Məhkəmə qərarları › İş №2(103)-2031/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2031/2022

16.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2031/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(001)-8173/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN BDYPİ-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehdən onun xeyrinə 46,13 manat iş dəyəri, 13,3 manat çap işləri, 14,4 manat yol xərci, 2,27 manat poçt rüsumu, 20 manat iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və 120 manat mənəvi zərərin əvəzi olmaqla ümumilikdə 216 manat məbləğində pul vəsaitinin tutularaq üçüncü şəxs vasitəsilə müəyyən zaman daxilində ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, 09 aprel 2020-ci il tarixdə yol polisi əməkdaşı tərəfindən ona inzibati xəta törətməsinə dair protokol tərtib edilmişdir. O, protokol ilə razılaşmadığına görə protokola BDYPİ-də baxılmış, əleyhinə qərar çıxarılmış, yəni protokol əsasında onun inzibati məsuliyyətə cəlb olunmasına dair qərar qəbul edilmişdir. O, həmin qərarla razılaşmadığı üçün 18 may 2020-ci il tarixdə qərardan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə şikayət etmiş, keçirilən məhkəmə iclasında qarşı tərəf məhkəmə zalına gəlməmiş, sübutları məhkəməyə göndərməmişdir. Bu səbəbdən məhkəmə iclası 2 həftə sonraya təxirə salınmışdır. İkinci iclasda onun avtomobilində quraşdırılan videoqeydiyyatçının qeydə aldığı görüntülərə sübut kimi baxılmış, şikayəti qismən təmin olunaraq inzibait xəta haqqında qərarın ləğv edilərək işə yenidən baxılması üçün BDYPİ-nə göndərilməsi qərara alınmışdır. 09 iyun 2020-ci il tarixli məhkəmə qərarının üzərindən 3 ay keçdikdən sonra BDYPİ tərəfindən cərimə və dəbbə pulu ləğv olunmuşdur. Lakin, onun iştirakı olmadan və ona xəbərdarlıq göndərmədən həmin iş üzrə təkrar BDYPİ-də baxılmış, əleyhinə yeni qərar çıxarılmışdır. Halbuki, işə onun iştirakı ilə baxılmalı, çıxarılan qərar isə əvvəlcə ona göndərilməli idi. Beləliklə o, yenidən həmin qərardan 10 sentyabr 2020-ci il tarixdə Binəqədi rayon Məhkəməsinə şikayət etmiş, 01 oktyabr 2020-ci il tarixdə keçirilən sayca üçüncü olan iclasda qarşı tərəf məhkəmə zalına gəlməmiş, sübutları məhkəməyə göndərməmişdir. Bu səbəbdən iclas yenə 2 həftə sonraya təyin edilmiş, dördüncü iclasda inzibati xəta haqqında qərar ləğv olunaraq protokola baxılması üçün BDYPİ-yə göndərilmişdir. Beləcə bu məsələ sonsuz olaraq təkrarlanmasın deyə, o, məhkəmənin sonuncu qərarından apellyasiya şikayəti verərək inzibati xəta haqqında qərarın birdəfəlik ləğv olunmasını istəmişdir. Apellyasiya baxışı zamanı da qarşı tərəf məhkəmə zalına beşinci dəfədir ki, gəlməmiş və məhkəmə şikayətini tam təmin etmişdir. Beləliklə, ona yazılan protokol və onun əsasında qəbul edilmiş qərar nəhayət ki tamamilə ləğv edilmişdir. Amma geridə ona dəyən əsəb və əziyyət qalmışdır. Nəticə etibarı ilə 2 dəfə BDYPİ-yə getməyi, 5 məhkəmə iclasının keçirilməsi və cavabdehin bu iclasların heç birində iştirak etməməsi işin bu dərəcədə uzanmasına səbəb olmuşdur. Belə ki, polis əməkdaşı əsassız inzibati protokol tərtib etmiş, sonradan digər polis əməkdaşları tərəfindən həmin protokol əsasında qərar qəbul edilmiş, sonra da işə məsuliyyətsiz yanaşılaraq heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Əsas qayda pozuntusu isə polis inspektorunun onu qanunsuz saxlayıb inzibati məsuliyyətə cəlb etməsidir ki, bu da apellyasiya məhkəməsi tərəfindən öz təsdiqini tapmışdır. Məhkəmə inzibati cəriməni ləğv etməsinə baxmayaraq sonuncu qərarın üzərindən 2 ay keçdiyinə görə o, hər dəfə cərimə meydançasına aparılmaq məqsədi ilə polis əməkdaşı tərəfindən saxlanılır. Göründüyü kimi, protokol ləğv olunsa da, polis inspektorunun qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi zərər qalmaqdadır. Hər yeni qərar poçt ilə gəlmədiyindən, onları əldə etmək üçün o, işdən icazə alaraq BDYPİ-yə getmişdir. Hər iki qərarı götürərkən BDYPİ-yə gedibqayıtmaq üçün 2 saatını itirmişdir. Təxminən 1 saat da BDYPİ-də növbədə gözləmişdir. Bu da ümumilikdə 6 saat edir. Məhkəməyə gedib gəlmək və ümumilikdə 5 iclasda iştirak etmək üçün də işdən icazə almalı olmuş, bu da ümumilikdə 10 saat edir. Polis idarəsinə protokoldan şikayət üçün 2 ərizə, məhkəmə üçün isə 4 ərizə yazmışdır. Hər ərizənin yazılmasına, yoxlanmasına 1,5 saat vaxtı getmiş, bu da ümumilikdə 9 saat edir. Yazılmış 6 ərizənin müxtəlif vaxtlarda məhkəməyə və BDYPİ-yə aparmağına ümumilikdə 4 saat vaxtı getmişdir. Qeyd edilən vaxt itkisi minimumla hesablanmış və cəmi 29 saat təşkil edir. Bir ayda 22 iş gününü 8 saatdan hesablayanda 176 saat edir. Nəzərə alsaq ki, 176 saat müqavilində aldığı əmək haqqı 280 AZN təşkil edisə, 29 saat itirdiyim vaxt 46,13 manat (iş dəyəri) olacaq. Bakı şəhərində yerləşən ən ucuz çap yerinin qiymətləri ilə hesablasaq A4 format ağ-qara =15 qəp, A3 format rəngli 60 qəp təşkil edirsə, A4 ağqara formatında olan azı 3 səhifə təşkil edən məhkəmə ərizəsi və əlavə olunmuş 1 ədəd şəxsiyyət vəsiqəsinin surəti, 1 ədəd protokolun surəti, 2 ədəd qərarın surəti, 2 ədəd qərarın göndərilməməsi ilə bağlı polisə şikayət vərəqləri (10 səh*15 qəp = 1,50 manat edir). Məhkəmə qərarlarını da çıxarmağına baxmayaraq, poçt ilə gələ biləcəyindən onları hesaba almamışdır. A3 rəngli formatında olan 1 ədəd yerin hərəkət sxemi, 1 ədəd yolun yuxandan görünüşü, 1 ədəd test imtahanlarından nümunələr, 1 ədəd yolun fotoşəkili (4 səh*60 qəp = 2,4 azn edir) CD disklə videomaterialın göndərilməsi üçün çəkilən xərc (Sony 1 ədəd = 50 qəp). Ümumilikdə 4,4 azn təşkil edən çap işini hər məhkəmə ərizələrinə əlavə etmişdir, o zaman bu proseslərin 3 dəfə olması nəzərə alınarsa 13,2 manat (çap işləri) edir. Ərizələrin 5 dəfə məhkəməyə verilməsi, məhkəmələrdə 5 dəfə iştirak və polis idarəsinə getdiyi avtobus yoluna çəkilən maddi xərcləri yaşadığı ünvana görə 2 gediş və 2 gəliş olaraq 1,2 manatdan hesablasa 14,4 manat (yol xərcləri) edəcək. Məhkəmə karantin dövründə işləri dəftərxana vasitəsi ilə deyil, yalnız poçtla qəbul etdiyindən 2,27 manat (poçt rüsumu) iki məktubun göndərilməsinə xərclənib. Dəymiş maddi və mənəvi zərərə məhkəməyə müraciət etmək üçün ödənilən dövlət rüsumu kimi 20 manat pul ödəmişdir. Mənəvi zərərə gəldikdə, yuxanda qeyd olunanlar bütün bu yaşananlar və polisin əməkdaşlarının iclaslara gəlməməsinə görə işin bu qədər uzanması onun üçün psixoloji gərginliyə səbəb olmuşdur. Qaydalarda mənəvi halın maddi dəyərə mütənasibliyi göstərilmədiyindən mənəvi təzminatı cərimə olunduğu məbləğin 2 misli qədər yəni 120 manat dəyərində qiymətləndirir. Bütün ödənişlər mümkün olan minimumla hesablanmışdır. Bu səbəbdən bəzi günlər taksi ilə getdiyi yolun dəyərini də avtobusa ödədiyi 60 qəpik həcmində hesablamışdır. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(001)-8173/2021 saylı qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 11 noyabr 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verilərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayəti və iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdi ki, onun məhkəmələrdə işə baxılması ilə bağlı çəkdiyi xərclərə görə sübut təqdim etməsinə zərurət yoxdur. Belə ki, bu hamıya bəlli olan hallardır. O, metrodan, ictimai nəqliyyatdan istifadə edib. Bunun sübutunu təqdim etmək mümkünsüzdür. Xahiş etdi ki, apellyasiya şikayəti təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi iddianı tam olaraq rədd edərkən qeyd etmişdir ki, iddiaçı iddia tələbini əsaslandırdığı hallarla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Buna görə də, qətnamə ləğv edilməli, işə işdə olan sübutlar əsasında baxılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 3(103)-1805/2020 saylı qərarı ilə müəyyən olunur ki, İddiaçı barəsində BDYPİ-nin əməkdaşı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq barəsində 60 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunması haqqında 20 aprel 2021-ci il tarixli, TP ******* nömrəli qərarı Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 3(001)-1141/2020 saylı qərarı ilə ləğv edilmiş, iş yenidən baxılması üçün BDYPİ-yə göndərilmişdir. 28 avqust 2020-ci il tarixli, TP3906199 nömrəli qərara əsasən, İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 60 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 3(001)-1141/2020 saylı qərarı ilə işin yenidən araşdırılması üçün BDYPİ-yə göndərilməsinə baxmayaraq, təkrar araşdırma zamanı barəsində inzibati icraat aparılan şəxsin iştirakı təmin edilmədən 28 avqust 2020-ci il tarixdə BDYPİ tərəfindən yeni qərar qəbul edildiyindən Binəqədi rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 3(001)-2626/2020 saylı qərarına əsasən, BDYPİ-nin 28 avqust 2020-ci il tarixli qərarı ləğv edilərək işin yenidən araşdırılması üçün BDYPİ-yə göndərilməsi qərara alınmış, məhkəmənin həmin qərarından İddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 3(103)-1805/2020 saylı qərarına əsasən, şikayət təmin olunaraq Binəqədi rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, İddiaçı inzibati məsuliyyətdən azad edilmişdir. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 3(103)-1805/2020 saylı qərarında qeyd olunmuşdur ki, İddiaçı tərəfindən AR İXM-nin 327.2-ci maddəsi ilə inzibati xətanın törədilməsi sübuta yetirilmir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı əsassız olaraq inzibati məsuliyyətə cəlb olunmaqla, onun barəsində 20 aprel 2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərar tərtib edilmişdir. İddiaçının Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciəti əsasında həmin məhkəmənin 09 iyun 2020-ci il tarixli, 3(001)-1141/2020 saylı qərarı ilə 20 aprel 2021-ci il tarixli, TP ******* saylı qərar ləğv edilmiş, iş yenidən baxılması üçün BDYPİ-yə göndərilmişdir. BDYPİ-də 28 avqust 2020-ci il tarixli, TP3906199 nömrəli qərara əsasən, İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 60 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İddiaçının yenidən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciəti əsasında həmin məhkəmənin 01 oktyabr 2020-ci il tarixli, 3(001)-2626/2020 saylı qərarına əsasən, BDYPİ-nin 28 avqust 2020-ci il tarixli qərarı ləğv edilərək, işin yenidən araşdırılması üçün BDYPİ-yə göndərilməsi qərara alınmışdır. İddiaçı həmin məhkəmənin qərarından apellyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 3(103)-1805/2020 saylı qərarına əsasən, şikayət təmin olunaraq Binəqədi rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, İddiaçı inzibati məsuliyyətdən azad edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən bir neçə dəfə məhkəmələrə müraciət olunmuş, bunun üçün iddiaçı məhkəməyə gedib-gəlmiş, ərizə və sənədlər təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanunazidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. MM-nin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. MM-nin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Kollegiya hesab edir ki, iddiaçının 46,13 manat iş dəyəri, 13,3 manat çap işləri, 14,4 manat yol xərci, 2,27 manat poçt rüsumu, 20 manat iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunu tələb etməsi hamıya bəlli olan hallardır və bunun sübut edilməsinə ehtiyac qalmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia 46,13 manat iş dəyəri, 13,3 manat çap işləri, 14,4 manat yol xərci, 2,27 manat poçt rüsumu, 20 manat iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumununun tələb olunması hissəsində təmin edilməlidir. Kollegiya mənəvi zərərlə bağlı aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntılar keçirməsi, qanunsuz hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə sübutlar təqdim etmədiyindən, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(001)-8173/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən İddiaçı xeyrinə 46,13 (qırx altı manat on üç qəpik) manat iş dəyəri, 13,3 (on üç manat otuz qəpik) manat çap işləri, 14,4 (on dörd manat qırx qəpik) manat yol xərci, 2,27 (iki manat iyirmi yeddi) manat poçt rüsumu, 20 (iyirmi) manat iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 96,10 (doxsan altı manat on qəpik) manat tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar