Məhkəmə qərarları › İş №2(103)-206/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-206/2023

11.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-206/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: özbaşına tikili, maddi və mənəvi ziyanın ödənilməsi, subyektiv hüquq) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" QSC-yə qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Xətai prospekti 10 ünvanında yerləşən ev özbaşına tikilidir və Kəlbəcər rayonundan məcburi köçkün düşmüş İddiaçı bildirməsinə, habelə onun qonşuları olduqlarını bildirən şəxslərin tərtib edib imzaladıqları və Nəsimi rayon İcra Hakimiyyətinin 17 saylı MKİS-nin möhürlə təsdiqlədiyi xx.xx.2021-ci il tarixli akta görə o, 5 nəfər ailə üzvü ilə birlikdə orada yaşamışdır.

2. ünvan 2 ünvanı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

3. "xxxx" QSC-nin İddiaçı qarşı “qanunsuz tikilinin sökülüb kənarlaşdırılması” tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin olunmuş, ünvan 2 ünvanında, "xxxx" QSC-nin Bakı sərnişin stansiyası 2-ci km pk1-də dəmir yolunun mühafizə zolağında, dəmir yolundan 12,20 metr aralı məsafədə inşa edilmiş qanunsuz tikilinin İddiaçı vəsaiti hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması, İddiaçı "xxxx" QSC-nin xeyrinə 100 manat dövlət rüsumunun tutulması, ekspertiza tədqiqatının dəyəri olan 50 manatın İddiaçı tutulub müvafiq hesaba köçürülməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

4. İddiaçı (iddiaçı) xx.xx.2021-ci il tarixdə "xxxx" QSC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, həmin evin bir hissəsinin uçurulması nəticəsində ona dəymiş 13 108,9 manat maddi və 5000 manat mənəvi ziyanın əvəzinin, ümumilikdə isə 18 108,90 manatın, habelə ödədiyi dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai prospekti 10 ünvanında yerləşən iki otaqdan ibarət fərdi yaşayış evini 2008-ci ildə orada yaşayan bir qadından 37 000 ABŞ dollarına alıb üç övladı və yoldaşı ilə birgə orada yaşamağa başlamış, köhnə tikili olan evin müvafiq sənədləri olmadığından sənədləşdirmə işlərinin dövlət tərəfindən aparılacağı onlara bildirilərək, hər il evin özəlləşdirməsi növbəti ilə qalmışdır. 2019-cu ilin təxminən payız aylarında cavabdeh təşkilatın strukturu tərəfindən dəmir yolunun genişləndirilməsinin aparılması və surət qatarlarının xətlərinin çəkilişi ilə əlaqədar olaraq qonşuluqda yerləşən evlər plana düşmüş, dəmir yolu idarəsi qonşulara evlərinin dəyərini ödəyərək onların evlərini sökmüşlər. Cavabdehə məxsus texnikalar vasitəsilə qonşuluğunda olan evin söküntüsü zamanı onun evinin də bir hissəsi dağıdılmış və yararsız vəziyyətə salınmış, evinin bərpa olması ilə bağlı cavabdeh təşkilatın infrastruktur şöbəsinə yaxınlaşaraq əmklakını bərpa etmələrini xahiş etsə də, onu müxtəlif bəhanələrlə aldadaraq qısa müddət ərzində evini bərpa edəcəklərini söyləmiş, sonradan isə “bərpa edilməsinə ehtiyac yoxdur, sənin də evin plana düşər, o zaman dəyərini ödəyərik” kimi bəhanələr gətirməklə gözləməsini xahiş etmişlər. Evi yararsız vəziyyətə düşdüyündən həmin vaxtdan, yəni 2019-cu ilin payız ayından məcburiyyət qarşısında qalaraq qaynına məxsus olan Masazır kəndində yerləşən evdə ailə üzvləri ilə birgə müvəqqəti yaşamağa başlamışdır. 2019-cu ildən artıq iki il keçdiyindən və cavabdeh orqan ona dəymiş ziyanı ödəmədiyindən qiymətləndirici təşkilata müraciət etmək məcburiyyətində qalmış, "xxxx" MMC-nin əməkdaşları evinə baxış keçirərək evinin əvvəlki vəziyyətdə bərpa edilməsi üçün ümumilikdə 13 108,9 manat məbləğində pul vəsaitinin lazım olması barədə xx.xx.2021-ci il tarixdə rəy vermişlər. Ona məxsus evə ziyanın cavabdeh orqanın əməkdaşları tərəfindən vurulması qonşularının tərtib etdikləri və 17 saylı MKİS-nin möhürü ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktla da öz təsdiqini tapmışdır. 2019-cu ilin payın aylarında cavabdehin əməklaşları tərəfindən qeyd olunan hadisənin törədilməsi, bu günə qədər qaynına məxsus olan evə ona sığınaraq ailə üzvləri ilə birgə orada yaşaması, evsiz qalması nəticəsində sarsıntı keçirmiş, bayram günlərinə üzündə sevinc əvəzinə kədər olmuş, bunun nəticəsində ona mənəvi ziyan da dəymişdir.

6. Birinci instansiya məhkəməsinin 22 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

7. Mülki Məcəllənin 4.1-ci, 21-ci, 146.1-ci, 146.2-ci, 152.1-ci, 157.4-cü, 180-ci maddələrinə istinad edən məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikilidir, qanunvericiliyin tələbinə görə isə, həmin əmlak üzərində sərəncam vermək hüququnun həyata keçirilməsi üçün onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olması tələb olunur. İddiaçının mübahisəli ev üzərində sərəncam vermək hüquqları olmadığı, yəni iddiaçı mübahisəli ev üzərində ixtiyar sahibi olmadığı üçün, onun müvafiq tələblə çıxış etməyə subyektiv hüququ yoxdur.

8. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək onun ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmiş, şikayət belə əsaslandırılmışdır ki, məhkəmə sübutlara düzgün qiymət verməmiş, tətbiq edilməli maddi hüquq normasını tətbiq etməmiş, özbaşına tikilidə yaşayan şəxsin ona vurulmuş ziyanla bağlı iddia qaldırmaq hüququnun olmadığı barədə səhv nəticəyə gəlinmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasları, verilən izahatlar

10. Məhkəmə iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh təşkilatın nümayəndələri isə şikayətin əsassız olduğunu, iddiaçının özünə məxsusluğunu iddia etdiyi mənzilə dəymiş ziyanın "xxxx" QSC tərəfindən yetirildiyinin sübuta yetirilmədiyini, QSC-nin fəaliyyəti nəticəsində ziyan dəymiş mənzillərin sahiblərinə onların müraciətləri əsasında ziyan məbləğinin ödənildiyini, iddiaçının bununla bağlı hər hansı müraciətinin olmadığını, iddiaçının müvafiq iddia tələbini irəli sürmək üçün subyektiv hüququnun olmadığını bildirmişdir.

11. Apellyasiya baxışı zamanı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldıraraq Bakı şəhəri, Xətai prospekti 10 ünvanında yerləşən evin dəmiryolunun mühafizə zonasında yerləşməsi səbəbilə sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyi müəyyən olunduğundan xx.xx.2022ci il tarixli qərardadla işin icraatı dayandırılmış, müvafiq məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra icraat davam etdirilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

12. Maddə 43 (1-ci hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

15. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar.

16. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

17. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

18. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

19. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

20. Maddə 564.1. Müdafiə zamanı son zərurət vəziyyətində edilən hərəkət hüquqa uyğundur, yəni hüquqa zidd deyildir və bu zaman vurulan ziyanın əvəzi ödənilməməlidir, bu şərtlə ki, ziyan son zərurət vəziyyətinin baş verməsinə səbəb olmuş təhlükəni yaradan şəxsə və ya əşyaya vurulsun.

21. Maddə 564.2. Son zərurət elə vəziyyətdir ki, həmin vəziyyətdə başqa vasitələrlə qarşısı alına bilməyən real təhlükənin qarşısını almaq üçün qarşısı alınmış təhlükəyə nisbətən daha az ziyan vurulur.

22. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

23. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

32. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından başlayır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

33. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

34. Bu mənada kollegiyanın qənaətinə görə iddiaçının tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntularından irəli gələn öhdəliklər”lə bağlı müddəaları (MM 1096, 1097) nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

35. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbləri üzrə sübutetmə yükü bilavasitə onu irəli sürən şəxsin üzərinə düşür və məhz iddiaçı, iddiasını əsaslandırdığı faktiki halların mövcudluğunu sübuta yetirməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

36. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

37. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, İddiaçı iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Belə ki, o, Bakı şəhəri, Xətai prospekti 10 ünvanında yerləşən fərdi yaşayış evini 2008-ci ildə 37 000 ABŞ dollarına aldığını və cavabdehin işçiləri tərəfindən evin bir hissəsinin dağıdıldığını irəli sürsə də, bu halları, yəni məhz cavabdeh tərəfindən tikiliyə zərər vurulduğunu sübuta yetirə biləcək hər hansı sübut təqdim etməmişdir.

38. Digər tərəfdən qeyd olunmalıdır ki, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasına görə mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

39. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023cü il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai prospekti 10 ünvanında yerləşən tikili dəmiryolunun mühafizə zolağı ərazisində həm "xxxx" QSC-nin razılığı, həm qanunla nəzərdə tutulmuş icazələr alınmadan inşa edilmişdir və özbaşına tikili olmaqla İddiaçı vəsaiti hesabına sökülməlidir.

40. Bu kontekstdə nəzərə alınmalıdır ki, hətta Bakı şəhəri, Xətai prospekti 10 ünvanında yerləşən tikiliyə cavabdehin işçiləri tərəfindən zərər vurulduğu müəyyən edilsəydi belə, bu əməl hüquqa zidd olmadığından, cavabdeh QSC buna görə məsuliyyət daşımayacaqdı. Belə ki, əgər QSC-nin işçiləri iddiaçının inşa etdiyi qanunsuz tikilinin bir hissəsini sökmüşlərsə, bu hərəkət hüquqa zidd olmamış, QSC-nin qanuni sahiblik hüququnun qorunması üçün həyata keçirilmişdir.

41. Sonuncu ehtimalda QSC-nin əməkdaşlarının hərəkəti son zərurət kimi də qiymətləndirilə bilər – çünkü bu halda, yüksək təhlükə mənbəyi hesab edilən dəmiryolunun mühafizə zonasındakı qanunsuz tikilinin sökülməsi, insanların həyat və sağlamlıqlarına olan təhlükənin qarşısının alınması üçün həyata keçirilən fəaliyyətin nəticəsi kimi ortaya çıxır.

42. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

43. Kollegiya onu da qeyd edir ki, evin özbaşına tikili olması, həmin tikilidə yaşayan şəxsin müvafiq tələblə çıxış etməsinə maneə yaratmır. Çünkü özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Başqa sözlə, ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək, o cümlədən tikiliyə dəymiş ziyanı tələb etmək, həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur.

44. Bu baxımından kollegiya, birinci instansiya məhkəməsinin “iddiaçının mübahisəli ev üzərində sərəncam vermək hüquqları olmadığı üçün onun hazırki tələblə çıxış etməyə subyektiv hüququ yoxdur” əsaslandırmasını qanunvericiliyin tələbinə uyğun hesab etmir – bununla belə nəzərə alır ki, mahiyyəti üzrə düzgün olan qətnamə yalnız bu səbəbə görə ləğv edilə bilməz

45. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1060/2022 saylı iş üzrə 22 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar