Məhkəmə qərarları › İş №2(103)-2037/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2037/2025

20.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2037/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "pul tələbi") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə Sabunçu Rayon Məhkəməsinin 2(008)-1699/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8600 manat borcun və 106 manat dövlət rüsumunun alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə ilk dəfə 2014-cü ilin dekabr ayının əvvəllərində İndira adlı rəfiqəsinin ad günündə tanış olmuşdur. Həmin vaxtdan müxtəlif ad günü və tədbirlərdə görüşmüş, iddiaçı cavabdehin mağaza işlətdiyini bilmişdir. Cavabdeh iddiaçıdan tanış kimi hərdən borca ***-**** manat arası vəsait istəmiş, lakin borclu qaldığı hal olmamış, qısa müddətdə cavabdeh borcu qaytarmışdır. İddiaçı cavabdehin həm “28 Mall” ticarət mərkəzi ilə üzbəüz yeraltı keçiddə ayaqqabı satışı, həm də “Əcəmi” metrostansiyası ərafında geyim satışını təşkil etdiyini bilirdi. 5. Cavabdeh 2018-ci ilin dekabr ayında iddiaçıya müraciət edərək bildirmişdir ki, “28 May” metrostansiyası ətrafındakı keçiddə mağaza götürmüş, mağazanın 3 illik icarəsi 50.000 manatdır, icarə pulu əvvəldən istənildiyi üçün ona 25.000 manat borc lazım olmuşdur. Cavabdeh 3 il ərzində hər ay borcu qaytaracağını bildirmişdir. Həmçinin cavabdeh mağazanın içində əlavə yer qaldığını, oranı da istəsə iddiaçının işlədə biləcəyini, istəməsə də oranı özünün icarəyə verib icarə pulunu iddiaçıya verəcəyini təklif etmişdir. Sərfəli təklif olduğundan, iddiaçı mağazaya baxacağını bildirmiş, özünün yaşadığı ünvan 1 ünvanındakı evində pulu cavabdehə vermişdir. 6. İddiaçının mağazaya baxmaq təklifinə cavabdeh bidirmişdir ki, icarəçi pulun müəyyən hissəsinin iddiaçının verdiyini bilsə, bu təklifi qəbul etməyəcəkdir. Amma iddiaçı təkidlə icarəyə götürdüyü mağazanın yerini soruşmuş, nəhayət, bir müddət sonra mağazaya getmişdir, həmin vaxtadək artıq pulu cavabdehə vermişdi. İddiaçı mağazanı işlədən kimi Sonanı (cavabdehi) soruşmuş, iddiaçıya mağazanı uzun illər işlədənin bir kişi olduğunu bildirmişlər. İddiaçı borc pulun icarə bəhanəsi ilə alındığını bilmişdir. Bundan sonra iddiaçı cavabdehi görüşmək üçün ortaq rəfiqələri ilə soraqlamağa başlamışdır, çünki cavabdeh iddiaçı ilə birbaşa görüşdən yayınırdı. 7. İddiaçı bir neçə dəfə cavabdehin işlətdiyi mağazaya getmiş, satıcı hər dəfə cavabdehin orada olmadığını demişdir. Cavabdeh özü isə gah xəstə olduğunu, gah da daha sonra görüşəcəyini bildirmişdir. Beləliklə, borcun verilməsindən bir neçə ay keçmişdir. Bu müddətdə cavabdeh hissə-hissə borcundan qaytarmağa başlamışdır. Nəhayət iddiaçı cavabdehlə görüşmüş, ödənilən pulları hesablaşmış, cavabdehin ödəniləsi borcunun 16.600 manat olmasını müəyyən etmişlər. İddiaçı həmin pulun bir dəfəyə qaytarılmasını istəsə də, cavabdeh müxtəlif bəhanələr gətirmiş, sahibinin icarə obyektini onun əlindən aldığını, ziyanda olduğunu, utandığı üçün bütün bunları daha əvvəl demək istəmədiyini bildirmişdir. 8. Cavabdeh daha sonra iddiaçıya Masazır qəsəbəsində evi olduğunu, satıb pulunu götürməyini söyləmiş, iddiaçı yenə də cavabdehə inanaraq bu illər ərzində məcbur olub evin satışı ilə məşğul olmuşdur. Nəhayət, vasitəçilər real alıcı ilə görüşmək istəyəndə cavabdeh evi satmadığını, anasının buna icazə vermədiyini bildirmişdir. Cavabdehin qardaşı Orxan isə ümumiyyətlə, evi satmaq niyyətlərinin olmadığını, cavabdehə evi satmağa heç kimin icazə vermədiyini bildirmişdir. İddiaçı illərdir cavabdehin sadəcə vaxt qazanmaq üçün onu növbəti dəfə aldatdığını başa düşmüşdür. Həmin söhbətlərdən sonra qalan 16.600 manat puldan illər ərzində hissə hissə qaytarılmışdır. Cavabdeh 2022-ci ildə kart vasitəsilə 500 manat, 2023-cü ilin sentyabr ayının əvvəli 100 manat, sonu isə 100 manat qaytarmışdır, hazırda cavabdehin cəmi 8600 manat borcu qalmışdır. 9. Cavabdehlə aparılan danışıqların bir nəticəsi olmamış, cavabdehin qardaşı Orxan, və anası İrina da bu danışıqlarda iştirak etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə cavabdehlə danışıqları olmuş, o zaman cavabdeh qalan pulu göndərməyəcəyini bildirmiş, iddiaçıya məsələni məhkəmə ilə həll eləməyi demişdir.

3. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1699/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur (hakim Həqiqət Mahmudova).

4. Birinci apellyasiya baxışı:

5. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5354/2024 nömrəli, 2 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddianın təmin olunması, Cavabdeh İddiaçı xeyrinə 8600 (səkiz min altı yüz) manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 106 manat olmaqla, cəmi 8706 (səkkiz min yeddi yüz altı) manat məbləğində pulun tutulması qət edilmişdir. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Məhəmməd Rüstəmli).

7. Kassasiya instansiyası:

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-351/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə cavabdeh X10 qızının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5354/2024 nömrəli, 02 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır (hakimlər X5 (məruzəçi), X3 və X1). Tərəflərin izahatı:

9. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

10. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

11. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

12. Rayon məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, 8 ildir ki, iddiaçının evində köməkçi işləyir, həftədə 3 dəfə onun evini yığışdırır. Sona xanımı Ülkər xanımın evinə gedib-gələndə görmüşdür. O, 4-5 il əvvəl qış ayında Sona xanımın Ülkər xanımdan borc istədiyini görmüş, daha sonra cavabdeh onun yanında təxminən 25.000 manat pulu evdən götürüb getmişdir, aralarında faiz söhbəti olmamışdır. Daha sonralar Sona xanımın pulu hissə-hissə verdiyini eşitmişdir. Əvvəllər Sona xanım Ülkər xanımın evinə tez tez gəlsə də, daha sonra ümumiyyətlə əlaqələri kəsilmişdir. Axırıncı dəfə 1 ildən çox olar Ülkər xanım telefonla danışanda Sona xanımın 200 manat qaytardığını eşitmişdir. Onun cavabehin 200 manatdan əlavə borcun qaytarılmasından məlumatı olmamışdır. Sona xanımı 4 ildən çoxdur görmür. Borc pandemiyadan əvvəl verilmişdir. Ülkər xanım işləmir, onun başqa şəxslərə pul verdiyini görməmişdir. Sona xanımın 8600 manat borcu qaldığı barədə Ülkər xanım ona demişdir. O, Sona xanımın pulları qaytarmasında da iştirak etməmişdir.

13. Rayon məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, 7 ildən artıqdır ki, Ülkər xanımla yaxın dostdur. Ülkər xanımın ailəsi imkanlıdır. Sona xanımı Ülkər xanımın vasitəsi ilə 2017-ci ildən tanımış, onun bağında olmuşlar. Sona xanım obyekt işlətmək üçün Ülkər xanımdan borc pul istəmiş, Ülkər xanım Sona xanıma borca pul verəcəyini demiş, o isə məsləhət görməmişdir. Lakin Ülkər xanım yaxın rəfiqə olduqları üçün cavabdehə 25.000 manata yaxın pulu vermişdir. Pul verilərkən aralarında faizlə bağlı razılaşma olmamışdır. Pulun verilməsi onun yanında olmamış, lakin hazırlanması onun yanında olmuş, məbləğin bir hissəsi dollar, bir hissəsi manat olaraq hazırlanmışdır. Sona xanım pulu 2-3 il ərzində qaytaracağını demişdir. O, Ülkər xanıma “28 May”dakı yeraltı keçiddə Sona xanımın obyekt götürməsi, işlədib-işlətməməsi ilə gedib maraqlanmasını demişdir. Sona xanımın pulu 50, 100, 200 manat olmaqla hissə-hissə olmaqla 16.400 manatı qaytarmış, təxmini 8500-8600 manat qalır. Dəfələrlə o Ülkər xanımla pulu götürməyə getmişdir. Pul gah şəhərdə Sona xanımla görüşərək, gah Bilgəhdə bağda, gah da karta göndərilərək ödənilmişdir. Borcu qaytarılması üçün Sona xanım ondan Masazırdakı evinə alıcı tapmağı xahiş etmişdir. Lakin evə yüksək qiymət dediyi üçün evin satılması çətinləşmişdir, hətta telefonunda hazırda həmin evin şəkilləri də var. Bütün pulu onun yanında qaytarmamışdır. Ülkər xanımla Bilgəhdə 500 manat, yolda 200 manat gedib götürmüşlər. Sona xanım karta pul göndəriləndə o, dəfələrlə Ülkər xanımın yanında olmuşdur. Təxmini 2021-ci ildə maşınla Ülkər xanımla gedərək “Qərənfil” marketin yanında Sona xanımla görüşərək 500 manatı götürmüşlər. O, Ülkər xanım evə gedəndə dəftərinə yazması üçün ödənilən pulları öz telefonuna qeyd etmişdir. O, Sona xanımın qaytardığı pulların hamısını xatırlamasa da, 200, 500, 1450, 1500 manat ödədiyini bilir. Ülkər xanım ondan pul götürməmiş, Sona xanımın götürdüyü pulları qaytarması üçün Ülkər xanıma pulları ondan aldığını deməsini söyləmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 223.3. Maddə 739.1. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

17. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

18. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

19. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

20. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

24. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.

28. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.

29. Apellyasiya instansiya məhkəməsinin bundan öncəki qərarını ləğv etmiş Ali Məhkəmənin 2(102)-351/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında yaranan hüquq münasibətinə düzgün qiymət vermədiyi üçün iddia müddətinin başlanması və bundan çıxış edərək müddətin hesablanmasını müqavilə tələblərində olan 3 illik iddia müddətindən götürmüşdür. Həmçinin iş üzrə iddia müddətinin buraxılmaması barədə gəldiyi nəticəni apelyasiya instansiyası məhkəməsi belə əsaslandırmışdır ki, iddiaçının nümayəndəsinin məhkəmə baxışı zamanı verdiyi izahata əsasən 25000 manat borc pul cavabdehə 2018-ci ilin dekabr ayında bir il müddətinə qaytarmaq şərtilə verilib. İddia müddətinin axımı növbəti ilin, yəni 2019-cu ilin dekabr ayından başlamaqla 2022-ci ilin dekabr ayınadək davam edib. Cavabdeh məhz bu müddət ərzində müxtəlif vaxtlarda hissə-hissə olmaqla iddiaçıya 16400 manat pul qaytarmışdır. Cavabdeh bu məbləği 2019-2022-ci illər ərzində deyil, 2018-ci ilin dekabr ayından sonra gələn bir il ərzində qaytarmasına dair hər hansı sübut təqdim etməmişdir. İddiaçının deməsinə görə cavabdeh 2022-ci ildə kart vasitəsilə 500 manat, 2023 cü ilin sentyabr ayının əvvəli 100 manat, sonu isə 100 manat qaytarmışdır. (bənd 8) İddiaçı cavabdehin 2022-ci ildə kart vasitəsilə 500 manat ödəməsinin təsdiqi kimi e-manat ödəniş sistemindən həyata keçirilmiş ödəniş qəbzinə istinad etmişdir. Əvvəla, apellyasiya instansiyası məhkəməsi cavabdehin məhz iddia müddəti ərzində (2022-ci ilin dekabr ayına qədər olan müddət ərzində) müxtəlif vaxtlarda hissə-hissə olmaqla iddiaçıya 16400 manat pul qaytarmasını, bununla da iddia müddətinin axımının kəsilməsi və müddətin axımının yenidən başlamasını göstərsə də, bunu hansı sübutun tədqiqi ilə müəyyən etdiyini qətnamədən görmək olmur. Bundan başqa, iddiaçının istinad etdiyi emanat ödəniş sistemindən həyata keçirilmiş ödəniş qəbzində pulun məhz cavabdeh tərəfindən ödənilib-ödənilməməsinə qiymət verilməyib. Başqa sözlə, hətta müqavilə tələbləri üzrə iddia müddəti götürülsə belə, iddia müddətinin kəsilməsi və yenidən hesablanmasına yönələn hallar işdəki sübutlarla müəyyən edilmədiyi üçün iddia müddətinin ötməməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün sayıla bilməz.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Göstərilən Məcəllənin 89.1-ci maddəsinə görə yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

33. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

34. Kollegiya qeyd edir ki, iddiaçı cavabdehin ona 8600 manat borcu olduğunu bildirsə də, həmin faktı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Buna görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı cavabdehin ona qeyd edilən məbləğdə borcu olduğunu sübut etməlidir.

35. Qeyd edilənlər baxımından birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının nümayəndəsinin izahatı, şahidlərin ifadələri və telefon yazışmaları qeyd olunan halı bilavasitə təsdiq etmir, o cümlədən iddia tələbinin əsası kimi istinad edilən hər hansı bir halın həqiqiliyini müəyyən etmir. Cavabdehin nümayəndə və vəkili tərəflərin rəfiqə olmaqla onların qarşılıqlı olaraq bir-birindən borc alıb-vermələrini və telefon (votsap) yazışmalarında da həmin borclardan bəhs edildiyini inkar etmir (iddia ərizəsində də iddiaçı cavabdehin ondan tanış kimi hərdən borca ***-**** manat arası vəsait istədiyini qeyd etmişdir). Həmin yazışmalarda cavabdeh iddiaçıdan 25000 manat aldığını, 16400 manatı qaytardığını və 8600 manat borclu qaldığını etiraf etməmişdir. Hətta yazışmaların sonunda cavabdeh iddiaçıya hər şeyi artıqlaması ilə qaytardığını, iddiaçının faizlə hesablayaraq, ondan artıq məbləğ tələb etdiyini bildirmişdir.

36. Şahid ifadələrini isə iddianı təsdiq edə biləcək mötəbər sübut kimi qəbul etməyərək, birinci instansiya məhkəməsi bildirmişdir ki, şahid Ayxan Budaqov iddiaçının 25.000 manat pulu cavabdehə verməsinə şahidlik etməmiş, digər X7 isə cavabdehin onun yanında iddiaçıdan təxminən 25.000 manat pulu evdən götürüb getdiyini bildirsə də, bunu ümumi formada ifadə etmiş, həmin hadisənin dəqiqləşdirici detalları barədə məhkəməyə əlavə məlumat verməmişdir. X7 həmçinin bildirmişdir ki, cavabdehin 8600 manat borcu qaldığını iddiaçı ona demişdir.

37. Kollegiya qeyd edilənlərə əsasən, belə qənaətə gəlir ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə bağlı biri digərini tamamlayan, təkzibedilməzlikə bağlı tələblərə cavab verən əsaslı və şübhədənkənar sübutlar təqdim edilmədiyindən rayon məhkəməsi iddia tələbini təmin etməyərək iş üzrə düzgün nəticəyə gəldiyindən, apellyasiya şikayəti təmin edilməməlidir.

38. MPM-in 385.2-ci maddəsi də tələb edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

39. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

41. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1699/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar