Məhkəmə qərarları › İş №2(103)-205/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-205/2022

15.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-205/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X10 üçüncü şəxs qismində cəlb edilməklə) “paylı mülkiyyətin real bölgüsü və ya kompensasiyanın verilməsi, bu mümkün olmadığı halda evin açıq hərracdan satılaraq pulun paylara uyğun bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2(009)-33/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınmaz əmlakın sərhədlərinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış evinin 23 may 2006-cı il tarixli vəsiyətnamə ilə ona düşən 4/12 payın sərhədlərinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı dövrundə iddiaçı dəqiqləşdirmə barədə ərizə ilə müraciət edərək ünvan 2 ünvanında yerləşən yaşayış evi üzrə ona məxsus 24/96 payın naturada ayrılması, bu mümkün olmadıqda ona müvafiq kompensasiyanın verilməsi, əks halda evin açıq hərracdan satılaraq payına düşən məbləğin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, reyestr nömrəsi 2v/1-5 23 may 2006-cı il tarixli vəsiyyətnamə əsasında Bakı şəhəri Ə.Nəzmi küçəsi 40 saylı evin 4/12 payının mülkiyyətçisidir. Həmin əmlakın onunla birgə 5 paylı mülkiyyətçisi var. Bunlar qardaşları Cavabdeh2 (1/12 hissə) və Cavabdeh1 (1/12 hissə), qonşusu X10 (6/12 hissə) və payı açıq saxlanılan vəfat etmiş X4 (1/12 hissə). X4 vəfat etdikdən sonra evin mülkiyyətçiləri arasında evin necə bölünməsinə dair mübahisə yaranmışdır və mübahisə hal-hazırda da davam edir. X2 vəfatından öncə təqdim etdiyi vəsiyyətnamədə yuxarıda qeyd olunan daşınmaz əmlakın 4/12 payını ona vəsiyyət etmişdir. Digər payçılar onun daşınmaz əmlak üzrə yaranmış hüquqlarından istifadə etməyinə cürbəcür maneələr yaratmışlar və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Digər payçılara dəfələrlə paylı mülkiyyət üzrə öz payının sərhədlərini müəyyən etmək üzrə dəfələrlə müraciət etsə də onlarla heç bir razılığa gələ bilməmiş və bunun üçün də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Həmçinin anası rəhmətə getdikdən sonra, qeyd olunan ev üzrə yaşamaq hüququndan faktiki olaraq məhrum edilmişdir. Bu da ona çətinliklər yaratmışdır. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2(009)-33/2020 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 2 ünvanında yerləşən yaşayış evinin (X6 payı istisna olmaqla) açıq hərracdan satılaraq satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı, Cavabdeh1 və Cavabdeh2 arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3451/2021 saylı 30 mart 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Apellyasiya baxışı zamanı X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. X10 işin baxışı zamanı 15.12.2021-ci il tarixdə vəfat etmiş və onun mübahisəli evin paylı mulkiyyəttçilərindən biri olması və qəbul ediləcək məhkəmə qərarının onun vərəsəsinin (və ya vərəslərinin) hüquq və vəzifələrinə toxuna bilməsi nəzərə alaraq mərhumun oğlu Nümayəndə prosessual hüquqi varisi qismində hazırki işə cəlb edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bacısı və qardaşı onu ömürlük ruhi xəstəxanada saxlaya bilmədiklərinə görə, indi də çölə tullamaq istəyirlər. Məhkəmədə bacısının adı iddiaçı, qardaşının adı cavabdeh qismində olsa da, ikisinin də fikri eynidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə yönəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Ə.Nəzmi küçəsi 40 saylı evin, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış paylı mülkiyyətçiləri aşağıdakılardır: - Cavabdeh2 (1/12 hissə) - Cavabdeh1 (3/24 hissə), - X12 (1/24 hissə açıq saxlanılır), - X10 (6/12 hissə) - İddiaçı (24/96). Sabunçu Rayon məhkəməsinin 12 may 2017-ci il tarixli 2(008)-833/2017 saylı qətnaməsinə əsasən, Cavabdeh1 ərizəsi təmin edilərək xx xxx 1965-ci il tarixində Bakı şəhərində doğulmuş Cavabdeh2 fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, qətnamə xx xxx 1965-ci il tarixdə Bakı şəhərində doğulmuş Cavabdeh2 üzərində qəyyum təyin edilməsi üçün əsas hesab edilmiş, daha sonra Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2018-ci il tarixli, 2(103)-7592/2018 saylı qərardadı ilə ərizəçi Cavabdeh1 iddiadan imtinası qəbul edilərək ərizəçi Cavabdeh1, qardaşı Cavabdeh2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli, 2(008)-833/2017 saylı qətnaməsinin ləğv edilmişdir. İş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2018-ci il tarixli 2775 saylı ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Səbail rayonu, Əli Nəzmi küç. yerləşən 40 saylı evdən İddiaçı payı təcrid mənzillər şəklində ayrılması, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4, 2.7 bəndlərinin və metodik tövsiyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Tədqiq olunan evin bölünməsi mümkün olmadığı üçün qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, “iddiaçıya məxsus 24/96 payın naturada ayrılması mümkün olmadığı üçün məhkəmə tərəfindən iddia tələbinin digər hissəsi üzrə araşdırma aparılarkən, yəni ona müvafiq kompensasiyanın verilməsi ilə bağlı cavabdeh tərəfin mövqeyi öyrənilərkən müəyyən edilmişdir ki, cavabdeh tərəf bununla bağlı qohumları vasitəsilə iddiaçı ilə əlaqə saxlasalar da, hər hansı bir razılığa gəlməmişlər. Məhkəmə baxışı zamanı da tərəflərin öz aralarında kompensasiya verilməsi ilə mübahisənin həlli ilə bağlı məsələ üzrə razılığa gəlməmələri müəyyən edilmişdir. Məhkəmə iddianın digər tələbi, yəni, Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsini nəzərə alaraq ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi qaydasını nəzərdən keçirərək hesab edir ki, MM-nin 220.6-cı maddəsinin tələbləri baxımından, yəni ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadığı üçün ünvan 2 ünvanında yerləşən yaşayış evinin açıq hərracdan satılmalı və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Hazırki iş üzrə iddiaçı və cavabdehlərin Bakı şəhəri Ə.Nəzmi küçəsi 40 saylı evə olan payları X7 təklif edildikdən, X10 tərəfindən payın əldə olunması ilə bağlı təklif qəbul edilmədikdən və ya bu təklifə qanunvericiliklə müəyyən olunmuş müddət ərzində münasibət bildirilmədikdən sonra ünvan 2 ünvanında yerləşən yaşayış evi (X6 6/12 hissədə payı istisna olmaqla) açıq hərracdan satıla bilər.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. - 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. - 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. - 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. - 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. - 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. - 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. - 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz”. İşə apellyasiya icraatı qaydasında baxılarkən Məhkəmə Ekspertiza Mərkəzinin 15.09.2021-ci il tarixli 10/3550 saylı ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əli Nəzmi küçəsində yerləşən 40 nömrəli fərdi yaşayış evinin 1 və 2 mərtəbəli olan tikililəri (X3 və Cavabdeh1 yaşadıqları hissə) bağlı olduğundan, həmin tikililər üzrə ölçü işləri aparılmadığından, mübahisəli evin ümumi sahəsini, həmçinin tərəflərin paylarına uyğun düşən sahəni, eləcə də İddiaçı və X6 payın düşən sahələrin digər tikililərdən ayrılmasının mümkün olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Tədqiq olunan yaşayış evində yerləşən tikililərin mövcud vəziyyətinin texniki pasportda qeyd olunan məlumatlara uyğun olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası tərəfindən 16 noyabr 2021-ci il tarixdə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertin vəsatəti əsasında tədqiqat obyektinin yerində müayinəsi üçün vaxt təyin edilmiş və 07 yanvar 2022-ci il tarixdə məhkəmə tərkibinin, ekspertin və tərəflərin iştirakı ilə baxış təşkil edilmişdir. Lakin, ekspert tərəfindən tərtib edilmiş 07 yanvar 2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Əli Nəzmi küçəsində yerləşən 40 nömrəli fərdi yaşayış evinin qapısını açmaqdan imtina etdiyi üçün tədqiqat obyektinə baxışın keçirilməsi mümkün olmamışdır. Kollegiya tərəfindən tikinti-texniki ekspertizası təyin edilməyinə baxmayaraq, rəydən və iş materiallarına əlavə edilmiş aktdan göründüyü kimi, cavabdeh-apellyator mübahisəli evin qapısını açmadığından və üçüncü şəxsin evində yaşayan sakinin olmaması səbəbindən evlərin içərisinə vizual baxışın keçirilməsi mümkün olmamışdır. Buna baxmayaraq ekspert və kollegiya tərəfindən mübahisəli ünvanın yerində vizual müayinəsi keçirilmiş, iddiaçının bölünməsini tələb etdiyi evin, üçüncü şəxsin inşa etdiyi evi ilə giriş qapılarının təcrid şəkildə olması, eyni ünvanda yerləşməsi və birlikdə vahid əmlak vəziyyətində olması müşahidə olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi əvvəlcə öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək, payın naturada ayrılması mümkün olmadığı təqdirdə öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Yalnız bundan sonra ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, paylı mülkiyyətçi əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququna malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının payının naturada ayrılması mümkün olmadığından və cavabdehlərin kompensasiya vermək imkanı olmadığından əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölüşdürülməsi üçün əsaslar mövcud ola bilər. Lakin, bu məqamda mübahisəli evlə eyni ünvanda yerləşən mərhum Həsən Məmmədovun mülkiyyətində olan evin də naturada ayrıla bilməsi məsələsi müzakirə edilməli və mübahisənin hüquqi cəhətdən həlli zamanı sonuncunun hüquqlarının pozulması ilə nəticələnən qərar qəbul edilə bilməz. Belə ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsində araşdırılma zamanı müəyyən edilmişdir ki, paylı mülkiyyət hüququ üzrə Cavabdeh2 1/12 hissədə, Cavabdeh1 3/24 hissə, X11 1/24 hissədə açıq saxlanılmaqla, X7 6/12 hissə və İddiaçı 24/96 hissədə məxsus olan Bakı şəhəri Ə.Nəzmi küçəsi 40 saylı evin paylara uyğun naturada bölünməsi tənasübsüz zərər vurmadan mümkünsüzlüyü müvafiq ekspertiza rəyi və mübahisəni həll edən məhkəmə kollegiyasının yerində müayinəsi zamanı vizual baxışı zamanı da öz təsdiqini mübahisəsiz olaraq tapmışdır. Qanunvericiliyə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılmasının üsul və şərtləri haqqında razılığa gələ bilmədikdə, paylı mülkiyyətin mülkiyyətçisinə öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək hüququ verilir. Payın naturada ayrılmasına yol verilmirsə və ya payın ayrılması ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərini paylı mülkiyyətin digər mülkiyyətçilərindən tələb edə bilər. Hazırki işin halları isə, ondan ibarətdir ki, iddiaçı payının açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllığına X7 münasibətdə əməl etməmişdir. Belə ki, əvvəla iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən mübahisəli evin payçılarından biri olan X8 cavabdeh qismində işə cəlb etməmiş, Həsən Məmmədova əmlakın naturada bölünməsini təklif etməmiş, bu mümkün olmadığı halda, öz payının dəyərinin ona ödənilməsini tələb etməmişdir. Bununla da, mülki qanunvericiliyin hazırki iddia ilə müraciət edilməsi üçün təsbit etdiyi ardıcıllığa riayət etməmişdir. Belə olan halda, iddiaçının tələblərinin tam və ya qismən təmin edilməsi yekunda X1 hüquqlarının pozulması ilə nəticələnir. Birinci instansiya məhkəməsi isə bu halı tam araşdırmadan iddianı qismən təmin edərək, səhv nəticəyə gəlmişdir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli ev 5 nəfərin adına paylı mülkiyyətdə olmaq paylardan biri X11 1/24 hissədə məxsus olmaqla açıq saxlanılmışdır. X16 isə iddiaçı və cavabdehlərin anası olmuşdur. Kollegiyanın qənaətinə görə paylı mülkiyyətdə bir payçının payı qəbul edilmədiyi halda, paylı mülkiyyətdə olan evin, açıq hərracda satılması qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə kollegiyası iddia tələblərinin və apellyasiya şikayətinin məzmununda göstərilənlərə əsasən qeyd etməyi zəruri sayır ki, iddiaçı və cavabdehlərin anası olan, X16nın 1/24 hissədə açıq saxlanılan payı qanunvericiliyə uyğun surətdə vərəsələr tərəfindən müvafiq qaydada qəbul edilməsi rəsmiləşdirildikdən, başqa sözlə mübahisəli evin sağ qalan vərəsələr arasında payları tam müəyyən edildikdən, eləcə də, Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllığına əməl edildikdən sonra hər bir payçı ( və ya payçılar) digər payçıları da cavabdeh kimi cəlb edərək öz payının (paylarının) açıq hərracdan satılaraq bölünməsi baradə iddia qaldıra bilər. (bilərlər) Eyni hallar məhkəmə baxışı dövründə vəfat etmiş mübahisəli evin payçılarından biri olan 3-cü şəxs X6 payı ilə bağlı yaranacaq hüquqi münasibətlərə də aiddir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi rədd edildiyi üçün tərəflərin ödədiyi dövlət rüsumları onların özlərinə aid edilməlidir. Bundan başqa, kollegiya hesab edir ki, iddiaçıdan məhkəmə-tikinti-texniki ekspertizalarının dəyəri 200 manat (100+100) məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393, 402 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2(009)-33/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. İddiaçı məhkəmə-tikinti-texniki ekspertizalarının dəyəri olan 200 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə iddiaçıya rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar