Məhkəmə qərarları › İş №2(103)-2066/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2066/2024

11.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2066/2024 11.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMMC və Cavabdeh2 qarşı mülki iş (Açar sözlər: «şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh2, cavabdeh "xxxx" MMMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1918/2023 saylı, 06 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. "xxxx" MMC ilə cavabdeh "xxxx" MMMC arasında liftlərə texniki xidmət göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır. İddiaçı "xxxx" MMC-nin işçisi olaraq həmin binada liftlərə texniki xidmət göstərmişdir.

2. İddiaçı 01 avqust 2022-ci il tarixində liftlərə növbəti baxış keçirərkən liftin “En-Koder” adlı cihazının olmadığını aşkar etmiş, bu barədə Cavabdeh2 və "xxxx" MMMC-yə məlumat vermiş, hər iki tərəfin rəhbərləri əraziyə gəlmiş, lakin axtarış nəticə verməmişdir. Bundan sonra, "xxxx" MMMCnin sədri Cavabdeh2 MMMC-nin adından "xxxx" MMC-nin direktoru Rauf Qədirova məktub ünvanlayaraq aralarında bağlanmış müqaviləyə xitam verildiyini, liftin cihazının 01 avqustda əməkdaşları Elmidar tərəfindən talandığını, bu səbəbdən əməkdaşlığın davam etdirilməsinin qeyrimümkün olduğunu bildirmişdir. Cavabdeh2 faktla bağla polis şöbəsinə müraciət etmiş və müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehlər "xxxx" MMMC və sədri Cavabdeh2 vurulmuş maddi ziyana görə 2850 manat, mənəvi zərərə görə 17000 manat və dövlət rüsumu kimi ödənilmiş 150 manat, ümumilikdə 20.000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Tələbdə göstərilir ki, İddiaçı xx.xx.2018-ci il tarixdən "xxxx" MMC-də əmək müqaviləsi ilə liftlərin təmiri üzrə böyük usta vəzifəsində işləyir. 01 aprel 2021-ci il tarixdə hazırki iş üzrə cavabdeh "xxxx" MMMC ilə əmək müqaviləsi üzrə işlədiyi "xxxx" MMC arasında “liftlərə texniki xidmət” göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin vaxtdan da binada liftlərə texniki baxış tərəfindən həyata keçirilib və usta kimi ora təhkim olunmuşdur. 01 avqust 2022-ci il tarixdə işlədiyi şirkətin rəhbəri Rauf Qədirov ona zəng edərək, hazırki iş üzrə cavabdeh olan "xxxx" MMMC-yə məxsus C-1 binasının “Siqma” sərnişin liftinin sıradan çıxması və ona texniki baxış keçirilməsi barədə göstəriş verib. Həmin gün təxminən 10:30-da artıq həmin binada liftə baxış keçirib. Liftə baxış keçirəndən sonra ona məlum olub ki, liftin işləməmə səbəbi əsas cihaz hesab olunan və motorun üzərində yerləşən Enkover adlı avadanlığın olmamasıdır. Dərhal təxminən saat 10:37-də tərəfindən həmin cihazın orada olmaması barədə whatsap üzərindən öz şirkətinin rəhbərliyinə məlumat verib və video çəkiliş edərək ona göndərib. Rəhbərliyin tapşırığı ilə ilk öncə həmin binanın mühafizəsinə məlumat verib və binanın həyətini tərk etmədən direktorunun gəlməsini gözləyib. Təxminən 15 dəqiqədən sonra direktorları Rauf Qədirov binanın qarşısında olub, binanın sədri Cavabdeh2 zəng edib və o, 3-5 dəqiqəyə orada olacağını bildirib. Binanın sədri Cavabdeh2 gəldikdən sonra birlikdə liftin motoru olduğu yerə qalxıb yerində baxış keçirib. Orada binanın sədrinə və rəhbərliyinə bildirib ki, liftin motor otağının giriş qapısı üzərində qıfıl olsa da ora ona qədər açıq vəziyyətdə olmuşdur və orda olan zaman məlum olub ki, liftin motor yerinin açarının bir nümünəsi də həmin binanın əməkdaşı Elşad adlı şəxsdə olub. O, binanın sədri və direktor Rauf Qədirov gələn kimi iş çantası ilə binanın mühafizəçisinin yanından kənarlaşmamışdır. Bir neçə dəqiqəlik söhbətdən sonra binanın sədri Cavabdeh2 narahatçılıq olmadığını, həmin avadanlığın tərəfindən alınıb yerinə qoyulacağını bildirdikdən sonra o və direktor binanı tərk ediblər. 01 avqust 2022-ci il tarixdə saat 18:50-də cavabdeh təşkilatın sədri Cavabdeh2 direktor Rauf Qədirova zəng edib enkover avadanlığının oğurlanması faktı ilə əlaqadar guya hüquq mühafizə orqanlarına müraciət etdiyini bildirmişdir. 05 avqust 2022-ci il tarixdə Cavabdeh2 direktor və onunla görüşərək ictimai yerdə, insanların qarşısında onun şərəf və ləyaqətini alçaldaraq nalayiq sözlərlə onu təhqir etmiş və oğru adlandırmışdır. 06 avqust 2022-ci il tarixdə cavabdehlər "xxxx" MMMC və Cavabdeh2nin sədri Cavabdeh2 "xxxx" MMC-nin direktoru Rauf Qədirova aşağdakı məzmunda məktub göndərmişdir: “31 iyul 2022-ci il tarixdə MMMC tərkibində olan C-1 binasının “Siqma” sərnişin lifti sıradan çıxmışdır. Texniki nasazlıq barədə sizə məlumat verilmişdir. Ertəsi gün saat 10:30 radələrində Elmidar adlı əməkdaşınız əraziyə gələrək həmin lift mühərrikinin Enkoder-rotorunun oğurlanmasını aşkar etmişdir. Bu xoşagəlməz hadisə MMMC-nin əməkdaşları və bir sıra sakinləri tərəfindən birlikdə araşdırılmışdır. Müəyyən olunmuşdur ki, lift avadanlığı yerləşən otağın açarı mühafizə otağında ciddi nəzarət altında saxlanılır və həmin açarların verilib qaytarılması barədə müvafiq yazılı qeydlər aparılıb. Həmin kitabdan görünür ki, C-1 binanın lift otağının açarı 01 iyul və 01 avqust tarixlərində Elmidara verilmiş, həmin sahəyə başqa heç kim daxil olmamışdır. Binanın girişinə quraşdırılmış kamera görüntülərində 31 iyul və 01 avqust tarixlərinə dair yazılar təkrarlıqla baxılıb nəzərdən keçirilmiş, lakin əməkdaşınız Elmidardan başqa hər hansı başqa şəxsin bloka daxil olması müəyyən edilməmişdir. Yuxarıda sadalanan və digər halları, habelə toplanmış dəlilləri təhlil edərək MMMC rəhbərliyi qərara gəlmişdir ki, Enkoder əməkdaşınız Elmidar tərəfindən 01 avqust tarixində talanmışdır. Oğurluq hadisəsinin törədilməsində şirkətinizin nümayəndəsindən şübhələndiyimizə görə, əməkdaşlığımızın davam etdirilməsi qeyri-mümkün olmuşdur. Odur ki, 01 avqust 2022-ci il tarixdən aramızda olan müqaviləni pozulmuş hesab edirik və bu barədə sizi rəsmi məlumatlandırırıq. Oğurluq faktı üzrə araşdırma hüquq mühafizə orqanlarında aparılır. 2022-ci ilin iyul ayının ödənişinin hesabınıza köçürülməsi məsələsinə yalnız araşdırmanın şirkətinizə bəraətverici əsaslarla tamamlandıqdan sonra baxılacaqdır”. Cavabdehin işlədiyi təşkilatda və ictimai yerdə onun şərəf və ləyaqətini alçatması nəticəsində mənəvi sarsıntı keçirmiş və iztirablara məruz qalmışdır. Cavabdehin qanunsuz hərəkətlərindən sonra müxtəlif həkim müayinələrindən keçib nevroloji və psixoloji müalicələr alır.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1918/2023 saylı, 06 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddianın qismən təmin edilərək vurulmuş mənəvi zərərə görə 500 manat məbləğində pulun və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 150 manat pulun 30 manatının, cəmi 530 (beş yüz otuz) manat məbləğində pulun cavabdeh "xxxx" MMMC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, hüquqi dövlət üçün insan hüquq və azadlıqlarının layiqincə təmin edilməsi əsas göstərici amildir. Konstitusiyanın 12ci maddəsi ilə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilərək, hər kəsin həyat və sağlamlığının, şərəf və ləyaqətinin müdafiəsinə təminat verilir. Konstitusiyanın 24-cü maddəsinə əsasən, insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Konstitusiyanın 46-cı maddəsinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Fikir və söz azadlığı konstitusion hüquq və beynəlxalq sənədlərdə insan hüququnun əsas elementi kimi bəyan edilsə də, bu hüquq mütləq deyil, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Çünki hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ da konstitusion hüquq olaraq müəyyən edilmişdir. BMT Baş Assambleyası tərəfindən 10 dekabr 1948-ci ildə qəbul edilmiş Ümumdünya insan hüquqları Bəyannaməsinin 12-ci maddəsində göstərilmişdir ki, heç kimin şəxsi və ailə həyatına özbaşınalıqla müdaxilə, evinin toxunulmazlığına, gizli məktublaşmalarına, şərəf və nüfuzuna özbaşınalıqla qəsd edilə bilməz. Hər bir insan bu cür müdaxilələrdən və ya belə qəsdlərdən qanunla müdafiə olunmaq hüququna malikdir. Yuxarıda göstərilən müddəalar vətəndaşın şərəf, ləyaqət və nüfuzuna qeyri-qanuni qəsddən müdafiə hüququna zəmanət verən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 17-ci maddəsində və “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasının 10-cu maddəsində də öz əksini tapmışdır. Hüquqi nöqteyi-nəzərdən şərəf şəxsiyyətin sosial əhəmiyyət kəsb edən ictimai qiyməti deməkdir. Başqa sözlə desək, şərəf şəxsiyyətin cəmiyyət tərəfindən qiymətləndirilməsi, yəni ətrafdakıların konkret şəxsiyyət barədə müsbət rəyi deməkdir. Ləyaqət şəxsiyyətin öz əxlaqi, peşə və digər keyfiyyətlərinə özünün qiymət verməsidir. Ləyaqət cəmiyyətin ona verdiyi qiymətə əsaslanan özünə hörmət deməkdir. Beləliklə, şərəf və ləyaqət vətəndaşın yaşadığı cəmiyyətin ona verdiyi obyektiv qiyməti və onun özü-özünə verdiyi qiyməti əks etdirən, bir-biri ilə qarşılıqlı şəkildə əlaqəli və bir-birini tamamlayan anlayışlardır. Praktiki cəhətdən şərəf və ləyaqətin müdafiəsi müəyyən məlumatların yayılma faktının və yayan subyektin, onların ləkələyici xarakterinin müəyyən olunmasını, ləkələyici məlumatların həqiqətə uyğun olmaması prezumpsiyasının təkzibini, məlumatların özünün təkzibini və onları yayan şəxslərin cəzalandırılmasını özündə əks etdirir. Bununla da istər məlumatların gözdən salma xarakterinin, istərsə də həmin məlumatların həqiqətə uyğun olmadığının sübut olunmasına zərurət yoxdur. Beləliklə, ilk növbədə zərərçəkmişlə bağlı məlumatların yayılma faktı və onları yayan subyekt, yaxud ləyaqətin alçaldılması halı müəyyən olunmalıdır. Müdafiə subyektləri həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayılmasına görə mülki-hüquqi məsuliyyətə cəlb olunmalı şəxslər və müvafiq müdafiə hüququ olan şəxslərdir. Şərəf və ləyaqətin müdafiəsi haqqında iddianı barəsində həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayıldığını hesab edən, eləcə də ləyaqəti alçaldılan şəxslər qaldıra bilər. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olar ki, şərəf və ləyaqət hüququ hər bir fiziki şəxsin, əmək kollektivinin və ya təşkilatın ayrılmaz hüququdur. Bu hüququn pozulması böyük mənəvi ziyan, hərəkət azadlığına və ictimai mövqeyə zərbə vuraraq ətrafdakılarda əlverişsiz təəssürat yaradır. Buna görə də dövlət zərərçəkən şəxsin şəxsi qeyri-əmlak hüququnu qorumalıdır. Hazırki iş materiallarından görünür ki, iddiaçı onun iş yerinə göndərilmiş məktubda əks olunmuş məlumatların iftira məzmunlu olduğuna istinad edərək şərəf və ləyaqətinin alçaldıldığını bildirir və bu səbəbdən mənəvi zərərin ödənilməsini tələb edir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi faktiki hallar (qarşı tərəfin iş yerinə məktub göndərməklə şərəf və ləyaqətini ləkələyən məlumatlar yayması iddiası) nəzərə alındıqda həmin tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 23, 1096.1 və 1097.1-ci maddələri nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, “məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Göstərilən normalara əsasən, cavabdehin iddiaçı qarşısında məsuliyyət daşıması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması əməli, həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, iddiaçının şəxsiyyət haqlarına və ya əmlakına dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Bu normalara söykənən tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən birinin aşkar edilməməsi iddianın rədd edilməsi üçün kifayətdir, digər əlamətlərin araşdırılması zərurəti aradan qalxır. Hazırki işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçını cavabdehə məxsus əmlakın talanmasında, oğurluq əməlinin törədilməsində ittiham edən məktub "xxxx" MMMC-nin adından iddiaçının iş yeri olan "xxxx" MMC-nin direktoruna göndərilmişdir. Həmin məktubda qeyd olunmuşdur: “...Yuxarıda sadalanan və digər halları, habelə toplanmış dəlilləri təhlil edərək MMMC rəhbərliyi qərara gəlmişdir ki, Enkoder əməkdaşınız Elmidar tərəfindən 01 avqust tarixində talanmışdır. Oğurluq hadisəsinin törədilməsində şirkətinizin nümayəndəsindən şübhələndiyimizə görə əməkdaşlığımızın davam etdirilməsi qeyi-mümkündür”. Qeyd edilən məlumatlar iddiaçının iş yerinə yönləndirildiyindən yayılmış hesab edilməli və bu məlumatlar iddiaçının şərəf, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan, ən azı təqsirləndirilən şəxs qismində cəlb edilmədən onun “cinayətkar” adlandırılması, əmlakı talayan şəxs kimi göstərilməsi, onun barəsində hər hansı bir sübutla təsdiq edilməyən təhqiredici məlumat verilməsi cəmiyyətdə mənfi fikirlərin yaranması üçün əsas ola bilər. Sivil və demokratik cəmiyyətdə yaşayan hər bir şəxisn özünə hörmət etmək və başqalarından da bunu tələb etmək hüququ vardır. Məhz bu baxımdan, iddiaçının “talançı” adlandırılması, onun barəsində yayılmış, hər hansı bir sübutla təsdiq edilməyən həqiqətə uyğun olmayan məlumatlar onun şərəf və ləyaqətini ləkələyən, alçaldan məlumatlar hesab edilməlidir. Cavabdehin nümayəndəsinin həmin məlumatları yaymaması, yalnız iş yerinin rəhbərinə müvafiq məlumatı göndərməsi dəlili ilə bağlı məhkəmə qeyd edir ki, Ali Məhkəmənin Plenumunun yuxarıda adıçəkilən qərarının 4-cü bəndində qeyd olunduğu kimi, məlumat başqa şəxsə, yaxud şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Hazırki işdə isə cavabdeh məlumatı başqa şəxsə göndərməklə onu yaymışdır. Həmçinin cavabdeh etirazında liftlərə texniki xidmət iddiaçı tərəfindən həyata keçirildiyindən, həmin əraziyə başqa şəxslər buraxılmadığından, nəzarət kameralarında başqa şəxslərin ora daxil olduğu müəyyən edilmədiyindən, liftin cihazının iddiaçı tərəfindən oğurlandığını düşündüklərini, hətta bundan əmin olduqlarını bildirmişdir. Lakin qeyd olunmalıdır ki, cavabdeh oğurluq faktı ilə bağlı polis şöbəsinə müraciət etmiş, Cavabdeh2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda iddiaçının təqsirinə dair hər hansı bir hal öz əksini tapmamışdır. Göründüyü kimi, cavabdehlər əmlakın məhz iddiaçı tərəfindən talanmasını sübuta yetirə bilməmişlər. Mülahizələrə, ehtimallara əsaslanmaqla başqasını cinayət törətməkdə ittiham etmək, bu barədə məlumatı onun iş yerinin rəhbərinə göndərmək isə Konstitusiya və beynəlxalq sənədlərlə təsbit edilmiş təqsirsizlik prezumpsiyasına zidd olmaqla və şəxs barəsində mənfi rəy yaratmaqla, onun şərəf və ləyaqətinin alçaldılmasına, əmək kollektivində nüfuzdan salınmasına səbəb olmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərar). Göründüyü kimi, barəsində həqiqətə uyğun olmayan ləkələyici məlumatlar yayımlanmış, ləyaqəti alçaldılmış şəxs belə məlumatları təkzib etməklə yanaşı, həmin məlumatların yayımlanması nəticəsində yaranmış itkilərin və vurulmuş mənəvi ziyanın əvəzinin pul formasında təzminat şəklində ödənməsini tələb etmək hüququna malikdir. Qanunvericilik vurulmuş mənəvi ziyana görə təzminatın və itkinin əvəzinin ödənilməsini mülki hüquqların müstəqil müdafiə üsulları olaraq nəzərdə tutur. Vurulmuş mənəvi ziyana görə təzminat ödənməsi kimi mülki hüquqların bu cür müdafiə üsulu, ilk növbədə, qeyrimaddi nemətlərin müdafiə olunması, o cümlədən başqasının şərəf və ləyaqət toxunulmazlığını müdafiə etmək imkanını nəzərdə tutur. Məhkəmə qeyd edir ki, analoji işlərdə iddianın əsasını yayılmış məlumatların şərəf və ləyaqəti ləkələməsi və həmin məlumatların onu yayan şəxs tərəfindən təkzib edilməsi təşkil edir. Mənəvi ziyanla bağlı tələb isə törəmə tələbdir. Bu işlərdə ilkin olaraq yayılmış məlumatların şərəf ləyaqəti ləkələməsi və həmin məlumatların təkzib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, başqa sözlə iddiaçının hüquqularının pozulmasının tanınması mühüm əhəmiyyət kəsb edir. Hazırki işdə də iddiaçının hüquqlarının pozulması faktı tanınır. Lakin iddiaçı həmin məlumata təkzib verilməsinə zərurət olmadığını bildirərək mənəvi zərərin ödənilməsini tələb edir. Bu baxımdan məhkəmə iddia tələbindən kənara çıxmayaraq iddiaçının hüquqlarının mənəvi zərərin ödənilməsini tələb etmək yolu ilə bərpasını mümkün hesab edir. İlk növbədə qeyd edilməlidir ki, mənəvi ziyanın əvəzinin ödənilməsi cəza xarakteri daşımır, bu tədbir yalnız pozulmuş hüquqların bərpa edilməsi və belə pozuntunun nəticələrinin aradan qadırılması məqsədi daşıyır. Mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Məhkəmə cavabdeh tərəfindən iddiaçının iş yerinin rəhbərliyinə yazdığı məktubda şərəf və ləyaqəti, eləcə də işgüzar nüfuzu ləkələyən məlumatlara qiymət verərək hesab edir ki, həmin məktubda əks olunmuş heç bir hüquqi əsası olmayan yalan məlumatlar nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi, şərəf və ləyaqətinə, eləcə də işgüzar nüfuzuna ziyan dəyməsi barədə dəlilləri əsaslıdır və ona həqiqətən mənəvi ziyan dəymişdir. Beləliklə, mənəvi zərərin məbləği iddiaçının (zərərçəkənin) hüquq və mənafelərinə toxunan məlumatın xarakterindən və məzmunundan, doğru olmayan, şəxsin şərəf və ləyaqətini alçaldan məlumatın yayılma dərəcəsindən asılı olaraq, eləcə də mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib hallar nəzərə alınmaqla hər bir konkret halda məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş cavabdehin hərəkəti nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 500 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Mənəvi zərərin müqabilində tələb edilən 17000 manatın iddiaçının xeyrinə tutulması, onun pozulmuş hüquqlarının bərpasından çox zənginləşməsinə xidmət edəcəkdir ki, bu da mənəvi zərər institutunun məqsədlərinə ziddir. İddiaçının ona dəymiş maddi zərər tələbi ilə bağlı məhkəmə Mülki Məcəllənin 1096 və 1097.1-ci maddələrinə istinadən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərərçəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir. Beləliklə, zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh "xxxx" MMMC (nümayəndəsi və vəkili X4) apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın isə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə əsassız olaraq qeyd edilən məlumatların iddiaçının iş yerinə yönləndirildiyindən yayılmış hesab etmiş və bu məlumatlar iddiaçının şərəf, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar kimi qiymətləndirmişdir. Qətnamə maddi və prоsessual hüquq nоrmalarının kobud şəkildə pоzulması, düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüməhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Əvvəla, cavabdehin də birinci instansiya məhkəməsində qeyd etdiyi kimi, şəxsin şərəf və ləyaqətinin, işgüzar nüfuzunu ləkələyən hər hansı bir məlumatın yayılmamışdır. Məktub yalnız iddiaçının direktoruna göndərilmişdir, çünki iddiaçı məhz həmin şirkətdə işləyir və cavabdehin işgüzar münasibəti də məhz iddiaçının işlədiyi şirkətlə birbaşa bağlıdır. Məhz Şirkətlə MMMC arasında olan xidmət müqaviləsinə əsasən iddiaçı təmir işləri görür. Arada yaranacaq hər hansı bir problem və yaxud da mübahisə birbaşa iddiaçı ilə deyil, Şirkətlə həll edilməlidir. Bu baxımdan bu halın yayılma sayılmadığını, aralarında yaranmış mübahisənin Şirkət rəhbərinə çatdırılmalı olmasını bildirməklə oğurluq hadisəsinin törədilməsində şirkətin nümayəndəsindən şübhələndiyinə görə əməkdaşlığın davam etdirilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. "xxxx" MMC-nin direktoru Rauf Qədirova ünvanlanmış xx.xx.2022-ci il tarixli, 118 nömrəli məktubsa, heç bir halda kütləvilik xarakterinə malik deyil, çünki həmin məktub bir nəfərə ünvanlanmışdır və burada hər hansı bir kütləvilikdən söhbət gedə bilməz. Eyni zamanda, məktubda böhtan məfhumunun heç bir amili özünü göstərmir. Yuxarıda da qeyd olunduğu kimi, oğurluq faktının iddiaçı tərəfindən törədilməsinə əsas verən hallar çox açıqdır. (lifti təmir edəndən başqa heç kim (Elmidar) həmin yerə (C-1 binasının lift otağına) daxil olmayıb).

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında Cavabdeh2 və cavabdeh "xxxx" MMMC-nin nümayəndəsi və vəkili X4 ayrı-ayrılıqda cavabdehin apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və məhkəmədən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilmməəsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər.

9. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir.

11. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

12. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X2 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X2 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir.

13. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarda eyni zamanda göstərilmişdir ki, “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yuxarıda qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

21. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisələndirilən hissədə faktiki hallar Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia təmin edildiyi hissədə haqlı sayılır.

22. Əvvəla, yuxarıda qeyd olunduğu kimi mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının fiziki və mənəvi sarsıntı keçirməsi təkzib olunmazdır.

23. Əlbəttə ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi birmənalı olduğundan qeyd olunan məbləğ bəlkə də ona vurulmuş mənəvi zərəri aradan qaldırmaq üçün də kifayət etməz. Çünki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Əksinə, keçirdiyi mənəvi sarsıntı və iztirabların maddi formada dəyərinin müəyyən etməyin qeyri-mümkün olduğunu iddiaçı özü də təsdiq edir. Mənəvi zərərin məbləği ilə bağlı nə mövcud məhkəmə təcrübəsində, nədəki Ali Məhkəmənin adıçəkilən qərarında konkret olaraq dəqiq məbləğ müəyyən edilməmiş və bunun müəyyən edilməsi də mümkün deyildir.

24. Apellyasiya şikayətinin yeganə dəlili cavabdehin iddiaçının şərəf və ləyaqətini ləkələyən hər hansı bir məlumatı yaymadığı ilə bağlıdır. Bu dəlil üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan formada tam, ətraflı və Ali Məhkəmənin Plenum qərarına istinad edilməklə hüquqi qiymət verilmişdir. Buna görə də məhkəmə tərkibi bu dəlil üzrə yenidən əlavə hüquqi dəyərləndirmə aparılmasına əsas və zərurət görmür. Çünki, cavabdeh məktubu yalnız iddiaçının direktoruna göndərdiyini bildirsə də demək ki, həqiqəqətə uyğun olmayan, iddiaçının şərəf və ləyaqətini alçaldan məlumatı yaydığını etiraf edir. Başqa sözlə, cavabdehin iddiaçının işlədiyi şirkətin direktoruna məktub ünvanlaya bilər, lakin bu o demək deyil ki, həmin məktubda məhkəmənin qanuni qüvvəsini almış hökmü olmadan iddiaçının cinayət törətməkdə ittiham etməlidir.

25. Ali Məhkəmənin Plenumunun yuxarıda adıçəkilən qərarının 4-cü bəndində qeyd olunduğu kimi, məlumat başqa şəxsə, yaxud şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Cavabdeh də iddiaçının cinayət törətməkdə ittiham etməsi barədə məlumatı başqa şəxsə, yəni iddiaçının direktoruna göndərməklə onu yaymışdır. Məktubun kütləvilik xarakteri daşımaması da iddianın əsassızlığına dəlalət etmir. Yetər ki, bu məlumat başqa bir şəxsə yayılmış olsun.

26. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1918/2023 saylı, 06 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh "xxxx" MMMC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1918/2023 saylı, 06 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar