Məhkəmə qərarları › İş №2(103)-2032/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2032/2024

13.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2032/2024 13.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «mülkiyyətə müdaxilənin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi» tələbinə mülki iş üzrə (Açar sözlər: iş üzrə icraata xitam verilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «mülkiyyətə müdaxilənin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-4229/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbini mülkiyyət hüququna dayanaraq irəli sürmüşdür.

2. İddiaçının müllkiyyətində olan əmlak daha əvvəl onun atasının mülkiyyətində olmuşdur.

3. İddiaçının atası X2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı eyni əsaslarla eyni iddia tələbinə artıq baxılmış və yekun məhkəmə aktı qəbul edilmişdir.

İş üzrə qəbul olunmuş məhkəmə aktları

4. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı «mülkiyyətə müdaxilənin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının bərpa edilərək iddiaçının sahibliyinə qaytarılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən qanunsuz zəbt olunmuş ünvan 1 ünvanında yerləşən 30 saylı torpaq sahəsi və qeyri-yaşayış sahəsinin boşaldılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən iddiaçıya vurulmuş 8000 manat məbləğində maddi zərərin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı mülkiyyətində olan ünvan 4 ( yeni qaydalarla AZ 1039 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0403 h iddiaçının mülkiyyətində olan torpaq sahəsində təsərrüfat otağı kimi inşa edilmiş texniki pasportda öz əksini tapmış ümumi sahəsi 83.8 kv.m qeyri-yaşayış sahəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunsuz istifadəsindən alınması, zəbt olunmuş həmin sahə boşaldılaraq iddiaçının istifadə və sahibliynə qaytarılması, cavabadehlər Cavabdeh2 və X6 tərəfindən iddiaçıya vurulmuş 8000 manat məbləğində maddi ziyan tutulması xahiş olunur.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (yeni qaydalarla: ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Həmin mənzilin iddiaçının mülkiyyətində olmağına dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən ona xx.xx.2023-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 543 kv.metr torpaq sahəsi üzərində tikilən qeyri-yaşayış sahəsi (mağaza) də iddiaçıya məxsusdur. Əvvəllər həmin mağaza babası tərəfindən cavabdehlərə icarəyə verilmişdir. Hal-hazırda isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunsuz sahibliyindədir. İddiaçı qanunun qeyd olunan tələblərinə uyğun olaraq tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə cavabdehlərin torpaq və qeyri-yaşayış sahəsindən çıxmaması maneəçilik törədir. Həmçinin cavabdehlər tərəfindən bu illər ərzində qeyri-yaşayış sahəsinin icarəyə götürülməsinə baxmayaraq heç bir icarə haqqı ödənilməmişdir. Bununla da cavabdehlər tərəfindən iddiaçıya hər ay 2000 manat icarə haqqı məbləğində maddi zərər vurulmuşdur. (4 ay x 2000 = 8000 manat).

7. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-4229/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «mülkiyyətə müdaxilənin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin mübahisə yaratmayan halı ondan ibarətdirki hazırki İddiaçı məxsus olan 0.0403 ha olan torpaq sahəsi Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)-257/2022 nömrəli mülki iş üzrə ilkin iddia üzrə iddiaçı olan X2 mülkiyyətində olmuş ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.0543 ha olan torpaq sahəsinin bir hissəsini təşkil edir. Eyni zamanda işin mübahisə olunmayın halı həmdə ondan ibarətdir ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)- 257/2022 nömrəli mülki iş üzrə xx.xx.2022-ci il tarixdən sonra nə iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində, nədəki hazırda cavabdehlər tərəfindən istifadə olunan qeyriyaşayış sahəsində hər hansı bir yeni quraşdırılma halı olmamışdır. Məhkəmə iclası zamanı məhkəmənin vermiş olduğu suallara cavab verərkən həmçinin iddiaçı tərəf bildirmişdir ki, hazırki iddia tələbində qeyd edilmiş ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.0403 ha olan iddiaçının mülkiyyətində olan torpaq sahəsində təsərrüfat otağı kimi inşa edilmiş texniki pasportda öz əksini tapmış ümumi sahəsi 83.8 kv.m qeyri yaşayış sahəsi əvvəlki mülki iş üzrə mübahisə predmenti olan Maştağa-Nardaran avtomobil yolunun kənarında yerləşən 88.2 kv.m-lik mübahisəli qeyri-yaşayış sahəsidir. Məhz bu prinsipi əsas götürərək məhkəmə hesab etmişdir ki, yuxarıda qeyd olunan məhkəmə aktı ilə mübahisəli qeyri yaşayış obyektinin ünvan 5 ünvanında yerləşmədiyi müəyyən edilmişdir. Məhkəmə aktları ilə müəyyən edilən həmin hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehlərin istifadəsində olan qeyri yaşayış sahəsi iddiaçıya məxsus olan torpaq sahəsində yerləşmədiyindən iddiaçının hazırki tələb ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbi ilk hissədə təmin edilə bilməz. Bundan başqa məhkəmə iddia tələbinin digər hissəsinə 8000 manat dəymiş ziyanın tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, nə qədər ki, iddia tələbi ilk hissədə təmin edilməmişdirsə ikinci hissədə də təmin üçün əsaslar mövcud deyildir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 139.1, 139.3, 146.1, 146.2, 152.1, 157.2, 157.4-cü maddələri, “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 82.3, 88, 107, 119, 216-220, 217.4, 233.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

10. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (yeni qaydalarla: ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Həmin torpaq sahəsi və üzərindəki tikililər iddiaçının mülkiyyətində olmağına dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən ona xx.xx.2023-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmazəmlakın dövlət reyestrindən çıxarış” verilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 543 kv.metr torpaq sahəsi üzərində tikilən qeyri-yaşayış sahəsi (mağaza) də iddiaçıya məxsusdur. Əvvəllər həmin mağaza babası tərəfindən cavabdehlərə icarəyə verilsə belə onlar arasında icarə müqaviləsi bağlanmamışdır. Hal-hazırda isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunsuz sahibliyindədir. İddiaçı qanunun qeyd olunan tələblərinə uyğun olaraq tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə cavabdehlərin torpaq və qeyri-yaşayış sahəsindən çıxmaması maneəçilik törədir. Həmçinin cavabdehlər tərəfindən bu illər ərzində qeyri yaşayış sahəsinin icarəyə götürülməsinə baxmayaraq heç bir icarə haqqı ödənilməmişdir. Bununla da cavabdehlər tərəfindən iddiaçıya hər ay 2000 manat icarə haqqı məbləğində maddi zərər vurulmuşdur. (4 ay x 2000 = 8000 manat). Göründüyü kimi cavabdehlər həmin yaşayış sahəsinin İddiaçı məxsus olduğunu bilə-bilə qanunsuz sahibliyə davam etmiş və iddiaçıya ciddi ziyan vurmuş, vurmağa da davam edirlər. Sabunçu Rayon Məhkəməsi tərəfindən çıxarılan xx.xx.2023-cü il tarixli, e-2(008)-4229/2023 qətnaməsində isə bu hallar nəzərə alınmamışdır. Hazırki iş üzrə birinci insansiya məhkəməsi tərəfindən qanunvericiliyin göstərilən tələblərinə əməl edilməmiş, işin halları hər tərəfli araşdırılmamış, həmçinin maddi və prosessual hüquq normalarına uyğun olmayan məhkəmə aktı qəbul edilmişdir. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzib edilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Müki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülkihüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görəisə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları vəiclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Bu da özlüyündə yuxarıda qeyd etdiyi tələblərinin ciddi şəkildə pozulmasıdır. Sabunçu Rayon Məhkəməsi qətnaməsi ilə iddiaçı X2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı işi üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-257/2022 saylı qətnaməsinə istinad etmişdir. Lakin, hazırki məhkəmə işində İddiaçıdur, yəni prosessdə iddiaçı tərəf dəyişmişdir. Beləliklə, Sabunçu Rayon Məhkəməsi Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsini (Preyudisiya institutunu) tətbiq etməklə prosessual hüquq pozuntusuna yol vermişdir. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. İşə məhkəmədə baxılan zaman, yenidən ekspertizanın keçirilməsi ilə bağlı şifahi vəsasət verilsə də, məhkəmə tərəfindən irəli ekspertiza tələbi rədd edilərək vəsatətin təmin edilməməsi ilə bağlı xx.xx.2023-cü il tarixində e-2(008)-4229/202 saylı qərardad çıxarmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və torpaq sahəsinin İddiaçı məxsus olması ilə bağlı heç bir araşdırılma aparılmamış, yalnız əvvəlki məhkəmə qətnaməsinə istinad edilərək qətnamə çıxarılmışdır.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

11. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, şikayətin təmin edilməsini xahiş edir.

12. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, İddiaçı atası Hüseynov Şamil vaxtı ilə birinci instansiya məhkəməsinə vərəsəliklə keçmiş əmlakın boşaldılması ilə əlaqədar iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi ekspertiza, yerli baxış keçirmiş və iddianı təmin etmişdir, apellyasiya instansiyası da qətnaməni qüvvədə saxlamışdır. Ali Məhkəmə isə o əsasla qətnaməni ləğv etmişdir ki, paylı mülkiyyətdir və sənəd yoxdur. Hüseynov Şamilin ora hüququ olsa da, konkret olaraq o mağaza onun hüquqlarına daxildir, yoxsa qardaşına aiddir, bu hal müəyyən olmadığı üçün subyektiv hüququn olması səbəbindən qətnaməni ləğv edərək apellyasiya instansiya məhkəməsinə geri qaytarmışdır. Apellyasiya intansiya məhkəməsi də eyni əsasla iddianı rədd etmişdir ki, bura paylı mükiyyətdir. İşlə bağlı bir neçə dəfə ekspertiza keçirilimiş, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Publik hüquqi şəxsinin iş materiallarında rəyi var. Həmin ərazi mövcud çıxarışa daxil olan mülkiyyətli torpaqlar siyahısına daxildir. Birinci instansiya məhkəməsi iş materiallarında olan ətraflı təsvirə istinad etməyib. Ədliyyə Nazirliyinin eksperti rəyində yazıb ki, mühafizə zolağına düşdüyü üçün mülkiyyətdə ola bilməz. Çıxarış verilib, mülkiyyətdə olması ilə bağlı pasportu da var. Apellyasiya instansiya məhkəməsi rədd edərkən bunu əsas tutmayıb, sadəcə subyektiv hüquq məsələsini əsas tutub. Ona müraciət ediləndə tərəflərin əmlakın faktiki bölgüsü ilə bağlı texniki pasportu, çıxarışı olub. Bu səbəbdən yenidən iddia qaldırıldı. Ya yerli baxış keçirilməli idi, ya da ekspertiza təyin edilməli idi. Birinci instansiya məhkəməsi bunları etməməklə prosessual hüquq pozuntularına yol verib. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Publik hüquqi şəxsində təsərrüfat sahələri çıxarışa daxil edilmir, amma təsərrüfat sahəsinin yerləşdiyi torpaq sahəsi çıxarışa daxildir. Texniki pasportu müvafiq qaydalarla təsdiq edilmiş sənəddir, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi çıxarışın ayrılmaz bir hissəsidir. Ona görə də hesab edir ki, ekspertiza keçirilməlidir. Birinci instansiya məhkəməsinin hakimi Konstitusiya Məhkəməsinin Qərarına zidd addımlar atıb. İddiaçı keçdikdə torpağın sahəsində dəyişmə olub. Ümumi 543 kv.metr deyil,texniki pasportda nə qədər olduğu göstərilib. Şamilə torpağı vərəsəliklə verib, atası bağışlanma ilə verib. Bütün məhkəmə qərarlarında 2019-cu ilin texniki pasportuna istinad edilib. İddiaçıya məxsus tikilidə təsərrüfat otağı mövcuddur. 2021-ci ildə layihələşdirilidi. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə müraciət edilib və əmlak 2021-cil də qeydiyyata alınıb. Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ iddiaçıya məxsus əmlaka mülkiyyət hüququnu tanıyır. İddiaçı Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin verdiyi hüququ ilə sübuta yetirir ki, onundur. İnkar olunmazdır ki, əmlak Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-də qeydiyyatdan iddiaçının adına keçməyib.Konstitusiya Məhkəməsinin qərarına əsasən predusiallığı təmin etmək üçün tərəflər və predmet eyni olmalıdır. Hazırda hüquq sahibi başqa şəxsdir. Əmlakın qeydiyyatı 2021-ci ildə həyata keçirilib, ekspert rəyindən sonra həyata keçirilib. O hüququ onlara heç kim qadağan etmir. Ekspertiza rəyində 2019-cu ilin texniki pasportuna istinad edilib. Birinci işdən kassasiya şikayəti verməyə ehtiyac yox idi,çünki qeydiyyat həmin hissədə aparılmayıb. X15 baxdığı işdə mülki iş Ali Məhkəmədən geri qayıtdıqdan sonra iş materiallarında olan sənədlər əsasənda qərar qəbul edib. Hakim yeni sübut toplaya bilməzdi və rəy veriləndə mövcud sübutlar əsasında verilmişdir. Mübahisəli əmlak qarşı tərəfin deyil, onlar bu əmlakın onların olduğunu sübuta yetirə bilməmişdilər. Bu o anlama gəlmir ki, qarşı tərəfindir.

13. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, ekspert rəyində konkret ölçü göstərilib. 5 ildir ki, mübahisəli yer qeyri-yaşayış sahəsi gedir, indi oranı təsərrüfat otağı etmək istəyirlər. Texniki pasport hər zaman mövcud olmur. Birinci iddia ərizəsinə dəqiqləşmə veriblər, iddialar ziddiyyətlidir. Sözü gedən 48 kv.metrin dəqiqləşdirməyə rəyin bir hissəsini yazıblar. Məhkəmədə hakim sual verdi ki, sözü gedən əraziyə dəyişiklik olub. Qarşı tərəfin vəkili və o qalxıb heç bir dəyişiklik olmadığını dedilər. Sözü gedən dükan illərdir ki, o vəziyyətdədir. Texniki pasport mülkiyyəti təsdiq edən sənəd deyil, mülkiyyəti təsdiq edən sənəd çıxarışdır. Çıxarışda təsərrüfat otağı adını verdikləri sahə yoxdur. Bu yeri artıq 20 ildir ki, onun hüquqlarını müdafiə etdiyi şəxs istifadə edir. Sözügedən torpağın planına dair 3 rəy var, məhkəməyə təqdim edib. O vaxt nə babanın, nə də övladların heç kimin marağı yox idi.Tərəflər birbirinə salam belə vermirlər,orada nə dəyişiklik ola bilər. Mütəxəssis rəyində qeyd olunmuşdur ki, Maştağa-Nardaran mühafizə zolağının kənarında yerləşən 84 kv.metrilik sahədə yerləşən mübahisəli qeyri-yaşayış sahəsi, mağazanın sahəsi X2 torpaq sahəsinə düşmür. Mülkiyyət vərəsəliklə nəvəyə keçib. Vərəsəliklə keçsə belə, torpağın sahəsi azala bilməz, arta bilər. Bölgü olduqda bir hissəsi bağışlana bilər. Dövlət ekspertizasının rəyi və özəl ekspertizasının rəyi var, hamısı da üst-üstə düşmədiyini deyib. Tərəfin mülkiyyət sənədi yoxdur. Məhkəmədə hakim sual verdi ki,torpağın sahəsində dəyişdirilmə varsa, ekspertiza keçirilsin. Heç nə dəyişilməyib, öz əmlakında olan malını oğluna bağışlayıb. Hakim də bu vəziyyətdə ekspertiza keçirilməsinə lüzum olmadığını bildirdi. Bütün yerlərdə məhkəmə ölçüyə və mülkiyyət hüququnu təsdiq edən çıxarışa istinad edib. Texniki pasport göstərici olsaydı, çıxarışlara istinad edilməzdi. İddiaçı bu gün məişət otağı,sabah mağaza,digər gün sanitar qovşaq qoya bilər, dəyişməyən tək məsələ çıxarışıdır.Texniki pasport hüquqi bir sənəd deyil. Mübahisələndirilən sahə, ümumiyyətlə sənədsiz sahədir, çünki zəbt edilmiş yerdir. Bütün ekspertiza rəyləri iddiaçıya məxsus olmadığını deyir. Qarşı tərəfin vəkilinin təqdim etdiyi sənədin tarixinə baxdıqdan sonra Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərarın tarixinə diqqət yeriliməlidir. Qarşı tərəfin vəkili əmlakın cavabdehin olduğunu indiyə qədər sübuta yetirə bilmədiyi bildirdi. Bütün məhkəmə proseslərində heç bir hakim tərəfindən bu əmlakın kimin olduğu aydınlaşdırılmayıb. Müzakirə predmeti bu idi ki, mübahisəli torpaqda yerləşir ya yox.Texniki pasport hüquqmüəyyən edici sənəd deyil. Mülkiyyəti təsdiq edən sənəd çıxarışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində qarşı tərəfə sual verilir ki, torpaqda dəyişiklik olub, qarşı tərəf dəyişiklik olmadığını bildirib. Hansısa bir yeri artırma edərək alıb–almadıqlarını soruşduqda etmədiyini bildiriblər. Bu mağaza necə 30 il bundan əvvəl səki zəbt edilməklə inşa edilibsə,o şəkildə də səkidədir. 30 ildən çoxdur ki, mağazadır və həqiqətən də iddiaçıya məxsus torpağın içərisində deyil. Zamanında onların böyükləri prutiarı zəbt etməklə oranı götürüb. Danışıq olub və ərzaq əvəzi zəbt edilən ərazi onlara verilib. Daha sonra şəxs nə qədər ki sağ idi, onların arasında heç bir mübahisə yaranmayıb. Şəxs rəhmətə getdikdən sonra övladı fikrə düşüb. İddiaçı hazırda işi uzatmağa çalışır. Ekspertiza keçirilən zaman hər iki tərəf iştirak edib. 7 dəfə ekpertiza keçirilib. Qarşı tərəfin vəkilinin dediyi kimi onlar sübuta yetirə bilmirlər ki, onlarındır. Onların tələb etdiyi yer iddiaçının ailəsinin yerinə daxil deyil. Buna dair Bakı Apellyasiya Məhkəməsinin, Ali Məhkəmənin qərarı var. Ekspertiza rəyləri var ki, sahəyə daxil deyil,kənardadır. Səkidə yerləşən 87.3 kvadrat torpaq iddiaçının necə ola bilərdi. Bakı Apellyasiya Məhkəməsinin, Ali Məhkəmənin qərarları var.

14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Maddə 387.2.8. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən ləğv edilərək, mülki iş üzrə icraata xitam verilməlidir.

17. 2(103)-257/2022 saylı mülki iş materiallarına nəzər saldıqda müəyyən olunur ki, X7 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbi ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və qeyri yaşayış sahəsindən çıxarılma, həmin qeyriyaşayış sahəsinə görə ödənilməli olan icarə haqqının ödənilməsini tələb etmişdir.

18. Həmin mülki işdə olan sənədlərdən müyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 0.0543 hektar torpaq sahəsi və üzərindəki 48.3 kv.m. daşınmaz əmlak X7 və X9 paylı mülkiyyətində olmuşdur.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-257/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qeyri-yaşayış sahəsindən çıxarılma və.s tələbinə diar iddia tələbi təmin edilməmişdir.

20. Hazırki mülki iş üzrə isə İddiaçıdur. Bildirir ki, mülkiyyətindəki əmlakı ona atası bağışlamışdır.

21. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququi şəxsin xx.xx.2023-cü il tarixli ********** nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0403 hektar torpaq sahəsi və üzərindəki 48.3 kv.m. daşınmaz əmlak İddiaçı xüsusi mülkiyyətindədir.

22. Göründüyü kimi iddiaçının atasının paylı mülkiyyətində 0.0543 ha torpaq sahəsi və üzərindəki 48.3 kv.m. daşınmaz əmlak olmuşdur. İddiaçı tam mülkiyyətində olan hissə nisbətən az 0.0403 hektar torpaq sahəsi və üzərindəki 48.3 kv.m. daşınmaz əmlakdır.

23. İddiaçı iddia tələbini belə əsaslandırır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi üzərində tikilən qeyri-yaşayış sahəsi (mağaza) də iddiaçıya məxsusdur. Əvvəllər həmin mağaza babası tərəfindən cavabdehlərə icarəyə verilmişdir. Hal-hazırda isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunsuz sahibliyindədir. İddiaçı qanunun qeyd olunan tələblərinə uyğun olaraq tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə cavabdehlərin torpaq və qeyri-yaşayış sahəsindən çıxmaması maneəçilik törədir. Həmçinin cavabdehlər tərəfindən bu illər ərzində qeyri-yaşayış sahəsinin icarəyə götürülməsinə baxmayaraq heç bir icarə haqqı ödənilməmişdir. Bununla da cavabdehlər tərəfindən iddiaçıya hər ay 2000 manat icarə haqqı məbləğində maddi zərər vurulmuşdur.

24. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi iddiaçının atası tərəfindən verilən iddia tələbi ilə eynilik təşkil edir. İddiaçının atası da öz iddia tələbində cavabdehlərdən mağaza olan qeyri-yaşayış sahəsini və həmin sahəyə görə ödənilməli olan icarə haqqının tələb edirdi. Hazırda iddiaçı da eyni tələbi eyni cavabdehlərə qarşı irəli sürür. Özü də iddia ərizəsində göstərmişdir ki, əvvəllər həmin mağaza babası tərəfindən cavabdehlərə icarəyə verilmişdir.

25. Hazırda iddiaçının nümayəndə və vəkilinin apellyasiya şikayətinin dəlili odur ki, hazırki tələb eyni tələb olsa da, eyni cavabdehlərə qarşı yönəlsə də iddiaçı ata yox, artıq oğuldur. Yəni tərəflər eyni deyil.

26. Məhkəmə kollegiyası isə hesab edir ki, hazırki tələbə artıq baxıla bilməz.

27. Çünki, mülki prosessual qanunvericiliyin tələbinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

28. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyin qeyd edilən normasından aydın görünür ki, tərəflərin hüquqi varisləri də eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər.

29. Məhkəmə kollegiyası hesab edir ki, həmin iddia üzrə məhkəmə araşdırması yekunlaşmışdır. Hazırda oğul eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməz. Çünki, İddiaçı mülkiyyətindəki əmlak atasına məxsus olmuşdur. Atası tərəfindən eyni cavabdehlərə qarşı eyni predmet və eyni əsaslarla iddia qaldırılmışdır.

30. İddiaçının nümayəndə və vəkili məhkəmə iclasında əlavə olaraq bildirir ki, iddia tələbi eyni olsa da İddiaçı mülkiyyətindəki əmlakın texniki pasportunda təsərrüfat otağı adlandırılan sahə vardır.

31. Bununla əlaqədar qeyd edilməlidir ki, 2(103)-257/2022 saylı mülki iş materiallarına nəzər saldıqda müəyyən olunur ki, əmlaka dair müxtəlif tarixlərdə tərtib edilmiş texniki pasport olmuşdur. xx.xx.2021-ci il tarixdə tərtib edilmiş texniki pasportda da həyətyani tikililərin və qurğuların texniki göstəriciləri bölməsində “təsərrüfat otağı” qeyd edilmişdir (2(103)-257/2022 saylı mülki iş, ikinci cild səhifə 42). Yəni həmin texniki pasport, habelə evin eskiz layihəsi, 2018-ci il tarixli Lisenziya, baş plan 2(103)-257/2022 saylı mülki iş materiallarına əlavə olunub. Hətta 04 may 2022-ci il tarxili məhkəmə iclasının protokolunda qeyd olunur ki, iddiaçının nümayəndə və vəkili 2021-ci il tarixli texniki pasportu təqdim etdiyini və orada qeyd edilən sahəyə istinad etdiyini bildirir. Bu halı aydınlaşdırmaq üçün ekspertin məhkəmə iclasına çağrılmasını xahiş edir. ( 2(103)- 257/2022 saylı mülki iş, ikinci cild səhifə 53).

32. 01 iyun 2022-ci il tarixli məhkəmə iclasında iştirak edən ekspert Teymur Məmmədov izahatında bildirir ki, faktiki istifadədə olan sahə 703 kv.m.dir , həmin ərazidə artıq torpaq sahəsi mövcuddur. Qeyri yaşayı sahəsi həmin artıq sahədə yerləşir... O, tədqiqat zamanı müəyyən etdiyi sahə üzrə tədqiqat aparmışdır. Texniki pasportda olan tikililərlə faktiki tikilmiş tikililər fərqli də ola bilər. Bəzi tikili göstərir, bəzisi isə yox. ( 2(103)- 257/2022 saylı mülki iş, ikinci cild səhifə 58).

33. Həmin mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4890 nömrəli ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan müətəxəssis rəylərinə və keçirilmiş baxışın nəticəsinə əsasən müəyyən olunmuşdur ki, X4 məxsus ünvan 6 ünvanında yerləşən 0.0543 ha torpaq sahəsində tikilmiş 48.3 kv.m 1 mərtəbəli yaşayış evinə bitişik tikilmiş bir mərtəbəli yaşayış evi, 8.6 kv.m sanitar qovşağı 0.0543 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Sözügedən 88.2 kv.m qeyri-yaşayış sahəsi isə həmin torpaq sahəsinin hüdudlarından kənarda yerləşir.

34. O cümlədən, həmin iş üzrə X1 xx.xx.2020-ci il tarixli, 201 nömrəli rəyindən görünür ki, ünvan 7 ünvanında yerləşən hazırda ½ payla X2 mülkiyyətindəki sahəsi 543 kv.m olan (faktiki istifadəsində olan 728 kv.m) torpaq sahəsinin artıq 185 kv.m-lik hissəsinin, o cümlədən yolun kənarında yerləşən 84 kv.m olan qeyri yaşayış sahəsinin “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma zolaqlarının ölçülərinin təsdiq edilməsi haqqında Azərbaycan Rspublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 298 nömrəli qərarının rəhbər tutulmaqla Maştağa Nardaran avtomobil yolunun qorunma zonasına düşmüş olduğu müəyyən edilmişdir.

35. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-257/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Maştağa-Nardaran avtomobil yolunun kənarında yerləşən 88.2 kv.m-lik mübahisəli qeyri-yaşayış sahəsi X3 mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşdiyindən onun hazırki tələb ilə çıxış etmək üçün subyektiv hüququ olmamış və bu səbəbdəndə irəli sürülmüş tələb təmin edilməmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi hallar onun atasının iddiasına baxılarkən mövcud olmuşdur və əvvəlki mülki iş üzrə məhkəmə tərəfindən araşdırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-257/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbinə artıq baxılmamalıdır. Çünki, hazırki iddia tələbi eyni cavabdehlərə qarşı eyni əsaslarla eyni tələbdir. Sadəcə indi iddiaçı ata yox, oğuldur. Yəni bu tələbə artıq başqa məhkəmə tərəfindən baxılıb qiymət verilmişdir. Həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir.

38. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

39. Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

40. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3, 261.0.2, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-4229/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «mülkiyyətə müdaxilənin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar