Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-204/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:maddi və mənəvi ziyanın ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(005)- 218/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanında olan mənzil iddiaçının mülkiyyətindədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 2 ünvanda yerləşən mənzilə vurulmuş 1200 manat məbləğində maddi ziyanın, vurulmuş mənəvi zərərə görə 5000 manatın, dövlət rüsumuna görə ödənilmiş 30 manatın, ümumilikdə 6230 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, yuxarı mərtəbədə olan qonşunun vanna otağından sızan su onların evini pis günə qoymuşdur. Bu hal əvvəllər də yaşansa da, evə zərər dəymədiyi üçün iddiaçı bu məsələyə çox fikir verməmişdir. Lakin sonuncu dəfə yuxarı mərtəbədən sızan su onların evlərinin bütün otaqlarına yayılmışdır. Bunun da nəticəsində evin tavanına, evdəki müxtəlif əşyalara ciddi ziyan dəymiş, evdən pis qoxu gəlməyə başlamışdır. İddiaçı evin təmir edilməsi ilə bağlı həmin mənzildə yaşayan şəxsə müraciət etsə də, o buna məhəl qoymamış, evlərinə dəymiş ziyanın aradan qaldırılması üçün heç bir tədbir görməmişdir. Göründüyü kimi, cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət, sahiblik və istifadə hüquqları pozulmuş, mənzilindən istifadə imkansız vəziyyətə düşmüşdür. Göründüyü kimi cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun mənzilinə ciddi ziyan dəymiş, bununla da ona 1200 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin, mənzilə su sızması nəticəsində ona mənəvi ziyan da dəymişdir. Buna görə də, həmin şəxs iddiaçıya dəymiş mənəvi zərərə görə 5000 manat məbləğində təzminat ödəməlidir.
4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 fevral 2022-ci il tarixli, 2(005)-218/2022 saylı qətnaməsi ilə (hakim Novruzova Aytən) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 1200 (bir min iki yüz) manat məbləğində maddi ziyan və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayətində göstərilmişdir ki, qanunvericiliyin tələbinə görə məhkəmə iclasları barədə tərəflərə qanunla nəzərdə tutulmuş müddətdə rəsmi qaydada bildiriş göndərilməli olsa da, birinci instansiya məhkəməsi ona heç bir məhkəmə bildirişi göndərməmişdir. Bundan başqa, ekspertizanın iddiaçının mövqeyinə uyğun verilmiş rəyi ilə də tanış deyildir. Ekspert ekspertizanı həyata keçirərkən ən azından onun da mənzilinə gəlməli və axıdılan suyun onun mənzilindən gəlib-gəlmədiyini, iddiaçının mənzilindəki hansı nasazlıqların məhz suyun axıdılması nəticəsində baş verdiyini onun da iştirakı ilə dəqiq araşdırmalı idi. İddiaçının iddiasının təmin olunması zamanı istinad edilən yeganə sübut natamam aparılmış ekspertiza tədqiqatı nəticəsində verilmiş ekspert rəyidir və məhkəmə mövcud olan sübutlara münasibətdə yalnış hüquqi nəticəyə gəldiyindən məhkəmənin birinci instansiya məhkəməsi qətnaməsi ləğv olunmalı və iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
8. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətini medafiə edərək qeyd etdi ki, ekspert rəyi ilə razı deyillər.Ekspertin verdiyi rəy qərəzlidir. Hesab edir ki, qeyd edilən ekspert rəyi sübut kimi qiymətləndirilə bilməz.
9. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək qeyd etdi ki, onun evinə su qarşı tərəfin mənzilindən axır. Bu mübahisə uzun müddətdir ki, davam edir. Ona dəymiş zərəri də qarşı tərəf qarşılamalıdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
11. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülü
12. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
13. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
14. Maddə 1098.2. Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər.
15. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
16. Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
17. Maddə 29.4. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Cavabdeh tərəfindən qətnamə iddianın təmin edilmiş hissəsində mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə o hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlil əsaslı sayıla bilməz.
27. İş materiallarında olan Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 53 saylı mənzil kommunal istismar sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Maqus Əlizadə küçəsi, ev 42, 63 saylı mənzilinə baxış keçirilmiş və həmin ünvanda olarkən məlum olmuşdur ki, həmin binanın 5-ci mənzilinin vanna otağında su xətlərinin nasaz olma səbəbindən 63 saylı mənzilinə su axmışdır, nəticədə 63 saylı mənzilin təmirinə ziyan dəydiyi müəyyən edilmişdir.
28. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə texniki-tikinti ekspertizasının 22 dekabr 2021-ci il tarixli, 10/5369 nömrəli rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yerləşən, 42 saylı binanın 63 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1450,0 manat məbləğ müəyyən edilir.
29. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 fevral 2023-cü il tarixli, 10/7354 nömrəli rəyindən görünür ki, cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yerləşən, ev 42-də yerləşən 69 saylı mənzilə baxış keçirilən zaman sözügedən mənzilin sanitar qovşağı tikililəri təmirli olduğundan, su- kanalizasiya xətlərinin üzərində hər hansı bir qüsur olmadığından, eləcə də baxış zamanı su sızması davam etmədiyindən, 63 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq mənzilə su sızması 69 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 63 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifad edilməsi səbəbindən baş verə bilər.
30. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq məhkəmə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, habelə Nərimanov Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi 53 saylı mənzil kommunal istismar sahəsinin aktlarını nəzərə alıb, cavabdehin mülkiyyətində olan mənzilə həmin mənzilin üstündə yerləşən və iddiaçının mülkiyyətində olan mənzildən su axıdılması qənaitinə gəlmişdir.
31. Kollegiya qeyd edir ki, apelyasiya baxışı zamanı da təqim edilmiş ekspert rəyinin məzmunu 63 saylı mənzilə su sizması 69 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması səbəbindən baş verməsini təsdiq edir.
32. Beləliklə, kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı hazırki işlə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(005)- 218/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tətqiqatının dəyəri olan 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ( Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.