Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2023/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Cavabdeh1 və Cavabdeh2nə qarşı “pul tələbinə ” dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “vurulan ziyanın ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4356/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Cavabdeh1 və Cavabdeh2nə qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qanunsuz olaraq cinayət təqibi aparıldığından, qanunsuz həbsə alınmağına görə, ona dəymiş maddi ziyan qismində 60.000 manat, fiziki zərər 50.000 manat, sağlamlığına dəymiş ziyana görə 10.000 manat, mənəvi ziyanına görə isə 48.000 manat, cəmi 168.000 manat (bir yüz altmış səkkiz min) kompensasiyanın Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, o, hər bir sıravi vətəndaş kimi ömrünün ilk illərdən uşaq bağçasına, daha sonra isə orda məktəbə gedərək təhsil almışdır. O, demək olar ki, hər bir zaman nümunəvi vətəndaş olmuşdur. Lakin bütün bunlara baxmayaraq xx.xx.2020ci il tarixində saat 14:00-da telefonuna yaşadığı qəsəbənin sahə inspektoru tərəfindən zəng gələrək, polis şöbəsinə dəvət olunmuşdur. Oraya gələndə sahə inspektoru onu otağına aparmış, lakin bir bəhanə ilə özü otağı tərk etmişdir. Bu zaman otağa Baş Narkotika qarşı Mübarizə idarəsinin əməkdaşları daxil olmuş və ona heç bir xəbərdalıq etmədən, hər hansı bir sual vermədən onu döyməyə başlamışlar. Döyməyin səbəbi isə o idi, guya o, narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı ilə məşğul olur və buna dair bildiklərini onlara deməyini tələb edirdilər. Bir neçə vaxt sonra isə ona ittiham irəli sürülmüş və AR CM-nin 234.2-ci maddəsi üzrə ona ittiham irəli sürülmşdür. Beləliklə, barəsində qanunsuz olaraq cinayət işi başlanılmış, uydurma əsaslarla ona ittiham irəli sürülmüşdür. İbtidai istintaqın yekunun ittiham tərtib olunmuş orada tutulmağının təfərrüatları, işin halları kəskin surətdə təhrif olunaraq saxtalaşdırılmışdır. Akta əsasən müəyyən olunmuşdur ki, yaşadığı ərazinin yaxınlığında, (halbuki o, polis şöbəsinə zəng vasitəsilə çağırılmışdı) yəni ünvan 1 ünvanın qarşısında Xəzər RPİ-nin əməkdaşları tərəfindən guya saxlanılaraq 1-ci Polis Şöbəsinə gətirilmişdir. Orada onu şübhəli şəxs qismində saxladılar və hətta fiziki zorakılığa məruz qalmışdır. Ondan tələb edirdilər ki, törətmədiyi cinayəti boynuna alsın. Guya o, yaşadığı ərazidə narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğuldur. Bu məqsədlə yaşadığı evdə qanunsuz olaraq axtarış aparılmış və guya orada 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, xalis çəkisi 0,180 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və həmin otaqda olan divanın saxlanc yerindən üzərində narkotik vasitə izləri olan 1 ədəd “inject' markalı şpris aşkar edilmişdir. Daha sonra ona törədilmiş fiziki zorakıqla müşayiət olunan dindirilmə aparıldı. Nəticədə, barəsində cinayət işi açılmış və ona ittiham irəli sürülmüşdür. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi üzrə ittiham irəli sürülmüş və guya o, iş üzrə keçən digər təqsirlndirilən şəxs X1 15 manata 0.237 qram çəkisi olan narkotik vasitəsini satmışdır. X2 Azərbaycan Respublikası CM-nin 177.2.2. 177.2.3 və 234.l-ci maddələri ilə təqsdiləndirilirdir. Beləliklə, o, saxlanılan andan qanunsuz saxlanılmağına baxmayaraq, saxlanıldıqdan sonra ona işgəncə verilərək, müxtəlif fiziki iztirab və zorakılığa məruz qalmışdır. O, saxlanıldıqdan sonra, dərhal həbsə alınmış və daha sonra isə barəsində həbs qətimkan tədbirinin görülməsi üçün Xəzər Rayon Məhkəməsinə verilmişdir. Məhkəmənin qərarı ilə isə qanunsuz və uydurma ittiham əsasında ona 3 aylıq həbs qətimkan verilmişdir. Bütün ibtidai istintaq dövründə isə onun həbsdə qalmağı müddəti isə ibtidai istintaq aparan orqanın vəsatəti əsasında uzadılmışdır. Beləliklə, uydurma ittiham əsasında o, normal həyat tərzindən məhrum olunaraq uzun-uzadı davam edən cinayət təqibə məruz qalmışdır. Bu müddət ərzində o, normal həyat tərzindən, işindən, qazancından, ailəsindən, onu tanıyan dost, qohum və qonşularından uzaq düşərək məhrum olunmuşdur. Onun nüfuzu, insanların ona olan inamı, hörməti və ən əsası etibarı ani olaraq yox olaraq puç olmuşdur. Ailə üzvlərində yaxınlıqda və uzaqlıqda olan qonşular demək olar ki, salam belə vermək istəmirdi. Onun hansı maddə üzrə tutulmağı yaşadığı qəsəbə daxilində ən qısa müddət ərzində surətlə yayılmışdır. Hətta onları tanıyanların bəziləri anasının üzünə demişdir ki, «sizi ailəliklə qəsəbədən sürgün etmək lazımdır ki, oğlun (yəni o) narkotik vasitəsinin satışı ilə məşğuldu, bizim uşaqlarımızı var. Sabah onları da bu bəlaya cəlb edəcəkdir». Beləliklə, qanun həm onu, həm də ailəni böyük çətinlikliyə salmışdırlar. Beləliklə, o, xx.xx.2020-ci ildən etibarən, ibtidai istintaqın aparıldığı dövr ərzində, eləcə də cinayət işi üzrə Xəzər Rayon Məhkəməsində keçirtmiş məhkəmə prosesinin qurtardığı günə qədər (yəni hökm çıxarılana qədər) o, həbs altında qalmışdır. Yalnız xx.xx.2021-ci il tarixində, Xəzər Rayon Məhkəməsinin 1(003)-69/2021 saylı hökm çıxarılanda o, iclas zalından dərhal azad olunaraq, azadlığa qovuşaraq həbsdən azad olunmuşdur. Həmin hökmün nəticə hissəsində göstərilmişdir ki, AR CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. O, tutulana qədər fərdi əməklə məşğul olurdu və qanunsuz olaraq cinayət təqibinə məruz qaldığına görə bütün qazana biləcəyi qazancılarından qanunsuz olaraq məhrum olunmuşdur. İbtidai istintaq orqanın kobud və ciddi səhvlərə görə o, həyatının demək olar ki, 1 il 8 ayını həbsdə keçirtmişdir. Bu müddət ərzində ona hər gün həm mənəvi. həm də maddi ziyan vurulurdu. Onun barəsində yaşadığı qəsəbədə, qohum-əqrabada, qonşularında, dost-tanışlarında dayanaqlı mənfi fikir formalaşmdışdır. Yuxarıda qeyd etdiyi kimi, həbsə alana qədər o, fərdi əməklə məşğul idi. Müxtəlif işlər üzrə xidmət göstərək, ailənin, eləcə də özünün ehtiyaclarının ödənilməsi üçün kifayət qədər pul vəsaiti qazanırdı. Belə ki, yaşayış və qeyri-yaşayış sahələrdə kombi sistemlərinin qurulması, eləcə də santexnika sahəsi üzrə və sair müxtəlif işlərin görülməsi ilə məşğul olurdu. Lakin qanunsuz həbsə alınmağı səbəbindən o, bütün qazancından uzun müddətə məhrum olunmuşdur. Orta hesabla o, hər bir işə görə həftə ərzində ***-**** manat gəlir əldə edirdi. Ailəsi də maddi təminatından məhrum olunmuşdur. O, ailəlidir və onun yetkinlik yaşına çatmayan 3 övladı var. Onlar da barəsində qanunsuz cinayət işi aparıldığından ata həsrəti ilə yaşayaraq 1 il 8 ay onu ümumiyyətlə görməkdən məhrum olunmuşdurlar. Bu da onun üçün çox böyük zərbə idi. Həmçnin Xəzər Rayon Məhkəməsinin hökmü ilə o, azadlığa çıxana qədər istintaq təcridxanasında qaldığı müddətdə vərəm xəstəliyinə düçar olmuşdur. Vərəm onun səhhətini ciddi şəkildə məhv etmişdir. Tam müalicəsi isə o, azadlığa çıxandan sonra aparmağa nail ola bilmişdir. Müalicəsi də uzun müddət çəkərəq, aylarla davam edirdi. İşin maddi tərəfindən başqa ona ciddi, əvəz olunmaz mənəvi ziyan da vurulmuşdur. Qanunsuz həbsə alınmağında, eləcə də qanunsuz, təqsirsiz olaraq cinayət təqibinə məruz qalmaqla ona ciddi mənəvi ziyan vurulmuşdur. Demək olaı ki, həbsdə qaldığı müddət ərzində elə bir gün olmayıb ki, ona mənəvi cəhətdən sarsıntı hissi, depressiya keçirtmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4356/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Natavan Tağıyeva) ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən mənəvi zərərə görə 12.000 (on iki min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır.
4. İddiaçı qətnaməni mübahisələndirməmişdir.
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.
6. İşə apellyasiya qaydasında baxılarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
7. Cavabdeh apelyasiya şikayətini verərək, qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etməklə qeyd etmişdir ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Digər tərəfdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin tələblərinə görə hər hansı şəxsə qarşı hətta xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manat müəyyən edilmişdir. Bu baxımdan məhkəmə tərəfindən təmin edilən kompensasiya məbləği ağlabatan deyildir. Qeyd olunmalıdır ki, məhkəmənin mənəvi ziyanı həbsdə olmanın hər ayı üçün 1000 manat dəyərində hesablanması düzgün yanaşma hesab oluna bilməz. Mənəvi ziyanın dəyərinin aylara bölünməsi yanaşması ümumiyyətlə əsassızdır. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Tərəflərin izahatı:
8. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verilməmişdir.
9. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003) 231/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır.
11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli 1(003)-69/2021 saylı hökmünün surətindən görünür ki, İddiaçı cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsi və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmiş, İddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməsi və onun məhkəmə iclas zalından dərhal azad edilməsi, İddiaçı Azərbaycan Respublikası CPMnin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah edilməsi hökm edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-96/2022 saylı, xx.xx.2022-çi il tarixli Qərardan görünür ki, İddiaçı barəsində çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli 1(003)-69/2021 saylı hökmü dəyişdirlədən saxlanılmışdır.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-çi il tarixli Hökmdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-96/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
14. Mülki iş materiallarından göründüyü kimi İddiaçı 1 il 2 gün qanunsuz olaraq həbsdə saxlanılmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
17. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu
18. Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.
19. Maddə 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
20. Maddə 6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
21. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir.
22. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
26. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
27. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
28. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
29. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
32. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
34. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
36. Hazırkı halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, mahiyyət etibarı ilə qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirdiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
37. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyası cavabdeh tərəfindən hər hansı delikt törədilmədiyindən məsuliyyətlərinin də olmamasına dair cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətinin dəlili ilə bağlı aşağıdakıları qeyd edir.
39. Müvafiq dövlət orqanlarının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində mənəvi ziyanın vurulması təqsirsiz məsuliyyət halıdır. Yəni bu halda dövlətin mülki-hüquqi məsuliyyətinin yaranması üçün təqsirlilik şərtinin mövcud olmasına ehtiyac yoxdur. Təqsirlilik şərtindən asılı olmayaraq dövlət vurulmuş zərərin ödənilməsini təmin etməlidir. Daha sonra dövlət, təqsiri olan şəxsə qarşı reqres tələblə çıxış edə bilər. Bu qayda qanunvericilikdə açıq şəkildə öz əksini tapmışdır.
40. Belə ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanununun 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci və 1101.2-ci maddələrinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
42. Həmin Məcəllənin 1114.3-cü maddəsinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanları vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır.
43. Məhkəmə kollegiyası rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq və oxşar işlərdə həbsdə olmanın hər ayı üçün bir qayda olaraq 1000 manat məbləğində mənəvi zərərin hesablanması barədə məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, rayon məhkəməsi mənəvi zərərin həcmi kimi 12 000 manat müəyyən edillməsində haqlı olmuşdur.
44. Digər tərəfdən apellyasiya şikayətində qeyd edilən - mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alına bilməz. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. Zərər çəkmiş şəxsin ona zərər vurmuş şəxsə qarşı da maddi və mənəvi zərər tələb hüququnu həmin kompensasiya məbləği istisna etmir. Hazırkı iş üzrə iddiaçı isə, cinayət işi üzrə zərər çəkmiş şəxs deyil, təqsirləndirilən şəxs olmuş, ona ittiham verilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, yalnız sonradan təqsirliliyi sübuta yetirilmədiyin görə barəsində bəraət hökmü çıxarılmışdır.
45. Göründüyü kimi cavabdehin onlar tərəfindən hər hansı delikt törədilmədiyindən məsuliyyətlərinin də olmaması ilə bağlı apellyasiya şikayətinin dəlili əsassızdır. Nəticə:
46. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4356/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.