Məhkəmə qərarları › İş №2(103)-2065/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2065/2022

15.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2065/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(010)-2483/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh2 mülkiyyətində olan «VAZ-2107» markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus «BMW-323» markalı avtomobilin təmiri üçün 1107 manat maddi zərərin, 1500 manat mənəvi zərərin, həmçinin ödənilmiş 30 manat dövlət rusumunun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 atası Cavabdeh2 mülkiyyətində olan «VAZ 2107» markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 06 dekabr 2020-ci il tarixdə təxminən saat 10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi istiqamətindən Qaraçuxur qəsəbəsi istiqamətinə işıqforun qırmızı rəngində dayanmadan hərəkət edərək X1 idarə etdiyi «X8» markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sonuncu avtomobil zərbədən dayanmış vəziyyətdə olan X4 idarə etdiyi «Khazar» markalı,**-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və «Khazar» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil isə dayanmış vəziyyətdə olan İddiaçı idarə etdiyi «BMW-323» markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı ilə avtomobillə toqquşmuş, hadisə nəticəsində isə Cavabdeh1 idarə etdiyi «VAZ 2107» markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X5 burnun kökünün şişkinliyi, alın nahiyəsinin şişkinlik və qançırı (hematoması), sıyrıqları, sol yanağın qançır və sıyrıqları və sol qaşın sıyrığı kimi yüngül dərəcəli bədən xəsarətləri almışdır. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsi TŞ-nin 19.12.2020-ci il tarixli qərarına əsasən Cavabdeh1 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Bununla da iddiaçılara dəymiş zərərlə əlaqədar Cavabdeh1 təqsiri sübuta yetirilmişdir. X3 mülkiyyətində olan «VAZ 2107» markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 Mədət oğlunun mülki məsuliyyətinin icbari sığortası olduğundan, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər Sığortaçı "xxxx" ASC tərəfindən qismən, 5000 manat məbləğində ödənilmiş və həmin pul məbləği yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslər arasında onlara dəymiş zərərin faizi nisbətində bölünmüşdür. Belə ki, «BMW-323» markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə İddiaçı 972,83 manat miqdarında, «X8» markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 2151,44 manat miqdarında sığorta ödənişi verilmiş, zərərçəkmiş şəxslərə dəymiş zərərin qalan hissəsi isə ödənilməmişdir. Bununla da iddiaçıların yol nəqliyyat hadisəsi zamanı onlara dəymiş zərərin qalan məbləğini Cavabdeh1 və Cavabdeh2 tələb etmək hüquqları yaranmışdır. İddiaçı dəymiş zərərin aradan qaldırılması üçün tədbirlər görmüş, bu zaman «BMW-323» markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil təmir etdirilmiş və həmin təmir ümumilikdə 2080 manata başa gəlmişdir. Hesab edir ki, sığortaçı tərəfindən ödənilmiş 972,83 manat məbləği ümumilikdə dəymiş maddi zərərin məbləğindən çıxılandan sonra qalan qalıq 1107 manat ona ödənilməmişdir. Bütün bu problemlər, baş vermiş yol nəqliyyat hadisəsi zamanı stress keçirməsi, gündəlik işlərini ataraq avtomobilin təmiri ilə məşğul olması və s. onun mənəvi sarsıntı keçirməsinə səbəb olmuş, bu sarsıntı nəticəsində 1500 manat mənəvi zərər dəymişdir. Dəymiş zərər məbləğinin ödənilməsi barədə bir neçə dəfə cavabdehlərə müraciət etsə də, bundan imtina edilmişdir. Cavabdeh1 idarə etdiyi avtomobil Cavabdeh2 məxsusdur, yəni sonuncu yüksək təhlükə mənbəyi hesab edilən həmin avtomobilin sahibidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(010)- 2483/2021 saylı qətnaməsi ilə (hakim Tural Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı məxsus «BMW-323» avtomobilə dəymiş ziyanın əvəzi olaraq 1030 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qiymətləndirmə xərcinin əvəzi olaraq 200 manat məbləğində pulun Cavabdeh1 tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh1 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, iddianın qismən, yəni 57,17 manat həddində təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin qismən əsassız olması, məhkəmə araşdırması zamanı iddiaçıya məxsus nəqliyyat vasitəsinə cəmi 1030 manat ziyan dəyməsinin müəyyən edilməsi, bu barədə qiymətləndiricinin rəyinin alınması, lakin birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya icbari sığorta tərəfindən ödənilmiş 972,83 manat pul vəsaitinin həmin məbləğdən çıxılmaması, iddianın yalnız 57,17 manat həddində təmin olunmalı olması kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianın ona aid hissədə rədd olunmasını, bu səbəbdən də apellyasiya şikayəti verməməsini, lakin digər Cavabdeh1 apellyasiya şikayətinin əsaslı olmasını bildirərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tutulması qət edilmiş pul vəsaiti hissədə dəyişdirilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, Cavabdeh1 «VAZ 2107» markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 06 dekabr 2020-ci il tarixdə təxminən saat 10 radələrində təqsirli olaraq yol-nəqliyyat hadisəsi törətməsi, nəticədə iddiaçıya məxsus «BMW-323» markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəyməsi, icbari sığortanı həyata keçirmiş Sığortaçı "xxxx" ASC tərəfindən iddiaçıya dəymiş maddi ziyana görə 972,83 manat pul vəsaiti ödənilməsi işin mübahisə olunmayan hallarıdır. İddiaçı hazırki iddiasında ona ümumilikdə 2080 manat ziyan dəyməsini, icbari sığorta tərəfindən ödənilmiş 972,83 manat çıxılmaqla, cavabdehlərə qarşı qalıq qalan 1107 manat məbləğində tələb irəli sürmüşdür. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın obyektiv qiymətləndiriliməsi üçün qiymətləndirici təyin edilmiş, "xxxx" MMC tərəfindən keçirilmiş 24 avqust 2021-ci il tarixli qiymətləndirmənin nəticəsinə əsasən, iddiaçıya məxsus «BMW 323» markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın məbləğinin 1030 manat təşkil etməsi müəyyən edilmişdir. İşdən görünür ki, iddiaçı birinci instansiya məhkəməsində bu halı mübahisələndirməmiş, qətnamədən apellyasiya şikayəti verməmişdir. Birinci instansiya məhkəməsi qiymətləndircinin rəyinə əsaslanaraq, iddiaçıya dəymiş maddi zərəri 1030 manat həddində müəyyən etmiş və həmin pul vəsaitinin Cavabdeh1 tutulması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya dəymiş maddi zərəri 1030 manat kimi qiymətləndirsə də, işin mübahisəsiz halı olaraq iddiaçıya icbari sığorta tərəfindən ödənilmiş 972,83 manat pul vəsaitini nəzərə almamış, qətnamədə bu hala qiymət verməmişdir. Halbuki, iddiaçı özü həmin məbləği ümumi ziyan məbəlğindən çıxaraq qalıq tələbini irəli sürmüşdür. Sadəcə, birinci instansiya məhkəməsində icraat zamanı ümumi ziyan kimi iddiaçının iddia etdiyi 2080 manat deyil, 1030 manat müəyyən olunmuşdur. Belə olan halda 1030 manat ziyan məbləğindən 972,83 manat pul vəsaiti çıxılmaqla qalıq pul vəsaiti cavabdehdən tutula bilərdi. İddiaçı bunun əksini əsaslandıra və sübut edə bilməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. MM-in 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, Cavabdeh1 tərəfindən İddiaçı maddi zərər kimi ödənilməli olan pul vəsaitinin məbləği 57,17 manat müəyyən edilməlidir. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İddia ərizəsindən görünür ki, iddiaçının ümumi tələbi 5000 manatdan az olmuşdur. Bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(010)-2483/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(010)-2483/2021 saylı qətnaməsi dəyişdirilsin, Cavabdeh1 tərəfindən İddiaçı maddi zərər kimi ödənilməli olan pul vəsaitinin məbləği 57,17 (əlli yeddi manat, 17 qəpik) manat müəyyən edilsin. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar