Məhkəmə qərarları › İş №2(103)-2079/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2079/2021

23.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2079/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)-4325/2020 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu (bundan sonra, iddiaçı) cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (bundan sonra, cavabdeh) qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, əsassız ittiham olunmağı, qanunsuz həbsə alınmağı və məhkəməyə verilməyinə görə dəymiş 25000 manat məbləğində maddi ziyanın və 100000 manat məbləğində mənəvi ziyanın kompensasiya olaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X3 qarşı 1994-cü il təvəllüdlü X5 yaşayış yerinin müəyyən edilməsinə dair iddiası rədd edilmiş, X2 X6 qarşı azyaşlı uşaqları olan X5 İddiaçı alınması və anası ilə yaşamasının müəyyən edilməsi barədə qarşılıqlı iddiası təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və onun məlumatı olmadan icraya yönəlmişdir. O, Rusiya Federasiyası vətəndaşı olduğundan və Moskva şəhərindən yaşadığından həmin qətnamədən məlumatı olmamışdır. Bundan sonra barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış və o, xx.xx.2005-ci il tarixdə tutularaq istintaqa təhvil verilmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə barəsində 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti xx.xx.2005-ci il tarixdən hesablanmağa başlanılmışdır. Məhkəmənin qərarı ilə həbsdə saxlanılma müddəti xx.xx.2005- ci il tarixədək uzadılmışdır. xx.xx.2005-ci il tarixdə ittiham aktı tərtib edilərək baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2005-ci il tarixli hazırlıq iclasında müdafiəçisi tərəfindən verilmiş vəsatət təmin edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmişdir. Göründüyü kimi o, 2 (iki) ay 2 (iki) gün qanunsuz və əsassız olaraq həbsdə saxlanılmışdır. Səbail Rayon Məhkəməsinin xx xxxxx 2006-cı il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 40.2, 40.2.3, 43.3-cü maddələrinə əsasən xitam verilməklə cinayət məsuliyyətindən azad edilmişdir. Səbail Rayon Məhkəməsinin xx xxxxx 2006-cı il tarixli qərarından onun müdafiəçisi tərəfindən apelyasiya şikayəti verilərək qərarın ləğv olunması və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1 (cinayət hadisəsi olmadıqda) və 39.1.2-ci (əməldə cinayət tərkibi olmadıqda) maddələri əsasında xitam verməklə, cinayət məsuliyyətindən azad olunmağı xahiş edilmişdir. Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarı ilə apelyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2006-cı il tarixli qərarı ilə kasasiya şikayətləri təmin edilmiş, Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının ləğv olunaraq işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmışdır. Bundan sonra onun barəsində aparılan cinayət işinə 15 il ərzində dəfələrlə apelyasiya və kasasiya instansiyalarında baxılmış və nəhayətki 15 il gedən məhkəmə mübahisələrindən sonra Bakı Apelyasiya Məhkəməsinin 1(103)-615/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində bəraət hökmü çıxarılmışdır. Hökm qəbul edildiyi andan qüvvəyə minmişdir. Göründüyü kimi əsassız və qanunsuz cinayət təqibinə görə o, 2 (iki) ay 2 (iki) gün qanunsuz olaraq həbsdə saxlanılmış, həmçinin 15 il ərzində həm maddi, həmdə mənəvi itkilərə məruz qalmışdır. O, Rusiya Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və aylıq qazancı 2000 manatdan çox olmuşdur. Qeyd etdiyi kimi həbs olunduğu günə qədər onun aylıq gəliri 2000 manat təşkil etmişdir. Nəticədə o, cavabdeh orqanların səhvi nəticəsində ümumilikdə (11 ay x 2000 manat=22000 manat) 22000 manat məbləğində qazancından məhrum olmuşdur. Belə ki, xx.xx.2005-ci il tarixdə tutulmuş, xx.xx.2005-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2005-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçildiyindən Rusiya Federasiyasına geri qayıdaraq işinə davam edə bilməmişdir. Belə ki, yuxarıda qeyd olunan bütün zərərlər məhz cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində baş vermişdir. Bundan əlavə xx.xx.2005ci il tarixdən xx.xx.2005-ci il tarixə kimi cinayət prosesini həyata keçirən orqanın səhvi və qanunsuz hərəkətləri nəticəsində onun əsassız olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılmaqla azaddığından məhrum olunduğu müddət ərzində ailə üzvləri tərəfindən ona yemək və ərzaq gətirilməsinə, həmçinin hüquqlarını müdafiə edən vəkilin Bakı İstintaq Təcrİdxanasına aparılıb gətirilməsinə ümumilikdə 3000 manatdan çox pul sərf olunmuşdur ki, həmin məsrəfi də o, cavabdehlərin qanunsuz hərəkətləri səbəbindən sərf etmək məcburiyyətində qalmışdır. Bundan əlavə o, günahsız olduğu halda 2 (iki) ay 2 (iki) gün müddətə haqsız yerə azadığından məhrum olduğu üçün, eləcə də heç bir əsas olmadan törətmədiyi cinayət əməlində ittiham olunduğu üçün ona böyük mənəvi ziyan da dəymişdir. Belə ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində çəkdiyi əzab-əziyyət onda əsəb pozğunluğu və ürək ağrısına gətirib çıxarmışdır. Barəsində heç bir əsas olmadan Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və 15 il ibtidai istintaq orqanında və məhkəmələrdə vaxtını və əsəbini sərf etməyə məcbur olmuşdur. Nəticədə isə çox böyük psixoloji sarsıntılar, əsəb gərginlikləri keçirmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun formalaşdırdığı mövqeyə görə qanunsuz olaraq həbsdə saxlanılma və azadlıqdan məhrum etmə ilə bağlı kifayət qədər yüksək məbləğdə mənəvi zərər ödənilir. Bu şəbədən hesab edir ki, cavabdehlər vurduqları maddi ziyanla yanaşı, həmçinin onun 2 ay 2 gün qanunsuz olaraq həbsdə saxlanılmağı və 14 il məhkəmədə cinayət təqibinə məruz qaldığı üçün 100000 manat məbləğində mənəvi ziyanı da ona ödəməyə borcludurlar. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)- 4325/2020 saylı qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia qismən təmin olunmuş, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət olunmuşdur. İddiaçı və cavabdeh qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd olunmuş hissələrində əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın tam təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçı tərəfindən mənəvi ziyanla bağlı sübutların təqdim olunmaması, mənəvi zyanın 1000 manat həddində müəyyən olunmasının düzgün olmaması, məbləğin artıq müəyyən olunması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Tərəflərin izahatları, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübatları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin cinayət təqibinə xitam verilməsinə dair xx.xx.2006-cı il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 74-cü, Azərbaycan Respublikası CPM-nin 40.2, 40.2.3, 43.3-cü maddələrinə əsasən xitam verilməklə, o, cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarından görünür ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin İddiaçı haqqında xx xxxxx 2006-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli, 1(103)- 615/2020 saylı hökmünün surətindən görünür ki, İddiaçı müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək iş üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2, 40.2.3, 43.3-cü maddələrinə əsasən xitam verilməsi və İddiaçı cinayət məsuliyyətindən azad edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2006-cı il tarixli qərarının ləğv edilməsi və yeni hökmün çıxarılması, cinayət hadisəsi olmadığından İddiaçı Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə bəraət verilməsi hökm edilmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, iddiaçı barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qətnaməsini icra etmədiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış və o, xx.xx.2005-ci il tarixdə tutularaq istintaqa təhvil verilməklə xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək həbsdə saxlanılmışdır. Səbail Rayon Məhkəməsinin xx xxxxx 2006-cı il tarixli qərarı ilə iddiaçının barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Cinayət Məcəlləsinin 40.2, 40.2.3 və 43.3-cü maddələrinə əsasən (şəraitin dəyişməsilə bağlı) xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Bir neçə dəfə apelyasiya və kassasiya instansiyası məhkəmələrinin araşdırma predmeti olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2006-cı il tarixli qərarı Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə ləğv edilmiş, yeni hökm çıxarılmışdır. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin həmin qərarına əsasən iddiaçıya verilmiş ittiham üzrə təqsirinin sübuta yetməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə məhkəmə baxışı zamanı öz təsdiqini tapmadığından, əksinə məhkəmə baxışı zamanı cinayət hadisəsinin baş verməməsi sübut olunduğundan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən, yəni cinayət hadisəsi olmadığı əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə İddiaçı bəraət verilmişdir. Hazırda iddiaçı cavabdehə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız ittiham olunmağı, qanunsuz həbsə alınmağı və məhkəməyə verilməyinə görə dəymiş 25000 manat məbləğində maddi ziyanın və 100000 manat məbləğində mənəvi ziyanın kompensasiyası kimi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçının nümayəndəsi və vəkilinin izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması, həbsdə saxlanılması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, qanunsuz məhkum olunması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum edilmiş, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına zərər dəymişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Lakin, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 1000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edilir. Bununla yanaşı, birinci instansiya məhkəməsi iddianın «vurulmuş maddi ziyanın ödənilməsi» hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı ona vurulmuş maddi ziyanla bağlı (əmək haqqı, pensiya, başqa gəlirlərin itirilməsi, xərclər və sair) hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə baxışı zamanı onun əmlakının müsadirə edilməsi, götürülməsi və ya üzərinə həbs qoyulması, hökmün icrası zamanı cərimə ödənilməsi halları müəyyən edilməmişdir. Ona görə də iddia bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci isntansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İşin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarına əsasən iddiaçının müvafiq tələb hüququnun mövcudluğu müəyyən olunur. Çünki, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən, bəraət almış şəxsin ona dəymiş zərəri tələb etmək hüququ aşkardır. Yəni, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi 1000 manat mənəvi zərər məbləği işin hallarına uyğun olmaqla, ədalətlidir, bu səbəbdən də onun apellyasiya şikayətlərinə əsasən artırılmasına və ya azaldılmasına zərurət yoxdur. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı maddi ziyanla bağlı hissədə rədd etmişdir. Çünki, iddiaçı maddi ziyanla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, ümumi formada ona maddi ziyan dəyməsini göstərməklə kifayətənmişdir. Qeyd edildiyi kimi, MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Göründüyü kimi, qanunverici maddi zərərin məbləğinin sübut etmək yükünü iddiaçının üzərinə qoymuşdur. Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İddiaçı isə bu istiqamətdə məhkəməyə sübut təqdim edə bilməmişdir. Eyni zamanda iddiaçının izahatı da maddi ziyanla bağlı hissədə iddianın əsaslı sayılması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Beləliklə, tərəflər apellyasiya şikayətlərinin dəlillərinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişlər. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin faktiki halları, tədqiq olunmuş sübutlar, qanuni qüvvədə olan məhkəmə qərarı və qanunvericiliyin qeyd edilən normalarına əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. Qətnamə əsaslı və qanunidir. Bu səbəbdən də apellyasiya şikayətləri təmin edilməməli, qətnamə apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılıdır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)-4325/2020 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)-4325/2020 saylı qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar