Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2073/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Memmed qızının (Türkiyə Respublikası vətəndaşı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mirzəbala qızına qarşı işi üzrə QƏTNAMƏSİ Açar səzlər: (“pul”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı, onun nümayəndəsi X2, Cavabdeh1, Cavabdeh3 və onun vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Memmed qızının (Türkiyə Respublikası vətəndaşı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5643/2022 saylı işi üzrə 07 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Memmed qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 2654 manat borcun, 3537 manat maddi zərərin, cəmi 6191 manatın, Cavabdeh1 4032 manat borcun, 3537 manat maddi zərərin, cəmi 7569 manatın, Cavabdeh3 21975 manat borcun, 3537 manat maddi zərərin, cəmi 25512 manatın, beləliklə ümumilikdə 39272 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5643/2022 saylı işi üzrə 07 dekabr 2022ci il tarixli qətnaməsi ilə İddiaçı Memmed qızının Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh1 4032 manat, Cavabdeh3 19823 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Memmed qızına ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1, 427.3; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 52.5, 88, 191.3-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh1 iddianı ona yönələn tələb üzrə əsas borcu etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur.Belə olan halda məhkəmə iddia tələbinin bu hissəsi ilə bağlı əlavə araşdırmaya zərurət görmür və hesab edir ki, iddia bu hissədə təmin edilməlidir.Hazırki halda məhkəməyə təqdim edilmiş sübutlarla Cavabdeh3 iddiaçıya 21975 manat borcunun olmasını müəyyən edilmir. Cavabdeh3 istintaq orqanına verdiyi izahatında “Cəmiləgilə” 19242 manat borcunu qaytaracağını bildirmiş, hazırki məhkəmə iclasında həmin izahatı hədə-qorxu altında verdiyini göstərsə də, ona hədə-qorxu gəlinməsi ilə bağlı hər hansı aidiyyəti orqana müraciət etməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin, məhkəmə iclasındakı ifadəsində iddiaçıya məxsus 16823 manatlıq qızılın onda qalmasını, bundan əlavə, iddiaçıdan 2600 manat, anasından isə 400 manat nağd şəkildə borc aldığını, beləliklə iddiaçıya 3000 manat nağd borcunun olduğunu göstərmişdir.Həmçinin, Cavabdeh3 məhkəmə iclasında iddiaçıya qızılların əvəzində pulları tam ödədiyini, buna dair səs yazılarından ibarət sübutlarının olduğunu bildirsə də, onun tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. sübutetmə yükü baxımından iddiaçının vaxt aşırı Türkiyə Respublikasından Azərbaycan Respublikasına və əksinə gedib-gəlməsi, bununla bağlı müxtəlif maddi məsrəflər çəkdiyini və çəkilən xərclərin məhz cavabdehlərin təqsirli hərəkətləri ilə əlaqəli olduğunu, bir sözlə, tələbin hüquqi və fatiki əsaslarını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin tələbdə qeyd olunan iddiaçı tərəfindən çəkilən xərclərin cavabdehlərin hərəkətləri ilə səbəbli əlaqəsi olduğuna dair nə iddiaçı tərəfindən sübut təqdim olunmuş, nə də bu hal işin məhkəmə araşdırılması ilə müəyyən edilməmişdir.Belə olan halda iddia tələbinin qeyd edilən hissəsi də əsassız olduğundan təmin edilə bilməz.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki : - Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş 01 iyul 2022-ci il tarixli "cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarına əsasən Cavabdeh1 izahatında göstərmişdir ki, o, Cəmilə Bayramovadan bir neçə dəfə satmaq üçün qızıl-zinət əşyaları götürmüş, satıb pulunu vermişdir. 2021-ci ilin yanvar ayından etibarən isə Cəmilənin bacısı Şəlalə Kurtu tanımışdır. Belə ki, həmin vaxt onlar üçü birlikdə "Vatsap” proqramı vasitəsilə danışarkən Şəlalə bacısı Cəmilədə olan qızıllarını satmaq istədiyini demiş, o da pandemiya ilə əlaqədar qızılın satışının çətinləşdiyini bildirmişdir. Təxminən bir həftə sonda Şəlalə özü ona zəng edib bacısı Cəmilədə olan olan məxsus qızılların satılmasına köməklik etməyi xahiş etmiş, Şəlalənin ona şəklini göndərdiyi qızıl qolbağa baxıb sata biləcəyini demişdir. Şəlalə həmin qolbağın çəkisinin 31 qram, qiymətinin 3565 manat olduğunu demişdir. Razılaşdıqdan bir gün sonra Cəmilənin əri Rasim Şəlalənin qızılını ona təhvil vermişdir. Həmin qızılı tanışı vasitəsilə satandan bir neçə gün sonra Şəlalə təkrarən ona müraciət edəib onun ərəb qızıl dəstini satmasını təklif etmişdir. Qızılın çəkisi 37,7 qram, qiyməti 6032 manat olmuşdur. Yenə bir gün sonra Rasim həmin qızılı ona vermişdir. O, həmin qızılın pulundan Şəlaləyə çatdırması üçün 2500 manatını Rasimə vermiş, sonra həmin qızılı da satmışdır. Daha sonra Şəlalənin satmaq istədiyi başqa bir qızıl qolbağın şəklinə baxmış və sata biləcəyini demişdir. Şəlalə çəkisinin 39,87 qram, qiymətinin 4585 manat olduğunu demiş, razılaşdıqdan sonra Rasim yenə həmin qızılı ona təhvil vermiş və o, pulundan 1500 manatını Rasimə vermişdir. Həmin qızılların pullarını hissə-hissə ödəyəcəyi barədə Şəlalə ilə razılaşdıqlarından, o, qızılları satdığı şəxslərdən pulu hissə- hissə alıb Şəlaləyə ödəmişdir. Sonradan maddi vizəyyəti yaxşı olmadığından Şəlaləyə pul ödəyə bilməmiş və bir qədər gözləməsini xahiş etmişdir. Onun hazırda Şəlaləyə 4782 manat borcu qalmış, qısa müddətdə hissə-hissə həmin pulu ödəyəcəkdir. Cavabdeh3 izahatında göstərmişdir ki, özü əvvəllər ticarətlə məşğul olmuşdur. Cəmilə Bayramovanı uzun illərdir ki tanıyır, onunla birlikdə ticarətlə məşğul olmuşdur. Həmçinin, Cəmilənin bacısı Şəlaləni də tanıyır. Cəmilə 2021-ci ilin mart ayında ona təklif etmişdir ki, onda qızıllar var, ona satmaq üçün versin, o da satıb hissə-hissə müəyyən müddət ərzində pulunu verər, lakin qızılın pulunu nağd şəkildə ödəmədiyi üçün qramını 80 manatdan deyil, 130 manatdan hesablayacaq. O, razılaşmış, 2021-ci ilin mart ayından etibarən həmin ilin iyun ayına kimi Cəmilə ona 27 ədəd qızıl əşyası vermişdir. Sonrakı 5 ay ərzində o, Cəmilənin əri Rasimə hissə-hissə olmaqla cəmi 35000 manat pul vermşdir. 2021-ci ilin iyul ayının 2-də o, özündə qalan qızılları sata bilmədiyindən qaytarmaq istəmiş, lakin Cəmilə buna razı olmamış, qızılların sahibinin bacısı Şəlalə olduğunu bildirmişdir. Şəlalə isə onunla hər gün danışsa da, qızılların ona məxsus olmadığını demişdir. Ondan sonrakı müddət ərzində Şəlalə ona 4700 manat pul vermişdir, 3994 manat Cəmilə vermişdir, Rasim isə ona 1100 manat pul vermişdir. Onlar ondan ümumilikdə 18 ədəd qızıl əşyasını geri götürmüşlər. Hazıda onda cəmi 212,78 qram çəkidə 8 ədəd qızıl əşyası qalıb. O, həmin qızıllara görə Cəmiləyə 8759 manat pul ödəmişdir. Cəmiləgil isə ondan həmin qızılların qramını 130 manatdan tələb edirlər və bildirirlər ki, onlara 19242 manat borcu qalıb, qızıllar onda qaldığına görə o, həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür. Lakin, o, həmin qızılları əslində tanlmadığı şəxslərə qramını 74 manatdan satmışdır. Yəni, o, Cəmiləgilə götürdüyü qızılların lom dəyərini ödəmişdir, lakun Cəmiləgir qızılların qiymətini 130 manatdan hesablayıb əlavə pul istəyirlər. Bundan başqa o özü Şəlalədən 3000 manat borc pul almış, lakin qaytara bilməmişdir. Söz verir ki, 05 iyun 2022-ci il tarixə kimi Cəmiləgilə 19242 manatı, Şəlaləyə 3000 manat borcunu qaytaracaq. Araşdırma zamanı Cavabdeh1 Şəlalə Kurta 750 manat pul ödəmişdir. İddiaçı polisə etdiyi bu şikayətində Cavabdeh2 ona borclu olmasını göstərməmiş, buna görə də, sonuncunun izahatı alınmamışdır; - 2 ədəd CD disklərdəki səs yazıları ilə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən tərtib edilmiş 23 iyun 2022-ci il tarixli "baxış keçirilməsi haqqında protokol” birlikdə nəzərdən keçirilərkən iddiaçı ilə həm Cavabdeh3, həm də Cavabdeh1 borc münasibətlərinin olduğu, müxtəlif məbləğlərdə borcun bir hissəsinin ödənilməsi, borcun məbləği və s. müəyyən edilir(iş səh.5-12). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, № e-16(001)-125/2022 saylı qətnaməsinin - iddianın təmin olunması hissəsində ləğv edilməsini və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Mülki Prosessual Məcəllənin 1.3, 2.1, 9.1, 9.3, 14.1, 80, 88, 97.1, 217.1, 217.4, 218.3, 386,389, 390; Azərbaycan Respublikası Mülki Məcəllənin 747.3, 1243.3, 1246-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə işin halların tam araşdırmadan qətnamə qəbul etmişdir, iddiaçının hansı hüquqlarının təsdiq olunması müəyyən edilməmişdir. Mülkiyyət hüquqümu?Bu təsdiq edilməmişdir, məhkəmə hec bir faktı əsaslandırmadan və onun subutlarını araşdırmadan qərar çıxarıb. Göründüyü kimi məhkəmə qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Yalnız işin materiallarından görünür ki, məhkəmə ancaq qarşı tərəfin təqdim edə bilmədikləri və subuta yetirə bilmədikləri dəlilər əsasında qərnamə qəbu edib. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin mülki işdə tələb qanunvericiliyə və işin faktiki hallarına uyğun olmamasına baxmayaraq, tələbin mövcud qanunvericiliyə uyğun olmaması qətnamədə öz əksini tapmamışdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamışdır. Qətnamə qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilmişdir.(ezamiyyət arayışı, ziddiyyətli şahid ifadələri). Məhkəmə işə baxarkən iddiaçı tərəfndən qaldırılmış iddianı bir tərəfli qaydada həll etmişdir. Belə ki məhkəmənin qətnaməsində mubahisənin predmeti pulun onun tərəfindən ödənildiyini nəzərə alınmamış və qətnamə qəbul etmişdir.
5. İddiaçının nümayəndəsi Vəkil etiraz təqdim edərək, qeyd etmişdir ki,şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “apellyasiya instansiyasında icraat” adlı 41 -ci fəslində müəyyən olunmuş forma və məzmun tələblərinə uyğun olmadığına görə geri qaytarılmalıdır. Belə ki, Cavabdeh3 təqdim etdiyi apellyasiya şikayətində barəsində şikayət verilən qətnamə və ya qərardad hissəsində 2(001)-5643/2022 saylı mülki iş üzrə heç bir əlaqəsi olmayan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)125/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğvini tələb etmişdir.Eyni zamanda Cavabdeh3 şikayətinə “Apellyasiya şikayəti verən şəxsin vəkili” və “Apellyasiya şikayəti verən şəxsin qanuni nümayəndəsi və ya nümayəndəsi” bəndlərini əlavə etsə də, vəkil, nümayəndə və qanuni nümayəndə barədə müvafiq məlumatları qeyd etməmişdir. Bundan əlavə Cavabdeh3 pozulmuş maddi hüquq normaları və onların pozulmasına dair dəlillər hissəsində maddi hüquq normalarını qeyd etsə də, həmin normaların məzmunu və pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərini qeyd etməmişdir.Həmçinin Cavabdeh3 şikayətində birinci instansiya məhkəməsi tərəfindən onun təqdim etdiyi sübutların nəzərə alınmadığını bildirsə də, həmin sübutlarının nə olmasını qeyd etməmiş və ya bununla bağlı hər hansı bir sənədi şikayətinə əlavə etməmişdir.Sadalananlara əsasən şikayətin geri qaytarılmasını xahiş etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 ərizə təqdim etmiş və ərizədə bildirmişdir ki, dəfələrlə sübutlarını hakimə təqdim etmək istəmişdir lakin, qəbul etməyib. Hər dəfə deyib ki, gələn dəfə verərsiz. Məhkəmə sübutlar əsasında qərar qəbul edir. Sübutları ona təzyiq göstərən müstəntiqdən şikayət ərzələri olubdur. Bu ərzələr onun sübutudur. Tək anadır, ağır şəkər xəstəsidir, uşağı 10 yaşında nevroloji autizm xəstəsidir. 35000 verdiyi halda, onun 9000 manatını qaytarıb. Qızılları qaytardığı halda ondan 19000 hədə-qorxularla pul tələb olunur. Bilinmir bunlar polis işçisidir, reketdir, maklerdir, onun evinin kupçasını müstəntiq Əflatdun Səlimov tələb edirdi. Bu barədə bütün lazimi orqanlara 24 disk və ərizələrlə müraciət etmişdir.Onun 3000 Şəlalə Kurta borcu var. Cavabdeh3 izahatında qızıl alveri ilə məşğul olduğunu, qızılı iddiaçının bacısından aldığını, 5 aydan sonra qızılların iddiaçıya aid olduğunu bildiyini qeyd etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Nümayəndə təmsil etdiyini şəxsin izahatını hədə-qorxu altında alındığına dair hüquq-mühafizə orqanlarına müraciət etdiyini, lakin bununla bağlı hər hansı qərarın olmadığını, cinayət işinin rədd edilməsi haqqında qərarı isə bu günə kimi almadığını və həmin qərardan şikayət verə bilmədiyini, qızıl verilərkən təmsil etdiyi şəxsin qızılın iddiaçıya aid olduğunu bilmədiyini, qızılları iddiaçı deyil,bacısı verdiyindən, iddianı da məhz iddiaçının bacısının qaldırmalı olduğunu bildirmişdir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 qızılı iddiaçının bacısından aldığını,lakin qızılların iddiaçı Şəlaləyə aid olduğunu bildiyini, 4032 manat pul borcu olduğu qeyd etmişdir.
9. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən iddiaçı Türkiyədə yaşadığını, Rəsmiyyəni qiyabi tanıdığını, anasının evində 30 il gəlib-gedən adam olduğunu, onun qızıllarının bacısının evində olduğunu, bacısı Bayramova Cəmiləyə qızıllarını Rəsmiyyəyə verməməsini dediyini, bacısının isə buna baxmayaraq, güvəndiyindən qızılları satması üçün Rəsmiyyəyə verdiyini, Rəsmiyyənin bir iki ay qızıllar üçün ödəniş etdiyini, daha sonra isə müxtəlif bəhanələrlə ödəniş etmədiyini, Xurmayəyə özünün razılığı ilə, Əminəyə isə bacısı tərəfindən qızılların verildiyini, Xurmayənin pandemiya səbəbini əsas gətirərək pulu vermədiyini, Əminənin isə həbsdə olduğunu, qızıl veriləndə də, ödəniş ediləndə də hər birinin bacısı vasitəsilə olduğunu qeyd etmiş, Rəsmiyyənin ona 21942 manat borcu qaldığını, 3000 manat borc, gerisinin isə qızılın pulu olduğunu bildirmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 pulların hamısının iddiaçıya məxsus olduğunu, təqdim edilmiş diskdə Cavabdeh3 borcu olduğunu etiraf etdiyini bildirmişdir.
11. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh2ın iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
13. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 324, 385-388, 425, 442, 500-511, 600- 601, 739-746; Mülki Prosesual Məcəllənin 76, 77, 80-82, 106, 119, 217.4, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticəyə müvafiq apellyasiya şikayətinin dəlilləri sübuta yetirilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Diqqətə çatdırılmalıdır ki, məhkəmə yalnız məhkəmə baxışı zamanı xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərara əsasən verilən izahatlara istinad etsə də, həmin qərarın və aparılan araşdırmanın qanunsuz olmasına dair təkzibedici sübutlar təqdim edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Pul vəsaitlərinin hesablanması buna dair yazılı və təkzibedilməz sübutların mövcudluğunu tələb edir, cavabdehlik sübuta yetirildiyi təqdirdə belə, məhz pul vəsaitlərinin təyinatı üzrə məbləğının müəyyən edilməsi üçün bunu sübut edəcək təkzibedilməz sübutlar təqdim edilməlidir.
14. Cavabdehin iddiaçıyla deyil, onun bacısıyla mülki münasibətlərdə olması iddiaçının əmlak hüquqlarının qorunması üçün iddia vermək hüququndan məhrum etmir. Belə ki, məhkəmə araşdırması zamanı əmlakların və pulların iddiaçıya mənsub olması bilavasitə nümayəndəsi olan bacısı tərəfindən təsdiq edilmişdir.
15. Mülki Prosesual Məcəllənin 77.1 və 82.4-cü maddələrinə əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
16. Mülki Məcəllənin 500-511-ci maddələrində əks edilən mövqeyə əsasən diqqətə çatdırılmalıdır ki: Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər.Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir. Borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə barəsində də eyni qayda qüvvədə olur. Əgər öhdəlik münasibətlərinin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, birgə borclulardan biri ilə bağlı faktlardan yalnız həmin şəxs barəsində istifadə edilə bilər. Birgə borclulardan biri barəsində iddia verilməsi kreditoru qalan borclular barəsində də iddia vermək hüququndan məhrum etmir. Əgər birgə borclu birgə öhdəlikdən fayda götürmüşsə, belə fayda götürməmiş birgə borclu öz öhdəliyinin icrası üçün ondan təminat tələb edə bilər.
17. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onları ödəyən şəxslərə aid edilməlidir.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5643/2022 saylı işi üzrə 07 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.