Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2017/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əliyeva Gülnaz Mirhüseyn qızı və onun vəkili Cavadov Əjdər Əmrah oğlunun iştirakı ilə, Ağayev Qəzənfər Müzəffər oğlunun, Mustafayev Qasımbala Müzəffər oğluna qarşı evin yaşayış sahəsindən payın müəyyən edilməsi və bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-26/2004 saylı, xx xxx 2004-cü il tarixli qətnaməsindən maraqlarına toxunulan Əliyeva Gülnaz Mirhüseyn qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Mustafayev Qasımbala Müzəffər oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Vidadi küçəsi ev 4-də yerləşən Ağayev Qəzənfər Müzəffər oğlunun (və ya sərəncam əsasında onun sahəsinə yerləşdirilən şəxslərin) küçəyə çıxış yolunun qarajdan açılmaqla müəyyən edilməsi, otaqlarını örtən talvarın qarşısından küçəyə çıxış yolu kiçik cığır verilməsi haqda qətnamə çıxarılmasını xahiş edir və iddiasını onunla əsaslandırır ki, onlar həmin evdə üç ailə olmaqla yaşayırlar və onlar doğma qardaş olduğlarından bir giriş qapısından istifadə etmək ona problem yaratmamışdır. Lakin altı aydır ki, cavabdeh Ağayev Qəzənfər Müzəffər oğlu tikilinin özünə məxsus hissəsinə kənar şəxsləri yerləşdirmiş və həmin şəxslər ona məxsus pəncərənin ağzından keçməklə onun talvarının altındakı küçə qapısından istifadə edirlər ki, bu da onların arasındakı daimi narazılığa səbəb olur. Cavabdeh Ağayev Qəzənfər Müzəffər oğlunun nümayəndəsi Ağayeva Larisa Mixayılovna iddianı qəbul etməmişdir və qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 saytı ünvanda yerləşən torpaq sahəsindəki «B» tikilisinin və «A» tikilisində 2 və 4 rəqəmləri ilə qeyd olunan otaqlarının Mustafayev Qasımbala və Mustafayev Ağabalanın mülkiyyətinə yaşayış sahəsinin digər tikililərin isə onun və ailə üzvlərinin mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və iddiasını onunla əsaslandırmışdır ki, mübahisəli ev onun mərhum atası Müzəffərə məxsus olmuş həmin evin çox hissəsini Qasımbala özünə götürmüşdür. Qasımbalanın yaşadığı evin mətbəx və yardımçı otaq kimi istifadə etdiyi tikililərin onun istifadəsinə verilməsi məqsədə müvafiqdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-26/2004 saylı, xx xxx 2004-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Biləcəri qəsəbəsi, Vidadi küçəsi 4 saylı evin Ağayev Qəzənfər Müzəffər oğlu iləə Mustafayev (Müzəffərov) Qasımbala Müzəffər oğlu arasında, eni 3 metr olan küçəyə çıxış qapısını yolun tən ortasından hasar çəkməklə iki hissəyə bölünməsi qət edilmişdir. Qətnamədən maraqlarına toxunulan Əliyeva Gülnaz Mirhüseyn qızı apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin olunan hissəsində ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Vidadi küçəsi 4 saylı evin 4/8 hissəsi xx xxxxxx 2004-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınaraq həmin tarixdə adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildiyindən, göstərilən evin həyətyanıyanı torpaq sahəsi də daxil olmaqla göstərilən evin torpaq sahəsinin 4/8 hissəsinə dair istifadə hüququ ona keçmişdir. Birinci instansiyası məhkəməsi tərəfindən torpaq sahəsinə dair istifadə hüququnun yaranma əsasları mübahisənin xarakteri və mahiyyəti, tərəflərin hüquq və vəzifələri düzgün müəyyən edilməmiş, nəticədə mübahisənin mahiyyəti üzrə düzgün həll edilməməsinə dair və həm də onun hüquqlarının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnən əsassız qətnamə qəbul edilmişdir. O, Bakı şəhəri, Biləcəri qəsəbəsi Vidadi küçəsi 4 saylı evin 4/8 hissəsinin mülkiyyətçisidir. Mustafayev (Müzəffərov) Qasımbala Müzəffər oğlu isə həmin evin 1/8 hissəsinin mülkiyətçisidir. Digər tərəfdən «ev və giriş yolundan istifadə qaydasının müəyyən edilməsi barədə» iddia tələbi irəli sürdüyü sahə ilə onun yaşadığı sahənin bağlılıq tərzi yoxdur. Məhkəmə tərəfindən eni 3 metr olan küçəyə çıxış qapısının yolun tən ortasından hasar çəkməklə iki hissəyə bölünməsinin qət edildiyi torpaq sahəsi, məhz onun mülkiyyətinə aid olan hissədə olmaqla onun evə giriş-çıxış yoludur. Odur ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi Vidadi küçəsi 4 saylı evin Ağayev Qəzənfər Müzəffər oğlu ilə Mustafayev (Müzəffərov) Qasımbala Müzəffər oğlu arasında, eni 3 metr olan küçəyə çıxış qapısını yolun tən ortasından hasar çəkməklə iki hissəyə bölünməsi nəticəsində o, evə ümumiyyətlə giriş-çıxışdan məhrum olur. Məhkəmə kollegiyası tərəfindən Əliyeva Gülnaz Mirhüseyn qızı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən Gülnaz Əliyeva və onun vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişlər, ihəmçinin, əlavə olaraq bildirmişlər ki, birinci intsansiya məkhəməsinin qətnaməsi hazıradək icra edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməlirinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilmiş hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı onu ümumiyyətlə mübahisələndirməmişdir; üçüncü şəxs isə onu yalnız iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Başqa sözlə, qətnamənin iddia tələbinin təmin olunmamasına dair hissəsi apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir. İşin müəyyən olunmuş hallarına əsasən, ünvan 1-də yerləşən yaşayış sahəsi 168,2 kv.m olan ev xx.xx.2003-cü il tarixli, 022793 saylı qeydiyyat vəsiqəsi əsasında 5/8 hissəsi Ağayev Qəzənfər Müzəffər oğlunun, 1/8 hissəsi Mustafayev Ağabala Müzəffər oğlunun, 1/8 hissəsi Mustafayev Qasımbala Müzəffər oğlunun şəxsi mülkiyyətindədir. Valideynlərinin vəfatından sonra hər üç qardaş öz paylarına düşən evlərindən ayrıayrılıqda istifadə edirlər, lakin onların çıxış qapılarının bir olması axır vaxtlar Ağayev Qəzənfərin faktiki olaraq evinin satmasından sonra onlara problemlər yaratmışdır. Bu səbəbdən Mustafayev Qasımbala Ağayev Qəzənfərin küçəyə çıxış qapısının onun qarajının içərisindən keçməklə verilməsini Ağayev Qəzənfər isə mübahisəli evin yaşayış sahəsinin onun mülkiyyətinə verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş, 027970 nömrəli, xx xxxxxx 2004-cü il tarixli Qeydiyyat Vsəiqəsindən görünür ki, Əliyev Gülnaz Mirhüseyn qızı Bakı şəhəri, Biləcəri qəsəbəsi Vidadi küçəsi 4 saylı evin 4/8 hissəsinin mülkiyyətçisidir. İş materiallarında olan Məhkəmə texniki ekspertizasının xx.xx.2004-cü H tarixli, 1756 saylı rəyindən görünür ki, Biləcəri qəsəbəsi Vidadi küçəsi, 4 saylı evin A tikilisində yerləşən 2 və 4 saylı yaşayış otaqlarının cavabdehlərin sərəncamında olan tikililərə birləşdirilsə bu zaman iddiaçının sərəncamında 6 və 7 saylı yardımçı tikililər qalmış olar ki, bu tikililər də yardımçı sahələr olduğundan norma və qaydaları 2. 08. 01 89-un 1.1 2:1 2:2 2:4, 2:7 bəndlərinin tələblərinə uyğun olaraq təcrid mənzil təşkil etmədiyindən, həmin tikililəri Q.Ağayevin sərəncamında olan tikililərə birləşdirmək texniki cəhətdən mümkün deyildir. İddiaçı Mustafayev Qasımbala Müzəffər oğlunun istifadə etdiyi yaşayış sahəsinin qarşısında torpaq sahəsində sərhəd hasarını çəkməklə digər ailə üzvlərinin istifadəsində olan qarajın içərisindən keçməsi, İnşaat norma və Qaydaları 2.01.02.85-in 4.6-nin və Dövlət Şəhərsalma Norma və Qaydaları AZDTN 2.6.1-in 8-ci cədvəlində və 4.13 bəndində tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Kollegiya ilk növbədə qeyd edir ki, Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə müvafiq olaraq mübahisəli əmlakın paylı mülkiyyətçisi olan Əliyev Gülnaz Mirhüseyn qızını 3-cü şəxs kimi işə cəlb edərək məsələnin tam, hərtərəfli və obyektiv araşdırılmasına nail olmağa çalışmalı olduğu halda, bunu etməmiş, bu hal düzgün olmayan məhkəmə qərarının çıxarılması ilə nəticələnmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, ilkin iddiaçının irəli sürdükləri faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə ümumiyyətlə uzlaşmamaqdadır. Belə ki, Mülki Məcəllənin 215.1-ci, 215.2-ci və 215.4-cü maddələrinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Həmin Məcəllənin 220-ci maddəsinə görə isə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülki qanunvericiliyin qeyd olunan müddəalarını nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyində qeyd edilmişdir ki, iddiaçı Mustafayev Qasımbala Müzəffər oğlunun istifadə etdiyi yaşayış sahəsinin qarşısında torpaq sahəsində sərhəd hasarını çəkməklə digər ailə üzvlərinin istifadəsində olan qarajın içərisindən keçməsi, İnşaat norma və Qaydaları 2.01.02.85-in 4.6-nin və Dövlət Şəhərsalma Norma və Qaydaları AZDTN 2.6.1-in 8-ci cədvəlində və 4.13 bəndində tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Göründüyü kimi ekspert rəyində hasar çəkməklə payların bölünməsinin mümkünsüz olduğu qeyd edilsə də, birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmayaraq, düzgün olmayan nəticəyə gəlmişdir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, həmin hissədə iddia tələbi təmin edilməmişdir. Kollegiya xüsusilə vurğulayırki, işin hallarından və üçüncü şəxsin izahatından aydın olmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-26/2004 saylı, xx xxx 2004-cü il tarixli qətnaməsi hazırki vaxtadək icra edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-26/2004 saylı, xx xxx 2004-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə yəni, “ünvan 1 saylı evin Ağayev Qəzənfər Müzəffər oğlu ilə Mustafayev (Müzəffərov) Qasımbala Müzəffər oğlu arasında, eni 3 metr olan küçəyə çıxış qapısını yolun tən ortasından hasar çəkməklə iki hissəyə bölünməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2017/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2017/2021
10.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver