Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2067/2020 20.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə3iştirakı ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin əvəzi ödənilmədən cavabdehin öz hesabına sökülməsi və təhvil verilməsi”tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (MMC) Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Nizami rayonu, Q.Qarayev prospekti, Ə.Əzimzadə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2536 və 2537-ci məhəllələrdə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 5,5094 ha torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti Başçısının 177 saylı xx.xx.2014-cü il tarixli sərəncamı əsasında MMC-nin istifadəsinə verildiyini, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 12939 nömrəli “Torpaq sahəsinin ayrılması və tikintinin layihələndirilməsinə dair İnşaat Pasportu”nun tərtib edilərək onlara təqdim edildiyini,sözügedən sərəncam əsasında ayrılan torpaq sahəsinə 14/159 saylı 2014-cü il tarixli Ayrıc Aktının və Ayrıc Aktına əlavənin tərtib olunduğunu, müxtəlif dövlət orqanlarının müsbət rəyinin alınaraq İnşaat Pasportuna əlavə edildiyini, lakin sonradan, MMC-yə ayrılmış torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq tikinti işlərinin aparıldığının aşkar olunduğunu, araşdırma zamanı MMC-yə ayrılmış torpaq sahəsində tikinti işlərinin aparılması üçün Bakı şəhər İcra hakimiyyəti tərəfindən cavabdehə xx.xx.2018-ci il tarixdə 189/03- 8/476 nömrə ilə layihənin təsdiq edildiyinin müəyyənləşdirildiyini, bununla əlaqədar Bakı şəhər İcra hakimiyyətinə etdikləri etiraz əsasında Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/706 saylı xx.xx.2018-ci il tarixli məktubu ilə Cavabdeh tikinti aparılmasına dair verilmiş xx.xx.20127-ci il tarixli 18/03- 8/2899 saylı, xx.xx.2018-ci il tarixli 18/03-8/242 saylı və xx.xx.2018-ci il tarixli 18/03- 8/476 saylı razılıq məktublarının öz qüvvəsini itirmiş hesab olunduğunu, buna baxmayaraq cavabdehin hələ də tikinti işləri aparmaqda davam etdiyini, bu səbəblə məhkəməyə müraciət etmək məcburiyyətində qaldıqlarını bildirmiş, buna görə də cavabdehin adına verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın ləğv olunması, Bakı şəhər İcra hakimiyyəti Başçısının 177 saylı xx.xx.2014-cü il tarixli sərəncamı ilə Nizami rayonu, Q.Qarayev prospekti, Ə.Əzimzadə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2536 və 2537-ci məhəllələrdə çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün ayrılan torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş tikilinin əvəzi ödənilmədən cavabdehin öz hesabına sökülməsi və torpaq sahəsinin MMC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddiprosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını, cavabdehin mülkiyyətinə keçirmiş olduğu tikilinin dəmir konstruksiyadan inşa edildiyi halda, onun yerində sonradan daş tikilinin inşa edildiyini nəzərə almadığını irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı şirkətin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini iddia ərizəsinin məzmununa uyğun izahat verməklə müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş hallarına görə, Nizami rayonu, Q.Qarayev prospekti, Ə.Əzimzadə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2536 və 2537-ci məhəllələrdə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 5,5094 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının 177 saylı xx.xx.2014-cü il tarixli sərəncamı ilə MMC-nin istifadəsinə verilmiş, MMC-nin sifarişi əsasında Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 12939 nömrəli “Torpaq sahəsinin ayrılması və tikintinin layihələndirilməsinə dair İnşaat Pasportu” tərtib edilmiş, ayrılan torpaq sahəsinə 14/159 saylı 2014-cü il tarixli Ayrıc Aktı və Ayrıc Aktına əlavə tərtib olunmuşdur. İddiaçı, cavabdehin ona ayrılmış torpaq sahəsində özbaşına tikili inşa etmiş olması ilə əsaslandırmış, tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 180-ci maddəsinə istinad etmişdir. Mülki Məcəllənin istinad olunan həmin normasına görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (maddə 180.1-180.3). Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsində - Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 50 B ünvanında yerləşən, ümumi sahəsi 24.7 kv.m olan qeyri-yaşayış binası Gözəlov Mehman Məhəmməd oğluna məxsus olmuş, adı çəkilən şəxs həmin əmlakı xx.xx.2004-cü il tarixdə X1 175 000 000 manata (AZM), sonuncu isə xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 24 000 manata satmış, Cavabdeh əmlak üzərindəki mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. Göründüyü kimi, iddiaçının irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddiaçı, cavabdehin qanuni istifadəsində olan torpaq sahəsində inşa edilmiş və mülkiyyət hüququ əsasında ona məxsus tikilinin özbaşına tikili hesab edilərək sökülməsini tələb edir – halbuki, həmin tikili qanunsuz tikili hesab oluna bilməz. Cavabdehin mülkiyyətində olan tikilinin əvvəllər metal konstruksiyadan inşa edildiyi, sonradan isə sökülürək yerində daş binanın tikildiyi barədə apellyatorun irəli sürdüyü arqumenti də kollegiya əsassız hesab edir; belə ki, həmin tikilinin xx.xx.2013-cü il tarixdə tərtib olunmuş texniki pasportunda onun bünövrəsinin və döşəmələrinin beton olduğu, xarici və daxili divarlarının isə mişar daşından inşa edildiyi əksini tapmışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Nəzərə alınmalıdır ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi ərizəçinin tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-112/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2067/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2067/2020
20.02.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver