Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2078/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi, eyni zamanda vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4409/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 23 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 iyun 2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh özünə məxsus “Mercedes Benz E230” markalı **-MP-*** dövlət nömrə nişanlı avtomaşınla xx.xx.2021-ci il tarixdə, saat 00.40 radələrində Suraxanı rayonu, Zığ şossesi ilə H.Əliyev prosspektindən Zığ qəsəbəsi istiqamətinə hərəkətdə olduğu zaman, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 50.3-cü maddəsinin tələblərini pozaraq, yəni sürücü surətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi surəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olan tədbirləri görməli olduğu halda bunlara riayət etməmiş, nəticədə yolun sağında dayanmış “Nissan Juke” markalı avtomaşını arxadan vurmuş, nəticədə İddiaçı dərəcəsi təyin edilməyən bədən xəsarəti almışdır.
2. -PXA88464 saylı sığorta aktından görünür ki, Sığortalanmış “Mercedes Benz E230” markalı ** MP *** dövlət qeydiyyat nişanlı avtomobil “Nissan Juke” markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Sığorta predmetinə dəymiş zərər "xxxx" MMC tərəfindən təqdim olunan akt əsasında müəyyən edilib. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 5000 manatdır. İddiaçı 5000 manat məbləğində sığorta ödənişi köçürülmüşdür.
3. Nəqliyyat vasitəsinin mühafizə olunan dayanacağa yerləşdirilməsi barədə xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, dayanacaq xərci 19 manat, evakuator xərci isə 40 manat olmuşdur. Evakuator.AZ MMC tərəfindən verilən 16 iyun 2021-ci il tarixli qəbzdən görünür ki, qəza keçirən Nissan Juke markalı, ** NT *** övlət qeydiyyat nişanlı avtomobilin evakuatorla daşınma xərci 55 manat təşkil etmişdir. Qəbzdən görünür ki, İddiaçı hüquqi yardıma görə 4 saylı vəkil bürosuna 200 manat xidmət haqqı ödəmişdir.
4. "xxxx" MMC tərəfindən verilən 14 iyul 2021-ci il tarixli, 02-63/21 saylı ekspert rəyinə əsasən iddiaçının mülkiyyətində olan, 2012-ci il istehsallı, yaxşı vəziyyətdə, qəzasız, rənglənməmiş analoji Nissan Juke markalı avtomobilin 14 iyul 2021-ci il tarixinə bazar dəyəri 21000 manat təşkil edir. X2 məxsus olan 2012-ci il istehsallı, ** NT *** dövlət qeydiyyat nişanlı, Nissan Juke minik maraklı avtonəqliyat vasitəsinin qəza törətməsi nəticəsində, təqdim edilən fototəsvirlər və qüsur aktına əsasən əmtəə dəyərinin itirilmə faizi 18-20% təşkil edərək, 17000 manat təşkil etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əmlakına dəymiş real zərərin əvəzi olaraq cəmi təmir xərci - 14103 (on dörd min yüz üç) manat, avtomaşının itirilmiş əmtəə dəyəri olan xərc- 4000 (dörd min) manat, texniki baxış xərci - 100 (yüz) manat, evakuator və duracaqda yerləşmə xərci - 114 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərc – 200 (iki yüz) manat, mənəvi zərərin əvəzi olaraq - 10000 (on min) manat, dövlət rüsumu 30 manat, cəmi yekun olaraq olaraq 28.547 (iyirmi səkkiz min beş yüz qırx yeddi) manat pulun tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 09 iyun 2021-ci il tarixində saat 00-40 radələtində özünə məxsus ** NT *** “NİSSAN JUKE” MİNİK dövlət qeydiyyat nişanlı, 2012ci il buraxılış ili olan mühərrik nömrəsi 059123P, ban nömrəsi SJNFBAAF15ZZ62124498 olan qırmızı rəngli avtomaşınla Hava Limanı, H.Əliyev prospektindən Zığ şossesi ilə Zığ qəsəbəsinə doğru hərəkədə olan zaman 8-9-cu kilometr arasında avtomaşınında nasazlıq hiss etdiyi üçün avtomaşını yolun sağ zolağına çəkərək və xəbərdaredici işıqları yandıraraq saxlamışdır. Güzgüdən arxaya baxan zaman uzaq məsafədən avtomaşın gəldiyini gördü və maşından düşməyə fürsət tapmamış Mercedes markalı avtomaşın onun maşınını arxadan vurdu və o, müxtəlif dərəcəli bədən xəsarəti aldı, avtomaşını isə tamam yararsız vəziyyətə düşdü. Hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yeri müayinə olunmuş və təcili yardım maşını onu Sabunçu qəsəbəsində yerləşən Klinik Xəstəxanaya aparmışlar. Avtomaşını isə Polis əməkdaşları evakuator çağıraraq hadisə yerindən aparmışlar. Hadisə baş verən zaman avtomaşında tək olmuş və yuxarıda qeyd olunan qeydiyyat şəhadətnaməsinə əsasən avtomaşın onun mülkiyyətindədir və “B” kateqoriyalı avtomaşınları idarə etmək üçün sürücülük vəsiqəsi vardır. Bu yol-nəqliyyat hadisəsi araşdırılma üçün Suraxanı rayon Polis İdarəsinin Təhqiqat şöbəsinə verilmiş, araşdırma zamanı bu iş üzrə cavabdeh “Mersedes Benz E230” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Cavabdeh izahat verərək bildirmişdir ki, avtomaşını “BC” dərəcəli sürcülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2021-ci il tarixində təxminən saat 00:30-da Zığ şossesi ilə Hava limanı istiqamətindən Zığ qəsəbəsinə doğru hərəkət edərkən yolda dayanmış Nissan markalı qırmızı rəngli avtomaşını arxadan vurmuşdur. Hadisə baş verən zaman o və Nissan markalı avtomaşının sürücüsü xəsarət alaraq Sabunçu xəstəxanasına müraciət etmişlər. Təhqiqat zamanı məhkəmə-tibbi ekspertizası keçirilmiş, 19 iyun 2021-cil tarxli 562 nömrəli rəy verilərək bildirilmişdir ki, İddiaçı bədəni üzərində aşkar olunan xəsarət-alt dodağın qançırı və iç səthin qansızması, üst çənədə sağda 2 dişin travmatik sınığı xəsarətləri bərk küt əşyanın təsirindən törənməklə, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2021-ci il tarixində yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Suraxanı rayon Polis İdarəsinin Təhqiqat şöbəsi təhqiqatı yekunlaşdıraraq 29 iyun 2021-ci il tarixində Cavabdeh barəsində cinayət işinin başlanılmasının rədd edilməsi, onun barəsinndə AR İXM-in 327.1-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün Suraxanı rayon Pİ-nin DYPŞ-nə göndərilmişdir. Həmin qərarda Cavabdeh özünə məxsus “Mersedes Benz E230” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2021-cil tarixdə saat 00:40 radələrində Suraxanı rayonu, Zığ şossesi ilə H.Əliyev prospektindən Zığ qəsəbəsi istiqamətində hərəkətdə olduğu zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50.3-cü maddəsinin tələblərini pozaraq, yəni sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandırdıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olan tədbirləri görməli olduğu halda bunlara riayət etməmiş, nəticədə yolun sağında dayanmış “Nissan Juke” markalı avtomaşını arxadan vurmuş, nəticədə İddiaçı dərəcəsi təyin edilməyən bədən xəsarətləri almışdır. Baş vermiş yol nəqliyyat hadisəsindən sonra ona məxsus ** NT *** NİSSAN JUKE MİNİK dövlət qeydiyyat nişanlı avtomaşın NURGUN motorsda texniki baxşıdan keçirilmiş, qüsur aktı yazılmış və 40 ədəd ehtiyat hissələrinin sıradan çıxdığı təsdiqlənmişdir. Eyni zamanda NURGUN Motors xx.xx.2021-ci il tarixli digər qüsur aktı ilə görüləcək işlərin adını və qiymətini yazmış, cəmi iş haqqının 4210 (dörd min iki yüz on) manat, cəmi ehtiyat hissələrinin qiymətinin 9893 (doqquz min səkkiz yüz doxsan üç) manat, cəmi təmir xərcinin 14103 (on dörd min yüz üç) manat olacağını bildirmişdir. NURGUN Motorsun verdiyi xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən avtomaşında olan zədə və qüsurların üzə çıxarılması üçün texniki baxış xərcinin dəyəri 100 (yüz) manat olmuşdur. 16 iyun 2021-ci il tarixli "xxxx" MMC-nin verdiyi mədaxil qəbzindən göründüyü kimi, 55 manat bu müəssisəyə xidmət haqqı ödənilmişdir. Suraxanı rayon Polis İdarəsinin verdiyi 096-323 saylı arayışa əlavə olunmuş aktdan göründüyü kimi nəqliyyat vasitəsinin mühafizə olunan duracaqda yerləşməsinə görə 19 manat, evakuator xərci isə 40 manat olmuşdur. Beləliklə, cəmi evakuator və duracaqda yerləşmə xərci (55+40+19)=114 manat olmuşdur. "xxxx" MMCnin mütəxəssisi tərəfindən qəzadan sonra ** NT *** NİSSAN JUKE MİNİK dövlət qeydiyyat nişanlı avtomaşının əmtəə dəyərinin itirilmə faizi müəyyən olunaraq, onun 18-20 faiz təşkil edildiyi barədə 02-63/21 saylı 14 iyul 2021- ci il tarixli rəy verilmişdir. Rəydə mütəxəssis avtomaşının hazırkı əmtəə dəyinin 21.000 (iyirmi bir min) manat oduğunu, onun 18-20 faiz əmtəə dəyərini itirərək hazırda dəyərinin 17.000 (on yeddi min) manat olduğunu bildirmişdir. Ona görə də cavabdeh avtomaşının itirilmiş əmtəə dəyəri olan 4000 (dörd min) manat pul vəsaitini də iddiaçıya ödəməlidir.
7. Birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə iddiaçıya məxsus avtomobillə bağlı qiymətləndirmə təyin edilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən keçirilmiş 12 oktyabr 2021-ci il tarixli qiymətləndirmənin nəticəsinə əsasən, “Nissan Juke” markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın məbləği 13.835 manat təşkil edir.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4409/2021 saylı, 16 noyabr 2021- ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh əmlaka dəymiş real zərərin əvəzi olaraq 8835 manat, avtomaşının itirilmiş əmtəə dəyəri olan 4000 manat, texniki baxış xərci olaraq 100 manat, avtomobilin evakuatorla daşınması və duracaqda yerləşmə xərci olaraq 114 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla cəmi 13279 (on üç min iki yüz yetmiş doqquz) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və Cavabdeh iş üzrə aparılmış qiymətləndirilmə xərci olan 300 (üç yüz) manat məbləğində pul tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya zərər vurulması təsdiq olunduğundan, müvafiq olaraq iddiaçıya məxsus əmlaka vurulmuş maddi zərərə görə cavabdehin mülki hüquqi məsuliyyəti yaranmışdır. Cavabdehdən tutulacaq ziyan məbləğlərinə gəldikdə isə, məhkəmə iddia tələbini dəymiş real zərərin əvəzinin tələbi hissəsində qismən, 8835 manat hissəsində əsaslı hesab etmişdir. Belə ki, iş üzrə keçirilmiş qiymətləndirmənin nəticəsi olaraq müəyyən edilmişdir ki, iddiaçının avtomobilinə 13.835 manat məbləğində real zərər dəymişdir. İşdən görünür ki, iddiaçıya 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. Məhkəmə hesab etmişdir ki, vurulan ziyan məbləğindən ödənilmiş sığorta məbləği çıxılmalı, (13.835-5000=8835) yerdə qalan məbləğ cavabdehdən vurulmuş real zərərin əvəzi kimi tutulmalıdır. Məhkəmə iddia tələbini avtomaşının itirilmiş əmtəə dəyəri olan 4000 manatın cavabdehdən tutulması hissəsində əsaslı saymışdır. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsi iddiaçıya, ona vurulmuş zərərin tam şəkildə ödənilməsini tələb etmək hüququ verir. Avtomobilin öz əmtəə dəyərini yol-nəqliyyat hadisəsi nəticəsində itirməsi iddiaçının məruz qaldığı real zərərdir. Çünki, cavabdehin təqsirli hərəkəti nəticəsində baş vermiş hadisə ilə, avtomobil öz əvvəlki dəyərini itirmiş və beləliklə, iddiaçı həmin dəyərdən məhrum olmuşdur. Real dəyərin məbləği ilə bağlı məhkəmə onu qeyd etmişdir ki, iddiaçı tərəf bunun sübutu kimi ekspert rəyi təqdim etmiş, cavabdeh tərəf isə bu məbləğin əsassızlığına dəlalət edəcək hər hansı sübut təqdim etməmiş, yalnız ümumilikdə tələbi rədd etmişdir. Ona görə də, məhkəmə tələb edilən 4000 manat məbləği əsaslı hesab etmişdir. İddia tələbinin avtomobilin evakuatorda daşınması və duracaqda yerləşdirilməsi xərci olaraq 114 manatın, eləcə də, hüquqi yardıma görə ödənilmiş 200 manatın cavabdehdən tələb edilməsi hissəsini də əsaslı saymışdır. Belə ki, bu xərclər iddiaçının baş vermiş hadisə ilə bağlı çəkməli olduğu zəruri xərclərdir və cavabdehin təqsirli hərəkətinin nəticəsi olaraq yaranmışdır. İddiaçı tələbinin mənəvi ziyan hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, tələb bu hissədə əsassızdır. Belə ki, iddiaçı tələbində ona mənəvi ziyan vurduğunu bildirsə də, bu faktı təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yalnız şifahi izahatla kifayətlənmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1096.1-ci, 1097.1-ci, 1108.1-ci, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya icraatı: apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri,
11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılması zamanı dəymiş zərərin müəyyən edilməsi ilə bağlı yanlışlığa yol verilmiş, əmtəə dəyərinin hansı meyarlar əsasında müəyyən edilməsi hal qətnamədə öz əksini tapmamış, cavabdeh tərəfindən ekspertizanın keçirilməsi ilə bağlı verilmiş vəsatət nəzərə alınmamış, dəymiş ziyanla bağlı ekspert rəyində müəyyən edilmiş məbləğlərin həqiqəti əks etdirib-etdirməməsi hissəsi işdəki digər sübutlarla qarşılıqlı şəkildə qiymətləndirilməmiş, cavabdehin hərkətinin qanuna zidd olması, baş vermiş hadisədə təqsiri ilə hərəkətinin səbəbləri əlaqəsi sübuta yetirilə bilməmişdir. Eyni zamanda hazırki iş üzrə məhkəmə iş materiallarında olan və "xxxx" MMC tərəfindən zərərlə bağlı təqdim edilmiş akta hüquqi qiymət verməmişdir. Halbuki həmin aktda dəymiş ziyanın ümumi məbləği 5000 manat müəyyən edilmişdir ki, iddiaçı tərəfindən həmin vəsait rəsmi şəkildə qəbul edilmiş, həmin məbləğə hər hansı bir şəkildə etiraz edilməmiş, məbləği qəbul etdikdən sonraki dövrdə iddia qaldırılmışdır. Məhkəmə tərəfindən işin araşdırılması zamanı bu hallar nəzərə alınmamışdır. Bundan başqa məhkəmə hadisənin baş verməsinin səbəbinin iddiaçının yoxsa cavabdehin təqsiri üzündən baş verməsinin, onların hərəkət və hərəkətsizliyinin arasındaki qarşılıqlı əlaqənin mövcudluğunu sübuta yetirə bilməmiş, faktiki olaraq tərəflərin birinin digərinə olan təqsirini aydınlaşdıra bilməmiş, yalnız iddiaçının təqdim etmiş olduğu mətxəssis rəyini, qüsur aktını əsas götürmüşdür. Məhkəmə qeyd edilən sübutlara qiymət verməzdən öncə hadisənin baş verməsində cavabdehin təqsirinin olub-olmamasını müəyyən etməli, onun əməlinin hadisənin baş verməsinə hansı həcmdə şərait yaratmasını aydınlaşdırmalı idi ki, bu halların heç bir baş verməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2078/2022 saylı, 02 mart 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və rəy alınanadək işin icraatı dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2078/2022 saylı, 01 iyun 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qalxdığından iş üzrə icraat təzələnmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2078/2022 saylı, 06 iyul 2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və rəy alınanadək işin icraatı dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2078/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qalxdığından iş üzrə icraat təzələnmişdir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apelyasiya şikayətinə qarşı iddiaçı yazılı etiraz edərək, apellyasiya şikayətinin təmin edilmədən və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı etirazının əsası kimi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsinə istinad etmişdir.
b) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi, eyni zamanda vəkili Vəkil3 ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
16. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
17. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz etməklə yanaşı bildirdi ki, ekspert rəyi məhkəmə üçün məcburi qüvvəyə malik deyil, bu səbəbdən də hesab edir ki, təqdim edilmiş ekspert rəyləri ziddiyyət olduğundan sübut kimi qəbul edilmə bilməz. Tətbiq edilən maddi hüquq normaları
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
20. Həmin Məcəllənin 1097.1-ci Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
21. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
Apelyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etsə də apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh qətnaməni iddi tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir. İddiaçı isə ümumiyyətlə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda qətnamə cavabdehə münasibətdə iddia tələbinin təmin edilən hissəsində münasibətdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir.
26. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə hadisənin baş verməsinin səbəbinin iddiaçının yoxsa cavabdehin təqsiri üzündən baş verməsinin, onların hərəkət və hərəkətsizliyinin arasındaki qarşılıqlı əlaqənin mövcudluğunu sübuta yetirə bilməmiş, faktiki olaraq tərəflərin birinin digərinə olan təqsirini aydınlaşdıra bilməmiş, yalnız iddiaçının təqdim etmiş olduğu mətxəssis rəyini, qüsur aktını əsas götürmüşdür. Məhkəmə qeyd edilən sübutlara qiymət verməzdən öncə hadisənin baş verməsində cavabdehin təqsirinin olub-olmamasını müəyyən etməli, onun əməlinin hadisənin baş verməsinə hansı həcmdə şərait yaratmasını aydınlaşdırmalı idi ki, bu halların heç bir baş verməmişdir.
27. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 iyun 2021-ci il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsiri sübuta yetirilmişdir.
28. Göründüyü kimi apellyasiya şikayətinin qeyd olunan dəlili əsassız olmuşdur. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmir xərci və əmətəə dəyərinin məbləğinin müəyyən edilməsi hissəsində qismən əsaslı olmuşdur.
29. Belə ki, iş materiallarında olan PXA88464 saylı sığorta aktından görünür ki, Sığortalanmış “Mercedes Benz E230” markalı ** MP *** dövlət qeydiyyat nişanlı avtomobil “Nissan Juke” markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Sığorta predmetinə dəymiş zərər "xxxx" MMC tərəfindən təqdim olunan akt əsasında müəyyən edilib. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 5000 manatdır. İddiaçı 5000 manat məbləğində sığorta ödənişi köçürülmüşdür.
30. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilən 14 iyul 2021-ci il tarixli, 02- 63/21 saylı ekspert rəyinə əsasən iddiaçının mülkiyyətində olan, 2012-ci il istehsallı, yaxşı vəziyyətdə, qəzasız, rənglənməmiş analoji Nissan Juke markalı avtomobilin 14 iyul 2021-ci il tarixinə bazar dəyəri 21000 manat təşkil edir. X2 məxsus olan 2012-ci il istehsallı, ** NT *** dövlət qeydiyyat nişanlı, Nissan Juke minik maraklı avtonəqliyat vasitəsinin qəza törətməsi nəticəsində, təqdim edilən fototəsvirlər və qüsur aktına əsasən əmtəə dəyərinin itirilmə faizi 18-20% təşkil edərək, 17000 manat təşkil etmişdir.
31. İş üzrə "xxxx" MMC tərəfindən keçirilmiş 12 oktyabr 2021-ci il tarixli qiymətləndirmənin nəticəsinə əsasən, “Nissan Juke” markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın məbləği 13.835 manat təşkil edir.
32. Göründüyü kimi ilk olaraq “Nissan Juke” markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər "xxxx" MMC tərəfindən təqdim olunan akt əsasında müəyyən edilməklə zərərlə bağlı maddi ziyanın ümumi məbləği 5000 manat; daha sonra avtomobilin əmtəə dəyərinin itirilməsi faizi də nəzərə alınmaqla "xxxx" MMC tərəfindən maddi ziyanın məbləği 17000 manat; birinci instansiya məhkəməsi baxışı zamanı isə təyin edilmiş qiymətləndirmənin nəticəsi olaraq dəyən ziyanın məbləği 13.835 manat müəyyən edilmişdir.
33. Apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsi, maddi ziyanın məbləği barədə təqdim edilmiş rəylər arasında olan ziddiyyətin aradan qaldırılması üçün, eləcə də avtomobilin qəzadan əvvəl, qəzadan sonrakı – təmir edilməsi nəzərə alınmaqla real bazar dəyərini, qəzadan sonra təmirli vəziyyətdə hadisədən əvvəlki vəziyyəti arasında əmtəə dəyəri fərqini müəyyən etmək üçün əmtəəşünaslıq ekspertizasının mümkünlüyünü müzakirə etmədiyindən iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və “Nissan Juke” markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobilin yolnəqliyyat hadisəsi nəticəsində zədələnmiş hissələrinin dəyəri, həmin hissələrin təmiri (və ya dəyişdirilməsi) üçün çəkilməli xərclər, o cümlədən bununla bağlı görülməli işlərin (xidmətlərin) dəyəri müəyyən edilməsi; “Nissan Juke” markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobilin qəzadan əvvəlki və qəzadan sonra (təmir edildikdən sonra nəzərə alınmaqla) real bazar dəyəri nə qədər təşkil edir və “Nissan Juke” markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobilinin baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmtəə dəyərinin hansı məbləğdə azalması müəyyən edilməsi sualları qoyulmuşdur.
34. Məhkəmə Ekpertiza Mərkəzinin 10 may 2022-ci il tarixli, 9/2022 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “Nurgün Motors” şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Nissan Juke” markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7016 manat müəyyən edilir; internet (sayt: Az turbo) məlumatlarına və mərkəzdə olan ekspert praktikası məlumatlarına əsasən, “Nissan Juke” markalı, 2012-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin (qəzadan əvvəlki vəziyyətdə) orta bazar qiyməti təxminən 18500 manat müəyyən olunur; 2012-ci il buraxılışlı “Nissan Juke” markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alaraq əmtəə dəyərinin normal vəziyyətdə, qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10 % aşağı olması istisna edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir.
35. Göründüyü kimi apellyasiya baxışı zamanı təqdim edilmiş ekspert rəyi ilə müəyyən edilmiş maddi ziyanın məbləği ilə birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş məbləğlərə dair rəylər arasında ziddiyyət olmaqla fərqlər mövcuddur.
36. Belə olan halda hazırki mübahisənin obyektiv həlli üçün iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
37. Məhkəmə Ekpertiza Mərkəzinin 30 avqust 2022-ci il tarixli, 9/5289 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “Nurgün Motors” şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktında göstərilən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2012-ci il buraxılışlı “Nissan Juke” markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7016 manat müəyyən edilməklə, həmin iş üzrə verilmiş 10 may 2022-ci il tarixli 9/2022 npmrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin nəticəsi təsdiq edilir. Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərdən, yerli internet saytlarında və eləcə də Məhkəmə Ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda qeyd edilən 2012-ci il buraxılışlı “Nissan Juke” markalı ** NT *** dövlət qeydiyyat nişanlı, mühərrik həcmi 1598 kub sm avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 18500,0 manat müəyyən olunur. Avtoservis müəssəsisələrinin səviyyəsindən və təmirin keyfiyyətindən asılı olaraq, eyni buraxılış ili, eyn model, təmir olunmamış avtomobilin bazar qiymətinə nisbətən xx.xx.2021-ci il tarixli qüsur aktına müvafiq olaraq təmirə məruz qalmış 2012-ci il buraxılışlı “Nissan Juke” markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiymətinin təxminən 10 faiz aşağı olması istisna edilmir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur.
39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, “Nissan Juke” markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə müəyyən edilməsi eləcə də avtomobilin əmtəə dəyərinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, təqdim edilmiş Məhkəmə Ekpertiza Mərkəzinin 30 avqust 2022-ci il tarixli, 9/5289 saylı rəyi sübut kimi götürülməlidir. Belə ki, həmin rəyin əsaslılığını şübhə altına alan hallar müəyyən edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş rəylər arasında eləcə də apellyasiya baxışı zamanı təqdim edilmiş birinci rəy ziddiyyət təşkil etdiyindən, təyin edilmiş təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi isə apellyasiya baxışı zamanı təqdim edilmiş birinci rəylə eynilik təşkil etdiyindən, apellyasiya baxışı zamanı təqdiim edilmiş ikinci rəy əsas götürülməlidir.
40. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, avtomobilin təmir-bərpa xərci ekspert rəyinə əsasən 7016 manat müəyyən edilməlidir. Bununla belə iddiaçıya 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. Həmin ödənişi də nəzərə alınmaqla (7016- 5000=2016) məhkəmə kollegiyası hesab edir ki, yerdə qalan məbləğ, yəni 2016 manat cavabdehdən vurulmuş real zərərin əvəzi kimi tutulmalıdır.
41. Digər tərəfdən istinad edilən ekspert rəyində “Nissan Juke” markalı, 2012-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin (qəzadan əvvəlki vəziyyətdə) orta bazar qiymətinin təxminən 18500 manat olması və avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alaraq əmtəə dəyərinin normal vəziyyətdə, qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10 % aşağı olması istisna edilmədiyi müəyyən edilmişdir.
42. Belə olan halda isə “Nissan Juke” markalı, 2012-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin (qəzadan əvvəlki vəziyyətdə) orta bazar qiymətinin 10 % məbləği (18500x10:100=1850) 1850 manat avtomaşının itirilmiş əmtəə dəyəri kimi müəyyən edilməlidir.
43. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia tələbinin göstərilən hissələrində işin halalrını düzgün müəyyən etməmişdir.
44. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilən qalan hissəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı baş vermiş hadisə ilə bağlı zəruri xərclər çəkmişdir ki, həmin xərclər məhz cavabdehin təqsirli hərəkətinin nəticəsi olaraq yaranmışdır.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
46. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi – təmir xərci və əmtəə dəyərinin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, təmir xərci 2016 manat, itirilmiş əmtəə dəyəri isə 1850 manat müəyyən edilməklə, həmin məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertiza xərcləri iddiaçı və cavabdeh arasında bərabər qaydada bölüşdürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apellyatorun özünə aid edilməlidir.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4409/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilən – təmir xərci və əmtəə dəyərinin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Təmir xərci 2016 (iki min on altı) manat və itirilmiş əmtəə dəyəri isə 1850 (bir min səkkiz yüz əlli) manat müəyyən edilməklə, cəmi olaraq 3866 (üç min səkkiz yüz altımış altı) manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının xərci qismində 160 (bir yüz altımış) manatın 80 (səksən) manatı İddiaçı, 80 (səksən) manatı isə Cavabdeh bərabər qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Cavabdeh qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov