Məhkəmə qərarları › İş №2(103)-2021/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2021/2022

31.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2021/2022 31.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Qusar rayon Notariat Ofisi, Bakı şəhəri 51 saylı Notariat Ofisi, Bakı şəhəri 09 saylı Notariat Ofisi, Bakı şəhəri 14 saylı Notariat Ofisi, 3 saylı Bakı “ASAN Xidmət” mərkəzindəki notariat Ofisi, X1 olmaqla Cavabdeh qarşı “əqdlərin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(006)-2631/2021 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(006)- 2631/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə tərəflərə göndərilməsi üçün 16 noyabr 2021-ci il tarixində poçt orqanına təqdim olunmuşdur, lakin qətnamənin poçt vasitəsi ilə cavabdehə təqdim olunmasını təsdiq edən sübut iş materiallarına əlavə olunmamışdır. Həmçinin müəyyən olunur ki, cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayəti 24 dekabr 2021-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuşdur. Bu səbəbdən də, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət daxilində verilib-verilməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyini araşdırmadan şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayətin prosessual müddətin tələblərinə uyğun verilib-verilməməsi barədə hər hansı sübut mövcud olmadığından apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş şikayətin verilməsi üçün prosessual müddətin dəqiq müəyyən edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDİ : Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(006)- 2631/2021 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 vermiş olduğu apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş şikayətin verilməsi üçün prosessual müddətin dəqiq müəyyən edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar