Məhkəmə qərarları › İş №2(103)-2056/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2056/2022

16.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2056/2022 16.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2016/2021 saylı 07 yanvar 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(006)- 2016/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 60.000 ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırda cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə apelyasiya şikayəti və “apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına” dair ərizə ilə müraciət edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(006)-2016/2021 saylı qətnaməsindən tərəfindən verilən apelyasiya şikayəti üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin buraxılmasını üzrlü hesab edib, şikayətin baxılması üçün apelyasiya instansiyasına göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “əsas borcun və vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiaları məhkəmənin icraatında olmuş və 26 aprel 2021-ci il tarixdə müvafiq qətnamə qəbul edilmişdir. Qətnamə rəsmi qaydada 29 oktyabr 2021-ci il tarixdə onlara təqdim edilmişdir. Məlumat üçün bildirir ki, cavabdeh iddiaçılarla şifahi razılıq əldə etdiyinə görə vaxtında apelyasiya şikayəti verməmişdir. Lakin sonradan iddiaçılar əldə olunmuş şifahi razılaşmanı pozmuşlar. Cavabdeh iddiaçılarla şifahi razılığa gəldiyini güman etdiyinə görə aldanılmışdır. Buna görə də, vaxtında apelyasiya şikayəti verməmişdir. Həmçinin, həmin müddət ərzində Cavabdeh gözündən əməliyyat olunmuş və əməliyyatdan sonra bərpa üçün ambulator müalicələr də almışdır. Ona görə də, apelyasiya şikayəti vermək üçün müəyyən edilmiş prosessual müddətin ötürülməsini üzrlü sayaraq müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2016/2021 saylı 07 yanvar 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(006)-2016/2021 saylı qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Cavabdeh qərardaddan şikayət ərizəsi verilərək, qərardadının ləğv edilməsi və buraxılmış prosessual müddətin bərpa olunması barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2016/2021 saylı 14 yanvar 2022-ci il tarixli qərardadı ilə şikayət ərizəsi təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2016/2021 saylı 07 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya şikayəti vermə müddətini müəyyən edən 360-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən isə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(006)-2016/2021 saylı qətnaməsinin tərəflərindən alınmadığını bildirərək, qeyd edilən qətnamənin onlara rəsmi qaydada verilməsini xahiş etmişdir. İş materiallarında olan xəbərnamədən görünür ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 yuxarıda qeyd edilən qətnaməni 29 oktyabr 2021-ci il tarixdə xəbərnaməyə imza etməklə almışdır. Beləliklə yuxarıda qeyd edilən sənədlərdən göründüyü kimi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 qətnaməni rəsmi qaydada 29.10.2021-ci il tarixdə almış, lakin həmin qətnamədən vaxtında apelyasiya şikayəti verməmişdir. Həmçinin, “apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına” dair ərizədən də göründüyü kimi, ərizədə cavabdeh tərəfin qətnamənin 29.10.2021-ci il tarixdə rəsmi qaydada alınması etiraf edilsə də, sonradan, onun iddiaçılarla razılıq əldə etməsi səbəbilə qətnamədən apelyasiya şikayəti verməməsi və hazırda apelyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etməsi üzrlü səbəb kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan hallarını nəzərə almaqla və müddətin bərpa olunmasına əsaslar olmadığından prosessual müddətin üzrlü səbəb olmadan buraxıldığı barədə düzgün qənaətə gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müddətin üzürlü səbəblərə görə buraxılmasını müəyyən edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və məhkəmə iclasında müddətin üzürlü səbəblərə görə buraxılmasını əsaslandıra bilməmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2016/2021 saylı 07 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2016/2021 saylı 07 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar