Cavabdehin təqdim etdiyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 18 saylı ekspert rəyi isə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin 1-ci hissəsinə görə məhkəmə ekspertlərinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrində, elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquqi şəxslərdə, habelə özəl məhkəmə eksperti tərəfindən ayrıca şəkildə təşkil edilə bilər. Eyni zamanda “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 883 №-li Fərmanına və həmin Fərmanın icrasının təmin edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli 843s saylı Sərəncamına əsasən özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin siyahısı təsdiq edilməli, həmçinin məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası, məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları, Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması qaydaları müəyyən edilməlidir. Lakin hazıra kimi həmin sənədlərin siyahısı və qaydaların təsdiq edilməsi ilə bağlı müvafiq normativ-hüquqi aktlar qəbul edilməmişdir. Ona görə də, hal-hazırda “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin 1-ci hissəsində göstərilən müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrindən başqa digər elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquqi şəxslərdə, habelə özəl məhkəmə eksperti tərəfindən məhkəmə ekspertlərinin fəaliyyətinin həyata keçirilməsinin qanuni əsası mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni faiz borcu və mənəvi zərərin ödənilməsi hissəsində ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia təmin edilməməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1138/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, yəni xx.xx.2015-ci il tarixdən başlayaraq, qətnamənin çıxarıldığı tarixədək həmin məbləğə illik 5 faizlə hesablanmış 7513,32 manat faiz borcu və 500 manat məbləğində mənəvi ziyanın ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 138 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar