Məhkəmə qərarları › İş №2(103)-2034/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2034/2024

26.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2034/2024 26.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8401/2023 saylı, 13 dekabr 2023cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı bağ sahəsinə giriş-çıxışına törədilən maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8401/2023 saylı, 13 dekabr 2023cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, ərizə forma və məzmununa riayət edilmədən verilmiş, iddia tələbi dəqiq və aydın ifadə olunmamış, mübahisə predmeti olan bağ sahəsinin dəqiq ünvanı göstərilməmişdir. İddiaçı şikayət verərək qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul olunmasını xahiş etmişdir. Şikayətdə göstərib ki, iddia tələbi dəqiq və düzgün yazılıb, həmçinin mübahisə predmeti olan torpaq sahəsinin ünvanı da iddia ərizəsində dəqiq qeyd edilib və həmin torpaq sahəsinə dair Bakı şəhəri İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və İstismarı Birliyi ilə anası X1 arasında bağlanmış 17 aprel 2007-cı il tarixli, 40224 nömrəli bağın istifadəyə verilməsi haqqında müqavilənin də təsdiq edilmiş surəti iddia ərizəsinə əlavə edilib. Həmçinin həmin iddia ərizəsi üzrə mülki iş 2023-cü ildə Sabunçu Rayon Məhkəməsinin (hakim Şəbnur xanım Qədirovanın) icraatında olmuş, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, sonradan nümayəndəsi və vəkili X3 ərizəsinə əsasən iş baxılmamış saxlanılmışdır. Sənədlərini geri götürüb yenidən iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edəndə yuxarıda qeyd edilən əsassız səbəblərə görə iddia ərizəsi geri qaytarılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8401/2023 saylı, 17 yanvar 2024cü il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi şikayətdə göstərilənlərlə razılaşır və hesab edir ki, həmin dəlillər qərardadın ləğv edilməsi üçün əsasdır. Əvvəla, məhkəmə işə yaxud iddia ərizəsinin icraata qəbulu məsələsinə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Çünki, məhkəmə özü də iddiaçının tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilər. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir (MPM. mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər (MPM.m.151.2). Başqa sözlə, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddia edənin istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalnız tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları icraata qəbul etməkdən imtinası isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən MPM-in 149, 151.1 və 152.1.1-ci maddəsinə əsaslansa da həmin normaları məqsədindən xaric tətbiq etmişdir. Başqa sözlə, iddia ərizəsi formal əsaslarla geri qaytarılıb, bu da ədalət mühakiməsinin məqsədlərinə xidmət etmir. Çünki, iddia ərizəsinin geri qaytarılması yalnız onun nəticə hissəsində iddia verən şəxsin tələbinin necə göstərilməsindən asılı edilməməlidir. Yəni, iddia ərizəsinin məzmununda iddia verən şəxsin istəyi və tələbi aydın görünürsə, hansı ki, hazırki iddia ərizəsində bu belədir, nəticə hissəsində tələbin necə göstərilməsindən asılı olmayaraq formal əlamətlərə istinad etməklə iddia ərzəsi geri qaytarılmamalıdır. Baxmayaraq ki, iddia verən şəxs iddia ərizəsində tələbini dəqiq və aydın ifadə edib, mübahisə predmeti olan bağ sahəsinin dəqiq ünvanı da iddia ərizənin məzmunundan aydın görünür. Bu cür vəziyyətdə məhkəmənin məhz MPM-in qeyd olunan normalarına istinad edib iddia ərizəsini geri qaytarması açıq-aşkar formal olmuşdur. Buna görə də, şikayət təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 8401/2023 saylı, 13 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilməli və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8401/2023 saylı, 13 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar