Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2077/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı Cəmaləddin qızının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)-1144/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cəmaləddin qızı Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlakına vurulmuş maddi ziyana görə 7.920 manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh mülkiyyətində olan faktiki yaşadığı 9 saylı mənzil onun yaşadığı 5 saylı mənzilin üst mərtəbəsində yerləşir. 2019-cu ilin sentyabr ayının sonlarında cavabdehin yaşadığı mənzilin su xəttində qəza baş vermiş, oradan axan su onun mənzilinə tökülərək mənzilini və ev əşyalarını yararsız vəziyyətə salmışdır. Bu hal Bakı şəhəri Nəsimi rayonu 151 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib edilmiş 02 oktyabr tarixli aktla da tam təsdiq edilir. Mənzilinə axan su mənzilin giriş dəhlizinin parket döşəməsini, divarlarını və tavanını, yataq otağının divarlarını, tavanını, qapısını və elektrik çilçırağını, qonaq otağının parket döşəməsini, divarlarını, tavanını və qapısını, vanna otağında və mətbəxdə elektrik cihazlarını (8 ədəd elektrik çıraqları, 2 ədəd hava sərinkeşi) yararsız hala salmışdır. Mənzilində olan əşyalardan “Petrol” royalı, mebel dəstindən olan əşyalar (“qorka”, “tumba”, jurnal masası, 2 ədəd oturacaq), 17 ədəd müəllifi olduğu, yeni nəşr olunmuş və satılmaq üçün nəzərdə tutulan kitablar, 33 ədəd ədəbi əsərlərdən ibarət köhnə kitablar yararsız hala düşmüşdür. O, hal-hazırda Azərbaycan Respublikasından kənarda yaşayır, bu səbəbdən ölkədən gedərkən mənzilinin açarını doğma qardaşı X2 vermişdir ki, vaxtaşırı mənzilə baş çəksin. Mənzilinə dəymiş ziyanla bağlı məlumat aldıqdan sonra bir neçə dəfə cavabdehlə telefonla danışmışdır və razılaşma əsasında vurduğu ziyanın ödənilməsini ondan xahiş etmişdir. Cavabdeh ziyanın ödənilməsi ilə bağlı əvvəl razılaşsa da sonra öhdəliyini icra etməkdən imtina etmişdir. Bu səbəbdən, məcbur olub xx xxxxxxx 2019-cu il tarixdə təyyarə ilə yaşadığı Cenevrə şəhərindən Bakı şəhərinə gəlmişdir. İlk olaraq cavabdehlə görüşüb bu mübahisəni barışıq yolu ilə həll etmək istəmişdir. Lakin buna nail ola bilməmişdir. Bakıda olduğu müddətdə 200 manat xərc çəkərək vanna otağında və mətbəxdə olan sıradan çıxmış 8 ədəd elektrik çıraqlarını və 2 ədəd elektrik hava təmizləyicilərini (sərinkeşləri) yeniləri ilə əvəz etmişdir. 400 manat isə royalın işlək mexanizmlərinin qurudulması, təmiri və köklənməsinə xərcləmişdir. Ziyanın əvəzinin ödənilməsi üçün lazım olan pul vəsaitnin miqdarını mütəxəssislərin rəyi əsasında müəyyən etmişdir. Mübahisənin məhkəmə qaydasında həll edilməsində nümayəndə qismində iştirak etməsi üçün qardaşı X2 notarial qaydada təsdiq edilmiş etibarnamə verərək xx.xx.2019-cu il tarixdə Cenevrəyə qayıtmışdır. Belə ki, xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə qədər müddətdə Azərbaycana olan səfəri ona cəmi 1.600 manata başa gəlmişdir. 1.000 manat avia biletlərin pulu və 600 manat Bakı şəhərində olduğu 17 gün müddətində çəkdiyi digər xərclər. Bundan başqa, mənzilin giriş dəhlizinin tavanını, divarlarını və parket döşəməsini bərpa etmək üçün 1.000 manat, yataq otağının tavanını, divarlarını, çilçırağını və qapısını bərpa etmək üçün 1.050 manat, qonaq otağının tavanını, divarlarını, qapısını və parket döşəməsini bərpa etmək üçün isə 2.400 manat pul vəsaiti lazımdır. Mənzilində olan mebelə dəyən ziyan 600 manat, müəllifi olduğu 17 ədəd kitabların hər biri 20 manat olmaqla, cəmi 340 manat, 33 ədəd köhnə kitabların hər birinin qiyməti 10 manat olmaqla, cəmi 330 manat qiymətləndirir. Beləliklə, cavabdeh onun əmlakına 7.920 manat ziyan vurmuşdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)-1144/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, mənzilə vurulmuş zərərə görə 1.499 manat, mənzildəki əşyalara dəymiş ziyana görə 542 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.071 manatın Cavabdeh tutularaq, İddiaçı Cəmaləddin qızına ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi, iddianın qalan hissəsi rədd edilməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə tərəfindən iş üzrə qətnamənin qəbul edilməsi əsasları kimi qəbul edilmiş iki əsas halı qeyd edərək, iddianı qismən təmin edir: 1. cavabdehin iddiaçının mənzilinə su sızması faktını qəbul etməsi; 2. 151 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş akt. Məhkəmə tərəfindən qətnamədə cavabdehin mövqeyi tam göstərilməmişdir. Cavabdeh məzilindən suyun daimi olaraq axmamasını, suyun təzyiqli axması nəticəsində aşağıdakı mənzilə sızmasını qeyd etmişdir. Məhkəmə isə bu izahatı onun bu faktı qəbul etməsi kimi qiymətləndirmiş və ərizənin təmini ilə bağlı qətnamə qəbul etmişdir.151 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş akta dəqiq hüquqi qiymət verilməmiş, mənzilə dəyən zərər daha çox məbləğdə göstərilmişdir. Məhkəmə Mülki Məcəllənin 21.1-ci maddəsinə istinad edərək, qeyd etimişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Lakin bu müddəanın ikinci hissəsini, yəni zərərin əvəzinin daha az məbləğdə təyin edilə bilməsini müəyyən etməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 apelyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, onun təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin ediləən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəf iddianın təmin edilməmiş hissəsi ilə bağlı qətnamədən apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)- 1144/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 7 saylı evin, 5 saylı mənzili İddiaçı Cəmaləddin qızının mülkiyyətində, Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 7 saylı evin 9 saylı mənzili isə Cavabdeh mülkiyyətindədir. 151 saylı MKİS-in işçiləri tərəfindən tərtib olunmuş aktdan göründüyü kimi, 9 saylı mənzildən 5 saylı mənzilə su sızması nəticəsində 5 saylı mənzilə ziyan dəymişdir. İş materiallarından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 2379/2760 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə və mülki iş materiallarında olan 151 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxxxxx 2019-cu il tarixli aktın məlumatlarına əsasən, Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsində yerləşən 7 saylı evin, 5 saylı mənzilnə suyun üst mərtəbədə yerləşən 9 saylı mənzildən suyun sızması müəyyən edilir. Su sızması nəticəsində 5 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1.499 manat məbləğində müəyyən edilmişdir. Su sızması nəticəsində 5 saylı mənzildə olan, ekspert baxışına təqdim olunmuş istifadədə olmuş əşyalara dəymiş ziyan təxminən 542 manat müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. MM-nin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-nin 1111.2-ci maddəsinin tələbinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. MM-nin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Kollegiya, hazırkı işin müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq bildirir ki, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan şərt mövcuddur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ekspert rəyi əsasında mənzilə vurulmuş zərərin həcmini 1.499 manat, əşyalara dəymiş zərəri 542 manat müəyyən etməklə, iddianın qismən təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyatorun zərərin çox göstərilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, cavabdeh işdə olan ekspert rəyini şübhə altına ala biləcək heç bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmçinin kollegiya qeyd edir ki, Prosessual Qununvericiliyin tələblərinə düzgün riayyət edilməklə, birinci instansiya məhkəməsi dövlət rüsumu və ekspertiza xərcini düzgün həll etmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədəə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)- 1144/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayətiverilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2077/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2077/2021
03.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver