Məhkəmə qərarları › İş №2(103)-2017/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2017/2024

15.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2017/2024 15.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-4337/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 935/2023 nömrəli, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, İddiaçı Əbülfəz oğlu ilə “Kontakt Home” mağazalar şəbəkəsi arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alınmış İPHONE 12 PRO MAX 256 GB-GOLD modelli mobil telefonun dəyəri olan 4.906,7 manat pul vəsaiti tam məbləğdə ödənilmişdir və İddiaçı heç bir borcu qalmamışdır.

2. Ödəniş tarixçəsinə əsasən xx.xx.2021-ci il tarixdə telefon alınarkən dəyərindən 238 manat, daha sonra xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə 470 manat, sonuncu dəfə isə xx.xx.2022-ci ildə 4.198,7 manat ödəniş edilmişdir. Gecikmə 379 gün olmuşdur.

3. "xxxx" ASC-nin Cavabdeh məxsus hesab məlumatları cədvəlindən müəyyən edilir ki, xx.xx.2023-ci il tarixdə İddiaçı kartına 200 manat məbləğində pul köçürülmüşdür.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4.300 manat, əldən çıxmış fayda olaraq 800 manat, mənəvi ziyan olaraq 200 manat pul məbləğinin, 68 manat dövlət rüsumunun, vəkilə etdiyi kömək üçün ödənilmiş 500 manat xərc, ümumilikdə 5.868 manat pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Əbülfəz oğlu ilə “Kontakt Home” mağazalar şəbəkəsi arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, iddiaçı İPHONE 12 PRO MAX 256 GB-GOLD adlı mobil telefonu 4.906,7 manat pul məbləğini hər ay ödəniş cədvəlinə əsasən ödəmək şərtilə almışdır. Cavabdeh həmin telefonun yaxın qohumunun ad günü münasibəti ilə ona verilməsini xahiş etmişdir. O, həmin mobil telefonu götürərək hər ay krediti özü ödəyəcəyini iddiaçıya söyləmiş, lakin cavabdeh bugünə qədər 470 manat ödəniş etmişdir. Yerdə qalan ödənişi iddiaçı ödəyərək həmin kredit borcunu bağlamışdır. Cavabdehə bu günə qədər ödənişlə bağlı dəfələrlə müraciət edilsə də, o pulu ödəməkdən yayınmışdır. Tərəflər arasında səs yazılarından da görünür ki, cavabdeh 4.300 manat borcu olduğunu qəbul edir. Cavabdeh pulun qaytarılması ilə bağlı sözlər versə də, bu günə qədər iddiaçıya olan borcunu qaytarmamışdır. Bununla da iddiaçıya həm maddi, həm də mənəvi ziyan vurmuşdur.

6. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 4337/2023 nömrəli qətnaməsi ilə (hakim T.C.Xəlilova) iddia qismən təmin edilmiş, Cavabdeh 4.300 manat məbləğində pul vəsaitinin, 200 manat məbləğində mənəvi zərər və 52,76 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə tərəflərin verdiyi izahatlara və təqdim olunmuş sübutlarla müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan şifahi razılaşmaya əsasən, iddiaçı kreditlə mobil telefon almış, cavabdeh isə həmin telefonun dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit ödənişlərini vaxtında icra etmədiyindən telefonun dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iclasında cavabdeh cəmi 1.200 manat borcunun qaldığını, iddiaçıya hissə-hissə ödənişlər etdiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

8. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının 4.300 manat borc tələbi əsaslı olduğundan təmin edilməlidir.

9. Məhkəmə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının məcbur olaraq məhkəməyə müraciət etməsini, bu halların şəxsin mənəvi sarsıntı keçirməsinə əsas olmasını, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq hesab etmişdir ki, iddia mənəvi zərərin ödənilməsi hissəsində təmin edilərək, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 200 manat tutularaq iddiaçıya ödənilməlidir.

10. Məhkəmə hesab etmişdir ki, vəkilə ödənilmiş xərclərlə bağlı sübutlar – qəbz, müqavilə məhkəməyə təqdim olunmadığından, eləcə də əldən çıxmış fayda əsaslandırılmadığından və bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim olunmadığından iddia bu hissədə rədd edilməlidir.

11. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia qismən təmin edildiyindən, 52,76 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.2, 385.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il 7 saylı Qərarının 10-cu bəndinə, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, iddiaçıya kredit əsasında alınmış telefona olan borcunu hissə-hissə ödəniş etməyini məhkəmədə bildirsə də, məhkəmə bu halları nəzərə almamışdır. Hətta onun təqaüdçü kimi pensiya kartı iddiaçıda 3 ay olmaqla kartdan hər ay 500 manat, cəmi 1.500 manat kart hesabından çıxarış edərək iddiaçı öz adından ödəniş etmiş, bundan başqa cavabdeh onun kart hesabına və iddiaçının təkidi ilə onun yolladığı digər adamın kart hesabına pul yollamaqla ödəniş etməyini məhkəmədə bildirsə də, məhkəmə bu halı da nəzərə almamışdır. O, telefon aldıqdan sonra 3 ay 254 manat olmaqla cəmi 762 manat da ödəniş etmişdir. Hətta iddiaçıya məxsus kart hesabına əlavə 130 manat pul da göndərmişdir. Onun iddiaçıya 1.200 manat borcu qaldığı halda məhkəmənin telefon borcunu bütünlüklə ondan tutmasını əsassız hesab edir. O, birinci instansiya məhkəməsində bu halları təsdiq edən sənədləri təqdim etsə də, məhkəmə sübutları qəbul etməkdən imtina etmişdir. Halbuki, onun bankdan kart hesabında olan çıxarışları əldə etməyi üçün zaman lazım idi. O bir sadə vicdanlı vətəndaş kimi ödənişlərini etsə də, ödənişlərə dair qəbzləri mövcud olsa da, məhkəmə bu sübutu gecikmiş adı ilə qəbul etməmişdir. Onun telefon ödnişlərinə olan qəbzləri də mövcuddur. Onu da qeyd edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi yekun qərar qəbul edərkən birtərəfli qaydada araşdırma aparılmış, məhkəmə araşdırmasına əsaslanmamış, cavabdehin şifahi əsaslandırılmış vəsatəti təmin edilməmiş, telefona olan borcun nə zaman bağlanmasını, kim tərəfindən ödənişlərin olunubolunmaması müəyyən edilmədən, iddiaçının ondan pul tələb etməsinə əsas olan sənədlər müəyyən edilmədən ədalətsiz qətnamə qəbul edilmişdir. Hesab edir ki, iddiaçı tərəfindən borc məbləği şişirdilərək məhkəməyə verilməsi və ondan əsassız olaraq tələb edilməsi düzgün deyildir. Onun iddiaçının kart hesabına etdiyi ödənişlər məhz telefon üçün olan borcu ilə bağlı olsa da, pul tələbi barədə iddia tələbi qismən təmin edilərkən məhkəmə bu halları nəzərə almamış, yalnız sübutları məhkəməyə təqdim etməməyi adı ilə iddianı qismən təmin etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, o, kart hesabından iddiaçının kart hesabına müxtəlif vaxtlarda müxtəlif məbləğdə pul köçürtmüşdür. Lakin məhkəmə buna münasibət bildirməmiş, ödənişlərinin məbləğinə və bu illər ərzində vicdanlı vətəndaş kimi ödənişlərini belə nəzərə almamışdır. Hətta tərəfindən olunan ödənişlərin, təqaüd kartının iddiaçının sərəncamında olması və həmin kartdan olunan ödənişlər araşdırılmamışdır. Onun hal-bazırda iddiaçıya 1.200 manat borcu olduğu halda yenə də 4.300 manat pulun tam tutulması adı ilə iddianın qismən təmin edilməsi onun maddi vəziyyətini bir daha da ağırlaşdırmışdır. Məhkəmə prosesi zamanı o, iddiaçının məhkəmədə şəxsən iştirakını xahiş etsə də, iddiaçı məhkəmədə nümayəndə və vəkili ilə təmsil olunmuşdur. İddiaçı özü məhkəmədə onunla üz-üzə gəlməyə cəsarət belə etməmişdir. Çünki ona telefon üçün olan borcunu hissə-hissə bağlamağa çalışdığı zaman o ödənişləri öz adına etməklə təkrar ondan pul tələb etməklə əlavə gəlir əldə etməyə çalışmış və sonda məhkəmənin qətnaməsi ilə buna nail olmuşdur. Onun kartının iddiaçıda olması və ordan pul çıxartmasına münasibət bildirilməməsi, sonda telefona olunan bütün ödənişlərin ondan tələb olunması bir daha cavabdeh kimi hüquqlarını pozmaqla qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmə qətnamə qəbul edərkən göstərdiyi hallan nəzərə almamışdır. Ondan mənəvi zərərə görə əlavə 200 manat pul tələb etməsi də öz-özlüyündə ziddiyyətlidir. Mənəvi zərərə dair iddiaçı heç bir sübut təqdim etmədiyi halda, məhkəmənin bunu 200 manat müəyyən etməsi, iddiaçının məhkəməyə müraciət etməsinin şəxsin mənəvi sarsıntı keçirməsinə əsas olmasınının hansı meyarlarla ölçülməsi gülünc doğurur və absurddur. İstənilən şəxsin məhkəməyə müraciət etməsini əgər mənəvi sarsıntı, iztirab hesab olunarsa, onda mənəvi zərər üzrə təmin edilmiş məhkəmə qərarlarının sayı artmış olacaqdır. Mənəvi zərərin 200 manat məbləğində tam təmin edilməsi və sadəcə Ali Məhkəməsinin Plenum qərarının formal əsaslarının sadalanması, hansı meyarlarla mənəvi sarsıntının müəyyən edilməsi qətnamədə əsaslandırılmamışdır. Göründüyü kimi, mənəvi zərər hissəsində iddia tələbinin tam təmin edilməsinin əsasları olmadığı halda məhkəmə bunu bütöv halda təmin etməkdə səhv nəticəyə gəlmişdir. Hesab edir ki, iddiaçının telefon borcuna dair olunan ödənişlərinin bütövlükdə onun tərəfindən icra olunması, həmin ödənişlərin ona aid olması barədə dəlil, sübut olmadığı halda məhkəmə iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, onun telefonda olan səs yazısı montaj olunmaqla və anonim şəkildə yazılmış səs yazısı sübut kimi qəbul edilə bilməz. Lakin məhkəmə sübut olmayan səs yazısını iş materiallarına əlavə etməklə qəbul etmişdir. Həmin səs yazısı sübut kimi qəbul edilə bilməz, çünki həmin sübutlar əgər iddiaçı tərəfindən əldə olunubsa, bundan onun xəbəri olmamış, məhkəmə tərəfindən sübutlar qiymətləndirilərkən anonim sübutlar nəzərə alınmamalıdır. Onun iddiaçı ilə olan vatsap yazışmalarını məhkəmə qəbul etməkdən imtina etmiş, həmin vatsap yazışmalarında iddiaçının ona göndərdiyi kart hesabına tərəfindən olunan ödənişlər yenə də məhkəmə tərəfindən nəzərə alınmalı olduğu halda bunu da etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Həmçinin qeyd etdi ki, iddiaçının işçisi Elnur Cəfərlinin kartına 392 manat bir, 300 manat bir, 50 manat bir ödəmişdir. Elnur Cəfərlidən borc pul almamışdır və onu tanımır.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh aldığı telefona görə ödənişlər etmədi, sonra bildirdi ki, qızına yox, başqa qadın üçün telefonu alıb. Cavabdeh pensiya kartını vermişdir ki, oradan ödənişlər etsin, ayın axırı müəyyən etdi ki, pensiya kartı bloklanıbdır. Çünki cavabdehin başqa qadına borcu var idi və iş icrada idi. Cavabdeh onun işçisi Elnur Cəfərlidən borc pul almışdır. Sonradan cavabdeh ona məxsus karta 200 manat pul köçürmüşdür.

Tətbiq edilən hüquq

18. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Maddə 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir.

19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

20. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarı: Bənd 1. “İnsan hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Bənd 2. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və X1 haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bənd 7. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Bənd 10. Həmin qərarda eyni zamanda göstərilmişdir ki, “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Hazırkı işdə iddia qismən təmin olunduğundan, qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normasının tətbiqində səhvə yol verilmiş, işin hallarına uyğun olmayan qətnamə qəbul edilmişdir.

26. İşdən görünür ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən iddiaçı öz adına "xxxx" MMC-dən nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh üçün mobil telefon almış, cavabdeh isə həmin telefonun dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən ödənişləri tam icra edilmədiyindən iddiaçı xx.xx.2022-ci il tarixdə telefonun dəyərindən qalan 4.198,7 manat pulu ödəmişdir.

27. Cavabdeh iddiaçıya hissə-hissə ödənişlər etdiyini, ona ümumilikdə 1.200 manat borcunun qaldığını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən təqdim edilən qəbzlərə əsasən ödənişlər başqa şəxslərin kartına göndərilmişdir.

28. Bununla belə, cavabdehə məxsus hesab məlumatları cədvəlindən müəyyən edilir ki, xx.xx.2023-ci il tarixdə iddiaçıya məxsus karta 200 manat pul köçürülmüşdür. İddiaçı da bunu məhkəmə kollegiyasının iclasında təsdiq etmişdir.

29. Göründüyü kimi, iddiaçı telefona görə iddia ərizəsində göstərdiyi kimi 4.300 manat deyil, 4.198,7 manat məbləğində ödəniş etmiş, bundan sonra cavabdeh tərəfindən 200 manat onun kartına köçürülmüşdür.

30. Kollegiya iddiaçıya dəymiş mənəvi ziyanla bağlı hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 200 manat məbləğində vəsaitin tutulmasını ağlabatan və ədalətli hesab edir. Belə ki, cavabdeh tərəfindən telefona görə ödənişlər 379 gün gecikdirilmiş, iddiaçı tərəfindən onun yerinə yüksək məbləğdə ödəniş edilmiş, bu isə öz növbəsində iddiaçının şüuruna təsir göstərməklə mənfi psixioloji reaksiyaya səbəb olmuşdur.

31. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-4337/2023 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə 3.998,7 manat (4.198,7 - 200) məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 4337/2023 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində qismən ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh 3.998,7 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar