Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2050/2022 04.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdehlər “X2 Kömək” İctimai Birliyi və X1 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 13.09.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, maddi zərərin əvəzi kimi 250.000 manat, mənəvi zərərin əvəzi kimi 10.000 manat cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya verilsin. Tələb onunla əsaslandırılıb ki, 2020-ci ilin iyun ayında “X2 Kömək” İctimai Birliyinin sədri Qurban Məmmədov özünün və təmsil etdiyi qurumun adından iddiaçıya təklif etmişdir ki, Nərimanov rayonu, Ziya Bünyadov və Dərnəgül prospektlərinin kəsişməsində yerləşən 250 kv.m torpaq sahəsini onun adına rəsmiləşdirsin. İddiaçı həmin təklifi qəbul etmiş və Qurban Məmmədova 250.000 manat pul ödəmişdir. Qurban Məmmədov isə ilkin olaraq torpağın iddiaçının adına keçirilməsi barədə notariat qaydada təsdiqlənmiş ərizə vermiş, növbəti bir ildə isə torpaq sahəsinə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almağı vəd etmişdir. Həmin müddət keçsə də cavabdehlər torpağı iddiaçının adına rəsmiləşdirməmişlər. Artıq həmin torpağa dair “X2 Kömək” İctimai Birliyinin adına çıxarış da alınmışdır. İndiki vəziyyətdə cavabdehlər ya iddiaçıya 250 kv.m torpaq sahəsi verməli, ya da pulu və dəymiş zərəri qaytarmalıdırlar. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh “X2 Kömək” İctimai Birliyinin nümayəndəsi bildirmişdir ki, torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə əqd bağlanmayıb və iddiaçıdan 250.000 manat pul alanmayıb. Digər cavabdeh Qurban Məmmədov birinci instansiya məhkəməsidə və apellyasiya instansiyası məhkəməsində iştirak etməmiş, iddiaçıdan 250.000 manat pul aldığını etiraf etməmişdir. İddiaçı cavabdehlərlə onun arasında torpaq sahəsinə dair hər hansı əqd bağlanmasına və onun tərəfindən cavabdehlərə 250.000 manat pul ödənilməsinə dair heç bir sübut təqdim etməyib. Ona görə də məhkəmə Mülki Məcəllənin 14.2 və 21.1-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 13.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2050/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2050/2022
04.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver