Məhkəmə qərarları › İş №2(103)-2024/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2024/2024

01.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2024/2024 01.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2024-cü tarixli, 2(001)-1892/2024 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik hüquqi şəxsinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 92000 manat pulun və ödənilmiş 366 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2024-cü tarixli, 2(001)-1892/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik hüquqi şəxsinə qarşı “pul” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş və iddiaçıya hazırki tələbi ilə bağlı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2024-cü tarixli, 2(001)-1892/2024 saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin 01 fevral 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, məhkəmənin qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iddia tələbi inzibati orqana qarşı yönəlsə də, faizlərin ödənilməsi tələbi Mülki Məcəllənin 14-cü maddəsində nəzərdə tutulan əsaslardan irəli gəlir. Belə ki, mülki hüquq və vəzifələrin yaranması əsası kimi başqa şəxsə zərər vurma və əsassız varlanma kimi hüquqazidd hərəkətlər nəzərdə tutulmuşdur. Başqasına zərər vurma mülki hüquq pozuntusundan (deliktdən) əmələ gəlir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) məldir (hərəkət və ya hərəkətsizlikdir). Belə hüquqazidd hərəkət nəticəsində zərərçəkənin ona dəymiş zərərin ödənilməsi üzrə hüququ, zərərvuranın isə həmin zərəri ödəmək vəzifəsi, yəni mülki hüquq və vəzifələr yaradır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Göründüyü kimi, tərəflər arasındakı mübahisəli hüquq münasibəti publik deyil, xüsusi (mülki) hüquq münasibətidir. Belə olan halda, işə mülki icraat qaydasında ümumi məhkəmədə baxılmalıdır. Digər tərəfdən onuda nəzərə almaq lazımdır ki, başqa analoji iş üzrə çıxarılan apellyasiya instansiyası məhkəməsinin qərarına əsasən inzibati orqana qarşı faiz təiəbi iddiası inzibati qaydada baxılması qeyri-mümkün sayılaraq mülki icraat qaydasında ümumi məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Yəni ki, hazırkı iddianın inzibati və ya mülki məhkəmə icraatı qaydasında baxılması ilə bağlı formalaşmış məhkəmə təcrübəsi də mövcuddur. Bu səbəbdən hesab edir ki, işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmələr arasında yaranmış bu fikir ayrılığı hazırda hüquqları pozulmuş vətəndaşların məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmaqla onların konstitusion hüquqlarını pozur. Bu isə son nəticədə vətəndaşlarda məhkəmə sisteminə qarşı etimadın sarsılmasına səbəb olur. Ona görə də hesab edir ki, bu məsələ hərtərəfli təhlil edilərək belə iddiaların hansı məhkəmədə baxılması barədə konkret hüquqi mövqe formalaşdırılmalıdır. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə şikayət qismən təmin edilməli, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2024-cü tarixli, 2(001)-1892/2024 saylı qərardadı ləğv edilməli, iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş materialları birinci instasniya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İşin hallarından müəyyən olunur ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən 1.600 kv.m sahəsi olan əmlak kompleksinin 1.422,1 kv.m hissəsi Zığ dairəsi – Heydər Əliyev adına X4 avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq 2008-ci ilin yay aylarında "xxxx" ASC tərəfindən sökülmüşdür. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(82)-1498/2014 saylı qərarına əsasən isə sözügedən əmlak kompleksinin sökülməsi ilə əlaqədar mülkiyyətçi İddiaçı 1.226,253,6 manat məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır. Həmin qərardan icra sənədi verilmiş və icra olunması üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmiş, uzun müddətdən sonra, yəni xx.xx.2023-cü il tarixdə kompensasiya məbləği mülkiyyətçiyə ödənilmişdir. Göründüyü kimi İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsi ilə müəyyən edilmiş kompensasiyanın ödənilməsi yerinə yetirilmiş, məhkəmə qərarı icra edilmişdir. İddiaçının hazırda faizlərin ödənilməsini inzibati orqandan tələb etməsi artıq Mülki Məcəllənin 14-cü maddəsində nəzərdə tutulan əsaslardan irəli gəlir. Belə ki, mülki hüquq və vəzifələrin yaranması əsası kimi başqa şəxsə zərər vurma və əsassız varlanma kimi hüquqazidd hərəkətlər nəzərdə tutulmuşdur. Başqasına zərər vurma mülki hüquq pozuntusundan (deliktdən) əmələ gəlir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Belə hüquqazidd hərəkət nəticəsində zərərçəkənin ona dəymiş zərərin ödənilməsi üzrə hüququ, zərərvuranın isə həmin zərəri ödəmək vəzifəsi, yəni mülki hüquq və vəzifələr yaradır. Əsasız varlanma hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) əmlakından nə isə götürmüş şəxsin (varlanmış şəxsin) hərəkətidir. Bu halda məhrum olanın varlanmış şəxsin əldə etdiyini tələb etmək hüququ, varlanmış şəxsin isə onu qaytarmaq vəzifəsi, yəni mülki hüquq və vəzifələr yaradır. Həmçinin mülki hüquq və vəzifələrin əmələ gəlməsini əsaslarından biri də məhkəmə aktlarıdır. İddiaçının iddia etdiyi məhkəmə qərarının vaxtında icra edilməməsi məhz mülki hüquq və vəzifələr yaradır. Azərbaycan Respublikasının Mülki Məcəlləsindəndən: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi geri qaytarılarkən prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Buna görə də kollegiya hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2024cü tarixli, 2(001)-1892/2024 saylı qərardadı ləğv edilməli, iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş materialları Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2024-cü tarixli, 2(001)- 1892/2024 saylı qərardadı ləğv edilsin. İddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş materialları Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Faud Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar