Məhkəmə qərarları › İş №2(103)-2051/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2051/2023

07.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2051/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:Maddi və mənəvi ziyanın ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(004)- 605/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2013-cü il tarixli, 230218 saylı etibarnamənin surətinə əsasən Cavabdeh (bundan sonra cavabdeh) Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən, 6456 saylı 0,12 ha bağ sahəsinin özəlləşdirilməsi ilə əlaqədar müəyyən hərəkətləri etməyi, sonradan həmin bağ sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi xx.xx.2033-cü il tarixədək X2 etibar etmişdir.

2. Cavabdeh xx.xx.2013-cü il tarixli ərizəsinə görə ünvan ünvanında yerləşən 0,12 ha bağ sahəsini 3000 manata X2 qeyri rəsmi olaraq satmışdır.

3. AR-İ 567126 nömrəli, xx.xx.2017-ci il tarixli etibarnamənin surətinə göpə Cavabdeh adından onun X3 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 6456 saylı 0,12 ha bağ bağ sahəsinin özəlləşdirilməsi ilə əlaqədar müəyyən hərəkətləri etməyi, sonradan həmin torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi xx.xx.2033-cü il tarixədək İddiaçı etibar etmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Lahış bağ sahəsi, 6456 saylı bağ sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına dövlət qeydiyyatına alınmış və bu barədə xx.xx.2019-cu il tarixdə, ********** nömrə ilə qeydiyyat aparılmışdır.

5. 12 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli, 549 nömrəli məktubuna əsasən xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 46 saylı Notariat Ofisində 7E/12046 saylı reyestr nömrəsi ilə İddiaçı adına rəsmiləşdirilmiş etibarnamə mülkiyyətçi Cavabdeh xx.xx.2019-cu il tarixli, 8İ- 2919 saylı ərizəsi əsasında ləğv verilmişdir.

6. Səbail RPİ-nin TŞ-nin PB-nin xx.xx.2019-cu il, Səbail RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarların surətinə əsasən İddiaçı şikayət ərizəsi üzrə yaranmış mübahisə mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair 12273 manat pul, 5000 manat mənəvi zərər, 510 manat hüquqi yardımın göstərilməsi xərci və 142 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbini onunla əsaslandırmışdır ki, 2012-ci ildə "xxxx" Şirkəti Ləhiş qəsəbəsində turizmlə bağlı tikinti işləri ilə məşğul olmaq məqsədilə çoxlu bağ sahələri almışdır. İddiaçı da hüquqşünas kimi həmin ərazidəki bağ sahələrinin alqı-satqısı işləri ilə bağlı sənədləşmə və təşkilati məsələlərin həllində onlara köməklik etmişdir. 2012-ci ilin sonlarında cavabdeh iddiaçıya zəng vuraraq həmin ərazidə Bağlar İdarəsi tərəfindən müqavilə əsasında ona verilmiş 6456 saylı bağ sahəsinin olduğunu və həmin bağ sahəsini "xxxx" Şirkətinə satmaq istədiyini bildirmişdir. İddiaçı isə cavabında ona bildirmişdir ki, əgər onun bağ sahəsi "Kroks” Şirkətinin satın almaq istədiyi əraziyə düşərsə yəqin ki, onlar həmin sahəni almaq istəyərlər. Bu məsələ ilə bağlı "Kroks” Şirkəti ilə maraqlanacaq. Təxminən iki həftə sonra cavabdeh iddiaçıya zəng edəndə o, bildirdirmişdir ki, onun dediyi məsələ ilə maraqlanmışdır. Lakin onun bağ sahəsi "Kroks” Şirkətinin almaq istədiyi ərazidən kənarda yerləşir. Cavabdeh bu məsələ ilə əlaqədar onunla görüşmək istədiyini demiş, onlar "İçəri Şəhər” metrostansiyasının qarşısında görüşmüşlər. Cavabdeh ona oğlunun Belorusiyada ali məktəbdə oxuduğu üçün ona pul lazım olduğunu, ona görə də həmin bağ sahəsini satmağın onun üçün çox vacib olduğunu bildirmiş, əgər kimsə həmin bağ sahəsini satın almaq istəsə ona bu barədə məlumat verməyini xahiş etmişdir. İddiaçı isə bu məsələ ilə bağlı imkan daxilində ona kömək edəcəyinə söz vermişdir. Təxminən bir ay keçdikdən sonra tanıdığı X1 zamanı ona bağ sahəsi almaq istədiyini demişdir. İddiaçı da ona cavabdehin bağ sahəsini satmaq istəməsi barədə məlumat vermiş, Allahverdi Nəcəfov isə həmin bağ sahəsini almaq istədiyini bildirmişdir. Bundan sonra iddiaçı cavabdehə bağ sahəsini almaq istəyən olması barədə məlumat vermiş, cavabdeh də bağ sahəsini Nəcəfov Allahverdiyə satmağa razılığını bildirmişdir. Qeyd edilən məqsədlə onlar Bakı şəhəri 46 saylı notariat kontorunda görüşməyi razılaşmışlar. Onlar Bakı şəhəri 46 saylı notariat kontorunda görüşəndə Allahverdi Nəcəfov iddiaçıya zəng vuraraq gələ bilməyəcəyini bildirmiş və iddiaçıdan lazım olan sənədləşdirmə işlərini aparmaq üçün ona köməklik etməyini xahiş etmişdir. Cavabdeh görüşə qohumu olduğunu bildirdiyi təxminən özü yaşda olan bir kişi ilə gəlmişdi. Cavabdeh bağın müqaviləsinin əslini və notariat kontorunda cavabdeh X2 həmin bağ sahəsi üzərində sərəncam verə bilməsi üçün müddəti 31 yanvar 2033- cü ilə qədər olan etibarnamə də vermişdir. İddiaçı isə ona 3600 manat məbləğində pul ödəmişdir. Cavabdeh həmin torpaq sahəsini Nəcəfov Allahverdiyə satmasını və buna görə 3000 manat məbləğində pulu aldığını əks etdirən qəbzi iddiaçıya vermişdir. Həmin vaxt qeyd edilən bağ sahəsinin cizgi planı olmadığından cavabdeh bağ sahəsinin yerini ona göstərə bilməyəcəyini bildirmişdir. X7 həmin bağ sahəsinə gedərkən kəndin adamları həmin sahədə tikinti işlərinin aparılmasına mane olduqlarına görə o, iddiaçıdan xahiş etmişdir ki, cavabdehdən onun pulunu geri alsın, o isə cavabdehin sənədlərini geri qaytarsın. Lakin iddiaçı cavabdehə bu barədə telefon vasitəsi ilə məlumat verəndə cavabdeh aldığı pulu geri qaytarmaqdan imtina etmişdir. Bundan sonra o, bacısı Zülfiyyə ilə birlikdə cavabdehin evinə gedib bu məsələni bir daha ona bildirəndə cavabdeh həmin bağ sahəsinə ehtiyaclarının olmadığını və qaynatasının bağ sahəsindən istifadə etdiklərini bildirmişdir. Bundan sonra o, cavabdehin qeyd edilən bağ sahəsini geri almaq və ona ödənilmiş pulu geri qaytarmaq fikrinin olmadığını anlamışdır. Allahverdi Nəcəfov həmin bağ sahəsini satmaqda israrlı olduğu üçün iddiaçı, ona 6000 manat məbləğində pul ödəyərək həmin bağ sahəsini ondan satın almışdır. Allahverdi Nəcəfov bağ sahəsinin sənədlərinin əslini iddiaçıya vermiş və cavabdeh tərəfindən ona verilmiş etibarnamə əsasında bütün səlahiyyətləri ona ötürmüşdür. Bundan sonra o, həmin sahənin yerinin müəyyən edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Həmin xidmətin əməkdaşları ilə qeyd edilən bağ sahəsinin dövlət rüsumunun ödənilməsi haqqında məlumat sərhədlərini müəyyən etmişlər. Bundan sonra o, həmin sahəyə mişar daşı, qum və sement gətizdirərək bağ sahəsini hasara aldırmağa başlamışdır. Bağ sahəsinə bünövrə də tökməklə 1,2 metr hündürlüyndə mişar daşı ilə hasar çəkdirmişdir. Bütün bu işlərin icra edilməsi üçün hissə-hissə olmaqla ümumilikdə o, 17000 manat məbləğində pul xərcləmişdir. Bundan sonra isə bağ sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün DƏDRX-ə müraciət etmiş və 29 iyul 2021-ci il tarixdə DƏDRX-dən bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışını almışdır. Həmin çıxarış ilkin olduğu üçün cavabdehin adına çıxmışdır. Lakin qeyd edilən bağ sahəsinin sənədləşdirilməsini gizli şəkildə nəzarətdə saxlayan cavabdeh iddiaçının bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışını aldığını bilən kimi 31 iyul 2021- ci il tarixdə notariusa gedərək ona verilmiş etibarnaməni ləğv etdirmiş və onun aldığı çıxarışı itirdiyini əsas göstərərək yeni çıxarış almaq üçün müraciət etmişdir. Yeni çıxarış aldıqdan sonra isə bağ sahəsini bağışlama ilə oğlu X6 adına keçirmişdir. O isə bu barədə yalnız 08 avqust 2021-ci il tarixində bağ sahəsi üzərində cərəncam vermək üçün notariat kontoruna gedərkən məlumat almışdır. Bundan sonra o, cavabdehə müraciət edərək nə üçün belə bir hərəkət etməsi ilə bağlı danışmaq istəsə də cavabdeh onunla danışmaqdan imtina etmişdir. O dəfələrlə və müxtəlif vasitələrlə yaranmış problemin həll edilməsi ilə bağlı cavabdehlə danışmaq istəsə də heç bir nəticə əldə edə bilməmişdir. Cavabdeh nəinki satdığı bağ sahəsini ona qaytarmamış heç vurduğu zərəri də ödəməmişdir. Bu isə hüquqlarının kobud şəkildə pozulmasından başqa bir şey deyildir. Bu səbəbdən də o, pozulmuş hüquqlarını müdafiə və bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-605/2022 nömrəli iş üzrə 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Günay Axundova) iddia tələbi rədd edilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia müddətinin tətbiqi ilə bağlı məhkəmə səhvə yol vermişdir. Belə ki, məhkəmə iddia müddətinin axımının cavabdehin ona verdiyi etibarnaməni ləğv etdiyi xx.xx.2019-cu il tarixdən başlandığını götürmüşdür. Halbuki, iddia müddətinin axımının başlanğıcı cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ona təqdim edildiyi xx.xx.2021-ci il tarixindən hesablanmaldır. Çünki xx.xx.2021-ci il tarixinə qədər o, cavabdehdən torpaq sahəsinin geri verilməsini tələb etmiş və tələbinin hüquq mühafizə orqanları tərəfindən təmin ediləcəyinə inanmışdır. Həmin vaxt cavabdehin əsassız varlanmasından söhbət belə gedə bilməzdi. Polisin yarıtmaz fəaliyyətinin nəticəsində cavabdeh cinayət məsuliyyətindən yayındıqdan sonra o, artıq qeyd edilən torpaq sahəsinə olan hüquqlarını heç bir şəkildə bərpa edə bilməyəcəyini başa düşmüşdür. Bundan sonra o, qeyd edilən torpaq sahəsinə çəkdiyi xərclər haqqında düşünməyə başlamış və anlamışdır ki, cavabdeh öz qeyri-qanuni hərəkətləri ilə onun hesabına əsassız olaraq varlanmışdır. Məhkəmə isə qeyd edilən halları nəzərə almamışdır. 12.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 13.Apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin olunmasını qanuni sayarkən mənzilin təmir xərcinə münasibətdə hesab etmişdir ki, iddiaçı həmin təmiri cavabdehlərin xahişi ilə etdiyini, cavabdehlər isə həmin pulu vaxtında qaytarmamaqla ona ziyan vurmuşlar.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı(Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Allahverdi Nəcəfov müstəqil olaraq iddiaçı ilə hər hansı bir münasibətə girməmişdir. Allahverdi Nəcəfov cavabdeh tərəfindən verilmiş etibarnaməyə əsasən onun adından hərəkət etmiş iddiaçıya etibarnamə vermişdir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, mübahisə predmeti olan torpaq sahəsi Allahverdi Nəcəfovovun deyil, cavabdehin mülkiyyətinə keçmiş və beləliklə onun həmin torpaq sahəsi üçün çəkdiyim xərclər bilavasitə cavabdehdə qaldığı üçün cavabdeh əsassız olaraq varlanmışdır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2022-ci il tarixli, 2(102)-5879/2022 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3500/2022 nömrəli, 08 iyun 2021-ci il tarixli qətnaməsi qismən, 6273 manat maddi, 5000 manat mənəvi ziyan, 510 manat hüquqi yardımın göstərilməsi xərcləri və 142 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasının rədd olunması hissədə ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası qərarında qeyd etmişdir ki, üçüncü şəxs Allahverdi Nəcəfova ödənilmiş 6000 manat pulun Cavabdeh tələb etməkdə iddiaçının subyektiv hüququnun olmaması barədə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçı tələb etdiyi 6000 manat pul vəsaitini üçüncü şəxs Allahverdi Nəcəfova verdiyini bildirmiş, şərtləri də məhz onunla razılaşdırmış, bağ sahəsinin alqı-satqısı barədə onunla razılaşma əldə olunmuşdur, ona görə də iddiaçı həmin tələbi Allahverdi Nəcəfova qarşı irəli sürməlidir. . İddia tələbinin digər hissələri, yəni bağ sahəsinə bünövrəsi olan 1,2 metr hündürlükdə hasar çəkməsi ilə maddi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsi, hüquqi yardımın göstərilməsi üçün xərclər çəkməsi barədə tələblərin rədd olunması hissədə apellyasiya məhkəməsi səhvə yol vermişdir. İşdən görünür ki, Cavabdeh Ləhiş qəsəbəsində yerləşən 6456 saylı 0,12 ha bağ torpaq sahəsi ilə bağlı mümkün hərəkətlərin edilməsi ilə əlaqədar Allahverdi Nəcəfova xx.xx.2013-cü il tarixli etibarnamə və bağ sahəsini satması haqqında ərizə vermşidir. Allahverdi Nəcəfov isə xx.xx.2017-ci il tarixli etibarnamə ilə həmin səlahiyyətləri xx.xx.2033-cü il tarixədək İddiaçı ötürmüşdür. Bundan sonra iddiaçı bağ sahəsində hasarın çəkilməsi ilə əlaqədar işlər görmüşdür. Cavabdeh nə etibarnamə üzrə səlahiyyətlərin İddiaçı ötürülməsinə, nə də bağ sahəsində tikinti işlərinin aparılmasına etiraz etməmiş, yalnız bağ sahəsinə dair onun adına mülkiyyət hüququna dair çıxarış alındıqdan sonra xx.xx.2019-cu il tarixdə etibarnaməni ləğv etdirmişdir.

18. Qərarda həmçinin qeyd edilmişdir ki, iddiaçı bağ sahəsini cavabbeh Cavabdeh deyil, Allahverdi Nəcəfovdan 6000 manat verməklə satın aldığını, Cavabdeh isə İddiaçı torpaq sahəsini satmadığını, orada tikinti işlərinin aparılmasına icazə vermədiyini göstərmişdir. Apellyasiya məhkəməsi tərəflər arasında cavabdehlə Allahverdi Nəcəfov arasında, Allahverdi Nəcəfovla iddiaçı arasında torpaq sahəsinin faktiki alqı-satqı müqavilələrinin bağlanması qənaətinə gəlmiş, həmin müqaviləlləri əhəmiyyətsiz əqd hesab edərək, cavabdehin əhəmiyyətsiz əqd nəticəsində əsassız olaraq varlanması qənaətinə gəlib Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən bir ililk müddəti tətbiq etməklə iddianı rədd etmişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi ziddiyyətli nəticəyə gəlmişdir. Bir tərəfdən iddiaçı ilə cavabdeh arasında bağ sahəsinin alqı-satqısı ilə bağlı müqavilənin bağlanmadığını göstərmiş (cavabdehə qarşı 6000 manat pul tələbi də eyni əsasla rədd edilmşidir), digər tərəfdən isə Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddətinin tətbiqi üçün tərəflər arasında faktiki alqı-satqının olması qənaətinə gəlmişdir. Halbuki məhkəmə tərəflər arasında bağ sahəsinin alqı-satqısına dair şifahi müqavilənin bağlanmaması nəticəsinə gəlməsi əhəmiyyətsiz əqddən irəli gələn nəticələrin tətbiqini istisna edirdi. Bu zaman məhkəmə mübahisənin qanuni həlli üçün Mülki Məcəllənni 57-ci, cavabdehin hüquqdan sui-istifadəsi müəyyən edilərsə isə həmin Məcəllənin 28-ci fəslin normalarını tətbiq etməli idi.

19. Kollegiya qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsi iddia tələbənin maddi və mənəvi ziyan tələbinin rədd olunması hissədə səhv nəticəyə gəlmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarının səhv tətbiq olunması ilə çıxarılmışdır.

d) Hazırki Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

20. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

21. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək ona uyğun məzmunlu izahat verməklə əlavə olaraq qeyd etdi ki, həmin torpaq sahəsində o, hündürlüyü 1 metr, 20 sm olan hasar çəkdirmişdir. Həmin işlərin görülməsi zamanı ona mane olan şəxslər olmuşdur. Sonradan onun həmin sahəyə gedib-gəlmədiyi vaxtlarda cavabdeh tərəfindən həmin hasar sökülmüşdür. Hasarın fotoşəkillərdə də olması görünür. Hazırda həmin yerdə hasarın tələbində qeyd edilən və şəkillərdə görünən qaydada olmaması cavabdeh tərəfin onu sökməsi ilə bağlıdır. Cavabdeh tərəfindən ona verilmiş etibarnamə ləğv edildiyindən çəkdiyi xərc ona ödənilməli, o cümlədən onun mənəvi zərərə də məruz qalması nəzərə alınmaqla mənəvi zərər də tutulmalıdır.

22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Lakin əvvəlki məhkəmə iclaslarında məhkəmədə iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini əsassız hesab etməklə izahatında bildirmişdir ki, yerində baxış zamanı da müəyyən edildiyi kimi göstərilən yerdə iki daşdan ibarət xırda bir hasar var. Orada hər hansı iddiada qeyd edilən qaydada hasar mövcud olmamışdır. Əgər elə bir hasar olsaydı onun ən azından yeridə görünərdi. Ümumiyyətlə onun təmsil etdiyi şəxs tərəfindən orada hər hansı söküntü işləri aparılmamışdır. Hətta mövcud olan xirda hasar kimi olan hasarında məhz onların ərazisinə düşməsi tam müəyyən edilmir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

23. Maddə 157.7. vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

24. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

25. Maddə 1094. Əassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.5, 157.6 və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 384.0.2. Apellyasiya insatnasiya Məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsi, 6273 manat maddi, 5000 manat mənəvi ziyan, 510 manat hüquqi yardımın göstərilməsi xərcləri və 142 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasının rədd olunması hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32.Kollegiya qeyd edir ki, məhkəmənin qətnaməsi iddia tələbinin 6273 manat maddi, 5000 manat mənəvi ziyan, 510 manat hüquqi yardımın göstərilməsi xərcləri və 142 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasının rədd olunması hissəsində ləğv edilməklə həmin hissədə iddia qismən təmin edilməlidir. 33.Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin qərarında göstərilən etdiyi mövqeyə uyğun olaraq qeyd edir ki, Cavabdeh Ləhiş qəsəbəsində yerləşən 6456 saylı 0,12 ha bağ torpaq sahəsi ilə bağlı mümkün hərəkətlərin edilməsi ilə əlaqədar Allahverdi Nəcəfova xx.xx.2013-cü il tarixli etibarnamə və bağ sahəsini satması haqqında ərizə vermşidir. Allahverdi Nəcəfov isə xx.xx.2017-ci il tarixli etibarnamə ilə həmin səlahiyyətləri xx.xx.2033-cü il tarixədək İddiaçı ötürmüşdür. Bundan sonra iddiaçı bağ sahəsində hasarın çəkilməsi ilə əlaqədar işlər görmüşdür. Cavabdeh nə etibarnamə üzrə səlahiyyətlərin İddiaçı ötürülməsinə, nə də bağ sahəsində tikinti işlərinin aparılmasına etiraz etməmiş, yalnız bağ sahəsinə dair onun adına mülkiyyət hüququna dair çıxarış alındıqdan sonra xx.xx.2019-cu il tarixdə etibarnaməni ləğv etdirmişdir. 34.Kollegiya işin hallarına qiymət verməklə hesab edir ki, bağ sahəsinin iddiaçının sahibliyində olmasına cavabdeh tərəfindən hər hansı bir etiraz edilmədiyindən iddiaçının orada apardığı işlərin əvəzinin cavabdehdən tələb edilməsində haqlı olmuşdur. Lakin hazırki halda orada hansı işlərin görülməsinin müəyyən etmək üçün məhkəmə tərəfindən yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddia tələbində qeyd edilən qaydada tikintinin mövcud olması aşkarlanmamışdır. Belə ki, yerinə baxış zamanı iddia olunan torpaq sahəsində alt özülü ilə birlikdə 2-3 mişar daşından ibarət hündürlükdə uzunluğu 2-3 metrdən ibarət balaca bir hasarın olduğu, iddiaçının hasarın daha əvvəl uzun və hündür olmasını qeyd etməsinə baxmayaraq görünən hasarın sırasında köhnə tikinti qalıqlarının olmadığı, hətta özülün belə davam etməməklə torpaq sahəsinində hər hansı izin olmadığı müəyyən edilmişdir. Əlavə olaraq kollegiya tərəfindən iddiaçının təqdim etdiyi fotoşəkillərdəki daş hasarın məhz hazırda baxış keçirilən sahəyə aid olmasını dəqiq müəyyən etmək mümkün olmamışdır. 35.Məhkəmə kollegiyası iddiaçı tərəfidnn aparılmış və yerində məhkəmə tərəfindən mövcu vəziyyəti müəyyən edilən hasar (yaxşılaşdırma) yaxşılaşdırma işləri cavabdehin torpaq sahəsinə düşməklə ona qalmışdır. Hazırki halda kollegiya məhz cavabdeh tərəfə münasibtədə əsassız varlanma halına istinad etməklə mülki qanunvericiliyin 157-ci müddəası ilə birlikdə qiymət verərək çəkilmiş xərcin məhz bu əsaslarla cavabdehdən tutulmasını qanuni və əsaslı hesab edir. Belə ki, əvvəla mülki qanunvericiliyin əsassız varlanma qaydalarının müəyyən edən normaları məhz mülkiyyətin müdafiəsini özündə ehtiva edən qanunvericiliyin normasına göndəriş verməklə məhz həmin müddəanın da tələbləri baxımından əsassız varlanmanın təsbit edilməli olmasını özündə ehtiva etmişdir. Həmçinin, hasar kimi tikilən mişar daşlarının, özülün oradan sökülüb götürlməsi də mülki qanunvericiliyin 157-ci müddəası baımından mümkün deyil. Eyni zamanda iddiaçı tərəfindən görülmüş işlər ilə bağlı iddiaçı tərəfin həmin torpaq sahsəindən yararlanmaq ehtimalıda əldə çıxdığından həmin mənzildə aparılan təmir işlərinin dəyərinin cavabdeh tərəfdən tələb edilməsi əsaslıdır. 36.Belə olan halda kollegiya hesab edir ki, yerinə baxış zamanı müəyyən edilmiş tikilinin qiymətləndirilməsi zəruri hesab etmiş və bu baxımdan məhkəmə kollegiyasının müvafiq qəraradadı ilə tikilinin və ora çəkilmiş usta xərcinin hesablanması xüsusi bilik tələb etdiyindən qiymətləndirilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. Həmin qurumun veridiyi mütəxəssi rəyinə əsasən müəyyən edilir ki, orada uzunluğu 3 metr, hündürlüyü 54 sm, 361 ədəd mişar daşından ibarət olan hasarın tikintisinə 385,10 manat xərc cəkilmişdir. 37.Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, iddiçı tərəfidnən iddiada qeyd edilən torpaq sahəsində aparılmış işlərin dəyəri olaraq mütəxəssis rəyində qeyd edilən məblədə pul cavabdehdən iddiaçının xeyirə tutulmalıdır. 38.Eyni zamanda kollegiya hesab edir ki, iddiaçının xeyrinə cavabdehdən mənəvi zərər də tutulmalıdır. 39.«Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. 40.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 41.Hazırki halda da məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı bağ sahəsində hasarın çəkilməsi ilə əlaqədar işlər görmüşdür. Cavabdeh özünün adından nə etibarnamə üzrə səlahiyyətlərin İddiaçı ötürülməsinə, nə də bağ sahəsində hasar çəkilməsi ilə bağlı işlər aparılmasına etiraz etməmiş, yalnız bağ sahəsinə dair onun adına mülkiyyət hüququna dair çıxarış alındıqdan sonra xx.xx.2019-cu il tarixdə etibarnaməni ləğv etdirmişdir. Belə olan halda iddiaçı orada işlər görürkən həmin bağ sahəsinə faktiki sahiblik etmiş, oranın qanuni əsaslarla sərəncamına keçəcəyinə gözləntisi olmaqla orada iş görməyə başlamışdır. Hazırki halda isə həmin torpaq sahəsindən faktiki olaraq məhrum edilməklə rəsmi qaydada əldə etmək hüququndan məhrum olmuşdur. Bel olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bununla bağlı mənəvi sarsıntıya məruz cavabdehdə onun xeyrinə 300 manat məbləğində mənəvi zərər tutulmalıdır. Kollegiya mənəvi zərər kimibu məbləğdə pulun tutulmasını zərər çəkənə dəyən mənəvi zərərin qismən aradan qaldırılması baxımından ağlabatan hesab edir. 42.Kollegiya qeyd edir ki, mənəvi zərərin əvəzinin ödənilməsində məqsəd zərərin kompensasiyası və ya zərərvuranın cəzalandırılması deyil, zərər çəkəndə məruz qaldığı mənəvi sarsıntı və iztirabı müəyyən qədər azaltmaqdır. Zərər çəkənə mənəvi zərərin əvəzi kimi pul məbləğinin ödənilməsi halında onda məruz qaldığı mənəvi zərərin qismən və ya tamamilə aradan qaldırmağa yarayan məmnunetmə hissi yaradılmış olur. Mənəvi zərərin zərər çəkənə ödəniləcək müəyyən məbləğdə pulla tam olaraq aradan qaldırılması mümkün deyildir. Lakin bu hal mənəvi zərərə görə müəyyən miqdarda pulun ödənilməsini istisna etmir. Bu halda mənəvi zərərin ödənilməsi zərər çəkəni təsəlli edən bir vasitədir. Bu yanaşma zərər çəkənin mənəvi sarsıntı və iztirab çəkib-çəkməməsini araşdırmadan şəxsin əmlak və ya şəxsi qeyri-əmlak dəyərlərində müəyyən əksilmənin olması halında mənəvi zərərin vurulduğunu qəbul edir. 43.Bundan başqa, kollegiya hüquqi yardıma görə cavabdehdən pulun tutulması hissəsində münasibətdə qeyd edir ki, cavabdehdən iddiaçının xeyrinə hüquqi yardıma görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqdim olunmuş hesab əsas götürlərək, lakin hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunsa da, iddiaçının hüquqi yardımla bağlı vəkilə ödənilən pula görə onun xeyrinə cavabdehdən ağlabatan məbləğdə, yəni 150 manat məbləğində pul tutulmalıdır.

44. Kollegiya məhkəmə xərclərinə dair məsələyə də münasibət bildirərək hesab edir ki, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumundan 15 manatı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumundan 20 manatın Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Qalan hissədə ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinə dair məsələ prosessual qanunvericiliklə tənzimlədndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, tələbin olubolmamasına bağlı deyildir. 45.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(004)-605/2022 saylı qətnaməsi 6273 manat maddi, 5000 manat mənəvi ziyan, 510 manat hüquqi yardımın göstərilməsi xərcləri və 142 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasının rədd olunması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, Cavabdeh maddi ziyanın əvəzi qismində 385,10 manat, mənəvi zərər qismində 300 manat, hüquqi yardıma görə 150 manat, ödənilmiş 142 manat dövlət rüsumundan 15 manatı Cavabdeh alınaraq İddiaçı ödənilməli, qalan hissədə iddiaçının özünə aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 71 manat dövlət rüsumunun 20 manatı Cavabdeh alınaraq İddiaçı ödənilməli, qalan hissədə iddiaçının özünə aid edilməli, həmin iddia tələbi qalan hissədə təmin edilməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(004)- 605/2022 saylı qətnaməsi 6273 manat maddi, 5000 manat mənəvi ziyan, 510 manat hüquqi yardımın göstərilməsi xərcləri və 142 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasının rədd olunması hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi kimi (hasara çəkilmiş xərc) 385,10 manat, 300 manat mənəvi zərər, hüquqi yardıma görə 150 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumundan 15 manatı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumundan 20 manatı cəmi 870,1 manat alınaraq İddiaçı ödənilsin. Həmin iddia tələbi qalan hissədə təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumundan qalan hissə iddiaçının özünə aid edilsin. Mütəxəssis rəyinin verilməsi üçün müəyyən edilmiş 100 manatdan 50 manatı İddiaçı, 50 manatı Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar