Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2073/2022 17.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşov Ülkər Nazim qızının katibliyi iştirakı ilə İddiaçı ləğv prosesindəki Cavabdeh1 ASC-nə və Bakı şəhəri Nizami rayon icra şöbəsinə qarşı “ipotekaya xitam verilməsi, əmlakın ipoteka yüklülüyündən azad edilməsi və icra sənədinin məhkəməyə qaytarılması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 ASC-nə (bank) və Bakı şəhəri Nizami rayon icra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankın Yasamal filialı və X2 arasında bağlanmış 16 dekabr 2011-ci il tarixli kredit müqaviləsinin təminatı kimi bağlanmış eyni tarixli ipoteka müqaviləsi üzrə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, 32 saylı mənzilin ipoteka ilə yüklülüyünə xitam verilməsi, mənzilin bank qarşısında ipoteka yüklülüyündən azad edilməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1576/2019 saylı icra sənədinin (vərəqəsinin) “tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2 mərtəbəli, 5 nömrəli binada yerləşən 32 saylı mənzilə yönəldilməsi” hissəsində məhkəməyə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06.06.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh1 ASCnin xeyrinə X1 18 862 ABŞ dolları əsas, 3432 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə olmaqla cəmi 22 794 ABŞ dollarının və 30 manat dövlət rüsumunun tutulması, tutmanın ona məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəıi, Xətai rayonu, Nobel prospekti, 2 mərtəbəli, 5 nömrəli binada yerləşən 32 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə edilmiş pul vəsaitindən 22 794 ABŞ dollarının (icra olunan gün AZN məzənnəsi ilə) və 30 manat dövlət rüsumunun bankın xeyrinə ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin ona qaytarılması, tutma yönəldikdən sonra onun və mənzildə qeydiyyatda olan digər şəxslərin 1 ay ərzində mənzili boşaltmaları qət edilmiş, Bakı Apellyasiya Məhkəməsi tərəfindən həmin qətnamə yalnız ipoteka predmetinin satış qiymətinin müəyyən edilməməsi hissəsində dəyişdirilmiş, mənzilin dəyəri 65 000 manat müəyyən edilmiş, qalan hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin qərarı ilə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, qanuni qüvvəsini alan qətnamə icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. Nizami rayon icra şöbəsi tərəfindən icra hərəkətlərinə başlanılmış və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılması üçün hərrac təşkilatına sifariş göndərilmiş, "xxxx" MMC iki mərhələli formada hərrac təyin etmiş, 24 fevral 2020-ci il tarixə təyin edilmiş hərracın ikinci mərhələsi baş tutmadığından bu barədə hərrac təşkilatı tərəfindən “Birja" qəzetinin 28.02.2020-ci il tarixli nömrəsində elan dərc edilmiş, həmin tarixdə də ipoteka predmetinin əldə edilməsi üçün tələbkar banka təklif məktubu göndərilmiş, lakin bank tərəfindən qanunla müəyyən edilmiş 30 təqvim günü ərzində əmlak əldə edilməmiş və ya bu barədə təklifə müsbət mövqe bildirilməmişdir. Bu səbəbdən də sifariş məktubu hərrac təşkilatı tərəfindən 01.04.2021-ci il tarixdə icra şöbəsinə geri qaytarılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin olunmuş, ləğv prosesində olan "xxxx" ASC və X2 arasında 16.12.2001-ci il tarixli 16122011\803 saylı kredit müqaviləsinin təminatı kimi bağlanılmış 16.12.2001-ci il tarixli 16122011\803\İ saylı ipoteka müqaviləsi üzrə Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən 5 saylı evin 35 sayl mənzilinin ipoteka ilə yüklülüyünə xitam verilməsi və mənzilin ipoteka yüklülüyündən azad edilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu (Fond) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün hüquqi qiymət vermədiyi, gəldiyi nəticənin işin hallarına zidd olduğu, hərrac təşkilatının banka göndərdiyi bildirişlərin bank tərəfindən alınıb-alınmadığını araşdırmadığı, hərracın keçirildiyi dövrdə bankda ləğvetmə prosesinin başladığını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri (vaxtı) barəsində lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərindən, işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnamədən iddiaçı şikayət verməmişdir və bu səbəblə onun iddiasının təmin edilməyən hissəsi ümumiyyətlə apellyasiya baxışının predmeti deyildir; cavabdeh Ramil Hüseynov isə qətnamənin ləğvini tələb etsə də, şikayətinin məzmunundan onun qətnaməni müvafiq hissədə mübahisələndirdiyi aydın olur. Bununla yanaşı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə kollegiya şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunan hallarına görə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06.06.2018-ci il tarixli qətnaməsi ilə X1 18 862 ABŞ dolları əsas, 3432 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə olmaqla cəmi 22 794 ABŞ dolları kredit borcunun (qətnamənin icra oldunduğu gün Azərbaycan manatı məzənnəsinə uyğun olaraq manatla) və 30 manat dövlət rüsumunun Cavabdeh1 ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2 mərtəbəli, 5 nömrəli binada yerləşən 32 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə edilmiş pul vəsaitindən 22 794 ABŞ dollarının (icra olunan gün manat məzənnəsi ilə) və 30 manat dövlət rüsumunun Cavabdeh1 ASC-nə ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin İddiaçı qaytarılması, tutma yönəldikdən sonra onun və mənzildə qeydiyyatda olan digər şəxslərin 1 ay ərzində mənzili boşaltmaları qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 28.01.2019-cu il tarixli qətnaməsi ilə həmin qətnamə mənzilin ilkin satış qiymətinin müəyyən edilməməsi hissəsində dəyişdirilərək mənzilin ilkin satış qiyməti 65 000 manat müəyyən edilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından aydın olur ki, Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi 21 avqust 2019-cu il tarixdə icraya yönəldilmiş, Nizami rayon İcra və Probasiya Şöbəsi 20.12.2019-cu il tarixdə maraqlı tərəflərə məktub ünvanlayaraq mənzilin hərracda satışının təşkili üçün "xxxx" MMC-nə sifariş vermiş, adı çəkilən MMC tərəfindən “Birja Yenilikləri” qəzetinin 10-16 yanvar 2020-ci il və 31 yanvar 06 fevral 2020-ci il tarixli buraxılışlarında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2 mərtəbəli, 5 nömrəli binada yerləşən 32 saylı mənzilin ilkin satış qiyməti 67 000 manat müəyyən edilməklə 10 fevral 2020-ci il tarixdə açıq hərracının keçiriləcəyi barədə elan verilmiş, bununla bağlı tərəflərə, o cümlədən Cavabdeh1 ASC-nə bildirişlər göndərilmiş, həmin qəzetin 14-20 fevral 2020-ci il tarixli buraxılışında ilkin hərracın baş tutmadığı qeyd olunmaqla mənzillə bağlı ikinci hərracın 24.02.2020-ci il tarixdə keçiriləcəyi (ilkin satış qiymətindən 15% aşağı qiymətlə) haqqında elan yerləşdirilmiş və icra icraatının tərəflərinə bildirişlər ünvanlanmış, mənzil təkrar hərracda da satılmadığından əmlakı təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 42 712,5 manata alıb-almayacağı məsələsinə münasibət bildirməsi üçün Banka 28.02.2020-ci il tarixdə təklif məktubu göndərilmiş, eyni zamanda “Birja Yenilikləri” qəzetinin 28 fevral 05 mart 2020-ci il tarixli buraxılışında hərracın baş tutmadığı barədə elan verilmişdir. İş materiallarından həmçinin aydın olur ki, "xxxx" MMC 01.04.2021-ci il tarixdə Nizami rayon icra şöbəsinə məktub ünvanlayaraq ipoteka predmetinin təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 42 712,5 manata alması barədə banka təklif edildiyini, lakin bank tərəfindən ipoteka predmetinin əldə edilmədiyini, buna görə də sifariş məktubunun geri qaytarıldığını bildirmişdir. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarına əsaslanaraq, belə nəticəyə gəlmişdir ki, ipoteka saxlayan ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi üçün “İpoteka haqqında” Qanunun 48-ci maddəsinə əsasən ipotekaya xitam verilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi hüquq normasının tətbiqində səhvə yol verməmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı ... əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin Qanunun 43.7-ci maddəsinə görə, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Qanunun 43.8-ci maddəsinə görə isə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “... “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Yuxarıda qeyd olunduğu kimi, hərracın təşkilatçısı olan "xxxx" MMC, ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 42 712,5 manata alıb-almayacağı məsələsinə münasibət bildirməsi üçün Banka 28.02.2020-ci il tarixdə təklif məktubu göndərmişdir və bankın həmin təklifə hər hansı cavab vermədiyi işin mübahisəsiz halıdır. Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətində bunu həmin təklifin banka çatdırılmaması ilə izah etsə də, iş materiallarından görünür ki, həm hərraclar barədə bildirişlər, həm də müvafiq təklif bank tərəfindən alınmışdır. Şərh olunanlara əsasən kollegiyanın qənaəti ondan ibarətdir ki, əmlakın üzərindəki ipoteka yüklülüyünə xitam verilməsi üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas təşkil etmir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2699/2021 saylı iş üzrə 16 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2073/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2073/2022
17.03.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver