Məhkəmə qərarları › İş №2(103)-2035/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2035/2022

04.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2035/2022 04.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 oktyabr 2021-ci il tarixli qətnamədən cavabdeh MMC-nin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının özünün iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, Rayon Məhkəməsinə müraciət edərək, 2015-ci ildə MMC-dən aldığı, lakin hazırda MMC-də qalmış “Grundig-TV-32-VLE 5401 BG” markalı televizorun və ya onun dəyərinin əvəzi olaraq 833 manatın, MMC-nin ona vurduğu mənəvi zərərin əvəzi olaraq 5.000 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ildə iddiaçı cavabdeh MMC-yə 833 manat məbləğində pulu ödəməklə iddia ərizəsində qeyd edilən televizoru zəmanətlə almışdır. Qısa müddətdən sonra, yəni zəmanət müddətində televizorda nasazlıq yaranmış və iddiaçı televizoru MMC-yə təhvil vermişdir. Həmin vaxtdan etibarən 5 ildən çox müddət keçməsinə baxmayaraq, MMC, nə televizoru, nə də ki, televizora görə iddiaçı tərəfindən ödənilmiş pul məbləğini iddiaçıya qaytarmamışdır. İddiaçı bu barədə Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə şikayət etmiş, lakin Polis Bölməsində aparılmış araşdırılmadan sonra 25.06.2019-cu il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, müraciətində göstərilən məsələ mülki xarakterli mübahisədən qaynaqlanır və mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Polis Bölməsinin sahə müvəkkili X2 MMC-nin Texniki Servis Xidmətinin operator vəzifəsində işləyən X1 iştirakı tərtib etdiyi 25.06.2019-cu il tarixli protokolundan görünür ki, Texniki Servis Xidmətinin qəbul şöbəsində quraşdırılmış kompüterə baxış keçirilmiş və müəyyən edilmişdir ki, televizor təmir edilməsi üçün 27.11.2015-ci il tarixdə iddiaçının oğlu X3 tərəfindən 649088 saylı qaimə əsasında Servis Xidmətinə təhvil verməsi barədə sənəd aşkar olunmuşdur. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, həmin televizor və ya onun dəyərinin əvəzi olan 833 manat MMC-dən alınaraq ona ödənilməlidir. Bundan başqa iddiaçı bildirir ki, MMC-nin qanunsuz hərəkəti nəticəsində ona mənəvi zərər dəymişdir ki, bu ziyanın əvəzinin ödənilməsi məqsədi ilə MMC-dən onun xeyrinə 5.000 manat məbləğində pul tutulmalıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 05.10.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçının 2015-ci ildə MMC-dən aldığı televizorun dəyərinin əvəzi olaraq 833 manatın, televizorunun, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun MMC-dən alınaraq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın rədd edilməsini qət etmişdir. Cavabdeh MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi iddia tələbini qismən təmin edərkən nəzərə almamışdır ki, televizoru Servis Xidmətinə iddiaçı deyil X3 adlı şəxs təhvil vermişdir. Belə olan halda iddiaçı həmin televizorun ona təhvil verilməsi MMC-dən tələb etməyə subyektiv hüququ yoxdur. Bundan başqa, Rayon Məhkəməsi həm televizorun, həm də onun dəyəri olan 833 manat məbləğində pulun MMC-dən alınaraq iddiaçıya verilməsini qət etmişdir ki, bu nəticə anlaşılan deyil - əsassızdır. Cavabdeh MMC işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, nə də ki, bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə MMCnin nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və bildirdi ki, televizor ona lazım deyil. O, MMC-yə ödədiyi pulun qaytarılmasını istəyir. Çünki televizor artıq “köhnəlmiş modeldir”. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, iş üzrə iddiaçı iddia tələbinin bir hissəsinin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Cavabdeh MMC-nin apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilsə də, apellyasiya şikayətinin məzmunundan aydın olur ki, MMC də iddia tələbinin bir hissəsinin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir. Odur ki, göstərilənləri, mübahisə predmetinin bölünməz olmadığını və MPM-nin 372.6-cı maddəsinin tələbini nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Hazırki iş üzrə apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi televizora görə ödənilmiş 833 manat pulu tutmaqla, həm də televizorun iddiaçıya verilməsi ilə bağlı əsassız nəticəyə gəlmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, həqiqətən də Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin nəticə hissəsində iddiaçının 2015-ci ildə MMC-dən aldığı televizorun dəyərinin əvəzi olaraq 833 manatın və televizorunun MMC-dən alınaraq iddiaçıya ödənilməsi qeyd edilmişdir. Lakin qətnamənin əsaslandırıcı hissəsindən görünür ki, Rayon Məhkəməsi hesab etmişdir ki, cavabdeh MMC-dən iddiaçının xeyrinə yalnız 833 manat məbləğində pul tutulmalı, qalan hissədə isə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Göründüyü kimi Rayon Məhkəməsinin qətnaməsinin nəticə hissəsində aşkar surətdə yanlışlığa yol verilmişdir. Məhkəmə bildirir ki, MPM-nin 228-ci maddəsinə görə, çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir (maddə 228.1.). Hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur (maddə 228.2.). Göründüyü kimi Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi yanlışlığın aradan qaldırılması qaydası qanunverici tərəfindən nəzərdə tutulsa da, MMC, həmin qaydadan istifadə etməmişdir. Buna baxmayaraq Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi qətnamədə yol verilmiş və yuxarıda qeyd edilən yanlışlığı MPM-nin 228-ci maddəsinin tələblərinə uğun olaraq özü də qaldıra bilər. Qətnamənin müzakirə edilən hissəsi apellyasiya qaydasında ləğv edilməməlidir. Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-6144/2019 saylı iş üzrə qəbul edilmiş 11.12.2019-cu il tarixli qətnamədən görünür ki, hazırki iş üzrə iddiaçı hazırki iş üzrə cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun tərəfindən 2015-ci ildə MMC-nin Texniki Xidmət Servisinə təhvil verilmiş "xxxx" markalı televizorun və ya onun dəyəri olan 833 manatın, vurulmuş mənəvi zərərin əvəzi olaraq 5.000 manatın MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamədən görünür ki, (həmin) mülki işdə olan sənədlərdən görünür ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin sahə müvəkkili X2 MMC-nin Texniki Servis Xidmətinin operator vəzifəsində işləyən X1 iştirakı tərtib etdiyi 25.06.2019-cu il tarixli protokolundan görünür ki, Texniki Servis Xidmətinin qəbul şöbəsində quraşdırılmış kompüterə baxış keçirilmiş və müəyyən edilmişdir ki, “Grundig-TV-32-VLE 5401 BG” markalı televizor təmir edilməsi üçün 27.11.2015-ci il tarixdə X3 tərəfindən Servis Xidmətinə təhvil verməsi barədə sənəd aşkar olunmuşdur. Həmin qətnamə ilə iddianın qismən təmin edilməsi, iddiaçıya məxsus "xxxx" markalı televizorun MMC-dən alınaraq iddiaçıya verilməsi, qalan hissədə iddianın rədd edilməsi qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4313/2020 saylı iş üzrə qəbul etdiyi 10.08.2020-ci il tarixli qətnamədən görünür ki, MMC-nin Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11.12.2019-cu il tarixli qətnamədən verdiyi apellyasiya şikayətinə baxmış apellyasiya instansiyası məhkəməsi həmin qətnamə ilə MMC-nin apellyasiya şikayətinin təmin edilməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdeh MMC-yə "xxxx" markalı deyil, “Grundig” markalı televizor təhvil verilmişdir. Məhkəmə bildirir ki, MPM-nin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, iddiaçı 2015-ci ildə cavabdeh MMC-dən 833 manat məbləğində pulu ödəməklə iddia ərizəsində qeyd edilən “Grundig” markalı televizoru zəmanətlə almışdır. Qısa müddətdən sonra, yəni zəmanət müddətində televizorda nasazlıq yaranmış və televizor MMC-yə təhvil vermişdir. Həmin vaxtdan etibarən 5 ildən çox müddət keçməsinə baxmayaraq, MMC, nə televizoru, nə də ki, televizora görə iddiaçı tərəfindən ödənilmiş pul məbləğini iddiaçıya qaytarmamışdır. Bununla da, cavabdeh MMC tərəfindən iddiaçıya maddi zərər yetirilmişdir. İşin müəyyən edilmiş halını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.2-ci maddəsinə görə, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin (maddə 587.2.1); lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin (maddə 587.2.2). Mülki Məcəllənin 588.2-ci maddəsinə görə, satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə bildirir ki, hazırki mülki mübahisə üzrə sübut etmə yükü satıcı olan cavabdeh MMC-nin üzərinə düşür. Lakin MMC, onun tərəfindən istehlakçı olan iddiaçıya satılmış olduğu malda əmələ gəlmiş qüsurun malın istifadəsi nəticəsində yarandığını təsdiq edə biləcək sübutları (məsələn: MMC-nin mütəxəssisi və ya başqa mütəxəssis tərəfindən verilmiş rəyləri) məhkəmələrə təqdim etməmişdir. Göstərilənlərə əsasən qəbul edilməlidir ki, cavabdeh MMC tərəfindən iddiaçıya qüsurlu mal satılmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci bəndinə görə, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən maddi hüququ normalarının tələblərindən işin hallarına yanaşdıqda müəyyən edilir ki, iddiaçı vurulmuş ziyanın 833 manat məbləğində pulun cavabdeh MMCdən alınaraq, ona ödənilməsi barədə tələbi irəli sürməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşin hallarından görünür ki, apellyasiya baxışının predmeti olan hissədə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5.000 manatdan azdır. Yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 oktyabr 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh "xxxx" MMC tərəfindən ödənilmiş dövlət rüsumu MMC-nin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar