Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2068/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1nə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə Açar sözlər: (hərracın nəticələrinin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2(004)-4632/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-1034/2021 saylı icra vərəqəsinə əsasən tələb üzrə tutma cavabdeh İddiaçı məxsus İsmayıllı rayonu, Xənəyə kəndində yerləşən fərdi yaşayış evinə yönəldilmiş, əmlakın ilkin satış qiyməti 293850 manat müəyyən edilmişdir. İsmayıllı rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-1034/2021 saylı İcra vərəqəsi üzrə borclu İddiaçı məxsus İsmayıllı rayonu, Xənəyə kəndində yerləşən evin satışının təmin olunması Cavabdeh2 Bakı Hərrac Mərkəzi” MMC-yə sifariş edilmişdir. 2.İddiaçı keçirilmiş hərracların qanunsuz olduğunu, ona məlumat verilmədiyini blldirərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin hərrac sifarişi üzrə iddiaçının xüsusi mülkiyyətində olan İsmayıllı rayonu Xənəyə kəndində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 MMC tərəfindən keçirilmiş açıq hərrac üzrə hərracın yekunlarına dair xx.xx.2023-cü il tarixli 207/23 saylı protokolun etibarsız sayılmasına, tərəflərin əvvəlki vəziyyətinə qaytarılması–hərrac sifarişi üçün bank tərəfindən ödənişlərin geri qaytarılmasına və həmin daşınmaz əmlaka dair qanunvericiliyə uyğun hərracın keçirilməsinə dair yeni sifarişin digər hərrac təşkilatına verilməsi vəzifəsinin İsmayıllı rayon İcra Şöbəsinə həvalə olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu, Xənəyə kəndində yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1034/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən “X7” Bakı filialının təmin olunmuş iddiası üzrə kredit müqaviləsi üzrə tutmanın iddiaçının xüsusi mülkiyyətində olan ipotekaya qoyulmuş əmlaka yönəldilməsi qət olunmuşdur. 2022-ci ilin əvvəllərində sözügedən qətnamə ilə əlaqədar icra işinin Nərimanov rayon İcra Şöbəsində olduğuna dair iddiaçının məlumatı olmuş, həmin vaxt bankın nümayəndələri ilə məhkəmə qətnaməsi ilə tutulan kredit borcunun hissələrlə iddiaçı tərəfindən ödənilməsinə şərait yaradılması və evə tutma yönəldilməməsi barədə danışıqlar aparılmışdır. Bu günlərdə “X7” Bakı filialından iddiaçının Bakı şəhərində yaşadığı Buzovna qəsəbəsindəki ünvanına daxil olan məktubda göstərilir ki, iddiaçının mülkiyyətində olan mənzil İsmayıllı rayon İcra Şöbəsinin sifarişi əsasında X2 Əmlak Hərrac Mərkəzində satış məqsədilə hərraca çıxarılmışdır. Hərrac Mərkəzi xx.xx.2023-cü il tarixli 1509/23 nömrəli məktubla təkrar hərracın baş tutmaması səbəbindən ipoteka qoyulmuş əmlakın ipoteka saxlayan “X7” Bakı filialı tərəfindən alınmasını təklif etmişdir. “X7” Bakı filialı tərəfindən qeyd olunmuş əmlakın alınmasına razılıq məktubu hərrac mərkəzinə göndərilmişdir. İddiaçı bu məktubdan sonra banka müraciət edərək, icra sənədi ilə müəyyən olunmuş borc məbləğinin ödənilməsinə dair razılaşma əldə edilməsi və borcun onun tərəfindən ödənilməsinə şərait yaradılmasını xahiş etdikdə, bankdan bildirilmişdir ki, artıq hərracın nəticələri rəsmiləşdirilmiş, bununla bağlı protokol tərtib edilərək iddiaçının evi bankın mülkiyyətinə verilmişdir. Beləliklə, iddiaçının məlumatı olmadan, mülkiyyətində olan evi və torpaq sahəsi hərraca çıxarılmış, özgəninkiləşdirilmişdir. İddiaçıya əmlakının hərraca çıxarılması, hərrac keçirilməsi və s. hərəkətlər barədə məlumat verilməmişdir. İddiaçı icra məmurunun və bankın nümayəndəsinin yönləndirdiyi Cavabdeh2 MMC-yə müraciət etmiş, orada ona hər hansı protokol verilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçının xüsusi mülkiyyətində olan ev və torpaq sahəsinə dair açıq hərracın hər hansı tarixə təyin edilməsi barədə ona heç bir məlumat verilməmiş, ümumiyyətlə, ev və torpaq sahəsi barədə hərraca sifariş daxil olması, hərracın hansısa tarixə təyin olunması, təkrar keçirilməsi və s. barədə əmlakın mülkiyyətçisi olaraq onun ünvanına hər hansı bildiriş göndərilməmişdir. 5.Cavabdeh2 MMC etiraz ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İsmayıllı rayon İcra Şöbəsi tərəfindən verilmiş 05/2023 saylı, xx.xx.2023- cü il tarixli sifariş məktubundan görünür ki, Bakı şəhəri Apellyasiya Məhkəməsinin 1(103)- 1034/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, ilkin satış dəyəri 293.850 manata olmaqla, İddiaçı məxsus, İsmayıllı rayonu, Xənəyə kəndində yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması Cavabdeh2 MMC-yə sifariş olunmuşdur. Sözügedən hərrac sifarişi üzrə ilkin hərracın keçirilməsi 23 iyun 2023-cü il tarixinə, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, o cümlədən borclu İddiaçı, tələbkar “X7” Bakı Filialına 1114/23 saylı, xx.xx.2023-cü il tarixli bildiriş göndərilmişir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanews” X3 (Portalında) (www.birianevvs.az) dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E- herrac.com”) yerləşdirilmişdir. “Hərracın baş tutmamasına dair” 23 iyun 2023-cü il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 23 iyun 2023cü il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin əmlak ilkin satış qiymətindən 15% aşağı qiymətə, yəni 249.772,5 manata olmaqla 18 iyul 2023-cü il, saat 10:00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmışdır.“Təkrar hərracın keçirilməsinə dair” xx.xx.2023-cü il tarixli, 1345/23 saylı bildirişin surətindən görünür ki, təkrar hərrac barədə tərəflərə müvafiq məlumat verilmişdir. Təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanews” X3 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“Eherrac.com”) yerləşdirilmişdir. “Hərracın baş tutmamasına dair” 18 iyul 2023-cü il tarixli protokolun surətindən görünür ki, 18 iyul 2023-cü il tarixinə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (e-herrac.com) yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixli, 1509/23 saylı “ipoteka predmetinin əldə olunmasına dair” təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipotekasaxlayana təklif olunmuşdur. İpoteka saxlayan “X7” Bakı Fillialı xx.xx.2023-cü il tarixli, 2023-1063 nömrəli məktubla ipoteka predmetini təklif edilən 187.330 manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən “X2” nəzdində Cavabdeh2 MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 207/23 saylı “X6 barədə Protokol” tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə Cavabdeh2 MMC-nin 1796/23 saylı, xx.xx.2023-cü il tarixli məktubuna qoşma ilə sifarişçi icra Şöbəsinə göndərilmişdir. Hazırkı iş üzrə İddiaçı ***-***-**-** telefon nömrəsi ilə dəfələrlə əlaqə saxlanılmış, iddiaçı dəfələrlə Cavabdeh2 MMC-yə məxsus ofisə yaxınlaşmış, yəni hərrac prosesindən bilavasitə xəbərdar olmuşdur. 6.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 21 dekabr 2023-cü il tarixli, 2(004)-4632/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Xəlilova Təhminə) iddianın rədd edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. 7.Məhkəmə iddianın rədd edilməsi üzrə mövqeyini işin aşağıda göstərilmiş müəyyən edilmiş hallarına istinadla əsaslandırmışdır: 8.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1034/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı 19000 manat əsas borc, 26342 manat məbləğində faiz borcu, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə faiz borcu 3409 manat (illik 5%-lə), cəmi 48751,99 manat məbləğində kredit borcunun və 13,8 manat dövlət rüsumunun iddiaçı “X7" Bakı filialının xeyrinə tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus İsmayıllı rayonu, Xənəyə kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərraca çıxarılması, İsmayıllı rayonu, Xənəyə kəndində yerləşən fərdi yaşayışevinin açıq hərracda ilkin satış qiymətinin 293 850 manat müəyyən edilməsi, əldə ediləcək vəsaitin cavabdeh İddiaçı banka olan borcunun ödənilməsinə yönəldilməsi və qeyd edilən fərdi yaşayış evi satıldıqdan sonra ismayıllı rayonu, Xənəyə kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, əmlakın satışından əldə edilən məbləğ hesabına borc ödənildikdən sonra qalan məbləğin İddiaçı qaytarılması qət edilmişdir. 9.Cavabdeh1 həmin qətnamənin icra edilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixli hərracın keçirilməsi haqqında sifarişlə Cavabdeh2 MMC-yə müraciət etmişdir. 10.Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirmiş və bu barədə ipoteka saxlayana və ipoteka qoyan – İddiaçı sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. İpoteka qoyan – iddiaçıya bildiriş icra vərəqəsində qeyd olunmuş ünvan 5akının yerləşdiyi ünvana, yəni İsmayıllı rayonu Xənəyə kəndinə göndərilmişdir. 11.İlkin hərrac baş tutmamış və bu barədə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirilmişdir. İlkin hərrac baş tutmadığından təkrar hərrac təyin edilmiş və bu barədə hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirmiş və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. Təkrar hərrac iştirakçısı olmadığından baş tutmadığından ipoteka əmlakı “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipotekasaxlayana təklif olunmuşdur. Hərrac Mərkəzi tərəfindən tərtib edilmiş 17 avqust 2023-cü il tarixli, 207/23 saylı hərracın nəticələri haqqında yekun protokoluna əsasən ipoteka predmeti olan, İddiaçı mülkiyyətində olan "X7"-ın xeyrinə ipoteka ilə yüklü edilmiş İsmayıllı rayonu, Xənəyə kəndində yerləşən fərdi yaşayış evi tələbkar "X7" tərəfindən alınmışdır. 12.Beləliklə məhkəmə hesab etmişdir ki, hərrac “İpoteka haqqında” Qanunla müəyyən edilmiş qaydalara əməl edilməklə keçirilmiş, odur ki, iddia tələbləri əsassız olduğundan rədd edilməlidir. 13.Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab etmişdir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. 14.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1, 416.2-ci“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 42.3, 42.4, 42.5, 42.6, 42.7, 42.8, 44-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 15.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunlu olmaqla əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə hərrcaın keçirilməsinə dair cavabdeh Hərrac təşkilatı tərəfindən əmlakın mülkiyyətçisi olaraq onun ünvanına bildiriş göndərildiyini qeyd etmiş, lakin onun-iddiaçının ünvanının harada olması və bildirişin ona çatıb-çatmaması məsələsinə, ümumiyyətlə, toxunmamış, bu məsələni ‘‘unutmuşdur’’. Belə ki, o, iddia ərizəsində də qeyd etmişdir ki, qeydiyyat və yaşadığı ünvan-ünvan 2a, iddiaçının ünvanı olaraq - ünvan 3nə dair mülahizəsini və poçt göndərişini təqdim etmiş, məhkəmə də ünvanına “bildiriş göndərildiyinə inanmışdır’’. Məhkəmə araşdırmamışdır ki, Nərimanov rayonu, T.Əliyev küçəsinin iddiaçıya heç bir aidiyyəti olmadığı halda, həmin ünvana hər hansı bildirişin göndərilməsi onun məlumatlandırılmağı kimi qəbul edilə bilməz. Bununla yanaşı, məhkəmə nəzərə almamışdır ki, hətta, hərrac təşkilatının iddia etdiyi kimi, Nərimanov rayonu, T.Əliyev küçəsinə göndərilmiş bildirişin də iddiaçı tərəfindən və ya hansısa digər şəxs tərəfindən alınması (qəbul olunması) da təsdiq olunmur. Belə olduğu halda, məhkəmə iddiaçının mülkiyyətində olan əmlakın satılmasına dair hərrac barəsində məlumatlandırıldığı nəticəsinə gəlməsi üçün heç bir faktiki hal, əsas mövcud olmamışdır. Məhkəmənin digər bir “əsası" - hərrac barədə Media vasitəsilə elan-bildiriş verilməsi barədə isə qeyd edir ki, Media vasitəsilə hərrac barəsində bildiriş-elan verilməsinə dair cavabdeh hərrac təşkilatının və məhkəmənin qeydləri yalnız mülahizələrdir. Məhkəmə nəzərə almamışdır ki, daşınmaz əmlakla bağlı hərracın keçirildiyi iddia olunan Cavabdeh2MMC tərəfindən “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuş, həmin maddədə və MM-in 415-ci maddəsində imperativ qaydada nəzərdə tutulmuş Mediada bildirişin dərc olunması və əmlak mülkiyyətçisinin-ipoteka qoyanın məlumatlandırılmasına dair məcburi prosedur qaydalara əməl edilməmişdir. Belə ki, hərracla bağlı qeydiyyatda olduğu və yaşadığı ünvana hər hansı yazılı bildiriş daxil olmamış, hər hansı Media orqanında da məlumatlandırma (bildirilş və elanın dərci) Məhkəmə tərəfindən müəyyən olunmamışdır. Qanunverici hərrac barədə elan (bildirişin) Media-da verilməsi və bu barədə tərəflərə, həmçinin, əmlakın mülkiyyətçisinə (ipotekaqoyana) məlumatın göndərilməsini ardıcıl prosedur olaraq imperativ tələb edir. İş materialında elə bir sənəd-sübut yoxdur ki, mübahisə predmeti olan hərrac barədə Media-da elan(biidiriş) verildiyi sübut olunsun. O cümlədən, yuxarıda qeyd etdiyi kimi, iş materialında elə bir mötəbər sənəd yoxdur ki, hərrac barədə onun ünvanına bildiriş göndərilməklə məlumatlandırıldığı sübut olunsun. Cavabdeh hərrac təşkilatının təqdim etdiyi və məhkəmənin istinad etdiyi-saytda dərc edilmə Media-da dərc edilmə sayıla bilməz, çünki həmin sayt(lar) Media haqqında Qanunun tələbinə uyğun olaraq, Media reyestrində qeydə alınmamışlar. Qeyd olunanlara əsasən hesab edir ki, daşınmaz əmlakla bağlı keçirildiyi iddia olunan hərrac qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə keçirildiyindən, həmin hərracın nəticələri etibarsız hesab edilməldir. Qeyd olunanlar işin həqiqi hallarının düzgün müəyyən edilməməsi və düzgün qiymətləndirilməməsi, maddi və prosessual hüququn tətbiqinə dair dəlillər - qanunçuluğun bərqərar edilməsi prinsipinə riayət edilməməklə MPM-in 2-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iddiaçının tələbinə maddi hüququn düzgün tətbiq edilməməsilə baxmaqla MPM-in 2-ci maddəsinin tələbini pozmuşdur. Bu baxımdan, prosessual normaların tələblərinə əməl edilməməsi və bu tələblərin pozulması ilə çıxarılan məhkəmə aktı qanunilik meyarına uyğun gəlməyən, qanunsuz və ədalətsizdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Apellyasiya şikayətinə qarşı Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən iddia ərizəsinə etirazla eyni məzmunlu etiraz təqdim edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 18.Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etmədi, etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 19.Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. 20.İddiaçı və digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, cavabdeh tərəf gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı isə ərizə ilə müraciət edərək yıxılaraq qabırğa sınığı və başqa zadələrinin olmasını bildirsə də, bu halı təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Bundan əlavə iddiaçı əvvəlki məhkəmə iclasında iştirak etmiş, izahatını vermişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 22.Maddə 415.2.Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 23.Maddə 416.1-ci və 416.2. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu: 24.Maddə 41.2.Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 25.Maddə 42.1.Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair X4ndə və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir 26.Maddə 42.3.İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 27.Maddə 43.1.Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın. 28.Maddə 43.4.İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 29.Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 30.Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 31.Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 32.Maddə 43.8.İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 33.Maddə 44.Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 34.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 35.Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 36.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 37.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 38.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 39.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin apellyasiya şikayətinin dəlilləri üzrə tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 40.Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 41.Məhkəmə araşdırması zamanı işdə olan sübutlarla müəyyən olunur ki, İsmayıllı rayon İcra Şöbəsi tərəfindən verilmiş 05/2023 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubu əsasında Bakı şəhəri Apellyasiya Məhkəməsinin 1(103)-1034/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, ilkin satış dəyəri 293.850 manata olmaqla, İddiaçı məxsus, İsmayıllı rayonu, Xənəyə kəndində yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması Cavabdeh2 MMC-yə sifariş olunmuşdur. Sifariş üzrə ilkin hərracın keçirilməsi 23 iyun 2023-cü il tarixinə, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, o cümlədən borclu İddiaçı, tələbkar “X7” Bakı Filialına 1114/23 saylı, xx.xx.2023-cü il tarixli bildiriş göndərilmişir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanews” X3 (Portalında) (www.birianevvs.az) dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E- herrac.com”) yerləşdirilmişdir. “Hərracın baş tutmamasına dair” 23 iyun 2023-cü il tarixli protokola əsasən yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 23 iyun 2023-cü il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin əmlak ilkin satış qiymətindən 15% aşağı qiymətə, yəni 249.772,5 manata olmaqla 18 iyul 2023-cü il, saat 10:00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmışdır. “Təkrar hərracın keçirilməsinə dair” xx.xx.2023-cü il tarixli, 1345/23 saylı bildirişə əsasən təkrar hərrac barədə tərəflərə müvafiq məlumat verilmişdir. Təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanews” X3 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“Eherrac.com”) yerləşdirilmişdir. “Hərracın baş tutmamasına dair” 18 iyul 2023-cü il tarixli protokola əsasən 18 iyul 2023-cü il tarixinə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (e-herrac.com) yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixli, 1509/23 saylı “ipoteka predmetinin əldə olunmasına dair” təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipotekasaxlayana təklif olunmuşdur. İpoteka saxlayan “X7” Bakı Fillialı xx.xx.2023-cü il tarixli, 2023-1063 nömrəli məktubla ipoteka predmetini təklif edilən 187.330 manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən “X2” nəzdində Cavabdeh2 MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 207/23 saylı “X6 barədə Protokol” tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə Cavabdeh2 MMC-nin 1796/23 saylı, xx.xx.2023-cü il tarixli məktubuna qoşma ilə sifarişçi icra Şöbəsinə göndərilmişdir. 42.“F.Cavadov və V.Aslanovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. 43.Qanunvericiliyin normalarına əsasən hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişləri borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən taparaq bildirişi ona təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair X4ndə elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərmək vəzifəsi qoymuşdur. Hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmiş sayılır. 44.İddiaçının hərracın keçirilməsinə dair bildirişlərin ona çatdırırlmaması ilə bağlı dəlilini kollegiya əsassız hesab edərək qeyd edir ki, Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərraclarla bağlı bildirişlər iddiaçının həmin vaxt məlum olan ünvanına-ünvan 5akının yerləşdiyi ünvana, yəni İsmayıllı rayonu Xənəyə kəndinə göndərilmişdir. Bununla yanaşı hərracın keçirilməsi ilə bağlı elan “Birjanews” elektron informasiya portalında dərc olunmuşdur. 45.Məhkəmə kollegiyası F.Cavadov və V.Aslanovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında şərh olunan mövvqeyə əsasən iddiaçının keçirilən hərraclar barədə ona bildirişlərin çatdırılmaması ilə bağlı dəlilləri əsassız hesab edir ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər iddiaçıya göndərilmiş, hərracla bağlı mediada elanlar verilmiş, iddiaçı hərracın keçirilməsindən məlumatlı olmuşdur. 46.Kollegiya qeyd edir ki, əmlakın satılması ilə bağlı keçirilmiş hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə bildirişlərin göndərilməməsinə dair iddiaçının dəlilləri öz təsdiqini tapmamışdır. 47.Məhkəmə kollegiyası həmçinin iddiaçının hərrac təşkilatının təqdim etdiyi və məhkəmənin istinad etdiyi-saytda dərc edilmə Media-da dərc edilmə sayılmaması, çünki həmin sayt(lar) Media haqqında Qanunun tələbinə uyğun olaraq, Media reyestrində qeydə alınmaması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, "xxxx" (Birjanews) İnternet informasiya Ehtiyyatı (Portalı) MMCnin Nizamnaməsində cəmiyyətin fəaliyyəti adlanan 3-cü bəndində də qeyd olunmuşdur ki, cəmiyyət “X4” haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada kütləvi informasiya vasitəsi sayılan internet informasiya ehtiyatı yaradaraq birja və hərrac xəbərlərinin yayılması istiqamətində, o cümlədən qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növləri ilə məşğul olur. 48.Kollegiya qeyd edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olmaqla heç bir mötəbər sübutla öz təsdiqini tapmır, buna görə də kollegiya hesab edir ki, hazırkı iddia əsassız, hüquqdan sui-istifadə olmaqla, məhkəmə qətnaməsinin icrasını gecikdirməyə yönəlmişdir. 49.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 50.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 51.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 52.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2(004)- 4632/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdiyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-2068/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2068/2024
24.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver