Məhkəmə qərarları › İş №2(103)-2058/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2058/2024

11.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2058/2024 11.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilkin iddiası; iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası üzrə mülki iş (Açar sözlər: «tikintiyə sərf olunmuş vəsaitin cavabdehdən tutulması, evdən çıxarılma») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5658/2023 saylı, 16 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. ünvan 1 ünvanında yerləşən 0,025 ha torpaq sahəsi Cavabdeh istifadəsində, həmin torpaq sahəsində yerləşən B tikilisi isə mülkiyyət hüququ əsasında ona məxsusdur.

2. İddiaçı 2005-2006-cı illərdən Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 0,025 ha torpaq sahəsində yerləşən evdə ailə üzvləri ilə birlikdə yaşayır.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən üç otaqlı ev və təxminən 60 kv.m sahəsi olan dülgər sexinin tikintisi üçün sərf olunmuş 80.000 manatın və ödənilmiş dövlət rüsumu əvəzi kimi 330 manat, ümumilikdə 80.330 manatın Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İlkin iddia onunla əsaslandırılır ki, Xətai rayonu keçmiş Əhmədli yolu hazırkı Kazımağa Kərimov küçəsində yerləşən torpaq sahəsi yaxın dost münasibətində olduğu Cavabdeh sahibliyində və istifadəsində idi. Aralarında çox yaxşı səmimi münasibət var idi. Rauf özünə məxsus olan torpaq sahəsində iddiaçıya ev tikməyə icazə vermişdir. İddiaçı da bunun qarşılığında heç bir maddiyat güdmədən təmənnasız olaraq cavabdehin evinin tikintisini başa çatdırmışdır. Elə evlər tikilib başa çatan ili yəni 2005-ci ildə Texniki İnverntarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən yaşayış evlərinə texniki pasportu alınmışdır. 2005-ci ildən hazıradək həmin evdə yaşamaqla evin bütün kommunal xidmətləri iddiaçının adına qeydiyyatdan keçmişdir. Evlə bərabər iddiaçı özünə dülgər sexi də tikmiş və bu gün də fəaliyyət göstərir. 02 dekabr 2006-cı ildə Cavabdeh həmin 0,025 ha torpaq sahəsi üzərində inşa edilmiş evlərə ******* saylı çıxarış almışdır. Bir müddət bundan əvvəl cavabdeh heç bir səbəb olmadan iddiaçıya bildirmişdir ki, yaşadığı evdən çıxsın çünki torpaq cavabdehə məxsusdur. Cavabdehlə söhbət edərkən bildirmişdir ki, axı kifayət qədər vəsait hesabına ev tikmiş, hətta iddiaçıya özünə məxsus olan torpaqda ev tikməyə icazə verdiyi üçün cavabdehin evinin tikməyə heç bir qarşılıq almadan zəhməti ilə tikib başa gətirmişdir. Nə qədər anlaşmağa çalışsa da heç bir nəticə əldə edə bilməmişdir. Aralarındakı narazılıq bu gün də davam edir. Belə olan halda iddiaçı həmin evin tikintisinə, inşa olunmasına çəkdiyi vəsaitin cavabdehdən alınması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Nə qədər ki, nə evin daşınması, nə sökülməsi mümkün deyil, hesab edir ki, iddia tələbində də haqlıdır. İddiaçı torpaq üzərində tikilən 3 otaqdan ibarət evə və həmçinin dülgər sexinə 80.000 manatdan artıq vəsait xərcləmişdir.

5. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın təmin edilərək İddiaçı ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən yaşayış evindən və torpaq sahəsindən çıxarılması və həmin yaşayış evinin və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, 2023- cü ilin may ayından qətnamə çıxarılacağı günədək hər ay üçün 400 manat hesablanmaqla cəmi məbləğin İddiaçı alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Qarşılıqlı iddia onunla əsaslandırılır ki, İddiaçı iddia tələbində göstərdiyi bu hallar tamamilə yalandan ibarətdir. Doğru olan ondan ibarətdir ki, Süleymanın atası iddiaçıya məxsus olan evin yanında sex işlədirdi. Sonradan işdən çıxarıldığı və yersiz qaldığı üçün iddiaçı onlara hazırkı evi yaşamaq üçün vermişdir və qarşılığında da bu günə qədər heç bir haqq əldə etməmişdir. 2019-cu ildə artıq evi satmaq istədiyini Süleymana bildirmiş və sonuncu da demişdir ki, evi alacaq, bir az vaxt versin pulu çatmır. İddiaçı artıq 4 ildir ki, Süleymanın evi alacağını, pulu nə vaxt düzəldəcəyini gözləyir. Bu ilin may ayında bildirmişdir, ki, artıq evi satmır, kirayəyə vermək istəyir ki, aylıq dolanışığı olsun. Bundan sonra cavabdeh qalmaq istəyirsə hər ay 400 manat kirayə ödəyib qalar. Bu günə qədər Süleyman bir manat da olsun kirayə haqqı ödəmədən iddiaçının evində qalmaqda davam edir. Hal-hazırda cavabdeh könüllü olaraq evi tərk etmir və bu hal mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Nəticə etibarilə iddiaçı evində rahat və firavan yaşaya bilməməklə yanaşı, onun barəsində sərəncam verə bilmir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5658/2023 saylı, 16 noyabr 2023cü il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) ilkin iddianın təmin edilməməsi və İddiaçı ödədiyi 330 (üç yüz otuz) manat dövlət rüsumu onun özünə aid edilməsi; qarşılıqlı iddianın isə qismən təmin edilərək Cavabdeh İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yaşayış evindən və istifadəsində olan torpaq sahəsindən çıxarılaraq həmin yaşayış evin və torpaq sahəsinin Cavabdeh təhvil verilməsi; Cavabdeh tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun onun özünə aid edilməsi və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evi inşa etməsini göstərsə də buna dəlalət edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddia tələbi nə məhkəmə iclasında verilən izahatlarla, nə hər hansı şahid ifadələri ilə və ya digər yanakı sübutlarla öz təsdiqini tapmamışdır. Odur ki, ilkin iddia tələbi rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddiaya qiymət verərək hesab etmişdir ki, nə qədər ki, Cavabdeh əmlakın tam hüquqlu mülkiyyətçisidir, o, öz əmlakından istədiyi kimi istifadə etməkdə haqlıdır. Hazırda əmlakından İddiaçı tərəfindən istifadə edilməsi mülkiyyətçi kimi onun hüquqlarının pozulmasına gətirib çıxarıb. Məhkəmə araşdırması zamanı İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən istifadəsinə əsas ola biləcək qanunla nəzərdə tutulmuş hallar aşkar edilməmişdir. Odur ki, iddiaçı, İddiaçı mənzildən çıxarılmasını və həmin sahənin boşaldılaraq ona təhvil verilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd etmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də 02 dekabr 2006-cı il tarixli çıxarış əsasında Cavabdeh istifadəsinə verilmişdir. Odur ki, cavabdehin torpaq sahəsindən çıxarılması və oranın iddiaçıya təhvil verilməsi hissəsində də iddia təmin edilməlidir. Məhkəmə iddia tələbinin 2023-cü ilin may ayından qətnamə çıxarılacağı günədək hər ay üçün 400 manat hesablanmaqla cəmi məbləğin İddiaçı alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırmasında tərəflər arasında mövcud olmuş razılaşma əsasında İddiaçı ailə üzləri ilə birlikdə evdən əvəzsiz qaydada istifadə etməsi müəyyən edilmişdir. Tərəflər arasında mübahisə yaranandan sonra evin alqısatqısı ilə bağlı tərəflər razılığa gəlməyə çalışmış, lakin alqı-satqı baş tutmamışdır. Tərəflər arasında kirayə münasibətlərini əhatə edən kirayə haqqını tənzimləyən hər hansı razılaşmanın mövcud olması məhkəmə araşdırması zamanı aşkar edilməmişdir. Odur ki, iddiaçının iddia tələbi bu hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin İddiaçı ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən mənzildən və torpaq sahəsindən çıxarılmasına münasibətdə qeyd edib ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı ailə üzvləri dedikdə kimləri nəzərdə tutduğunu iddia ərizəsində və ya onun nəticə hissəsində konkret göstərməmiş, məhkəmə araşdırması zamanı ailə üzvlərinin kimlər olduğunun müəyyən edilməsinə də cəhd və təşəbbüs göstərməmişdir. Bu səbəbdən həmin şəxslər iş üzrə cavabdeh qismində cəlb edilməmişdir. Odur ki, iddia cavabdehin ailə üzvlərinə münasibətdə əsassız olduğundan rədd edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunduğu hissədə ləğv edilməsini xahiş edərək şikayətdə göstərir ki, mübahisəli mənzil onun tərəfindən inşa edilmişdir, mənzilə dair kommunal xidmətlər onun adına rəsmiləşdirilmişdir. 2005-ci ildən, yəni evi tikdiyi gündən hazıradək həmin evdə ailəsi ilə bərabər yaşayır. Evlə bərabər özünə dülgər sexi tikib. Məhkəmə təqdim etdiyi sübutları araşdırmadan iddianı təmin etməmişdir. Mübahisəli evin onun tərəfindən tikilməsi, 19 il həmin evin onun sahibliyində və istifadəsində olması, evin sahibi olaraq onun adına bütün kommunal xidmətlərlə bağlı abonent kodunun açılması və s. hallara məhkəmə düzgün qiymət verməmiş, yanlış nəticəyə gəlmişdir. Eyni zamanda, onun öz vəsaiti hesabına ərsəyə gətirdiyi evdən çıxarılması qənaətinə gəlmişdir. Halbuki, 19 ildən artıq həmin evdə yaşayır, mənzilin kommunal ödənişləri onun tərəfimdən edilir. Buna baxmayaraq məhkəmə qətnaməsində mənzilə istifadə hüquqlarının olmadığını qeyd edərək onun gələcəkdə mənzilə dair bütün hüquqlarını məhdudlaşdırmışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. İddiaçı məhkəməyə ünvanladığı teleqramda səhhətindəki ciddi problemlə əlaqədar hazırda həkim nəzarətində olduğu üçün məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və işə baxılmasının bir həftə müddətinə təxirə salınmasını xahiş etmiş, lakin bu halı təsdiqləyən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, ilkin iddia təmin edilmədiyi, qarşılıqlı iddia isə qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni ilkin iddia təmin edilməyən, qarşılıqlı iddianın isə təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. İlkin iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından; qarşılıqlı iddanın isə faktiki əsası (faktiki hallar) təmin edildiyi hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissələrdə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

20. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə ilkin iddianın faktiki halları yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından ilkin iddia haqlı sayılmır.

21. Əlbətdə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

22. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

23. Əvvəla, ilkin iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair, yəni qarşılıqlı iddiaçının mülkiyyətində olan evin tikintisinə 80.000 manat sərf etdiyini bəyan etsə də buna dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Çünki istinad etdiyi hallara dair sübut təqdim etmək və həmin halları sübut etmək yükü ilkin iddiaçının üzərinə düşür. Qeyd olunan ünvanda qaz, işıq və su sayğacının ilkin iddiaçının adına olması da ilkin iddianın əsaslı olmasına heç bir təsiri ola bilməz. Çünki ilkin iddiaçının uzun illər ailəsi ilə birgə qarşılıqlı iddiaçının mülkiyyətində olan evdə yaşaması mübahisə predmeti deyildir. Demək ki, ilkin iddiaçı uzun illər yaşadığı evdə komunal xidmətlərdən istifadə edirsə, qaz, işıq və su sayğacı da onun adına qeydə alına bilər.

24. Yəni, ilkin iddiaçı 19 il yaxud daha çox müddətdə qarşılıqlı iddiaçının mülkiyyətində olan evdə yaşayırsa təbii ki, həmin ev onun istifadəsində və sahibliyində olmalıdır. Əks halda həmin evdə necə yaşamaq olar. Ancaq bu halların həqiqiliyi onun həmin evin və dülgər sexinin tikintisinə 80000 manat sərf etməsini təsdiq etmir. Bunun üçün mötəbər sübutlar olmalıdır. Belə bir sübut olmadan isə ilkin iddia təmin edilə bilməzdi. Bir daha qeyd olunur ki, ilkin iddiaçı tərəfindən kommunal ödənişlərin həyata keçirilməsi həmin xidmətlərdən istifadə etməsi ilə bağlı olmuşdur. Bu faktlar evin tikintisinə onun tərəfindən 80000 manat vəsait sərf olunduğunu hansısa formada təsdiq etmir.

25. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, ilkin iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür ilk iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən, deliktlərdən və əsassız varlanmadan əmələ gələn öhdəliklər və hüquqdan sui-istifadə etməyin qadağan olunması institutlarının da yaranmasına zərurət və əsas olmazdı.

26. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5658/2023 saylı, 16 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5658/2023 saylı, 16 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar