Məhkəmə qərarları › İş №2(103)-2071/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2071/2020

28.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2071/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı Vahib oğlunun nümayəndəsi və vəkili X2, X4 nümayəndəsi və vəkili X5, X6 iştirakı ilə, İddiaçı Vahib oğlunun “xxxxxxx” MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi” və X4 İddiaçı Vahib oğluna qarşı “müqavilənin etibarsız hesab edilməsi” haqqında ilkin, İddiaçı Vahib oğlunun X7 qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (X9 üçüncü şəxs qismində cəlb edilməklə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli qətnaməsindən X8 tərəfindən verilmiş apelyasiya şikayəti və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı Vahib oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 3-cü korpusunda 3-cü girişdə 1-ci mərtəbədə yerləşən, sahəsi 497,5 kv.m. olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin cavabdeh “xxxxxxx” MMC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli qətnaməsi ilə, iddia təmin edilmişdir. Maraqlarına toxunulan şəxs Hikmət Zərgərov, apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə, apelyasiya şikayəti təmin edilərək, qətnamə ləğv, iddia rədd olunmuşdur. İddiaçı, həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qərarı ilə, kassasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli qərardadı ilə Hikmət Zərgərovun apelyasiya şikayətindən imtina ərizəsi qəbul edilərək, apelyasiya icraatına xitam verilmişdir. Hazırda digər maraqlarına toxunulan şəxs Nadir Muradov, Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Nadir Muradovla “xxxxxxx” MMC (bundan sonra MMC) arasında xx.xx.2015-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən, MMC, Xətai rayonu, Neapol küçəsi 26 ünvanında yerləşən yaşayış binasının 3-cü korpusunda 5-ci girişdə 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsini N.Muradova verməyi öz üzərinə götürmüşdür. Sözügedən qeyri-yaşayış sahəsi ilkin olaraq Hikmət Zərgərova satılmış və o, xx.xx.2015-ci il tarixdə həmin sahənin N.Muradova satılmasına etiraz etməmişdir. Bundan sonra həmin sahə N.Muradovun sahibliyində olmuş, 2019-cu ilin noyabr ayında ona məlum olmuşdur ki, İddiaçı ona qarşı həmin sahənin özünə təhvil verilməsi barədə Xətai Rayon Məhkəməsndə iddia qaldırmışdır. Məhkəmə prosesi zamanı məlum olmuşdur ki, İddiaçılə MMC arasında da 2008-ci ildə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında o, MMC-yə qarşı 2014-cü ildə iddia qaldıraraq, qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Mübahisəli qeyri-yaşayış sahəsi barəsində ilkin müqavilə xx.xx.2007-ci il tarixində MMC ilə Hikmət Zərgərov arasında bağlanmış, H.Zərgərov Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsindən məlumat əldə etdikdən sonra apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, qətnaməsi ilə şikayəti təmin edilmiş, İddiaçı iddiası rədd edilmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2015-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, işə yenidən baxılması üçün iş apelyasiya instansiyasına göndərilmişdir. Ali Məhkəmənin qərarının əsası ondan ibarət olmuşdur ki, İddiaçılə MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə qüvvədədir. İş apelysiya instansiyasının icraatında olanda H.Zərgərovla İddiaçı barışmış və H.Zərgərov apelyasiya şikayətindən imtina etmişdir. Bundan sonra İddiaçı xx.xx.2015-ci il tarixdə notarial qaydada ərizə yazmışdır ki, qeyriyaşayış sahəsi barəsində iş üzrə H. Zərgərovun xeyrinə imtina etmiş, gələcəkdə bununla bağlı hər hansı maddi iradı olmayacaqdır. Hazırda isə N.Muradova qarşı iddia qaldıraraq mübahisəli qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini tələb edir. Halbuki, onunla MMC arasında bağlanmış 2008-ci il tarixli müqavilə həm əhəmiyyətsiz, həm də mübahisələndirilə bilən əqddir. Həmin müqavilə əslində qeyri-yaşayış sahəsinin əldə edilməsi məqsədi ilə bağlanmamışdır. Belə ki, H.Zərgərovla İddiaçı arasında olan pul mübahisəsi səbəbi ilə bağlanmışdır. Lakin 2008-ci ildən 2014-cü ilə kimə həmin vəsait ödənilməməsinə görə İddiaçı Xətai Rayon Məhkəməsində iddia qaldırmış, bundan sonra məhkəmə prosesi zamanı aralarında yaranmış razılıqla bağlı olaraq həmin əmlakdan notarial qaydada imtina etmişdir. Bu fakt bu halı bariz şəkildə təsdiq edir. Məhz bu səbəblə də bağlanmış əqd uydurma əqddir. Eyni zamanda, MMC-nin həmin əqdi bağlamaq səlahiyyəti olmamışdır. Belə ki, həmin mübahisəli qeyri-yaşayış sahəsi 2007-ci ildə H.Zərgərova satılmışdır. Belə olan halda, həmin əqdi bağlamaq səlahiyyəti olmadan əqd bağlanmışdır. Həmçinin, İddiaçılə müqavilə bağlanarkən H.Zərgərovun heç bir imtina məktubu və ya ərizəsi olmamışdır. Məhz 2015-ci il tarixində H.Zərgərov onda olan müqavilənin əslini MMC-yə təhvil verərək, N.Muradovun xeyrinə imtina ərizəsi vermiş, bundan sonra N.Muradovla MMC arasında müqavilə bağlanmışdır. Bundan başqa, X15 Quliyevə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “xxxxxxx” MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, Nadir Muradov və “xxxxxxx” MMC-yə qarşı qarşılıqlı iddia verərək, N.Muradovla “xxxxxxx” MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli çox mənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə, ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd olunmuşdur. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Xətai Rayon Məhkəməsini xx.xx.2014-cü il tarixli qətnaməsi ilə “xxxxxxx” MMC-yə qarşı iddiası təmin edilərək, mübahisəli qeyriyaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsi MMC-yə həvalə edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Həmin məhkəmənin xx.xx.2014-cü il tarixli qərardadı ilə isə, iddianın təmin tədbiri olaraq sözügedən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi həmin MMC və digər şəxslərə qadağan edilmişdir. MMC rəhbərinin bu qərardaddan xəbərdar olmasına baxmayaraq, xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən, mübahisəli qeyri-yaşayış sahəsini Nadir Muradova satmışdır. Eyni zamanda, MMC ilə N.Muradov arasında xx.xx.2015-ci il tarixli müqavilənin bağlanmasına əsas olaraq H.Zərgərovun MMC-nin rəhbərinə ünvanlanmış xx.xx.2015-ci il tarixli ərizəsi əsas götürülmüşdür. Digər tərəfdən, H.Zərgərov, Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayətindən imtina etməklə faktiki olaraq mübahisəli qeyri-yaşayış sahəsinə olan bütün iddiasından və tələbindən imtina etmiş olmasına, bununla da sahə üzərində heç bir hüquqi və qanuni əsaslarının olmamasına baxmayaraq, onun ərizəsi əsasında qeyri-yaşayış sahəsi N.Muradovun adına keçirilmişdir. Əgər onun sözügedən sahə üzərində hər hansı hüquqi və qanuni əsasları olsaydı o zaman həmin şəxs apelyasiya şikayətindən imtina etməz, eyni zamanda həmin sahəyə dair MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləni mübahisələndirilmiş olardı. Odur ki, H.Zərgərov tərəfindən qanuniliyi qəbul edilmiş müqavilənin sonradan N.Muradov tərəfindən mübahisələndirilməsi əsaslı deyildir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4807/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə X4 İddiaçı Vahib oğluna qarşı “müqavilənin etibarsız hesab edilməsi” haqqında ilkin, İddiaçı Vahib oğlunun X7 qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair 2(103)-4807/2020 saylı mülki işlə İddiaçı Vahib oğlunun “xxxxxxx” MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair 2(103)-2071/2020 saylı mülki iş eyni icraatda birləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, öz apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin, Nadir Muardovun şikayətinin isə rədd olunmasını xahiş etdi. Suala cavab olaraq bildirdi ki, İddiaçı xx.xx.2015-ci il tarixli ərizəni və qətnamənin icrasında imtina barədə ərizəni ona görə yazmışdır ki, H.Zərgərovla aralarında razılaşmışlar ki, H.Zərgərov mübahisəli qeyri-yaşayış sahəsini satacaq və əldə olunmuş pulu aralarında böləcəklər. Lakin H.Zərgərov bu razılaşmaya bağlı qalmamış, həmin sahəni İddiaçı xəbəri olmadan N.Muradova satmışdır. Nadir Muradovun nümayəndəsi isə, öz apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin, İddiaçı şikayətinin isə rədd olunmasını xahiş edərək bildirmişdir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayətinə apelysiya instansiyasında baxılarkən H.Zərgərovla İddiaçı razılıq əldə edərək barışmış və H.Zərgərov apelyasiya şikayətindən imtina etmişdir. Bundan sonra İddiaçı xx.xx.2015-ci il tarixdə notarial qaydada ərizə yazmışdır ki, qeyri-yaşayış sahəsi barəsində iş üzrə H. Zərgərovun xeyrinə imtina edərək mübahisəli qeyri-yaşayış sahəsinin H.Zərgərovun adına özəlləşməsinə etiraz etmir, gələcəkdə bununla bağlı hər hansı maddi iradı və tələbi olmayacaqdır. Hazırda isə N.Muradova qarşı iddia qaldıraraq mübahisəli qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini tələb edir. Halbuki, onunla MMC arasında bağlanmış 2008-ci il tarixli müqavilə həm əhəmiyyətsiz, həm də mübahisələndirilə bilən əqddir. Belə ki, MMC-nin İddiaçı pul borcu olduğundan xx.xx.2008ci il tarixdə formal olaraq belə bir müqavilə bağlamışlar. Bu halı MMC-nin nümayəndəsi də məhkəmə iclasında təsdiq etmişdir. Halbuki, MMC-nin həmin əqdi bağlamaq səlahiyyəti olmamışdır. Belə ki, həmin mübahisəli qeyri-yaşayış sahəsi 2007-ci ildə H.Zərgərova satılmışdır. Belə olan halda, həmin əqdi bağlamaq səlahiyyəti olmadan əqd bağlanmışdır. Həmçinin, İddiaçılə müqavilə bağlanarkən H.Zərgərovun heç bir imtina məktubu və ya ərizəsi olmamışdır. Məhz 2015-ci il tarixində H.Zərgərov onda olan müqavilənin əslini MMC-yə təhvil verərək, N.Muradovun xeyrinə imtina ərizəsi vermiş, bundan sonra N.Muradovla MMC arasında müqavilə bağlanmışdır. Hal-hazırda sözügedən qeyri-yaşayış sahəsi N.Muradovun sahibliyində və istifadəsindədir. Hikmət Zərgərov isə bildirmişdir ki, o, mübahisəli qeyri-yaşayış sahəsini xx.xx.2007ci il tarixli müqavilə ilə əldə edərək, fasad hissəsində təmir işləri apararq 10000 manata yaxın vəsait xərcləmişdir. Lakin maddi sıxıntıları olduğu üçün daxildə təmir işləri apara bilməmiş və təmiri dayandırmışdır. İddiaçı müqaviləsi isə xx.xx.2008-ci il tarixdə bağlanmışdır. Göründüyü kimi, “xxxxxxx” MMC onunla bağlanmış müqavilə üzrə öhdəliyini pozaraq, həmin qeyri-yaşayış sahəsi ilə bağlı üçüncü şəxslə müqavilə bağlamışdır ki, həmin müqavilə də uydurma müqavilədir. Belə ki, MMC-nin İddiaçı pul borcu olduğundan xx.xx.2008-ci il tarixdə formal olaraq belə bir müqavilə bağlamışlar. Əslində isə, nə İddiaçı MMC-yə müqavilədə nəzərdə tutulmuş pulu ödəmiş, nə də MMC-nin həmin sahəni İddiaçı təhvil vermək öhdəliyi yaranmışdır. Suala cavab olaraq bildirdi ki, Xətai Rayon Məhkəməsinin qətnaməsində verdiyi apelyasiya şikayətindən ona görə imtina etmişdir ki, İddiaçılə aralarınla razılıq olmuşdur ki, İddiaçı mübahisəli sahəyə olan tələbindən notarial qaydada imtina edəcəkdir. Buna görə də, o, həmin sahəyə dair müqaviləsində xx.xx.2015ci il tarixdə Nadir Muradovun xeyrinə imtina etmiş və xx.xx.2015-ci il tarixdə İddiaçı də həmin sahəyə olan tələb hüququndan tamamilə imtina etmişdir. MMC-yə ünvanladığı ərizədə texniki səhvə yol verərək, xx.xx.2015-ci il tarixi qeyd etmişdir. Apelyasiya şikayətindən imtina etsə də, onunla MMC arasında bağlanmış müqavilə hüquqi qüvvəsini itirməmişdir, onun etibarsızlığı barədə hər hansı məhkəmə aktı da yoxdur, həmçinin İddiaçı tərəfindən hələ də, onun müqaviləsi mübahisələndirilməmişdir. Buna görə də, N.Muradovun xeyrinə mübahisəli sahədən imtina edərkən buna səlahiyyətli olmuşdur. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, “xxxxxxx” MMC məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, apelyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı şikayəti rədd, Nadir Muradovun şikayəti isə təmin olunmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, Hikmət Zərgərovla “xxxxxxx” MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqaviləyə əsasən, podratçı “xxxxxxx” MMC ünvan 1 ünvanda tikilməkdə olan yaşayış binasının 3-cü (4-cü) korpusunun 3-cü (5-ci) girişinin 1-ci mərtəbəsində yerləşən, 497,5 kv.metr qeyri-yaşayış sahəsini tikib sifarişçi H.Zərgərova təhvil verməyi öhdəsinə götürmüş, müqavilənin qiyməti 497.500 manat müəyyən edilmişdir. xx.xx.2007-ci il tarixli kassa mədaxil orderindən görünür ki, H.Zərgərov həmin məbləği MMC-yə ödəmişdir. İddiaçılə “xxxxxxx” MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqaviləyə əsasən, podratçı “xxxxxxx” MMC ünvan 1 ünvanda tikilməkdə olan yaşayış binasının 3-cü korpusunun 3-cü girişinin 1-ci mərtəbəsində yerləşən, 497,5 kv.metr qeyri-yaşayış sahəsini tikib sifarişçi İddiaçı təhvil verməyi öhdəsinə götürmüş, müqavilənin qiyməti 536.802,50 manat müəyyən edilmişdir. xx.xx.2008-ci il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı həmin məbləği MMC-yə ödəmişdir. “xxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışda qeyd olunmuşdur ki, mübahisəli qeyri-yaşayış sahəsinə ilkin olaraq xx.xx.2007-ci ildə sifarişçi Hikmət Zərgərovun adına müqavilə bağlanmış və həmin sahə üçün ondan 497.500 manat pul alınmışdır. Həqiqətən həmin qeyri-yaşayış sahəsi ona satılmış, ikinci şəxsə satılmamışdır. MMC-nin xx.xx.2014-cü il tarixli arayışında isə sözügedən ünvanda tikilən binanın birinci mərtəbəsində qeyri-yaşayış sahəsinin satıldığı vətəndaşlar arasında H.Zərgərovun adı qeyd olunmuşdur. Hikmət Zərgərov, “xxxxxxx” MMC-yə ünvanladığı xx.xx.2015-ci il tarixli ərizə ilə sözügedən ünvanda yerləşən binanın 5-ci giriş, 1-ci mərtəbəsində yerləşən sahəsi 497,5 kv.metr olan ona məxsus qeyri-yaşayış sahəsinin Nadir Muradovun adına sənədləşdirilməsini xahiş etmişdir. Nadir Muradovla “xxxxxxx” MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqaviləyə əsasən, podratçı “xxxxxxx” MMC ünvan 1 ünvanda tikilməkdə olan yaşayış binasının 3-cü (5-ci) korpusunun 5-ci girişinin 1-ci mərtəbəsində yerləşən, 497,5 kv.metr qeyri-yaşayış sahəsini tikib sifarişçi N.Muradova təhvil verməyi öhdəsinə götürmüş, müqavilənin qiyməti 497.000 manat müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixli kassa mədaxil orderindən görünür ki, N.Muradov həmin məbləği MMC-yə ödəmişdir. “xxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışda qeyd olunmuşdur ki, mübahisəli qyeri-yaşayış sahəsinə ilkin olaraq xx.xx.2007-ci il tarixdə H.Zərgərovun adına müqavilə bağlanmış və xx.xx.2015-ci ilədə qədər onun adında olmuşdur. xx.xx.2015-ci il tarixdən H.Zərgərovun ərizəsinə əsasən N.Muradovun adına sənədləşdirilmişdir. Tərəflərin izahatları əsasında müəyyən olunur ki, yuxarıda sadalanan müqavilələrdə ünvanlar fərqli qeyd olunsa da, mübahisə eyni qeyri-yaşayış sahəsi barəsindədir. Belə olan halda, borclu “xxxxxxx” MMC-nin mübahisə predmeti olan qeyri-yaşayış sahəsini (eyni əşyanı) müqavilə əsasında bir neçə şəxsə - Hikmət Zərgərova, İddiaçı və Nadir Muradova vermək öhdəliyini üzərinə götürmüş sayılır. Bu halda əşyanın kimə məxsusluğu qanunvericilikdə aydın şəkildə tənzimlənmişdir. Mülki Məcəllənin 452.1-ci maddəsinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Göründüyü kimi, qanun, fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydalarını dəqiqliklə müəyyən etmişdir. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni üçüncü şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur. Çünki, borclunun artıq başqasının mülkiyyətinə keçmiş (verilmiş) əşyanı kreditora verməsi obyektiv səbəbdən mümkün deyil. Bu baxımdan, əşyanın üçüncü şəxsin sahibliyinə verilməsi faktı müəyyən edildiyi təqdirdə alıcılardan (kreditorlardan) hansının müqaviləni daha əvvəl bağlamasının hüquqən əhəmiyyəti yoxdur. Çünki, qanun, müqavilələrin tarixini o halda həlledici sayır ki, əşya nə onu tələb edən kreditora, nə də üçüncü şəxsə verilməmiş olsun. Əgər əmlak hələ verilməmişsə, onda öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur. Baxılan işin hallarından mübahisəli qeyri-yaşayış sahəsinin kreditorlardan hansısa birinin mülkiyyətinə (sahibliyinə və istifadəsinə) verilməsi görünmür. Belə olan halda, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur. Bu qayda təbii ki, həmin müqavilənin etibarlı əqd olduğu hallara aiddir. O da nəzərə alınmalıdır ki, fərdi müəyyən əşyanın verilməsinə dair bir neçə müqavilə bağlandıqda yuxarıda qeyd olunan əsaslardan hər hansı birinə uyğun olaraq onlardan birinə üstünlük verilməsi, digər müqavilələrin etibarsızlığı nəticəsini doğurmur. Çünki qanunvericilikdə fərdi müəyyən əşyaların alqı-satqısı baxımından belə bir etibarlılıq şərti nəzərdə tutulmayıb, əskinə MM-in 452.1-ci maddəsinin son iki cümləsində nəzərdə tutulan müddəalar bu müavilələrin hamsının etibarlı olduğunu (qanunvericilikdə nəzərə tutulmuş etibarlılıq şərtləri ödənildiyi halda) göstərir. Qısaca belə izah etmək olar ki, normanın mənasına görə, fərdi müəyyən əşyanın başqasına verilməsinə dair bir neçə şəxslə müqavilə bağlanmışsa və onlardan hansının əvvəl bağlandığı müəyyənləşdirilə bilinmirsə, kim bununla bağlı daha əvvəl iddia irəli sürmüşsə üstünlük ona verilir. Əgər ilk müqavilədən sonra bağlanmış müqavilələr etibarsız olsaydı, belə hesab olunardı ki, məhkəmə etibarsız müqaviləyə əsaslanaraq ilk iddia sürənin tələbini təmin etmişdir. Halbuki, müqavilə etibarsızdırsa, onda məhkəmə qərarı ilə təmin olunmalı bir haqq da olmaz. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin düzgün hüquqi həlli üçün ilk növbədə yuxarıda qeyd olunanlar nəzərə alınmaqla sözügedən qeyri-yaşayış sahəsinə dair bağlanmış müqavilələrin etibarlılığı ilə bağlı məsələ həll olunmalıdır. Hazırda İddiaçı, mübahisəli qeyri-yaşayış sahəsinin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə ona məxsus olduğunu bildirərək, Nadir Muradovun adına bağlanmış xx.xx.2015-ci tarixli müqavilənin etibarsız hesab edilməsini tələb edir. Nadir Muradov isə, İddiaçılə bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin uydurma olduğunu və H.Zərgərovun müqaviləsindən sonra bağlandığını bildirərək, onun etibarsız hesab edilməsini bildirir. Mülki Məcəllənin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Hazırkı işdən görünür ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair ilkin olaraq xx.xx.2007-ci il tarixdə “xxxxxxx” MMC ilə Hikmət Zərgərov arasında müqavilə bağlanmışdır. Bundan sonra, “xxxxxxx” MMC həmin sahəyə dair xx.xx.2008-ci il tarixdə İddiaçılə də müqavilə bağlamışdır. Lakin həmin MMC tərəfindən təqdim edilmiş arayışlarda sözügedən qeyri-yaşayış sahəsinə dair ilkin olaraq və yalnız H.Zərgərovla müqavilə bağlandığı qeyd olunmuş və tərtiblənmiş siyahıdabinanın birinci mərtəbəsində qeyri-yaşayış sahəsinin satıldığı vətəndaşlar arasında yalnız H.Zərgərovun adı qeyd olunmuşdur. “xxxxxxx” MMC-nin qanuni təmsilçisi Mahir Kərimov, xx.xx.2014-cü il tarixli və xx.xx.2020-ci il tarixli məhkəmə iclaslarında verdiyi izahatlarında bununla bağlı bildirmişdir ki, İddiaçılə MMC arasında bağlanmış müqaviləni həmin MMC-ni maliyyələşdirən şəxsin cəmiyyətin fatiki sahibinin xahişi ilə imzalamışdır. Mübahisəli qeyri-yaşayış sahəsi maraqlı şəxs H.Zərgərova məxsusdur. İddiaçılə müqaviləni imzalayanda o, qeyri-yaşayış sahəsinin başqa şəxsə məxsus olduğunu bilmiş, onunla bağlanan müqavilə başqa əqdi pərdələmək üçün bağlanmışdır. Belə ki, sahibkarın İddiaçı borcu olduğu üçün ondan İddiaçı adına formal müqavilə bağlamağı tələb etmişlər. Müqavilə yazılmış şəkildə ona verilmiş və pul verilmədən möhürlənməsi tələb olunmuşdur. O da, şirkət rəhbərinin göstərişi ilə müqaviləni imzalamış və təsdiq etmişdir. MM-in 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Göründüyü kimi, müqavilə dedikdə, tərəflərin hansısa hüquqi nəticə əmələ gətirmək haqqında bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Sadalanan normalar, qanunda zəruri forma şərti (yazılı sənədin tərtibi, hər iki tərəfin mühüm şərtlər barədə sənəddə əks olunan iradə bəyanları və s.) tələb olunan müqavilələrin həmin formada bağlanmaması (MM, maddə 329, 405.1, 406.1 və s.), habelə tərəflərin əslində əmələ gətirmək istədikləri hüquqi nəticədən fərqli əqd sənədləşdirmələri (MM, maddə 340.2) hallarında bağlanmış müqavilələrin etibarsız olmasını nəzərdə tutur. Yalan əqddə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə razılığa gəlmiş olurlar, lakin görünən əqdlə həmin müqaviləni pərdələləyirlər. Beləcə, tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Bu səbəbdən, pərdələyən əqd əhəmiyyətsizdir və heç bir hüquqi nəticə yaratmır. O da nəzərə alınmalıdır ki, pərdələnən (gizli) müqavilə etibarlılıq şərtlərinə (forma, səlahiyyətli orqanın təsdiqi və s.) cavab vermisə həmin əqd də etibarlı sayılmır (MM-in 340.2-ci maddəsinin sonuncu cümləsi). İddiaçı isə, qeyd olunanları təkzib edərək, mübahisəli qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu bildirsə də, onun həmin sahənin hüquqi müqəddəratının müəyyən olunmasına yönəlmiş bəzi iradə ifadələri bu qənaətə gəlməyə imkan vermir. Belə ki, işdən görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə sözügedən qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyi “xxxxxxx” MMC-nin üzərinə qoyulmuş və qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Bundan sonra, İddiaçı, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2015-ci il tarixli ərizə ilə müraciət edərək, bildirmişdir ki, adına olan ünvan 1 ünvanda tikilməkdə olan yaşayış binasının korpus-3, giriş-3, mərtəbədə 1-də yerləşən, ümumi sahəsi 497,5 kv.metr olan “xxxxxxx” MMC tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsindən Hikmət Zərgərovun xeyrinə imtina edir və onun adına özəlləşdirilməsinə etiraz etmir. Gələcəkdə bununla bağlı hər hansı maddi iradı və tələbi olmayacaq. Eyni zamanda, Xətai rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2015-ci il tarixli ərizə ilə Xətai Rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə olan tələbindən imtina etmişdir. Göründüyü kimi, İddiaçı, qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə məhkəmə qətnaməsinin icrası mərhələsində tələbindən imtina etməklə və həmin sahənin H.Zərgərovun adına sənədləşdirilməsinə razılıq verməklə, həmin sahəyə dair onunla “xxxxxxx” MMC arasında bağlanmış müqavilənin etibarlılığını şübhə altına almışdır. İddiaçı nümayəndəsi apelyasiya baxışında verdiyi izahatında bu halları (yuxarıda qeyd olunan ərizələrini) onunla əsaslandırmağa çalışmışdır ki, Hikmət Zərgərovla aralarında razılaşmışlar ki, H.Zərgərov mübahisəli qeyri-yaşayış sahəsini satacaq və əldə olunmuş pulu aralarında böləcəklər. Lakin H.Zərgərov bu razılaşmaya bağlı qalmamış, həmin sahəni İddiaçı xəbəri olmadan başqasına satmışdır. Kollegiya, nümayəndənin qeyd etdikləri ilə razılaşmır, ona görə ki, əvvəla məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim olunmamışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Digər tərəfdən, ortada İddiaçı lehinə (mübahisəli sahənin ona təhvil verilməsi barədə) qanuni qüvvəyə minmiş və icra mərhələsində olan məhkəmə qətnaməsinin olduğu bir vaxtda, onun həmin sahənin satılaraq pulunun bölünməsi barədə üçüncü bir şəxslə razılığa gəlməsi həyatın normal axışı baxımından inandırcı görünmür. Yəni, sahə bütünlüklə ona məxsus olduğu halda, hansı zərurətlə belə bir razılaşma içərisinə girməsi aydın deyil və şübhə doğurur. Odur ki, Kollegiya qeyd olunanları nəzərə alaraq, bu qənaətə gəlir ki, Səbail Rayon Məhkəməsinin İddiaçılə “xxxxxxx” MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilənin etibarsız hesab edilməsi barədə gəldiyi qənaəti əsaslıdır. Kollegiya, həmçinin, rayon məhkəməsinin İddiaçı, Nadir Muradovla “xxxxxxx” MMC arasında bağlanmış xx.xx.2015-ci tarixli müqavilənin etibarsız hesab edilməsi barədə tələbinin rədd edilməsi barədə qənaəti ilə də razılaşır və hesab edir ki, həmin müqavilənin etibarsızlığı ilə bağlı əsaslar müəyyən edilmir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, “xxxxxxx” MMC-nin İddiaçılə müqavilə bağladıqdan sonra eyni əmlakın verilməsinə dair digər şəxslə - Nadir Muradovla müqavilə bağlaması həmin müqavilənin etibarsızlığına səbəb olmaz. Eyni zamanda, Hikmət Zərgərovun həmin əmlaka dair onunla bağlanmış müqavilədən Nadir Muradovun xeyrinə imtina etməsi barədə ərizəsində N.Muradovla MMC arasında bağlanmış müqavilənin tarixindən (xx.xx.2015-ci il) bir gün sonrakı tarixin (xx.xx.2015-ci il ) qeyd olunması da, texniki səhv hesab olunmaqla, müqaviləni etibarsız hala gətirmir. Belə olan halda, yəni mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair “xxxxxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə etibarsız hesab olunduğundan, İddiaçı həmin sahəsinin ona təhvil verilməsi vəzifəsinin “xxxxxxx” MMC-yə həvalə edilməsi barədə tələbi də təmin oluna bilməz. Beləliklə, Kollegiya, qeyd olunanlara əsasən hesab edir ki, Səbail Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddianı təmin, qarşılıqlı iddianı isə rədd edərkən işin faktiki halları, tərəflərin münasibətləri və mübahisənin həlli ilə bağlı düzgün nəticəyə gəlmişdir və İddiaçı apelyasiya şikayətinin dəlilləri həmin qətnamənin ləğvi üçün əsas təşkil etmir. Nadir Muradovun apelyasiya şikayəti isə təmin olunaraq, Xətai Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli qətnaməsi ləğv olunmalı, İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış binasının 3-cü korpusunda 3-cü girişdə 1-ci mərtəbədə yerləşən, sahəsi 497,5 kv.m. olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin “xxxxxxx” MMC-yə həvalə edilməsi barədə iddia tələbi rədd olunmalıdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: X4 apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1483/2014 saylı iş üzrə xx xxxxx 2014-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Vahib oğlunun “xxxxxxx” MMC-yə qarşı “ünvan 1 ünvanında yerləşən yaşayış binasının 3-cü korpusunda 3-cü girişdə 1-ci mərtəbədə yerləşən, sahəsi 497,5 kv.m. olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin “xxxxxxx” MMC-yə həvalə edilməsi” barədə iddiası rədd olunsun. İddiaçı Vahib oğlunun apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-472/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar