Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2067/2022 28.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7763/2021 saylı, 13 dekabr 2021ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul və dəymiş ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.000 manat əsas borcun, 1.500 manat əldən çıxmış faydanın və 3.000 manat mənəvi zərərə görə təzminatın, dövlət rüsumu kimi ödədiyi 31 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbində göstərir ki, cavabdehi 2004-cü ildən tanıyır, belə ki, o, bir sıra dövlət qurumlarında işlədiyini və özünün hüquqşünas olduğunu bildirmişdir. 24 avqust 2020-ci il tarixdə ona müraciət edərək təcili olaraq 5000 manat lazım olduğunu bildirmişdir. Həmin pulu ən geci 1 həftə ərzində qaytaracaqdır, əgər pulu qaytara bilməsə xarici markalı avtomaşının ilkin dəyəri kimi həmin pulu hesablamaqla ona sərfəli şərtlərlə kreditə maşın verəcəkdir. Hətta həmin maşının şəklini də çəkərək ona göndərmişdir. O, bu insanın sözlərinə və vədlərinə inanaraq ona 5.000 manat vermişdir. Lakin cavabdeh vəd verdiyi kimi nə 1 həftə ərzində aldığı pulu ona qaytardı, nədəki xarici maşını ona təqdim etdi. Keçən bu müddət ərzində pulu tələb etmiş, lakin cavabdeh hər dəfə bir bəhanə gətirməklə ondan aldığı pulu qaytarmamış və onu ağır bir duruma salmışdır. Halbuki, bu müddət ərzində aralarında aparılmış “whatsapp” yazışmalarında da həmin pulu ondan aldığını və qaytaracağını etiraf etmişdir. Cavabdeh onu aldatmış, inamından sui-istifadə etmişdir. Halbuki bu vəsait onda qalsaydı bu 1 il 1 ay müddətində həmin pulun dövriyyəsindən gəlir götürərdi, təkcə bu müddət ərzində həmin pulun bank faizi 1.000 manat təşkil edir ki, o, bu vəsaitdən də məhrum olmuşdur. Bundan başqa, cavabdeh tərəfindən aldadıldığı üçün o, əsəb-stres keçirmiş, diskomfort bir şəraitə düşmüş, bu müddət ərzində dəfələrlə ona zəng vurmuş, yaşadığı ünvana getmiş, taksi xidmətlərindən istifadə etmişdir ki, buna da təxminən 500 manatdan artıq vəsaiti sərf olunmuşdur. Cavabdeh ona ümumilikdə 1.500 manat maddi və 3.000 manat mənəvi ziyan da vurmuşdur ki, o da həmin vəsaiti cavabdehdən tələb edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7763/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 5.000 (beş min) manat və ödənilmiş dövlət rüsumu 16 (on altı) manatının İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia ərizəsinin 500 manat hissəsində təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilərək iddia ərizəsinin 500 manat hissəsində təmin olunması barədə qətnamə qəbul edilməlidir. Onun ********** nömrəsində heç vaxt “vatsap” olmamışdır. İddiaçı tərtibatçıdır, məhkəmə isə icraşıdır. O, iddiaçı ilə yazışmayıb. Aldığı behi isə etiraf edir, yəni 500 manat pulu iddiaçıdan beh olaraq alıb və qaytarmağa da söz verib. İddiaçı onunla görüşdə 500 manatı vermiş 2-3 gündən sonra isə 5000 manatı verəcəyini söz versə də, verməmiş, onu da belə əsaslandırdı ki, anası bacısına toy edir və ona cehizlik alacaq. Avtomobil almaqdan da imtina etmişdir. Ümumiyyətlə iddiaçı ilə arasında hər-hansı notarial borc müqaviləsi olmamış, həmçinin sadə yazılı formada mücərrəd bir əqd və ya müqavilə bağlanmamışdır. Bundan başqa yazışma zamanı belə 5000 manatın ondan alınmasını sübut edən bir yazşıma olmamışdır. Yalnız istəməyi vardır. Bu 5000 manatı aldıqdan sonra hər hansı bir təşəkkürü belə yazışma olmamışdır. Sumqaylt Polis İdarəsinə çağırlımağı və orada vermiş olduğu izahatında da həmin pulu almadığını qeyd etmiş, araşdırma zamanı da bunların aşkar olmadığı halda nədənsə birinci instansiya məhkəməsi kağız parçalarına və iddiaçının ifadəsinə əsasən barəsində əleyhinə qətnamə qəbul etmişdir. Məhkəmədə olan iş üzrə icraata yəqin ki, söz yığnağı tikməklə kifayətlənmişdir. Bundan başqa, iş üzrə hər hansı bir şahidin ifadəsi olmadığı halda qənaətə gəlmişdir ki, ondan 5000 manat pulu almışdır. Vatsap yazışmalarının təsdiqi nə ilə sübut olunur. Kserosurət olmuş kağızlarmı və ya telefonda müəyyən proqramlarla vatsap yazışmalarından bəhrələnmiş düzəlişlərləmi? Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək məhkəmədən təmin edilməməsini xahiş etdi. Cavabdeh elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində işi ilə bağlı hazırki məhkəə prosesində iştirak edə bilməyəcəyini bildirmiş və başqa vaxta təxirə salınmasını xahiş etmiş, lakin bununla bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, tərəflər arasında tanışlıq münasibətləri olmuşdur. 23 avqust 2020-ci il tarixdə cavabdeh iddiaçıya “Niva” markalı avtomobilin alınması üçün 5.000 manat məbləğində pulunun çatmadığını bildirmiş və bu məqsədlə iddiaçıdan 5.000 manat məbləğində borc pul istəmişdir. Cavabdeh həmin borcu 1 həftəyə qaytaracağını bildirmiş, eyni zamanda qeyd etmişdir ki, “Hyundai Tukson” markalı avtomobil var, iddiaçının xoşu gələrsə avtomobili iddiaçıya verər, əmisi oğlu ilə isə özü hesablaşar. İddiaçı cavabdehə 5.000 manat borcun verilməsi barədə razılığını bildirmiş və həmin məbləği 24 avqust 2020-ci il tarixdə cavabdehə vermişdir. Daha sonra iddiaçı cavabdehə borcun qaytarılması ilə bağlı müraciətlər etmiş, cavabdeh isə borcundan boyun qaçırmadığını, borcunu ödəyəcəyini bildirmişdir. Hazırda iddiaçı 5.000 manat məbləğində əsas borcun, 1.500 manat əldən çıxmış faydanın, mənəvi zərərə görə 3.000 manatın və dövlət rüsumu kimi ödədiyi 31 manatın cavabdehdən alınaraq ona ödənilməsini xahiş edir, cavabdeh isə iddianı qismən qəbul edərək, iddiaçıdan bəyənmiş olduğu avtomobilə görə 500 manat beh aldığını bildirərək, iddianı 500 manat hissədə qəbul etdiyini, digər hissələrdə isə qəbul etmədiyini bildirir. Məhkəmə iddia tələbinin “5.000 manat borcun tutulması” hissəsi ilə əlaqədar qeyd edir ki, iş materiallarından göründüyü kimi, cavabdeh iddiaçıdan 5.000 manat məbləğində borc götürsə də, onun qaytarılmasına dair üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 5.000 manat borcunu iddiaçıya ödəməlidir. Məhkəmə cavabdehin etirazı ilə bağlı isə qeyd edir ki, cavabdeh iddiaçıdan bəyənmiş olduğu avtomobilə görə yalnız 500 manat məbləğində beh aldığını, iddianın digər hissələrinin cəfəngiyyat olduğunu bildirsə də, qeyd edilənlərlə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddiaçının əldən çıxmış faydaya görə 1.000 manat məbləğində vəsaitin cavabdehdən tutulması tələbi ilə bağlı bildirir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi qanunverici özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsini nəzərdə tutsa da, bunu sadalanan dörd hərəkət (hərəkətsizlik) nəticəsində borclunun müəyyən gəlir, artım, bəhər əldə etməsi ilə əlaqələndirmişdir. Halbuki, iddiaçı tərəfindən cavabdehin aldığı borc puldan faydalanmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin “500 manat məbləğində maddi ziyanın tutulması” hissəsi ilə əlaqədar hesab edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı borcun qaytarılmadığı müddətdə cavabdehə zənglər etdiyini və taksi xidmətlərindən istifadə edərək dəfələrlə cavabdehin yaşadığı ünvanına getdiyini, buna da təxminən 500 manatdan artıq vəsaiti sərf etdiyini bildirsə də, qeyd olunanlarla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbinin 3.000 manat məbləğində vurulmuş mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı tutarlı sübut təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın həmin hissədə də rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən 5000(beş min) manatın 4500(dörd min beş yüz manat) hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılır, mübahisələndirilməyən hissələr isə yoxlanılmır. Təmin edilən hissədə iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edilən hissəsində gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki halları maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün də iddia haqlı sayılır. Çünki, faktiki hallar Mülki Məcəllənin 739-cu maddəsinin dispozisiya şərtlərinə uyğun gəlir. İkincisi, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübutlarını təqdim etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edir. Lakin iddia tələbinə etiraz edirsə etirazının əsası kimi istinad etdiyi halları cavabdeh sübut etməlidir. Çünki, həmin halları sübut etmək yükü artıq onun üzərinə düşür. Belə ki, cavabdeh iddiaçıdan 5000 manat deyil, 500 manat aldığını bəyan edirsə bunu özü sübut etməlidir, lakin cavabdeh bu halları sübut edə bilmir. Bu fikirləri səsləndirmək hələ onların həqiqi olması demək deyildir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri təsdiq edən müəyyən sübutları özlərində saxlayırlar. Bu şifahi müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə razılaşırlar. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları, münasibətlərin pozulması və.s nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri şifahi bağladıqları müqaviləyə və iddianın əsasını təsdiq edən sübutlara əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən hər hansı bir məbləğdə pul məbləğini almadığını yaxud hazırki işdə olduğu kimi tələb edilən məbləğdə almadığını bəyan edir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv müəyyən etməklə düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayəti üzrə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında həqiqətən şifahi borc müqaviləsi bağlansa da cavabdeh iddiaçıdan 5000 manat deyil, 500 manat aldığını və bu məbləği etiraf etdiyini bəyan edir. Tərəflər arasında olan telefon yazışmalarından, o cümlədən şikayətin məzmunundan da aydın olur ki, cavabdeh iddiaçıdan 5000 manat istəmişdir. Bu yazışmalarda cavabdeh həmin məbləği deyil, daha az məbləğ aldığını heç vaxt mübahisələndirmir. İddiaçı da cavabdehin istədiyindən daha az məbləğ verməsilə bağlı heç bir fikir söyləmir. Demək, iddiaçıdan 5000 manat deyil, daha az məbləğ aldığını sübut etmək vəzifəsi, artıq cavabdehin üzərinə düşsə də, o, bu halı sübuta yetirə bilməmişdir. Cavabdehin bu barədə şikayətinin dəlilləri isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir. Çünki, cavabdehin həqiqətəndə təmin edilən məbləğdə borcu olmasaydı yaxud həmin məbləğdən az miqdarda borc almış olsaydı bu barədə hansısa sübut təqdim edə bilərdi. Bu daha mötəbər sübut olardı. Ancaq cavabdeh nədənsə izahatını mötəbər sübut kimi qəbul edilməsini istəmişdir. Lakin cavabdehin izahatı iddia tələbinin etirazın əsası kimi istinad etdiyi halları bilavasitə təsdiq etmir. Çünki, iddiaçı tərəfindən cavabdehə 5000 manatın verilməsinə dair sübut olduğundan məhkəmə də bunu nəzərə alaraq iddianı qismən təmin etmişdir. Əgər cavabdeh 5000 manat almadığını israr edirsə, yetər ki, buna dair məhkəməyə sübut təqdim etsin. Ancaq edə bilmir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Cavabdehin mübahisələndirdiyi hissə 4500(dörd min beş yüz)manat olduğundan qətnamədən kassaiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7763/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2067/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2067/2022
28.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver