Məhkəmə qərarları › İş №2(103)-2024/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2024/2021

01.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2024/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-977/2020 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 15000 manat məbləğində maddi və 15000 manat mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx xxxxx 2017-ci ildə 16:00 radələrində 125 saylı marşrut üzrə Cavabdeh MMC-nin işçisi X1 idarə etdiyi **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusla hərəkətdə olarkən, o, oturduğu yerdən avtobusun hərəkət istiqamətində 3 metrdən artıq məsafədə irəli yıxılmış, ağır bədən xəsarətləri almışdır. Müayinə nəticəsində müəyyən edilmişdir ki, onun sağ bud sümüyü sınmışdır. Uzun müddət, 1 il yataq xəstəsi olmuş, daimi müalicə almışdır. Hazırda da tamamilə sağalmamış, ayaqlarının damarlarında tromb əmələ gəlib, mütəmadi olaraq həkim nəzarətindədir, fizioterapiya müalicəsi mütəmadi olaraq davam edir. Bununla bağlı, xx xxxxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nəsimi Rayon RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Elxan Tağızadə tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda göstərilir: “araşdırma zamanı vətəndaş X1 iştirakı ilə hadisə vaxtı sonuncunun idarə etdiyi avtobusda olmuş video müşahidə kameralarındakı görüntülərə baxış keçirildikdə aydın şəkildə görünmüşdür ki, hadisə vaxtı xəsarət almış İddiaçı avtobusun oturacağında əyləşir, o, qadına yer verəndə öz yerində əyləşir, daha sonra üst geyimini çıxarmaq üçün özü avtobusun salonunda ayaqüstündə dayandıqda avtobusun sürəti zəifləyir və o, yerə yıxılır. Görüntülərə baxış zamanı aydın şəkildə görünmüşdür ki, hadisə vaxtı avtobusun sürəti zəifləsə də, avtobus faktiki olaraq hərəkətdə olmuş, hadisə vaxtı avtobus qəflətən kəskin tormozlama əməliyyatı aparmış, toqquşma baş verməmişdir. Hadisə saat 16:25-də baş vermişdir”. Bu yerdə baxmayaraq ki, o yıxılmışdır, sürücü avtobusu saxlamamış, yüksək sürətlə 28 may küçəsindən Bakı Univermağı istiqamətində sürmüş və orada saxlamışdır. Yaşadığı Bibiheybət qəsəbəsində sürücü ona kobudluq edərək onu evinə aparmaqdan imtina etmiş, hadisə zamanı ona qalxmağa belə digər sərnişinlər köməklik göstərmişdir. Sürücü onları “X4”nə aparmış, sonra yenidən Bibiheybətə qayıtmış və ona köməklik etmədən taksi ilə evinə göndərmişdir. Sürücü qətiyyən ona köməklik etməmiş, təcili tibbi yardım çağırmamışdır. Nəsimi Rayon Polis idarəsinin İstintaq Şöbəsinin müstəntiqi Elxan Tağızadə tərəfindən xx xxxxxxxx 2018-ci il tarixli qəbul olunmuş “cinayət işinin rədd olunması barədə” qərarda göstərilir ki, X1 əməllərində cinayət tərkibi olmadığından vətəndaş İddiaçı xəsarət alması ilə bağlı toplanmış 578/17 saylı material üzrə cinayət işinin başlanması rədd edilsin. Şəxsin barəsində inzibati tənbeh tətbiq edilməklə kifayətlənilmişdir. Nəsimi Rayon Polis Şöbəsinin TP2504590 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən, X2 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 AZN məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Göründüyü kimi, cavabdeh təşkilatın sürücüsü onun sağlamlığına vurduğu ziyana görə məsuliyyətə cəlb edilmişdir. Baş verən hadisə nəticəsində xəstəxanada əməliyyat olunmuşdur. O, ikinci qrup əlildir. Həmin hadisə nəticəsində onun pis olan səhhəti daha da ağırlaşmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-977/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh MMC-dən İddiaçı xeyrinə 3000 manat məbləğində maddi ziyan və 3000 manat mənəvi ziyanın tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, iddiaçıya maddi ziyan dəyməsini sübut edən, həmçinin mənəvi zərərin nədən ibarət olmasını göstərən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs (nümayəndə) məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilməlidir. İş materiallarında olan xx xxxxxxxx 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, sürücü X1 əməllərində cinayət tərkibi olmadığından, İddiaçı xəsarət alması ilə bağlı toplanmış 578/17 saylı material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, bununla belə, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarını pozması səbəbindən, inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Nəsimi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, araşdırma zamanı MTE və PA ETTB-dən alınmış 877 saylı akta əlavə olunmuş 62 saylı rəydən görünür ki, İddiaçı bədənində aşkar olunmuş xəsarət sağ bud sümüyünün burmalardan keçən qapalı yerdəyişmiş sınığı küt əşyanın təsirindən onun Azərbaycan Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutuna müraciət etdiyi xx.xx.2017-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla (35%-bud-çanaq oynağında güclü dərəcə hərəkət məhdudluğu) dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunun xəstənin ambulator, stasionar tibbi kartasından epikrizdən görünür ki,1948-ci il təvəllüdlü İddiaçı, xx.xx.2017-ci il tarixdə sağ bud sümüyünün burmalardan keçən qapalıqəlpəli yerdəyişmiş sınığı diaqnozu ilə daxil olmuş, xx.xx.2017-ci il tarixdə ayağında cərrahi əməliyyat aparılmış və xx.xx.2017-ci il tarixdə evə ambulator müalicəyə yazılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin hallarına görə, iddiaçı hərəkətdə olan avtobusun dayanması zamanı yıxılmaqla ağır bədən xəsarəti alması və aparılmış araşdırma nəticəsində sürücünün Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi əsası ilə (yəni sürücü onun ağır bədən xəsarəti almasında təqsirlidir və bu, qüvvədə olan inzibati xəta haqqında iş üzrə qərarla sübut olunur) hazırki iddia ilə cavabdehdən maddi və mənəvi təzminat tələb edir. Birinci instansiya məhkəməsi də iddiaçının dəlilləri ilə razılaşmış, cavabdeh təşkilatın işçisinin (sürücünün) təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməsi qətnaətinə gələrək, iddianı qismən təmin etmişdir. Məhkəmə Kollegiyası göstərilən nəticə ilə razılaşmır və qənaətini aşağıdakılarla əsaslandırır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin oluna bilər. İş materiallarında olan videomüşahidə kameralarındakı görüntülərə baxış keçirilərkən müəyyən edilir ki, avtobus hərəkətdə olarkən iddiaçı üst paltarını çıxarır və bu zaman işıqfora yaxınlaşan avtobus sürətini azaldır (dayanmaq üçün tormozlanma əməliyyatı həyata keçirilir). İddiaçı heç yerdən tutmadığı üçün müvazinətini saxlaya bilmərəyək yerə yıxılır (16:26:03-də). Həmin vaxt avtobusda bütün sərnişinlər oturmuş vəziyyətdədir, iddiaçıdan başqa heç kəs nə yıxılmır, nə də oturduğu yerdə irəli hərəkətlənmir (yəni, avtobusun tormozlaması normal şəkildə baş verdiyindən sərnişinlər narahatçılıq keçirmir). Həmçinin müəyyən olunur ki, hadisədən öncə avtobus dayanacaqdan hərəkətə başlayarkən sürücü əks istiqamətli hərəkət zolağına çıxmadan dayanacaqdan birbaşa üçüncü zolağa doğru hərəkət edərək (16:25:30), işıqforda dayanır, sonra da hərəkətini həmin zolaqla davam etdirir və növbəti işıqforda dayanarkən, avtobus tam dayanmamış iddiaçı yıxılır. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Bakı şəhəri Nsimi rayon Polis İdarəsi tərəfindən təqdim olunmuş sürücü C.Məmmədovun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında protokol və eyni tarixli inzibati xəta haqqında iş üzrə qərarın təsdiq olunmuş surətlərindən görünür ki, həmin protokol və qərar cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2018-ci il tarixli qərar əsasında tərtib və qəbul olunmuşdur. Protokol və qərarda hadisənin baş vermə tarixi (hadisə xx.xx.2017-ci il tarixdə baş versə də, protokol və qərarda xx.xx.2018-ci il göstərilmişdir) və avtobusun dövlət qeydiyyat nişanı (**-JN-*** olduğu halda **-JN-*** göstərilmişdir) səhv qeyd olunsa da, aşkar şəkildə aydındır ki, sürücü C.Məmmədovun inzibati məsuliyyətə cəlb olunaraq tənbeh edilməsi məhz xx.xx.2018-ci il tarixli qərar əsasında baş vermişdir. Qərarın qanuniliyi hazırki işin predmeti olmadığından, Məhkəmə bu məsələ ilə bağlı araşdırma aparmağa zərurət görmür. Göründüyü kimi, sürücü C.Məmmədovun inzibati məsuliyyətə cəlb olunması İddiaçı yıxılıb xəsarət alması ilə nəticələnən tormozlama əməliyyatını həyata keçirməyə görə yox, əks istiqamətli hərəkət zolağına çıxamadan ötmə və ya manevr qaydalarını pozmağa, yəni dayandığı birinci zolaqdan birbaşa üçüncü zolağa hərəkət etməyə görə baş vermişdir. Belə olan halda isə sürücü C.Məmmədovun inzibati məsuliyyətə cəlb olunması ilə İddiaçı yıxılıb xəsarət alması arasında heç bir əlaqə müəyyən edilmir. Həmçinin, material üzrə araşdırma zamanı məhkəmə-yol nəqliyyat hadisələrinin ekspertizası təyin edilsə də, tədqiq olunan hadisə yol-nəqliyyat hadisəsi olmadığından, ekspertizanın keçirilməsindən imtina olunmuşdur. Beləliklə, işin hallarından göründüyü kimi, zərər (iddiaçının yıxılması nəticəsində xəsarət alması) mövcud olsa da, bu zərərin sürücü C.Məmmədovun qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması və sonuncunun təqsiri müəyyən olunmur. Bununla da iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmır. Həmçinin Kollegiya qeyd edir ki, iddiaçının maddi zərər tələbi əsassız olduğundan, mənəvi zərər tələbi də əsassızdır və rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-977/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh MMC-yə qarşı (X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar